Bakı Dövlət
Universiteti 2000-2010-cu illərdə
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
ikinci dəfə siyasi hakimiyyətə qayıdışı
ilə Azərbaycanda siyasi stabillik bərpa olundu və tədricən
iqtisadi islahatların təməli qoyuldu.
Son dərəcə çətin, mürəkkəb və
ziddiyyətli tarixi şəraitdə Azərbaycanda digər
sahələrdə olduğu kimi, təhsil sistemində də əsaslı
islahatların həyata keçirilməsinə
başlanıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
1998-ci il 30 mart tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyası" yaradıldı və Komissiyaya
təhsil islahatı üzrə Dövlət Proqramını
hazırlamaq həvalə olundu. Komissiyaya təhsil
naziri kimi mən rəhbərlik edirdim. Komissiya bir il ərzində "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı"ı hazırladı. Proqram Prezidentin 15 iyun
1999-cu il tarixli Sərəncamı ilə təsdiq
olundu. Proqramın qəbulundan sonra təhsilin bütün səviyyə
və pillərində, o cümlədən, ali təhsilin idarə
olunmasında və məzmununda aparılan islahatlar daha da sürətləndi.
Aparılan islahatlarda əsas məqsəd ali
təhsilin yeni prinsiplərlə idarə olunmasını təmin
etməyə, idarəetmənin dövlət-ictimai xarakterini
inkişaf etdirməyə, ali təhsil müəssisələrinə
daha geniş səlahiyyət verməyə, onların məsuliyyətini
artırmağa, idarə olunmada əksmərkəzləşməni
həyata keçirməyə nail olmaq idi. Həmin
dövrün ən yadda qalan hadisələrindən biri
ölkə Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə
4 ali məktəbə - Bakı Dövlət Universitetinə,
Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Tibb
Universitetinə, Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasına muxtariyyat hüququnun verilməsi və tabeliyindən
asılı olmayaraq, təhsilin keyfiyyətinə nəzarət
səlahiyyətinin Təhsil Nazirliyinə verilməsi oldu. Azərbaycan
ali təhsilinin Avropaya inteqrasiyası
istiqamətində zəruri tədbirlər həyata
keçirildi. Azərbaycan Bolonya prosesinə
quşuldu. 2005-ci ilin may ayının 19-da Norveçin
Bergen şəhərində Avropa ölkələrinin təhsil
nazirləri tərəfindən qəbul edilmiş Bolonya Bəyannaməsini
Azərbaycan Respublikasının təhsil naziri kimi imzalamaq
şərəfi mənə nəsib oldu.
Əvvəlki
illərdə olduğu kimi, 2000-2010-cu illərdə də
Bakı Dövlət Universiteti ali təhsilimizin
flaqmanı olmaq statusunu qoruyub saxladı və daha da inkişaf
etdi. Həmin illərdə Bakı Dövlət Universitetinin
rektoru vəzifəsində akademik Abel Məhərrəmov, tədris
işləri üzrə prorektoru vəzifəsində
1999-2002-ci illərdə dosent Elxan Hüseynov, 2004-2011-ci illərdə
professor Vüsət Əfəndiyev, elmi işlər üzrə
prorektoru vəzifəsində 2000-2004-cü illərdə
akademik Bəhram Əsgərov, 2004-2006-cı illərdə
akademik Yusif Məmmədov, 2006-2011-ci illərdə professor
İsmayıl Əliyev, humanitar məsələlər üzrə
prorektoru vəzifəsində 2000-2003-cü illərdə
AMEA-nın müxbir üzvü Şahvələd Xəlilov,
2004-2011-ci illərdə professor Vaqif İbrahimov, beynəlxalq əlaqələr
üzrə prorektoru vəzifəsində 2000-2003-cü illərdə
dosent Elxan Hüseynov, 2004-2006-cı illərdə professor Rəsul
Muradov, 2006-2008-ci illərdə akademik Nərgiz Paşayeva;
inzibati və təsərrüfat işləri üzrə
prorektoru vəzifəsində 2000-2004-cü illərdə
Ağaisa Şeydayev, 2005-2019-cu illərdə Nəbi
Ramazanlı çalışırdı. Həmkarlar
təşkilatına 1996-2006-cı illərdə professor Məhəmməd
Quliyev, 2006-2019-cu illərdə dosent Fikrət Şiriyev,
İnformasiya texnologiya mərkəzinə dosent Əzbər
Sadayev, Tələbə həmkarlar ittifaqı komitəsinə
D.Qəmbərov; Tələbə gənclər təşkilatına
T.Əhmədov rəhbərlik edirdi.
2000-ci ilin fevralında Bakı Dövlət Universitetinin
80 illiyi qeyd olundu. Ölkə Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı
ilə universitet müəllimlərindən 17 nəfər
"Şöhrət" ordeni, 18 nəfər "Tərəqqi"
medalı ilə təltif olundu, 13 nəfər Əməkdar
elm xadimi, 21 nəfər Əməkdar müəllim fəxri
adlarına layiq görüldü. Yubiley tədbirinə
gəlmiş qonaqları və universitetin bir qrup əməkdaşını
Ümummilli Lider Heydər Əliyev öz iqamətgahında qəbul
etdi.
Bakı
Dövlət Universiteti ali təhsilin
Bolonya prinsipləri əsasında idarə olunması istiqamətində
ilk addım atan universitetlərdən biri oldu. Təhsil
Nazirliyinin 10 avqust 1999-cu il tarixli əmri ilə təsdiq
olunmuş "Tələbələrin biliyinin qiymətləndirilməsinin
çoxballı sistemi haqqında Əsasnamə"yə
uyğun olaraq, 2000-ci ildən başlayaraq BDU-nun Biologiya
fakültəsində eksperiment qaydasında çoxballı
sistemin tətbiqinə başlanıldı. Sonrakı illərdə
bu sistem universitetin bütün fakültələrini əhatə
etdi və nümunə olaraq digər ali təhsil
müəssisələrində də yayıldı.
Universitetdə ikipilləli təhsil sisteminin təkmilləşdirilməsi,
ali təhsilin keyfiyyətinin, tələbələrin
və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi,
beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində uğurlu addımlar atıldı. 2006-cı ildə Təhsil Nazirliyinin təsdiq etdiyi
Dövlət Təhsil Standartlarına uyğun yeni tədris
planları hazırlandı. Əvvəlkilərdən
fərqli olaraq yeni tədris planlarında ciddi dəyişikliklər
aparıldı. Nəzəri həftələrin sayı
133-dən 115-ə, semestrlər 17/18 həftədən 15/15 həftəyə
endirildi, dərs saatlarının miqdarı bir tədris ilində
4140 saatdan 3010-3510 saata qədər azaldıldı, bir sıra
fənlər tədris planından çıxarıldı.
2000-ci ildə BDU-da güclü elmi-pedaqoji potensial
toplanmışdı. Universitetdə çalışan 1301 nəfər
müəllimdən 179-u elmlər doktoru, professor, 400 nəfəri
elmlər namizədi, dosent idi. Həmin il
universitetin Şərqşünaslıq fakültəsində
yapon dili ixtisası açıldı. Universitetdə yeni
informasiya texnologiyalarının, kompüter texnikasının
tədris prosesində geniş tətbiqinin təmin edilməsi
və informatika fənni üzrə tədrisin keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə Tətbiqi
riyaziyyat və kibernetika fakültəsinin nəzdində
İnformatika kafedrası yaradıldı, müasir idman
kompleksi, Altıağac qəsəbəsində tələbələr
üçün tədris-təcrübə bazası, müəllimlər
üçün istirahət zonası, Nərimanov prospektində
yaşayış binaları istifadəyə verildi. Az sonra müasir nəşriyyat və
üzgüçülük kompleksi istifadəyə verildi. BDU-nun beynəlxalq əlaqələri genişləndi.
2002-ci ildə BDU Qara Dəniz Hövzəsi
Universitetlər şəbəkəsinin mərkəzi
seçildi.
2003-cü ildə Şərqşünaslıq fakültəsində
Çin dili ixtisası üzrə mütəxəssis
hazırlığına başlandı. Nazirlər Kabinetinin 7 yanvar
2005-ci il tarixli qərarı ilə BDU-nun Fizika fakültəsinin
nəzdindəki Yarımkeçiricilər fizikası, Kvant
kimyası, Amorf təbəqələr fizikası, Bərk
cisim elektronikası, Makromolekul məhlullarının fiziki
kimyası, Molekulyar biofizika, Yüksək enerjilər
fizikası, Maye kristallar, Günəşin Fraunhofer spektri və
Ozon generatorları Elmi Tədqiqat Laboratoriyalarının
bazasında Fizika Problemləri
İnstitutu yaradıldı. Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Sabir
Hacıyev institutun direktoru vəzifəsinə təyin olundu.
2005/06-cı tədris ilində Bakı Dövlət
Universiteti Təhsil Nazirliyi tərəfindən akkreditasiyadan
keçirildi və ona müvafiq sertifikat verildi. Təhsil Nazirliyinin 20 aprel
2006-cı il tarixli əmri ilə təsdiq
edilmiş "Ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi Əsasnamə"yə uyğun olaraq,
2006/07-ci tədris ilindən Bakı Dövlət Universitetinin
Biologiya və Jurnalistika fakültələrinin birinci
kurslarında eksperiment şəklində kredit sisteminin tətbiqinə
başlanıldı. Universitetin tarixində ilk dəfə
olaraq kredit sistemi tətbiq olunan qruplarda tyutor xidməti
yaradıldı. Həmin dövrdə müəllim və
tələbə mübadiləsini, birgə beynəlxalq tədqiqat
proqram və layihələrini həyata keçirmək məqsədilə
BDU ilə Fransanın Sorbonna, Monpelye, Polşanın
Varşava, İtaliyanın Florensiya, Yaponiyanın Günma, Cənubi
Koreyanın Pay Çay, Sunlin Kollec, Konkuk, Koreya Politexnik, Misir
Ərəb Respublikasının Qahirə, Suhaq, Səudiyyə
Ərəbistanı Krallığının İslam Aləmi
Liqası, İran İslam Respublikasının Tehran, Türkiyənin
Kara-Kafkas, Giresun, Yıldız Texnik, İstanbul Aydın,
Atatürk, Rusiyanın Moskva Dövlət, Rusiya Dövlət
Humanitar, Çelyabinsk Dövlət, Həştərxan
Dövlət, Ukraynanın Vinnitsa Milli Texniki, Taras
Şevçenko adına Kiyev Milli, Qazaxıstanın Qumilyov
adına Avrasiya Milli universitetləri ilə əməkdaşlıq
müqavilələri imzalandı. Bu müqavilələr
çərçivəsində BDU-da Amerikaşünaslıq
Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Mərkəzi,
Tarix fakültəsində amerikaşünaslıq ixtisası
açıldı, Türkiyədə BDU-nun tələbələri
üçün Yay məktəbləri və kursları təşkil
olundu, birgə konfrans, seminar və sərgilər
keçirildi, ikitərəfli müəllim və tələbə
mübadilələri həyata keçirildi.
Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli Sərəncamı
ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan
şagirdlərin yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı"na
uyğun olaraq, Respublika Təhsil Nazirliyinin 8 iyun 2007-ci il
tarixli əmrinə əsasən, BDU-nun nəzdində "Gənc
istedadlar" Liseyi yaradıldı.
2006-cı ildən başlayaraq BDU-da müstəqilliyin
ilk illərindən yarımçıq qalmış yeni tədris
korpusunun tikintisi sürətləndirildi. 2008-ci il
sentyabrın 15-də sahəsi 15000 kvadratmetr olan onmərtəbəli
müasir tipli tədris korpusunun açılışı
oldu. Açılış mərasimində
ölkə Prezidenti İlham Əliyev iştirak etdi. Bir il sonra universitet əməkdaşları
üçün 360 mənzilli yeni yaşayış
binaları tikilib istifadəyə verildi.
Təhsil
Nazirliyinin 24 avqust 2007-ci il tarixli əmrinə əsasən,
Bakı Dövlət Universitetində 2007/08-ci tədris ilindən
əlavə olaraq faydalı qazıntı yataqlarının
axtarışı, geologiyası və plana alınması,
kimya, tətbiqi kimya, petrologiya və minerologiya, geofizika,
hidrologiya və mühəndis geologiyası, ekoloji kimya, Azərbaycan
dili və ədəbiyyatı, regionşünaslıq
ixtisasları üzrə tədrisin kredit sistemi ilə təşkilinə
başlanıldı. 2008/09-cu tədris ilində
Bakı Dövlət Universitetində tədrisin kredit sistemi ilə
təşkili kadr hazırlığı aparılan 27 istiqaməti
əhatə edirdi. 2009-cu ildə universitetdə
bütün ixtisaslar üzrə kredit sisteminə keçildi.
2009-cu
ilin sentyabrında Bakı Dövlət Universitetinin təsis
edilməsinin 90 ili tamam oldu. Noyabrın
2-də BDU-da yubiley mərasimi keçirildi. Mərasimdə ölkə Prezidenti İlham
Əliyev çıxış etdi. Bakı Dövlət
Universitetinin 90 illiyi münasibəti ilə Azərbaycan
Respublikası Prezidentinin 10 oktyabr 2009-cu il tarixli Sərəncamına
əsasən, universitet əməkdaşlarından 1 nəfər
"İstiqlal" ordeni, 1 nəfər "Şərəf"
ordeni, 14 nəfər "Şöhrət" ordeni, 38 nəfər
"Tərəqqi" medalı ilə təltif olundu. 7 nəfər
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə,
9 nəfər Əməkdar elm xadimi, 32 nəfər Əməkdar
müəllim, 2 nəfər Əməkdar
hüquqşünas, 1 nəfər Əməkdar jurnalist, 1 nəfər
Əməkdar mühəndis, 1 nəfər Əməkdar mədəniyyət
işçisi fəxri adlarına layiq görüldü.
2008-ci ildə
Bakı Dövlət Universitetinin doktoranturasına fəlsəfə
doktoru proqramı üzrə 55 nəfər, elmlər doktoru
proqramı üzrə 1 nəfər, dissertanturaya 55 nəfər
qəbul olunmuşdu. 2010-cu ildə universitetin bakalavriat səviyyəsinin
əyani şöbəsinə 2679 nəfər, qiyabi
şöbəsinə 620 nəfər, magistraturaya 624 nəfər
tələbə qəbul olunmuşdu.
2000-2010-cu
illərdə universitetin professor-müəllim heyətinin tərkibində ciddi
keyfiyyət və kəmiyyət dəyişikliyi baş
vermişdi. Universitetdə 2000-ci ildə 1301 nəfər
müəllim çalışırdısa və onların
179 nəfəri elmlər doktoru, professor; 400 nəfəri elmlər
namizədi, dosent idisə, 2010-cu ildə professor-müəllim
heyətinin sayı 1442 nəfərə, elmlər
doktorları, professorların sayı 306 nəfərə, elmlər
namizədi, dosentlərin sayı 542 nəfərə
çatmışdı. 2000-ci ildə
universiteti 3049 nəfər, 2010-cu ildə 3309 nəfər tələbə
bitirmişdi.
Həmin
illərdə universitetdə təhsil alan
xarici ölkə vətəndaşlarının sayı da
xeyli artmışdı. 2000-ci ildə universitetdə
392 nəfər, 2010-cu ildə 1098 nəfər xarici ölkə
vətəndaşı təhsil alırdı.
2000-2010-cu
illər ərzində universitetin həyatında bir sıra
mühüm hadisələr baş verdi. Həmin illərdə İnformasiya Texnologiyaları
Mərkəzi, fakültələrin hər birində
kompüter sinifləri yaradılmış, siniflərdə
lokal şəbəkə qurulmuş və həmin
kompüterlərin ümumuniversitet lokal şəbəkəsi
vasitəsi ilə internetə çıxışı təmin
edilmişdi.
2004-cü
ildə BDU-nun İqtisadiyyat kafedrasının bazasında iki
müstəqil kafedra - "Ümumi iqtisadiyyat" və
"İqtisadi nəzəriyyə" kafedraları, Jurnalistika
fakültəsində Beynəlxalq jurnalistika, Kimya fakültəsində
Ekoloji kimya kafedraları, Sosial elmlər və psixologiya
fakültəsinin Fəlsəfə və sosiologiya
kafedrasının bazasında Sosiologiya kafedrası, Biologiya
fakültəsində Torpaqşünaslıq kafedrası,
Şərqşünaslıq fakültəsində Uzaq Şərq
dilləri kafedrası yaradıldı. Filologiya fakültəsinin
strukturuna daxil olan Azərbaycan ədəbiyyatı tarixi
kafedrası Klassik Azərbaycan ədəbiyyatı
kafedrası, Folklor kafedrası Azərbaycan şifahi ədəbiyyatı
kafedrası, Azərbaycan dili və metodika kafedrası Azərbaycan
dili və ədəbiyyatının tədrisi metodikası
kafedrası, Türk və Şərqi slavyan xalqları ədəbiyyatı
kafedrası Türk xalqları ədəbiyyatı
kafedrası, Rus ədəbiyyatı tarixi kafedrası Klassik rus
ədəbiyyatı kafedrası, XX əsr rus ədəbiyyatı
və nəzəriyyəsi kafedrası Müasir rus ədəbiyyatı
kafedrası adlandırıldı. Coğrafiya
fakültəsində Xarici ölkələrin iqtisadi və
siyasi coğrafiyası kafedrası - Xarici ölkələrin
iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası
adlandırıldı.
4 mart 2005-ci ildə BDU-nun Kimya, Fizika, Tətbiqi riyaziyyat
və kibernetika, Biologiya fakültələrinin bazasında
Nanoaraşdırmalar Mərkəzi yaradıldı. 7 mart 2007-ci
ildə Coğrafiya fakültəsində Azərbaycan
coğrafiyası kafedrası yaradıldı. 26 noyabr 2008-ci ildə Universitetin Azərbaycan, rus və
ingilis dilində veb-saytı istifadəyə verildi.
2000-2010-cu illərdə Bakı Dövlət Universitetində
4 seriya (fizika-riyaziyyat elmləri seriyası, təbiət elmləri
seriyası, humanitar elmlər seriyası və sosial-siyasi elmlər)
üzrə "Bakı Universitetinin Xəbərləri"
elmi jurnalı nəşr olunurdu.
Ölkəmizin
elm və təhsil tarixində ilk dəfə olaraq 2008-ci ildə
universitetin Tətbiqi Riyaziyyat İnstitutunda hazırlanan və
ingilis dilində çap olunan "Applied and Computational
Mathematics" jurnalı dünyanın ən məşhur elmi
bazası olan Web of Science-ın siyahısına daxil edildi.
Universitetin
əməkdaşları Avropa Birliyi İNTAS fondunun 6-cı
çərçivə proqramının, Azərbaycan Milli
Elm Fondu və Amerikanın Mülki Tədqiqatlar və
İnkişaf Fondunun, Ukrayna Elm və Texnologiya Mərkəzinin,
Avropa Komissiyasının TEMPUS proqramının, Soros Fondu
Açıq Cəmiyyət İnstitutunun qrant layihələrində
iştirak edirdi.
Bakı Dövlət Universitetində elmin və təhsilin
kitabxana-informasiya xidməti ilə təminatında zəngin
kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayırdı. Elmi Kitabxananın fondunda 2,5 milyon nüsxədən çox ədəbiyyat
saxlanılırdı. 5 abonement, 14 oxu zalı, 30 kabinet
kitabxanası olan Elmi Kitabxana dünyanın 15 ölkəsinin
30 universiteti ilə kitab, jurnal və qəzet mübadiləsi
aparırdı. Kitabxana işinin kompüterləşdirilməsi
elmi-tədqiqat laboratoriyasının köməyi ilə
ölkədə ilk dəfə olaraq kitabxananın
kompüterləşdirilməsi işinə
başlanmış, elektron kataloq yaradılmış, kitab,
jurnal və qəzet fondunun böyük hissəsi elektron
kataloqa salınmışdı. Elmi
kitabxanaya Sara İbrahimova rəhbərlik edirdi.
Universitetin müasir çap maşınları və
texnologiyalarla təchiz edilmiş nəşriyyatına
2000-2006-cı illərdə Balakişi Ağayev, 2006-cı ildən
İslam Şirinov rəhbərlik edirdi.
"Bakı Universiteti Nəşriyyatı"
dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin,
hətta irihəcmli monoqrafiyaların çap edilməsi sahəsində
ciddi uğurlar qazanmışdı.
2000-2010-cu illərdə universitetdə 16 fakültə fəaliyyət
göstərirdi.
1.
Mexanika-riyaziyyat fakültəsi. Fakültəyə
1999-2007-ci illərdə professor Qəmbər Namazov, 2008-ci ildən
professor Nizaməddin İsgəndərov rəhbərlik edirdi.
Fakültədə 9 kafedra, 3 tədris
laboratoriyası fəaliyyət göstərirdi. Riyazi
analiz kafedrasına 2000-2001-ci illərdə dosent Şəmməd
İbrahimov, 2001-2005-ci illərdə professor Nazim Kərimov,
2006-2010-cu illərdə Sadiq Abdullayev, Nəzəri mexanika və
bütöv mühit mexanikası kafedrasına professor Rafiq
Əmənzadə, Funksiyalar nəzəriyyəsi və
funksional analiz kafedrasına professor Əli Əhmədov, Cəbr
və həndəsə kafedrasına dosent Vaqif Qasımov,
Diferensial və inteqral tənliklər kafedrasına professor Qəmbər
Namazov, Hesablama riyaziyyatı kafedrasına 2000-2006-cı illərdə
professor Vaqif İbrahimov, 2006-2010-cu illərdə professor Qalina
Mehdiyeva, Riyaziyyatın tədrisi metodikası kafedrasına
professor Karlen Xudaverdiyev, İdarəetmə nəzəriyyəsinin
riyazi üsulları kafedrasına professor Məmməd Yaqubov,
Ali riyaziyyat kafedrasına 2000-2002-ci illərdə dosent Fərman
Əliyev, 2002-ci ildən professor Misir Mərdanov rəhbərlik
edirdi. Fakültədə təhsil Azərbaycan
və rus dillərində aparılır, professor müəllim
heyəti 84 nəfərdən ibarət idi. Bakalavr pilləsində
1138 nəfər, magistr pilləsində 74 nəfər,
doktoranturada 13 nəfər, dissertanturada 19 nəfər təhsil
alırdı.
2. Tətbiqi
riyaziyyat və kibernetika fakültəsi. Fakültəyə
2000-2004-cü illərdə AMEA-nın müxbir üzvü
Yusif Məmmədov, 2008-ci ildən akademik Məhəmməd
Mehdiyev rəhbərlik edirdi. Fakültədə
11 kafedra fəaliyyət göstərirdi. Tətbiqi
riyaziyyat kafedrasına 2000-2008-ci illərdə akademik Mirabbas
Qasımov, 2009-2010-cu illərdə professor Həmzəağa
Orucov, Riyazi fizika tənlikləri kafedrasına 2000-ci ildən
akademik Yusif Məmmədov, Optimallaşdırma və idarəetmə
kafedrasına 2000-2010-cu illərdə professor Asəf İsgəndərov,
Riyazi kibernetika kafedrasına professor Kamil Mənsimov,
İnformasiya texnologiyaları və proqramlaşdırma
kafedrasına professor Ələkbər Əliyev, Tətbiqi
analizin riyazi üsulları kafedrasına akademik Məhəmməd
Mehdiyev, Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə
kafedrasına akademik Cəlal Allahverdiyev, Ehtimal nəzəriyyəsi
və riyazi statistika kafedrasına akademik Asəf Hacıyev,
Riyazi iqtisadiyyat və iqtisadi ekoloji sistemlərin modelləşdirilməsi
kafedrasına 2000-2006-cı illərdə professor Əli
Nağıyev, 2007-2010-cu illərdə professor Namiq
Tağıyev, İnformatika kafedrasına dosent Mübariz Xəlilov,
İqtisadi informatika kafedrasına professor Rizvan Paşayev rəhbərlik
edirdi. Fakültədə elmi-pedaqoji fəaliyyətlə
80 nəfər məşğul olurdu. Bakalavr
pilləsində 1200 nəfər təhsil alırdı. Onların 53-ü xarici ölkə vətəndaşı
idi. Magistratura pilləsində 65 nəfər,
doktoranturada isə 18 nəfər oxuyurdu.
3. Fizika
fakültəsi. Fakültəyə
2000-2004-cü illərdə professor Rəsul Muradov, 2004-2012-ci
illərdə professor Rasim Məmmədov rəhbərlik
edirdi. Fakültənin 9 kafedrasında 91 nəfər
professor-müəllim çalışırdı.
Ümumi fizika kafedrasına professor Məzahir Pənahov, Nəzəri
fizika kafedrasına 2000-2005-ci illərdə professor İsmət
Nəcəfov, 2005-2006-cı illərdə professor Rəsul
Muradov, 2006-cı ildən professor Məmməd Rəcəbov;
Optika və molekulyar fizika kafedrasına 1994-2011-ci illərdə
professor Faiq Əhmədov; Yarımkeçiricilər
fizikası kafedrasına professor Aydın Kazımzadə; Maddə
quruluşu kafedrasına professor Eldar Məsimov; Bərk cisimlər
fizikası kafedrasına akademik Bəhram Əsgərov; Fiziki
elektronika kafedrasına professor Əhməd Abdinov; Astrofizika
kafedrasına professor Cəfər Quluzadə;
Nanomaterialların kimyəvi fizikası kafedrasına 2000-2005-ci
illərdə professor Tahir Mürsəlov, 2006-cı ildən
professor Məmmədəli Ramazanov rəhbərlik edirdi. Fakültədə tədris Azərbaycan və rus
dillərində aparılırdı. Bakalavr
pilləsində 911 nəfər, magistratura pilləsində 66
nəfər, 12 nəfər doktorant təhsil alırdı.
4. Kimya
fakültəsi. Fakültəyə
2000-2006-cı illərdə professor Eldar Əhmədov,
2006-cı ildən professor Abdulsəyid Əzizov rəhbərlik
edirdi. 100 nəfər professor-müəllim
heyətinin çalışdığı fakültədə
8 kafedra, 6 elmi-tədqiqat laboratoriyası, 34 tədris
laboratoriyası fəaliyyət göstərirdi. Üzvi
kimya kafedrasına 2000-2002-ci illərdə professor Məhərrəm
Məhərrəmov, 2002-ci ildən akademik Abel Məhərrəmov;
Ümumi və qeyri-üzvi kimya kafedrasına 2000-2005-ci illərdə
professor Məhəmməd Babanlı, 2005-ci ildən professor
Teymur İlyasov; Analitik kimya kafedrasına 2000-2006-cı illərdə
professor Dəmir Qəmbərov, 2006-cı ildən professor
Famil Çıraqov; Fiziki və kolloid kimyası kafedrasına
2000-2003-cü illərdə dosent Eylaz Eylazov, 2004-cü ildən
professor Eldar Əhmədov; Ekoloji kimya kafedrasına 2003-cü
ildən Sevinc Hacıyeva; Neft kimyası və kimya texnologiyası
kafedrasına 1988-ci ildən professor Musa Bayramov; Yüksək
molekullu birləşmələr kafedrasına 1998-ci ildən
professor Oktay Əkbərov; Kimyanın tədrisi metodikası
kafedrasına 1987-ci ildən dosent Əyyub Əzizov rəhbərlik
edirdi. Fakültədə təhsil əyani formada
Azərbaycan, rus və ingilis dillərində
aparılırdı. Fakültədə təhsil alan bakalavr və magistrlərin təlim-tərbiyəsi
ilə 100 nəfər professor-müəllim heyəti məşğul
idi. Fakültədə 78 nəfər magistr təhsil
alır, 22 nəfər doktorant və 29 nəfər dissertant
namizədlik dissertasiyası üzərində
çalışırdı.
5.
Biologiya fakültəsi. Fakültəyə
professor Ağavəli İbrahimov rəhbərlik edirdi.
Fakültədə 10 kafedra, 2 elmi-tədqiqat laboratoriyası,
2 tədris muzeyi, 22 tədris laboratoriyası, zəngin herbari
fondu və Quba rayonunun II Nüvədi kəndində tədris-təcrübə
bazası fəaliyyət göstərir. İnsan və heyvan
fiziologiyası kafedrasına 1997-ci ildən professor Əli
Əliyev; Botanika kafedrasına 1992-ci ildən professor Elşad
Qurbanov; Onurğasızlar zoologiyası kafedrasına professor Fərzəli
Ağamalıyev; Onurğalılar zoologiyası və
bioekologiya kafedrasına professor Qara Mustafayev; Bitki
fiziologiyası kafedrasına professor Nemət Qasımov;
Mikrobiologiya kafedrasına professor Rahib Abuşov; Genetika və
darvinizm kafedrasına professor Rauf Quliyev; Biokimya və
biotexnologiya kafedrasına professor Akif Quliyev; Biofizika və
molekulyar biologiya kafedrasına professor Xanlar Abdullayev;
Torpaqşünaslıq kafedrasına akademik Qərib Məmmədov
rəhbərlik edirdi. Fakültədə təhsil alan 901 nəfər bakalavr və magistrin təlim-tərbiyəsi
ilə 93 nəfərdən ibarət professor-müəllim məşğul
olurdu.
6.
Coğrafiya fakültəsi. Fakültəyə professor Müseyib Müseyibov
rəhbərlik edirdi. Fakültədə 7
kafedra fəaliyyət göstərirdi. Fiziki coğrafiya
kafedrasına professor Müseyib Müseyibov; İqtisadi və
sosial coğrafiya kafedrasına professor Tapdıq Həsənov;
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və
turizm kafedrasına dosent Gülsabah Hacıyeva; Hidrometeorologiya
kafedrasına 2000-2004-cü illərdə professor Maqbet Məmmədov,
2004-cü ildən professor Fərda İmanov; Azərbaycan
coğrafiyası kafedrasına professor Vüsət Əfəndiyev;
Geodeziya və kartoqrafiya kafedrasına dosent Rafiq Babayev;
Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli
istifadə kafedrasına professor Şövqi
Göyçaylı rəhbərlik edirdi.
7.
Geologiya fakültəsi. Fakültəyə
dosent Adil Xasayev rəhbərlik edirdi. Fakültədə
6 kafedra, 4 elmi-tədqiqat laboratoriyası, Azərbaycanın
faydalı qazıntılar muzeyi fəaliyyət göstərirdi.
Faydalı qazıntılar kafedrasına akademik
Vasif Babazadə, Ümumi geologiya və hidrogeologiya
kafedrasına 2003-cü ilədək dosent Aydın Məsimov rəhbərlik
etmişdir. 2003-cü ildə kafedra iki
müstəqil kafedraya ayrılmışdır. Ümumi
geologiya kafedrasına prosessor Sərdar Səmədov;
Hidrogeologiya və mühəndis geologiyası kafedrasına
2008-ci ilədək dosent Aydın Məsimov, 2008-ci ildən
dosent Adil Xasayev; Kristalloqrafiya, mineralogiya və geokimya
kafedrasına 2000-2006-cı illərdə professor Ədhəm
Mahmudov, 2006-cı ildən professor Məmməd
Çıraqov; Paleontologiya və tarixi geologiya kafedrasına
2000-2008-ci illərdə professor Vahid Ağayev, 2008-ci ildən
dosent Bahadır Qələndərov; Seysmologiya və yer təkinin
fizikası kafedrasına 2001-2004-cü illərdə dosent Adil
Xasayev, 2004-cü ildən dosent Əli Novruzov rəhbərlik
edirdi. Fakültədə təhsil alan 706
bakalavr və 41 nəfər magistrin təlim tərbiyəsi ilə
37 nəfər professor-müəllim heyəti məşğul
olurdu.
8.
Filologiya fakültəsi. Fakültəyə
2000-2001-ci illərdə akademik Nizami Cəfərov,
2002-2006-cı illərdə professor Qara Namazov, 2006-cı ildən
professor Elbruz Əzizov rəhbərlik edirdi. Fakültədə 16 kafedra fəaliyyət göstərirdi.
Ümumi dilçilik kafedrasına 2001-ci ildən akademik Nizami
Cəfərov; Azərbaycan dilçiliyi kafedrasına akademik
Ağamusa Axundov; Klassik Azərbaycan ədəbiyyatı
kafedrasına 2000-2001-ci illərdə professor Baba Babazadə,
2002-2008-ci illərdə professor Qara Namazov, 2008-ci ildən
akademik Nərgiz Paşayeva rəhbərlik edir; Müasir Azərbaycan
ədəbiyyatı kafedrasına professor Cəlal Abdullayev; Azərbaycan
şifahi xalq ədəbiyyatı kafedrasına professor Azad Nəbiyev;
Türkologiya kafedrasına akademik Tofiq Hacıyev; Azərbaycan
dili və ədəbiyyatının tədrisi metodikası
kafedrasına professor Yusif Seyidov; Dünya ədəbiyyatı
kafedrasına professor Cəlil Nağıyev; Türk
xalqları ədəbiyyatı kafedrasına professor Pənah Xəlilov;
Rus dilçiliyi kafedrasına professor Lalə Hüseynova;
Klassik rus ədəbiyyatı kafedrasına professor Aqil
Hacıyev; Müasir rus ədəbiyyatı kafedrasına
professor Seyfulla Əsədullayev; Humanitar fakültələr
üzrə rus dili kafedrasına 2000-2004-cü illərdə
professor Almaz Səmədova, 2004-cü ildən dosent Ədibə
Paşayeva; Təbiət fakültələri üzrə rus
dili kafedrasına professor Mikayıl Cəfərov; İngilis
dili kafedrasına dosent Abbas Abbasov; Alman və fransız dilləri
kafedrasına 2001-2007-ci illərdə dosent Əminə
Əliyeva, 2007-ci ildən dosent Elmira Fərəcullayeva rəhbərlik
edirdi. Fakültədə təhsil alan 1259
nəfər bakalavr və 106 nəfər magistrin təlim tərbiyəsi
ilə 242 nəfər professor-müəllim məşğul
olurdu.
9. Tarix
fakültəsi. Fakültəyə 2000-2005-ci
illərdə akademik Yaqub Mahmudov, 2005-ci ildən professor Sani
Hacıyev rəhbərlik edirdi. Fakültədə
9 kafedra fəaliyyət göstərirdi. Arxeologiya və
etnoqrafiya kafedrasına 2000-2003-cü illərdə professor Həvil
Həvilov, 2003-cü ildən professor Qüdrət
İsmayılzadə; Qədim dünya və orta əsrlər
tarixi kafedrasına akademik Yaqub Mahmudov; Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasına professor Məmməd Fətəliyev;
Türk və Qafqaz xalqları tarixi kafedrasına professor
Əsmət Muxtarova; Asiya və Afrika ölkələri tarixi
kafedrasına professor Məhəd Sofiyev; Slavyan ölkələri
tarixi kafedrasına professor Tofiq Vəliyev; Azərbaycan tarixi (təbiət
fakültələri üzrə) kafedrasına 2001-2005-ci illərdə
professor Seyidağa Onullahi, 2005-ci ildən dosent Mehman Abdullayev;
Azərbaycan tarixi (humanitar fakültələr üzrə)
kafedrasına 2000-2004-cü illərdə professor Qurban Bayramov,
2004-cü ildən dosent Azad Rzayev; Azərbaycan tarixinin mənbəşünaslığı,
tarixşünaslığı və metodika kafedrasına
professor Anar İsgəndərov rəhbərlik edirdi.
Fakültədə təhsil alan 1228
bakalavr və magistrlərin təlim tərbiyəsi ilə 157
nəfərdən ibarət professor-müəllim məşğul
olurdu.
10. Beynəlxalq
münasibətlər və beynəlxalq hüquq fakültəsi.
Fakültəyə
2000-2006-cı illərdə dosent Sədiyar Zeynalov,
2006-cı ildən professor Zeynal Həsənalıyev rəhbərlik
edirdi. Fakültədə 7 kafedra fəaliyyət
göstərirdi. Beynəlxalq münasibətlər
kafedrasına professor Ağalar Abbasbəyli; Diplomatiya və
müasir inteqrasiya prosesləri kafedrasına professor Hicran
Hüseynova; Beynəlxalq ümumi hüquq kafedrasına
professor Rüstəm Məmmədov; Beynəlxalq xüsusi
hüquq və Avropa hüququ kafedrasına dosent Sədiyar
Zeynalov; Beynəlxalq iqtisadi münasibətlər kafedrasına
2000-2009-cu illərdə professor Adil Qasımov, 2009-cu ildən
dosent Hacı Rüstəmbəyov; Gömrük işinin təşkili
və idarəetmə kafedrasına dosent Amil Məmmədov;
Xarici dillər kafedrasına 2000-2006-cı illərdə dosent
Möminət Ömərova rəhbərlik edirdi. Fakültədə
təhsil alan 276 nəfər bakalavr və
magistrin təlim tərbiyəsi ilə 43 nəfərdən
ibarət professor-müəllim məşğul olurdu.
11.
Hüquq fakültəsi. Fakültəyə
2001-2002-ci illərdə professor Namiq Əliyev, 2002-2003-cü
illərdə professor Yusif Mehdiyev, 2003-2007-ci illərdə
professor Kamilə Sarıcalinskaya, 2007-2011-ci illərdə
professor Firudin Səməndərov rəhbərlik etmişdir.
Fakültədə 7 kafedra fəaliyyət
göstərirdi. Dövlət və hüquq nəzəriyyəsi
və tarixi kafedrasına Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Məsumə Məlikova;
Konstitusiya hüququ kafedrasına professor Murtuz Ələsgərov;
Mülki hüquq kafedrasına 2000-2003-cü illərdə
professor Yusif Mehdiyev, 2004-cü ildən Rəisə
Dünyamalıyeva; Cinayət hüququ və kriminologiya
kafedrasına professor Firudin Səməndərov; Cinayət
prosesi kafedrasına 2000-2005-ci illərdə professor Cəfər
Mövsümov, 2006-cı ildən professor Firuzə Abbasova;
Mülki proses, əmək və ekologiya hüququ
kafedrasına 2001-2002-ci illərdə dosent Mövsüm
Mövsümov, 2002-ci ildən professor Alış Qasımov;
Kriminalistika və məhkəmə ekspertizası
kafedrasına professor Kamil Səlimov rəhbərlik edirdi.
12.
Jurnalistika fakültəsi. Fakültəyə 1999-2012-ci illərdə
professor Yalçın Əlizadə rəhbərlik etmişdir.
Fakültədə dörd kafedra fəaliyyət
göstərirdi. Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasına 2000-2003-cü illərdə
professor Famil Mehdi, 2004-cü ildən professor Cahangir Məmmədli;
Mətbuat tarixi kafedrasına professor Şamil Vəliyev;
Televiziya və radio jurnalistikası kafedrasına professor
Yalçın Əlizadə, Beynəlxalq jurnalistika
kafedrasına professor Həmid Vəliyev rəhbərlik edirdi.
13.
Kitabxanaçılıq-informasiya fakültəsi. Fakültəyə professor Xəlil İsmayılov rəhbərlik
edirdi. Fakültədə dörd kafedra fəaliyyət
göstərirdi. Kitabxanaşünaslıq
kafedrasına professor Abuzər Xələfov;
Biblioqrafiyaşünaslıq kafedrasına 2000-2008-ci illərdə
professor Zöhrab Əliyev, 2008-ci ildən dosent Nadir
İsmayılov; Kitabxana resursları və informasiya
axtarış sistemləri kafedrasına 2000-2007-ci illərdə
dosent Tacəddin Quliyev, 2007-ci ildən professor Xəlil
İsmayılov; Kitabşünaslıq və nəşr
işi kafedrasına professor Bayram Allahverdiyev rəhbərlik
edirdi. Fakültədə təhsil alan
430 bakalavr və 40 nəfər magistrin təlim tərbiyəsi
ilə 29 nəfər professor-müəllim məşğul
olurdu.
14. Şərqşünaslıq
fakültəsi. Fakültəyə 2000-2002-ci illərdə dosent
Əbdüləli Kərimov, 2002-ci ildən dosent Elxan
Əzizov rəhbərlik edirdi. Fakültədə
dörd kafedra fəaliyyət göstərirdi. Ərəb
filologiyası kafedrasına akademik Vasim Məmmədəliyev;
İran filologiyası kafedrasına 2000-2006-cı illərdə
dosent Tofiq Cahangirov, 2006-cı ildən professor Mehdi Kazımov;
Türk filologiyası kafedrasına professor Rüfət
Rüstəmov; Uzaq Şərq dilləri və ədəbiyyatı
kafedrasına dosent Oktay Cəlilbəyli rəhbərlik edirdi.
Fakültədə təhsil alan 462 nəfər
bakalavr və magistrin təlim-tərbiyəsi ilə 40 nəfər
professor-müəllim məşğul olurdu.
15. Sosial
elmlər və psixologiya fakültəsi. Fakültəyə
2000-2006-cı illərdə dosent Fazil Vahidov, 2006-cı ildən
professor Hikmət Əlizadə rəhbərlik edirdi. Fakültədə 10 kafedra fəaliyyət göstərirdi.
Təbiət fakültələri üzrə fəlsəfə
kafedrasına akademik Fuad Qasımzadə; Humanitar fakültələr
üzrə fəlsəfə kafedrasına professor Həmid
İmanov; Fəlsəfə tarixi və mədəniyyətşünaslıq
kafedrasına 2000-2008-ci illərdə professor Məmmədəli
Zeynalov, 2008-ci ildən professor Rəbiyyət Aslanova; Sosiologiya
kafedrasına 2000-2004-cü illərdə professor Cəmil
Əhmədli, 2004-cü ildən professor İzzət Rüstəmov;
Politologiya və sosiologiya kafedrasına 1997-ci ildən professor
Əli Əhmədov; Psixologiya kafedrasına 1997-ci ildən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar
Əliyev; Gender və tətbiqi psixologiya kafedrasına dosent Rəna
İbrahimbəyova; Pedaqogika kafedrasına professor Nübar
Muxtarova; Ümumi iqtisadiyyat kafedrasına dosent Sabir İbadov;
İqtisadi nəzəriyyə kafedrasına professor Hikmət
Əlizadə rəhbərlik edirdi. Fakültədə təhsil
alan 934 magistr və bakalavrın təlim tərbiyəsi
ilə 120 nəfərdən ibarət professor-müəllim məşğul
olurdu.
16.
İlahiyyat fakültəsi. Fakültəyə akademik Vasim Məmmədəliyev
rəhbərlik edirdi. Fakültədə iki
kafedra fəaliyyət göstərirdi. Dillər
kafedrasına dosent Çimnaz Mirzəzadə; İslam elmləri
kafedrasına professor Muammer Erbaşdır rəhbərlik
edirdi. Fakültədə təhsil alan 206 nəfər tələbənin təhsil-tərbiyəsi
ilə 20 nəfərdən ibarət professor-müəllim məşğul
olurdu.
2000-2010-cu
illərdə Xarici tələbələrlə iş üzrə
dekanlığa dosent Gülheyran Rəhimova rəhbərlik
edirdi. 2008/09-cu tədris ilində BDU-nun 16
fakültəsində 14 ölkədən 1238 nəfər
xarici ölkə vətəndaşı təhsil
alırdı. Onlardan 922-si bakalavr, 60-ı
magistr, 248-i fəlsəfə proqramı üzrə doktorant,
5-i dissertant. 3-ü elmlər proqramı
üzrə doktorant olmuşdur.
Tətbiqi riyaziyyat elmi-tədqiqat institutuna akademik Fikrət
Əliyev rəhbərlik edirdi. İnstitutda hazırlanan və
ingilis dilində çap olunan "Applied and Computational
Mathematics" jurnalı Azərbaycanın elm tarixində
Thomson Reuters agentliyinin siyahısına düşmüş və
impact faktor almış ilk jurnal idi.
Beləliklə, 2000-2010-cu illər
BDU-nun inkişafnda kəmiyyət və keyfiyyət dəyişikliyi
ilə yadda qaldı. Universitetin beynəlxalq əlaqələri
ildən-ilə genişləndi, elmi dərəcəlilərin
sayı artdı, kadr hazırlığında diqqətəlayiq
uğurlar qazanıldı, yeni elmi nailiyyətlərə imza
atıldı. Universitet əməkdaşlarının
böyük bir qrupu orden və medallarla təltif olundu, fəxri
ad alanların, AMEA-nın həqiqi və müxbir üzvü
seçilənlərin sayı artdı. Qazanılan elmi və
tədris uğurları nəticəsində 2010-cu ilin
dekabrında Akademik Göstəricilərə görə
Universitetlərin Reytinqində ("University Ranking by Academic Performance" - URAP) Bakı Dövlət
Universiteti dünyanın ən yaxşı 2000 universitetinin
siyahısına düşdü və cədvəldə
1951-ci pillədə qərarlaşdı.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2019.-16 noyabr.- S.18;20.