Yazıçı xoşbəxtliyi
Hörmətli Əli müəllim!
Azərbaycanda uzun ömür
sürmək, yüz il, yüz on il yaşamaq, özəlliklə mayası
dağlarda tutulmuş
adamlar üçün, o qədər də qeyri-adi, təəccüblü
iş deyil. Siz də, şükür, yüzə doğru inamla yüksəlirsiniz.
Ancaq bu uzun ömürdə qocalıq bilməyən ilhamla, kökdən düşməyən həvəslə
yazıb-yaratmaq qeyri- adi bir hadisədir
və hər kişinin işi deyil. Bu mənada Siz Allahın sevdiyi bir qələm
sahibisiniz; taleyinizə
75 illik bir ədəbiyyat ömrü
düşüb və
bu gün də yorulmadan yazırsınız...
İnsan
duyğularının şəkli
olan və buna görə də yüzillər boyu ruhən çox az dəyişilən şeirdən fərqli olaraq, nəsr daha çox yaşadığımız zamanın
və həyatın yaddaşdakı əks-sədası,
tarixin bədii təhlilidir. Sizin Seçilmiş əsərlərinizin
13 cildliyini vərəqləyəndə
yaşadığınız zamanın və keçdiyiniz uzun, şərəfli yolun necə mükəmməl
şəkildə yaddaşınıza
və sonra da dadlı-duzlu bir nəsr dili
ilə kağıza köçdüyünə heyrətləndim...
Yaddaşla kağız arasındakı
yolun nə qədər uzun, mürəkkəb və çətin olduğunu hər bir qələm
adamı yaxşı bilir. Yalnız böyük istedad sahibləri həyatın sel kimi axıb
gedən olayları arasından əsl ədəbiyyat "materialını" ustalıqla
seçə və onu fəlsəfi, bədii dəyər səviyyəsində
oxucuya çatdıra
bilir.
Sizin əsərlərinizin
ana xəttini əsasən öz gördüyünüz, şahidi
olduğunuz hadisələr
təşkil edir. Böyük
yazıçıların tez-tez
təkrar etdikləri kimi, əslində, qələm sahibi bütün ömrü boyu özünü, öz həyatını, vətəninin papaq boyda kiçik bir parçasının taleyini yazır və hətta bu "kiçik" mövzunu yazıb tamamlamağa da bir ömür
yetmir. Siz də bütün
həyatınız boyu
öz doğulduğunuz
yerin böyük insan xarakterlərini, vətənin azadlığı
üçün canından
keçən igidlərinin
taleyini yazmısınız.
Bununla belə, əsərlərinizin
mənəvi sərhədlərini,
mövzu və zaman hüdudlarını müəyyənləşdirmək çətindir. Çünki
bu mövzu xəritəsində ötən
əsrin 20-ci
illərində Qubadlı,
Laçın üzərindən
Qarabağa soxulmaq istəyən qaniçən
Androniki diz çökdürən Sultan bəydən,
Əmrahdan başlayaraq,
Böyük Vətən
müharibəsində azərbaycanlı
partizanların, döyüşçülərin
qəhrəmanlığınadək, Azərbaycanı gözəlləşdirən
əmək insanlarının
həyatından tutmuş
əsrin sonunda müstəqillik illərinin
olaylarına qədər
çox mürəkkəb
və əlvan insan mənzərələri
var.
Avtobioqrafik xarakterli "Zorən
jurnalist" romanındakı
"zorən" sözünün
şərti olduğunu
bilirəm; əslində,
Sizin jurnalistikaya və ordan da
təbii şəkildə
Ədəbiyyata gəlişiniz
qədər doğal və taleyin iradəsinə bağlı
bir iş yoxdur. Bu, şəxsiyyətinizə,
xarakterinizə və zəhmətkeşliyinizə yaraşan
bir yoldur. "Əli İldırımoğlu"
bizə ömrümüz
boyu yoldaşlıq eləmiş bir imzadır. "Kommunist" qəzetində
işlədiyiniz illəri
də yaxşı xatırlayıram; bir müddət bir binada qonşu idik. Xüsusi müxbirlik və
ya bölgə müxbiri olmaq bir çox istedadlı qələm əhlini rayonlararası yollarda əridib bitirdi. Amma Siz o illərdən sonrakı romanlarınız
üçün zəngin
material yığa-yığa, kitabdan-kitaba böyüdünüz.
Hörmətli Əli müəllim!
Sizin haqqınızda düşünəndə,
nədənsə, gözümün
önündə, böyük
Səməd Vurğun
demiş, "nəsrimizin
uzaqvuran artileriyası"
olan Xalq yazıçısı Süleyman
Rəhimlini, onunla eyni dövrdə yazıb yaratmış başqa bir ağsaqqalımız, Xalq
yazıçısı Əli
Qaraoğlunu (Vəliyev)
xatırlayıram. Aramızdakı böyük yaş
fərqinə baxmayaraq,
hər ikisi ilə xoş münasibətimiz var idi. Sizin romanlarınız da Süleyman Rəhimlinin epopeyaları kimi çox zəngin həyat materialı əsasında, xalq danışığının şəhdinə, şirəsinə bələnmiş
gözəl bir bədii dillə yazılıb. Siz də bu gün əlimizdə olmayan, itirdiyimiz bir dünyamızın etnoqrafik, coğrafi, milli-mənəvi, bədii
salnaməsini yaradırsınız.
Bu baxımdan Sizlər
ədəbiyyatımızda yan-yana dayanan üç Qubadlı zirvəsinə bənzəyirsiniz...
Tam əminəm ki,
XX yüzilin və bizim günlərin ruhu və milli-mənəvi
durumu bədii ədəbiyyatımızda, özəlliklə
nəsrimizdə tarix cildlərindən daha dəqiq əksini tapır. Bu baxımdan Sizin
əsərləri köhnə
"Qarabağnamə"lərin davamı
da saymaq olar.
Hörmətli Əli müəllim! Oçerklərinizdən,
felyeton və məqalələrinizdən,
sənədli nəsrinizdən tutmuş bədii
əsərlərinizə, romanlarınızadək Siz həmişə
xalqın taleyini, dərdini
yazmısınız, Xalq adamı,
xalqın yazıçısı olmusunuz.
Məncə, bundan böyük
xoşbəxtlik yoxdur...
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.12.