Əli İldırımoğlu haqqında deyilənlər

 

Mən neçə illərdir ki, Əli İldırımoğIunun yaradıcılığını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi  hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur.

 

Mirzə İbrahimov

Xalq yazıçısı

***

Əli İldırımoğlunun əsərləri içərisində "Mənim rəncbər atam"ın yeri ayrıcadır. Bu roman Əli İldırımoğlunun ömür, tale kitabıdır. Bu əsər Əli İldırımoğlunun "Heydərbabaya salam"ıdır. Bu əsəri dünyada Əli İldırımoğludan savayı heç kim yaza bilməz. Çünki hər sözü, hər cümləsi, hər yaşantısı ilə bu, onun özünün yaşamış olduğu həyatdır, hər qırpımı acısı və şirini ilə ona əziz olan ömürdür. Orta çağda böyük qələm adamları öz övladlarına ünvanladıqları öyüd, tərbiyə kitabları yazırdılar. Qabus ibn Vəşmgir "Qabusnamə"ni öz balasına tövsiyələr, hikmətlər toplusu kimi qələmə aldı. Nəsrəddin Tusi "Meyarül-əşar"ı öz oğluna şeiriyyət, ədəbiyyat dərsliyi kimi ərsəyə gətirdi, Vəhid Təbrizi "Cəmi-müxtəsər"i babasına əruz vəzninin sirlərini anlatmaqçün yazdı, Abbasqulu ağa Bakıxanov "Nəsihətnamə"sini öz uşağına əxlaq bələdçisi kimi qoşub-düzdü... Amma bu kitablar hamısı bütöv Millətin kitabları oldu. Əli İldırımoğlu da bu kitabı ən əvvəl öz balalarına, nəvə-nəticələrinə bir yaddaş dərsliyi olaraq, kökün, əslin, yurdunonun köksündəki hər nəsnənin qədrini bilməkçün ağıl, öyüd, ibrət aynası kimi yazıb. Amma daha bu kitab yalnız onun öz övladlarının deyil...

 

Rafael Hüseynov

Akademik

***

... Canlı xalq dilinin dərin qatlarından gələn, folklor-danışıq təhkiyəsi ilə yazan, nağıl-dastan intonasiyasına əsaslanan bu yaradıcılıq məktəbi müasir Azərbaycan ədəbi dilinin formalaşmasında doğrudan-doğruya tarixi rol oynamışdır...

Etnoqrafik-əxlaqi kanonlarla yanaşı, müasir ictimai həyatı, təbii (və süni) prosesləri bir publisist istedadı ilə dərindən bilən Əli İldırımoğlunun dil həssaslığı nə qədər ənənəvidirsə, o qədər müasirdir. Və nə qədər müasirdirsə, o qədər ənənəvidir.

 

Nizami Cəfərov

Akademik

 

525-ci qəzet.- 2019.- 16 noyabr.- S.11.