Parlaq nəslin layiqli davamçısı - professor Məsməxanım Qazıyeva

 

Sevdiyi peşənin dalınca gedən, onu həyat amalı seçənlər fikrimizcə, dünyada xoşbəxt adamlardır. Ömrünün əlli ildən çoxunu müəllimlik peşəsinə həsr edən, cəfakeş tədqiqatçı, fədakar alim, filologiya elmləri doktoru, professor Məsməxanım Yusif qızı kimi. Azərbaycan Dillər Universitetini müvəffəqiyyətlə bitirən M.Qazıyeva bir müddət laborant işlədikdən sonra müəllim vəzifəsinə təyin olunur.

O, 1988-ci ildə Moskvada namizədlik, 2004-cü ildə isə AMEA-nın Nizami adına Dilçilik İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Məsməxanımın keçdiyi ömür yoluna nəzər saldıqca görünür ki, o, hər şeyi öz zəhməti bahasına, alın təri hesabına əldə edib. O, əldə etdiyi bütün uğurlarına yalnız işgüzarlığı, yuxusuz gecələri və inadkarlığı sayəsində nail olub. Onun adı ictimaiyyətə, elm və təhsil müəssisələri əməkdaşlarına yaxşı tanışdır. Zəngin xarakteri, fərdi özünəməxsusluğu, zəhmətkeşliyi, işgüzarlığı və təşkilatçılığı onun mənəvi keyfiyyətlərindəndir. Xeyirxahlıq, təvazökarlıq, yüksək ünsiyyət mədəniyyəti, istedadlı tələbələrə mənəvi dayaq olmaq əsas xarakterik cizgilərindəndir.

Dünya elminə və mədəniyyətinə dərindən maraq göstərmək, onlara aludə olmaq xüsusiyyəti də var Məsməxanımın. Bütün bu özəl dəyərlər onun ailə şəcərəsindən, tanınmış ziyalı nəslindən gəlir. C.Herbertin fikridir: "Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz". Qeyd etdiyimiz kimi, onun ailə şəcərəsində tanınmış maarif və təhsil fədailəri olub. Atası Yusif Qazıyev Qori seminariyasını bitirib. İxtisasca filoloq olub. Bir müddət Azərbaycan Dövlət Universitetində və Tibb İnstitutunda işləyib. Ömrünün 62-ci ilində dünyasını dəyişib. Məsməxanım atasını belə xatırlayır: "Atamı erkən itirdiyimə çox təəssüflənirəm. Çünki onun mənim haqqımda arzuları böyük idi və bunu görmək istəyirdi. Atam gözəl filoloq, Azərbaycan ədəbiyyatını dərindən bilən bir mütəxəssis idi. Hələ uşaq olarkən mən onun ətrafında yalnız ziyalıları görər və onların maraqlı söhbətlərinə gizlin də olsa qulaq asmağı xoşlardım. O, Abdulla Şaiq kimi böyük bir mütəfəkkirin tələbəsi olub. İndi mənim bu zirvəyə çatmağıma səbəb yəqin ki, elə bunlar olub. Mən daxilən atamın arzusunu yerinə yetirdiyimə sevinirəm. Hər uğurumdan sonra mən, sanki ona hesabat verir və onun xeyir-duasını alıram".

Əmisi Kərim Qazıyev dövrünün tanınmış riyaziyyatçısı və jurnalisti olub. Bir sıra fizika, riyaziyyat dərsliklərini ilk dəfə rus dilindən dilimizə tərcümə edib. Qazıyevlərin ulu babası ədəbiyyat tariximizdə "Zövqü" təxəllüsü ilə şeir və qəzəllər yazıb. Onun bir sıra şeirləri repressiya qurbanı, folklorşünas Salman Mümtazın şəxsi arxivində saxlanılmışdır. S.Mümtaz 1923-cü ildə Zövqünün şeirlərindən bir neçəsini çap etdirib. Bu barədə Salman Mümtaz "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabında Baş Köynüklü Əhməd Əfəndidən məlumat verərək belə yazır: "Əhməd Əfəndi XIII əsrin (hicri) sonuncu yarısında yaşamış şairlərimizdən biridir. Mərhumun adı Əhməd, təxəllüsü Zövqi, ləqəbi isə "Şikəst" idi". Onun qəzəllərindən biri - "Könlüm səni istər" 1920-ci ildə "Qurtuluş" jurnalının ikinci sayında dərc olunmuşdu.

Məsməxanım Qazıyevanın bibisi, görkəmli maarifçi və jurnalist Gülarə Göylüqızı (Qədirbəyova) da tanınmış ziyalılardan olub. O, 1903-cü ildə Nuxa Qəzasının Baş Göynük kəndində anadan olub. Dövrün imkanları çərçivəsində atası ona yalnız ibtidai təhsil verə bilmişdi. Bu təhsil ona yeni cəmiyyətdə addımlar atmaq üçün kifayət etmiş, gələcək taleyinə işıq salmışdır. Təsadüfi deyil ki, Gülarə ətrafındakı həmyaşıdlarından ötkəmliyi, azad düşüncəsi, fikirlərini dürüst, sərrast və çəkinmədən ifadə etmək qabiliyyəti ilə seçilərmiş. Onun əsas amalı mükəmməl təhsil almaq, xalqına, millətinə və doğma kəndinin insanlarına xeyir vermək idi. G.Göylüqızı 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. İyirmi yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şəmkir, Quba, Bakı rayonlarında qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK - Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. O, 1930-37-ci illərdə Əli Bayramov adına qadınlar klubunun müdiri, həm də "Şərq qadını" jurnalının redaktoru vəzifəsində çalışmışdır. G.Göylü qızı "Şərq qadını" jurnalının səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O, Azərbaycan qadınının tərəqqisi naminə mübarizə aparmış, mətbuat səhifələrindəki publisist yazıları ilə onların maariflənməsində xüsusi rol oynamışdır. Onun redaktəsi ilə yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi ziyalılarla dostluq əlaqələrinə və antisovet fəaliyyətdə iştirakına görə isə əksinqilabi təşkilatın üzvü kimi təqib olunmuşdur. Bu dövrdə maarif işığının qarşısını alanlar ona fəaliyyətində maneəçilik törədirdilər. Gülarə xanım qadınların ictimai əməyə cəlb edilməsində, çadranın atılmasında da müstəsna rol oynayıb. O, 1932-1937-ci illərdə "Qadın azadlığı və ziyalılarımız", "Bütün savadsız qadınlar savad kurslarına", "Savadsızlıqla mübarizə işinə ciddi əhəmiyyət verməli", "Qızların məktəbə cəlb olunması yolunda qarşıya çıxan kəsirləri qəti surətdə aradan qaldırmalı" kimi publisistik məqalələrində ölkə qarşısında duran mühüm məsələlərin həlli yollarını göstərirdi. G.Göylü qızı öz həyat məramını belə ifadə edirdi: "Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı oldu və böyük təcrübəvi işlərim mənim üçün bir məktəb oldu. Həyatın hər üzünü iş prosesində gördüm". Yazıçı Qılman İlkin onun jurnalist fəaliyyətindən bəhs edərək yazırdı: "Gülarə Göylü qızının Azərbaycanda qadın azadlığı uğrunda mübarizədə qabaqcıl rolu olmuşdur. O, həm partiya işçisi və həm də məharətli jurnalist idi. 30-cu illərdə uzun müddət "Şərq qadını" jurnalına başçılıq etmişdir. Göylü qızının mədəni quruculuğumuza aid bir sıra məqalələri, kəskin qələmi bugünkü gənc jurnalistlərimiz üçün də mübariz publisistikaya nümunə ola bilər". Gülarə Göylü qızı 1938-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində iştirak edərkən həbs olunur. O, dörd dəfə istintaq dindirməsinə cəlb olunsa da, hər dəfə günahsız olduğunu bildirmişdir. Beləliklə, 1939-cu ildə o, beş il müddətinə Sibirə sürgün edilir. Sürgündə olarkən 1942-ci ildə də dünyasını dəyişmişdir. Akademik Ziya Bünyadov "Qırmızı terror" kitabında repressiyaya məruz qalıb günahsız sürgün edilən Gülarə xanım Qədirbəyova haqqında əhatəli məlumat vermişdir. Repressiya qurbanlarından olan G.Göylü qızı 39 illik həyatında özünün malik olduğu ən ali keyfiyyətlərini - mərdliyini, cəsarətini, əqidəsini, inam və inadkarlığını qoruyub saxladı. Qadın azadlığı hərəkatı uğrunda fəal mübariz olan jurnalist, müəllim Gülarə Göylü qızının adına anadan olduğu Şəki şəhəri Baş Göynük kəndindəki bir saylı məktəbə onun adı verilib və məktəbin həyətində büstü qoyulub. Bakı şəhərində Qədirbəyova küçəsi (Qədirbəyov onun ərinin soyadıdır) Gülarə xanımın adını daşıyır. Yaxşı olardı ki, G.Göylü qızının əsərləri toplanaraq nəşr edilsin.

Göründüyü kimi, Məsməxanım soyadını daşıdığı Qazıyevlər nəslinin görkəmli nümayəndələri mədəniyyət tariximizdə bir çox parlaq səhifələr yazmışdır. Bu nəslin layiqli davamçısı Məsməxanım Qazıyeva beynəlxalq aləmdə tanınmış nüfuzlu alimlərdəndir. O, xarici ölkələrdə ölkəmizi ləyaqətlə təmsil edir, erməni faşistlərinin təcavüzkarlığını, torpaqlarımızı işğal etməsini yüksək tribunalardan istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 1990-cı ilin 20 yanvar faciəsi günlərində o, Türkiyəyə gedərək ölkə prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalla görüşüb, xalqımızın başına gətirilən bu faciəni əyani faktlarla ona çatdırmışdı. Həmin günləri xatırlayan M.Qazıyeva bildirir: "Çalışdım ki, törədilən faciə haqqında ona dolğun məlumat verim, fakt kimi fotoları təqdim etdim və gəlişimin məqsədini açıqladım. Dedim: "Niyə ermənilərin annesi olsun, azərbaycanlıların yox?" Bu, Səmra xanıma bərk təsir etdi. Dedim: "Bu böyüklükdə Türkiyədə bizə anne tapılmayacaqmı?" Cavabı bu oldu ki, "Siz nə istəyirsiniz?" və mən mərhum Zemfira xanımın dəvət məktubunu ona təqdim etdim (o zaman professor Z.Verdiyeva Respublika Qadınlar Şurasının sədri idi). Bildirdi ki, mən Azərbaycana gələcəyəm. Dediyi kimi də 1990-cı ilin may ayının 26-da Səmra Özal Bakıya gəldi. Bu kiçik addımım mənim mənəvi və vətəndaşlıq borcum idi".

***

Tədbirlərin birində çıxış edərkən Linqvokulturologiya kafedrasının müdiri, ADU Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirib. Respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, öz nəcib əməlləri ilə xalqımızın tərəqqisinə çalışan qadınlar çoxdur. Professor M.Qazıyeva Azərbaycan qadınlarının tarix boyu milli dövlətçiliyin təşəkkülündə, möhkəmləndirilməsində və idarə olunmasında böyük rol oynadıqlarını da xüsusi qeyd edir.

***

Məsməxanım Qazıyeva bir sıra beynəlxalq simpozium, konqres və konfranslarda, Amerikada, İngiltərədə, İrlandiya və Şotlandiyada, o cümlədən, Rumıniyada, Qahirədə, Sloveniyada, Avstriyada, Rusiyada, Türkiyədə, Gürcüstanda, İspaniyada yüksək səviyyəli elmi məruzələrlə çıxış etmişdir. Yunan filosofu Sokratın fikridir: "Əsl ziyalı öz elmi təfəkkürünü təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən insanlardır. Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı qüvvəsidir". Professor Məsməxanım Qazıyeva təcrübəli pedaqoq kimi oxuduğu və əldə etdiyi bilikləri tədris prosesində öz tələbələrinə aşılayır. O, bir sıra metodik vəsaitlərin, dərsliklərin, monoqrafiyaların, proqramların müəllifidir. Onun tədqiqatları daha çox ingilis dilinin tədrisi metodikası kimi aktual sahələri əhatə edir. "Səhnə və ekran nitqinin linqvistik və kulturoloji xüsusiyyətləri", "Səhnə nitqinin spesifik xüsusiyyətləri və aktyor ifasının formalaşmasında onun rolu" və başqa elmi əsərləri alimin fasiləsiz axtarışlarının və gərgin zəhmətinin bəhrəsidir. Onun doktorluq dissertasiyasını sənətşünaslıq elminə dilçiliyin töhfəsi kimi qiymətləndirmək olar. "Səhnə və ekran nitqinin linqvistik və kulturoloji xüsusiyyətləri" adlı monoqrafiyası dilçilik elmi ilə yanaşı, sənətşünaslığımızı da yaradıcılıq problemləri baxımından xeyli zənginləşdirmişdir. Onun 70-dən çox elmi məqalələri həm Azərbaycanda, həm də xarici elmi jurnallarda çap olunmuşdur.

Professor Məsməxanım Qazıyeva fəaliyyət göstərdiyi ali məktəbin Qadınlar Şurasının sədridir. O, həm də respublika Qadınlar Şurasının üzvü olub. Müəllimlik peşəsinə yüksək qiymət verən Məsməxanım müsahibələrində fəxrlə qeyd edir ki, müəllimlik peşəsi, pedaqoji fəaliyyət bizdə nəsilliklədir. Babam, atam, qızım bu yolu sevə-sevə gəlirik. Mən də atamın yolunu davam etdirmişəm. Professor Məsməxanım Qazıyeva gənc mütəxəssislərin hazırlanmasına da rəhbərlik edir. Onun elmi rəhbərliyi sayəsində 26-dan çox fəlsəfə və elmlər doktorları müvəffəqiyyətlə dissertasiyalarını müdafiə etmişlər.

***

Elmə və təhsilə xidmət professor Məsməxanım Qazıyevanın həyat amalıdır. O, xarici ölkələrə etdiyi səfərlərlə ilgili öz təəssüratlarını bölüşərək müsahibələrinin birində qeyd edir ki, "Çıxış etdiyim beynəlxalq konfranslardan öncə keçirilən görüşlərdə mən həmişə ilk sözümü Azərbaycan haqqında məlumatla başlayıram. Həmsöhbət olduğum hər bir ictimai xadimlə Azərbaycan haqqında daha çox danışmağa çalışıram. Həmişə özümlə Azərbaycanın xəritəsini, Azərbaycan bayrağını və Azərbaycan haqqında materialları götürür, bu həqiqətləri dünyaya çatdırmağa çalışıram". Belə səfərlərdə son ildə tərtib olunmuş "Welcome to Azerbaijan" kitabı bu istiqamətdə ən dəyərli örnəkdir. Nəşrin müəllifləri Azərbaycan Dillər Universitetinin professorları Məsməxanım Qazıyeva və Sevinc Zeynalova, redaktorları isə Böyük Britaniya vətəndaşı, jurnalist İan Peart və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səadət İbrahimovadır. Kitabda coğrafiya, tarix, siyasi quruluş, iqtisadiyyat, din, mədəniyyət və incəsənət, adət-ənənələr, həyat tərzi, idman və asudə vaxt adlı bölmələri yer alıb.

***

Professor Məsməxanım Qazıyeva bu gün də gənclik həvəsi ilə həm elmi, həm pedaqoji, həm də ictimai fəaliyyətini davam etdirir. Onun səmimiyyətlə dediyi: "İsmətli analarımız, ulu, müdrik nənələrimizin keçdiyi yol şərəfli, mübarizələrlə dolu yüksəliş yoludur. Bu keşməkeşli tərəqqi yolunda Azərbaycan qadınları öz spesifik xüsusiyyətləri ilə fərqlənən gözəl mənəviyyat dünyası yaratmışlar. Azərbaycan qadınının yüksək mənəvi-əxlaqi dəyərlərinə, parlaq obrazına aid xalq ədəbiyyatında da, sənətkarlarımızın ölməz bədii irsində də nümunələr istənilən qədərdir. Cəmiyyət o vaxt inkişaf edər ki, orada qadın fəal olsun. Qadının gözəlliyi onun ismətində, davranışında, əxlaqında və bir ana kimi övladına nümunə olmasındadır" - kimi fikirlər professorun ürəkdən gələn bu təvazökar deyimi onun mənəvi zənginliyindən, mehriban və səmimi insan olmasından xəbər verir.

Onun bir insan kimi ən ümdə xüsusiyyəti mülayimliyi, xeyirxahlığı və yüksək səmimiyyətidir. Təbiidir ki, bu mənəvi dəyərlər onun daxili mədəniyyətindən və təvazökarlığından irəli gəlir. Təvazökarlıq isə ən böyük insani keyfiyyətdir. Sokrat yazır ki, "alimin biliyi o, təvazökar olanda üzə çıxar".

Məsməxanım qadın qəlbinin sönməyən hərarəti ilə örnək olan bir ömür yaşayır. Fədakarlıqla və mübarizliklə bibisi - tanınmış maarif işçisi, repressiya qurbanı Gülarə Göylü qızına oxşayan bu işıqlı və vətənpərvər ziyalı öz fəaliyyətində məsuliyyətli, tələbkar, insanlarla münasibətdə səmimi, nəzakətli, qayğıkeş olub.

Ömrünün əlli ilini Azərbaycan elminə və təhsilinə həsr edən, ölkəmizi xarici ölkələrdə ləyaqətlə təmsil edən, çalışdığı təhsil müəssisəsinin beynəlxalq elmi əlaqələrinin inkişafında xüsusi xidmətlər göstərmiş Qazıyevlər nəslinin layiqli davamçısı professor Məsməxanım Qazıyeva soyundan gələn ziyalı ənənəsini şərəflə yaşadaraq təmiz bir ömür yaşayıb. Bir müəllim kimi, bir alim kimi, bir ana kimi, bir vətəndaş kimi.

 

Vəfa XANOĞLAN

Sənətşünaslıq üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2019.-16 noyabr.- S.16-17.