El adamı
Saf havası, sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi İstisuyu, nəğməkar,
bəstəkar Xan Tərtəri, əzəmətli
Dəlidağı, Murovu,
quşqonmaz qayaları,
Səməd Vurğunun
vəsf etdiyi "kəklikli daşları",
keçilməz bənd-bərəsi,
gədiyi, aşırımı,
yeraltı, yerüstü
sərvətləri ilə
cənnətin özü
olan Kəlbəcər
həm də mənəviyyat beşiyidir.
Kəlbəcərin mənəviyyat sərvəti
sayılan kişilərdən
biri də Qənbər Şəmşiroğludur...
16 noyabr 1933-cü ildə
- qızılı bir
payız günündə
sazın-sözün beşiyi
olan Ağdabanda, sazın-sözün zirvəsi
Dədə Şəmşirin
ailəsində nur üzlü bir oğlan uşağı dünyaya gəldi. Körpəyə Qənbər
adını verdilər...
"Ustad oğlu
şəyird olmaz"
deyərlər. Ustad oğlu kimi böyüdü Qənbər
Şəmşiroğlu! Gənclik illərindən
başlayaraq nəslinə,
soy-kökünə, elinə-obasına,
yurduna şan-şöhrət
gətirdi. Ağdam İkiillik
Müəllimlər İnstitutunu,
Azərbaycan Pedaqoji İnstitutunu, Ali Partiya Məktəbini bitirdi.
Uzun müddət məktəb direktoru, sonra Kəlbəcər
Rayon İcraiyyə Komitəsinin
sədri, Gədəbəy
İcraiyyə Komitəsinin
sədri, Gədəbəy
və Kəlbəcər
rayonlarının İcra
Hakimiyyətinin başçısı
kimi mühüm dövlət vəzifələrində
işlədi. Respublika
Ağsaqqallar Şurası, Azərbaycan
Yazıçılar Birliyi
kimi mötəbər
təşkilatların üzvü
oldu. Uzun müddət dövlət
işində səmərəli
fəaliyyətinə görə
"Şərəf Nişanı"
ordeni, "Əmək
igidliyinə görə",
"Əmək veteranı"
medalı, 18 oktyabr
2011-ci ildə isə möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə
"Tərəqqi" medalı
ilə təltif edildi. Tutduğu mövqeyindən, daşıdığı vəzifələrdən
asılı olmayaraq həmişə xalqın
yanında oldu, el adamı kimi tanındı, çalışdığı
vəzifələrə şöhrət
gətirdi. Hələ gənc
yaşlarından Qənbər
Şəmşiroğlu ona
tapşırılan vəzifələrin
öhdəsindən ləyaqətlə
gəlir, doğma Kəlbəcərin inkişafı
üçün əlindən
gələni, hətta
əlindən gəlməyəni
belə edirdi. Əslində isə doğma yurdun doğma insanları ilə birləşəndə,
əl-ələ verəndə
onun əlindən gəlməyən, bacarmadığı
bir iş qalmırdı. Onun nəhayətsiz fəaliyyətinin
bir dövrü də Gədəbəylə
bağlıdır. Bir
müddət Gədəbəy
rayonuna rəhbərlik
edən Qənbər Şəmşiroğlu Kəlbəcərdə
apardığı quruculuq
işlərini, ata-babasından,
soy-kökündən gələn
xeyirxahlıq missiyasını
burada da eyni şövqlə, eyni doğmalıqla davam etdirdi! Gədəbəylilər o illəri indi
də unutmur və qədirşünaslıqla
xatırlayırlar.
Dövlət vəzifələri, ictimai
işlərlə yanaşı,
Qənbər Şəmşiroğlunun
bir vəzifəsi, bir missiyası da atası - qüdrətli sənətkar,
ustad Aşıq Şəmşirin ədəbi-bədii
irsinin toplanması, tədiqiqi, nəşri məsələləri olub. Bu müqəddəs
vəzifəni də qədirşünaslıqla yerinə
yetirir Qənbər Şəmşiroğlu! Atası Dədə
Şəmşirlə yanaşı,
babası Ağdabanlı
Şair Qurbanın, ulu babası Miskin Abdalın da irsinin yorulmaz
təbliğatçısıdır.
Bu fəaliyyəti ilə
bir ömrə bir neçə ömür sığdırır
Qənbər Şəmşiroğlu:
Qurban ömrü, Şəmşir ömrü,
Qənbər ömrü!
Və eyni zamanda, bu fəaliyyəti
ilə bütünlükdə
ozan-aşıq sənətinə,
böyük sözə
xidmət edir! O, bu məsələlərdə
təkcə Aşıq
Şəmşir ailəsinin
varisi kimi deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının,
saz-söz sənətinin
təəssübkeşi kimi
çıxış edir.
Kəlbəcər kimi əsrarəngiz
gözəllikər diyarında,
Dədə Şəmşirin
ailəsində, saz-söz
mühitində böyüyən
Qənbər Şəmşiroğlu
özü də əlbəttə ki, könlünü şeirə-sözə
verməli idi! Uzun illər şeir yazmağını gizli saxlayıb Qənbər Şəmşiroğlu. Dədə Şəmşirdən
sonra əlinə qələm almaq və şeir yazmaq məsuliyyətinin ağırlığı həmişə
onu əhatə edib. Yazdıqlarını da gizli saxlayıb, uzun müddət çap da etdirməyib. Amma Məmməd Araz demişkən:
İstedad elə bir toxuma bənzər
Göyərər bir quru daş üstündə də!
Nə yaxşı ki, bu istedad göyərdi
və artıq Qənbər Şəmşiroğlu
imzası nüfuzlu qələm sahiblərinin,
ədəbi mühitin
tanıdığı, bəyəndiyi,
qəbul elədiyi bir şair imzasıdır!
Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin
ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları
şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri
- roman, povest və hekayələr də yazır. Onun "Caninin etirafı" romanı, "Tale oxşarlığı",
"Bir gözəlin
taleyi", "Adam kimi
ölməyib", "Bütövləşmək
istədim", "Qızlardan
muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı
əsərləri özünün
orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq
həyatının ədəbiyyata
gətirilməsi baxımından
olduqca maraqlıdır.
Publisist
kimi də tanınır Qənbər
Şəmşiroğlu! Onun ölkədə
baş verən ictimai-siyasi hadisələrə
həssas münasibətini
ifadə edən məqalələri, eyni zamanda, memuar xarakterli yazıları müasir publisistikamızın
ən yaxşı örnəklərindəndir. Bu yazılarda təqdim
olunan həyat həqiqətləri, insan
xarakterləri, tarixi sənədlərin işığında
verilən faktlar gələcək nəsillər
üçün qiymətli
bir mənbədir.
Bu gün yaradıcılıqla
yanaşı, ictimai fəaliyətini də davam etdirir Qənbər
Şəmşiroğlu! Onun rəhbərliyi,
ağsaqqallığı ilə
yaradılan "Aşıq
Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyi ölkəmizin
ictimai-siyasi, mədəni
həyatında fəal
iştirak edir. Milli mədəniyyətimizi, mədəni
incilərimizi, adət-ənənələrimizi,
aşıq sənəti,
folklor və digər incəsənət
nümunələrini toplamaq,
araşdırmaq, onları
yaşatmaq, təbliğ
etmək və gələcək nəsillərə
çatdırmaq istiqamətində
misilsiz işlər görür. Qənbər Şəmşiroğlu bu
müqəddəs ocaqda
ata-babasından gələn
xeyirxahlıq missiyasını
şərəflə davam
etdirir, şəhid ailələrinə, qaçqın
və məcburi köçkünlərə, tələbələrə
öz diqqət və qayğısını
əsirgəmir.
Ömrünün müdriklik çağlarında
içində Kəlbəcər
nisgilini yaşadır
Qənbər Şəmşiroğlu!
Kəlbəcərin işğal
olunduğu ağır
günlərdə eli-obanı
öz başına yığıb, onlara hayan durduğu kimi, bu gün
də bu böyük bir mahalın qayğılarını
çiynində daşıyır,
torpaqlarımızın işğaldan
azad olunacağı günü ən müqəddəs gün kimi gözləyir! Qarış-qarış gəzdiyi Kəlbəcər,
doğulduğu kənd,
Ağdaban faciəsi, babası Şair Qurbanın, atası Dədə Şəmşirin
odlara qalanan əlyazmaları gözünün
önündən getmir.
Şəhid bacısı Çimnaz
xanımın, Ağdabanda,
Kəlbəcərdə, Qarabağda
qanına qəltan edilən soydaşlarının
intiqamının alınacağı
günü səbirsizliklə
gözləyir.
Böyük bir elin yolgöstərəni,
ağsaqqalı olan Qənbər Şəmşiroğlu
həm də böyük bir ailənin başçısıdır. Azərbaycana
beş nümunəvi
övlad bəxş edib. Yüksək dövlət vəzifəsində
çalışdığı illərdə iki oğlu ön cəbhədə döyüşlərdə
iştirak edib. Qənbər
müəllim bu gün də nəvə-nəticələrini vətənpərvərlik, dövlətçilik
ruhunda böyüdür.
Övladlarının, nəvələrinin
işğaldan azad ediləcək Kəlbəcərin
quruculuğunda iştirak
edəcəyi günlərin
uzaqda olmadığına
da əmindir Qənbər Şəmşiroğlu!
Səksən beşə əlvida, səksən
altıya salam deyən Qənbər Şəmşiroğluna
Ulu Tanrıdan daha uzun və sağlam, gümrah ömür diləyirəm.
Yeni yaşınız mübarək, aqibətiniz
xeyir olsun, əziz Qənbər
müəllim!
Ələmdar
CABBARLI
Bakı
Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.15.