Əli İldırımoğlu
dünyası
Müasir Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, bədii nəsr tariximizdə öz
xüsusi yeri və rolu olan Əli İldırımoğlunun
yaradıcılığı XX əsrin siyasi-mənəvi, ədəbi-ideoloji
reallıqları fonunda özünəməxsus keyfiyyətləri
ilə fərqlənən ədəbi-bədii hadisədir.
Yaşadığı
zamanın siyasi, ictimai, mədəni, ideoloji gerçəkliklərinə
dərindən bələd olan yazıçı daim milli həqiqətlərin
ifadəsi üçün yeni bədii üsul və forma
axtarışlarında olmuş, milli özünüdərk
ideyalarını dövrün sərt siyasi-ideoloji çərçivələri
daxilində yaşadaraq inkişaf etdirməyə
çalışmış və bu ideyaların müxtəlif
ədəbi-bədii priyomlarından istifadə yolu ilə bədii
təcəssümünə nail olmuşdur. Şəxsiyyətinin
mənəvi qaynaqları etibarilə Azərbaycan insanının
tarixi-mədəni ehtiyatlarına dərindən bələd
olan Ə.İldırımoğlunun
yaradıcılığında millilik bütün hallarda
öz təbii stixiyasında, süni bəzək-düzəksiz,
milli insanın mənəvi potensiyasının əsas keyfiyyətlərini
inikas edərək təcəssüm olunmuşdur. O,
öz yaradıcılığı ilə bütün hallarda
milli-mənəvi dəyərlərə bağlı
olmuş, yaratdığı obrazlar, təcəssüm
etdirdiyi ideyalar öz qaynağını xalqın mənəviyyat
dünyasından almışdır. Milli-mənəvi
özünüdərk ideyaları sənətkarın, demək
olar ki, bütün bədii yaradıcılığında bu
və digər şəkildə təzahür edərək
onun əsərlərinin, ədəbi kimliyinin əsas göstəricisinə
çevrilmişdir. Dilə, dinə, adət-ənənələrə,
mənəvi-mədəni davranış düsturlarına,
mental dəyərlərə bağlılıq genlə və
qanla müəyyənləşən stixial hadisədir.
Bu cəhətdən milli-mənəvi ənənələrə
bağlılıq Ə.İldırımoğlunun şəxsiyyəti,
yaradıcılığı və mənəvi
dünyası üçün xarakterik hadisədir. Dövrün sərt siyasi reallıqları içərisində
el-obaya, vətənə, torpağa sevgini, milli-mənəvi dəyərləri
yaşadan obraz və qəhrəmanlar onun öz şəxsiyyətni
ifadə edir. Ən müxtəlif bədii
konsept və formullardan istifadə edərək monumental şəxsiyyətlər
yaradan Əli İldırımoğlu bu gün bizim ədəbiyyatımızda
həm də milli-mənəvi özünüdərk
leytmotivinin əsas yaradıcılarından sayılır.
İnsan və şəxsiyyət fenomeni zaman-zaman bəşəri
düşüncənin və tərəqqinin əsas
aparıcı güc mərkəzlərindən biri, sürətli
inkişafın lokomotivi hesab edilmişdir. Tarixi şəxsiyyətlər
yaradır, fikri də elmi-populyar ədəbiyyatda, nəzəri-estetik
görüşlərdə təsadüfən yer
almamışdır. Bu estetik və
kulturoloji xətt bədii ədəbiyyatın da əsas
mövzu mənbələrindəndir. Qəhrəmanyaratma
və şəxsiyyətformalaşdırma bədii ədəbiyyatın
çoxfunksional vəzifələrindən biri kimi daim
aktuallıq kəsb etmiş, impulsiv sosial atributlarla izlənmişdir.
Şəxsiyyət və cəmiyyət tandemi
ayrılmazdır. Buraya şəxsiyyətin
milli-mənəvi dəyərlərə
bağlılığını, öz simasında mental
özgürlükləri yaşatması, mənsub olduğu
xalqın üstün cəhətlərini gələcəyə
daşıması və başqa müsbət dəyərləri
də əlavə etsək, şəxsiyyət fenomeninin cəmiyyətin
inkişafı üçün nə dərəcədə
vacib və əhəmiyyətli olması üzə
çıxa bilər. Məhz Əli
İldırımoğlunun qəhrəmanları inkişaf
etmiş, mənən zəngin və həyati təcrübələrdə
öz ləyaqətlərini sübut etmiş şəxsiyyətlər,
özünü dərk edən insanlardır.
Milli özgürlüyün qorunması, xarakterik milli
cizgilərin hifz edilməsi insan ləyaqətinin və
qürurunun təməl prinsiplərindəndir. Bu misilsiz sərvət
xalqın elm, mədəniyyət, əxlaq məktəbidir.
Bu dərin keyfiyyətlər insanların, fərdlərin şəxsiyyət kimi
formalaşmasında da əsaslı rol oynayır.
İstedadlı nasir Əli İldırımoğlunun
yaradıcılığına insanın mənəvi zənginləşməsi
kontekstində yanaşdıqda, onun milli-mənəvi
özünüdərk baxımından azərbaycanlı insan
tipini bu ideya ilə təkmilləşdirmək cəhdi
xüsusi qeyd olunmalıdır. Onun məqsədyönlü
ədəbi fəaliyyətinin tam məntiqi bu idealdan
ayrılmazdır. Yazıçının
mövcud cəmiyyət ilə onun gələcək perspektivləri
arasında əlaqələri əks etdirən nəsr əsərləri
sistemli şəkildə bu ideyanı irəli sürür.
O, real həyat hadisələrini, obyektiv gerçəklikləri
bu aspektdən ustalıqla ədəbi düşüncəyə
çevirir. Bunun əsasında isə insan
durur. Onun tanıdığı, bələd olduğu,
ona doğma olan insan... Və bütün bu
insanlar yazıçının əsərlərində
milli-mənəvi özünüdərk üçün bələdçi
rolunu oynayır.
Əli
İldırımoğlunun yaratdığı qəhrəmanlar
vətənə, torpağa bağlı olan layiqli və
namuslu həmvətənlərimizdir. Bu qəhrəmanlar
xalqımızın min
illərdən üzübəri
formalaşmış yaddaşını, yaşam tərzini, əxlaqını,
mənəvi dəyərlərini ləyaqətlə
yaşadıb çağdaş dövrümüzə
çatdırıblar. Onlar kimdir? Namuslu əməyini
ən uca bayrağa çevirən, dəhnə bağlayan, zəmi
biçən, ot çalan, toxum səpən, bununla bərabər
müdrikliyi, ağayanalığı və alicənablığı
ilə nümunə olan İldırım kişi, mərd,
mübariz, sözübütöv, gözü-könlü tox
Nazim İlham, Höcət Cahangir, Sücəddin, Nəcəf,
Mürşüd kişi, Qaçaq Mürsəl, Əmrah,
"Kişi Tavat", Cəbrayıl, Qaçaq Qabil,
Mövlanverdi, İbadulla və b. Bu obrazlar - vətənin
layiqli övladları xalqı təmsil edir, öz şəxsiyyətində,
daxili saflığında və təmizliyində ötən
nəsillərin mərdliyini, mübarizliyini, mənəvi
ucalığını qoruyub saxlayır. Onlar müəyyən
bir rakursdan cəmiyyətin güzgüsünə
çevrilir və toplumda, birlikdə yazıçının
öz ümumiləşmiş obrazını
formalaşdırır. Bu qəhrəmanlar xalqın ən nəcib cəhətlərini
özündə yaşadan subyektivləşmış
xalqdır, Vətəndir. Subyektivləşmiş
fərdlər həm də ümumi toplumun xüsusiyyətlərini
yaşadan ictimai faktorlardır.
"Subyektivləşmə, insanlaşma ilk növbədə,
insan psixologiyasının, mənəviyyatının və
xarakterinin yaranmasını tələb edir. Məlumdur ki,
yaşamaq üçün mənəvi əsaslar, təhrikedici
xüsusiyyətlər mühüm əhəmiyyətə
malikdir. Çünki yaşamaq
üçün fərdə lazım olan fundamental subyektivləşmə
prinsipləri, yaşamağa əsaslandıran xüsusiyyətlər
məhz insan psixologiyası daxilində olan mənəviyyatda cəmləşir"
(Ş.Dədəyev,"Psixika", Bakı, 2017). Ə.İldırımoğlu cilalanmış,
saflaşmış bu mənəviyyatı ortaya qoyur, qəhrəmanlarını
vicdan qanunları ilə sınağa çəkir.
İndiki demokratikləşmə dövründə,
müstəqillik şəraitində milli özünüdərklə
digər ümumbəşəri dəyərlərin əlaqəsində
daha ciddi yeniliklər və irəliləyişlərin
olması bir faktdır. Həm ictimai həyatda, həm
formalaşmaqda və inkişafda olan yeni iqtisadi əlaqələr
fonunda, həm də ideoloji və
kulturoloji tərəqqi formatında ölkəmizdə milli
yaddaşa, tarixi keçmişimizə münasibət də yeni müstəvidə
qərarlaşır.
Bu
xüsusda Azərbaycan insanının subyektləşməsi,
özünü, öz şəxsiyyətini
araşdırması,
öz mənəviyyatını, əxlaqını,
ruhi yaddaşını, psixoloji yaşantılarını
dövrə adekvat kökləməsi zamanın tələbi
kimi ortaya çıxır. Çağdaş ədəbiyyatımızın
baş qəhrəmanları da məhz subyektləşmə
prinsiplərini fərdi və milli düşüncə
müstəvisində mənəvi məcrada fundamental şəkildə
birləşdirməyi bacaran insanlardır.
Əli İldırımoğlunun qəhrəmanları bu mübariz milli keyfiyyətlərlə
zəngindir. Yazıçı öz qəhrəmanlarının
təqdimatında ciddi, obyektiv realizmlə yanaşı,
müdrik söhbətlər, ağsaqqal məsləhətləri,
hadisə və olaylara didaktik yanaşma, maarifçilik
üsullarından da lazımınca bəhrələnir.
İctimai tərbiyə obyekti və məkanı
kimi məktəb onunçün mənəvi-əxlaqı cəhətdən
mükəmməl insanın formalaşdığı ən
müqəddəs yerdir. O, bu mövzuya, məktəb və
tədris probleminə
"Qarlı gecələr" adlı ayrıca roman həsr
etmişdir. Burada da əsas qayə insanın mənəvi-əxlaqi
yüksəlişini göstərmək, onun psixoloji yenilməzliyini,
mənəvi dəyanətini əks etdirməkdir. İnsan özünü tanıdıqda, dərk
etdikdə mənəvi-psixoloji cəhətdən də yenilməz
olur.
İnsanın həyat və yaşam uğrunda
mübarizəsi, onun bu yolda nümayiş etdirdiyi mərdlik,
dönməzlik, cəsarət, qorxmazlıq və bu kimi keyfiyyətlər
onun əsərlərində həmişə qəhrəmanın
mənəvi-psixoloji mükəmməlliyi kimi önə
çəkilib. Onun yaratdığı psixoloji cəhətdən
güclü, mənən zəngin insanlar (başqa sözlə,
azərbaycanlı tipi) mübarizliyi və qətiyyətilə
həyatda son anda qələbə qazanmış olurlar. Eləcə, fundamental milli, mənəvi-sosial dəyərləri
də öz şəxsiyyətində onlar yaşadırlar.
Onun qəhrəmanları, əsasən, namuslu, daxilən
zəngin, mərd və prinsipial insanlardır. Bu qəhrəmanlar
cəmiyyətdə sosial ədalət haqqında təkcə
düşünmür, hipotezlər, mülahizələr irəli
sürmür, moizələr oxumurlar. Bu
adamlar ədalətin bərpası uğrunda
döyüşür, mücadilə aparır və bu işdə
şəxsi nümunə göstərirlər. Həmin insanlar xalqın, ölkənin şərəfini,
şöhrətini qoruduğu kimi, milli mentalitetini, dilini, adət-ənənəsini
də özündə, öz varlığında yetərincə
hifz edirlər. İldırım kişi,
Nazim İlham, Höcət Cahangir, Əmrah Yüzbaşı,
Nəcəf və başqa obrazlar belə üstün dəyərlərin
daşıyıcılarıdı.
Yazıçının müsbət obrazları
heç də ideal xarakter daşımır. Onlar milli
varlıqlar kimi təzadlardan xali deyil. Amma
vətən, xalq yolunda qarşıda ciddi vəzifələrin
durduğu məqamında onların daxili aləmində gizlənmiş
zəngin mənəviyyat, üstün dəyərlər
üzə çıxır.
Yaxşı insan eləcə, humanist mənəvi
aləmə malik olan insandır. Əli
İldırımoğlunun yüksək şəxsi keyfiyyətləri,
sosial mövqeyi, cəmiyyətdə özünütəsdiq
potensialı milli-mənəvi özünüdərklə
ayrılmazdır və bu cəhətlər özünü
onun yaradıcılığında da göstərir. O, bütün bunları qələmə
aldığı müxtəlif janrlı əsərlərində
həyatın rəngarəng lövhələri vasitəsilə
əks etdirir. Gəray Fəzli onun kiçik həcmli
hekayələrində qoyduğu böyük mətləbləri
xüsusilə vurğulamaqda çox haqlıdır.
"...Onun əsərlərinin müasirliyi zaman çərçivəsindən
çıxaraq, məslək, əqidə, ideyalar mübarizəsi
fonunda daha geniş və daha qiymətli bir ənginliyi əhatə
edir. Yazıçının bir bədii
uğuru da bundadır ki, belə geniş əhatəli bir
konsepsiyanı kiçik həcmli hekayə və oçerklərində
də inkişaf etdirə bilir. Bu cəhətdən onun
"Padşah kimi vəzifə", "Saf adam", "Minnət"
və "Vicdanlı" hekayələri səciyyəvidir"
(Gəray Fəzli).
Əli İldırımoğlu öz
yaradıcılığında şəxsiyyətyaratma
prosesinə çox ciddi yanaşır, onun
formalaşmasında, xarakterinin açılmasında müstəsna
ədəbi bacarıq və istedad sərgiləyir, eyni
zamanda, öz şəxsiyyətinə xas cizgiləri
yaratdığı qəhrəmanların həyatına
uğurla transfer edə bilir. Ədibin "Zorən jurnalist" romanında
şəxsiyyətlərin xarakterik həyatından, cəmiyyətin
saflaşmasında və inkişafında onların
oynadığı əvəzsiz roldan geniş bəhs olunur.
Professor Əliheydər Həşimov romanın ictimai siqlətini yaxşı səciyyələndirir:
"Klassik üslub və təhkiyə, yazıçı
niyyətinin açıqlanması, bədii niyyətin
aşkarlanması naminə hadisələrin baş qəhrəmanın
obrazına müncər edilməsi qarşıya qoyulan məqsədin
həyata keçirilməsinə böyük kömək
göstərir. Baş qəhrəman rayon qəzetinin
redaktoru Nazim İlhamın dolğun obrazı hadisələrə
məhz onun baxışı işığında
yanaşılması klassik nəsrin imkanları
yönümündən məqbuldur və romanın uğurunu
şərtləndirən məziyyətlərdən, bədii
dəyərlərdəndir". Avtobioqrafik
əsər olan "Zorən jurnalist" romanının
baş qəhrəmanı Nazim İlhamda bütün mənəvi-əxlaqı
məziyyətləri ilə Əli
İldırımoğlunun özüdür, onun
protoobrazıdır.
Son illər
elmi-bədii ədəbiyyatda şəxsiyyət probleminə
geniş maraq hiss olunur. Bu, təsadüfi deyil və
bəzi mətləblərlə bağlıdır. Sovetlər İttifaqı dağıldıqdan sonra
onun ərazisində yaranan müstəqil dövlətlər,
o cümlədən, ölkəmiz açıq cəmiyyətə
keçid etdi. Belə bir vaxtda insanın həyat tərzi,
dünyagörüşü ciddi şəkildə yeniləşdi,
onun öz mahiyyət və imkanlarını
reallaşdırmaq, azad düşüncəsini, yaradıcı əməli fəaliyyətini
ortaya qoymaq üçün əlverişli şərait
yarandı. Digər tərəfdən, müasir şəxsiyyətin
formalaşmasına dünyanın elmi-mədəni mənzərəsinin
təkamülü, genişmiqyaslı qloballaşma prosesinin əhəmiyyəti
az rol oynamadı. Bu mənada
aşağıdakı sitata diqqət edək: "Şəxsiyyətin
davranışında və daxili aləmində təzahür
edən adətlər, normalar, dəyərlər mədəniyyətin
tərkibini təşkil edir. Fərdiyyətləşmə
bu və ya digər dərəcədə hər bir mədəniyyətdə
mövcuddur. Buna görə şəxsiyyətin
tarixi tipləri mədəniyyət sferasında mövcud cəmiyyətə
aid başlıca normaların və dəyərlərin
daşıyıcısı kimi nəzərdən
keçirilir" (Əfəndiyev M., Məcidqızı
S.,"Şəxsiyyət-mədəniyyət sistemi",
Bakı, 2008).
Şəxsiyyətin formalaşmasında,
inkişafında insanın mənəviyyatı və
özünüdərki müxtəlif formalarda üzə
çıxır. Onun tərkibinə elmi həqiqəti ifadə
edən nəzəri müddəalardan tutmuş əxlaqi
normalar, estetik dəyərlər, bədii zövq, ictimai rəy
və s. daxildir. Xalqın mənən zənginləşməsinə
tarixi inkişafın insanlar tərəfindən qəbul
olunmuş məqsədi kimi də qiymət vermək olar.
Belədə azadlıq, sosial bərabərlik, ədalət,
humanizm, demokratiya, ümumbəşəri xarakter
daşıyan digər ideallar ümumi mədəniyyət
sistemində daha dəqiq oturuşur və ümumən cəmiyyətin, ayrılıqda isə
şəxsiyyətin mənəvi zənginliyində
özünü büruzə verir.
Cəmiyyətin
tərəqqisi baxımından başlıca funksiyalar, eləcə
də yeni ideyalar,
biliklərin yaradıcı surətdə təzahürü
məhz şəxsiyyətlər tərəfindən irəli
sürülür. Cəmiyyətdə şəxsiyyətin
rolu o dərəcədə böyükdür ki, ən
avtoritar rejim belə, bunu hiss edir və onlarsız keçinə
bilmir. Məcburi olsa da belə, onları cəmiyyət
həyatının müxtəlif sahələrində işə
dəvət edir. Bütün bunlara görə
ədəbiyyatın şəxsiyyəti, hər cəhətdən,
parlaq şəkildə cəmiyyətin aparıcı
siması kimi təqdim etməsi, onu rupora çevirməsi son
dərəcə məqbul və zəruridir. Şəxsiyyət
anlayışının müqayisəli təhlili
üçün bu sözlər çox ibrətamizdir:
"Əsərdəki ("Daş yağan gün" - L.R.)
bu epizodu təkrar-təkrar oxudum. Düzü,
fikir məni götürdü. Əlimi
üzümə qoyub xəyallandım. Televiziya
ekranlarında tez-tez nümayiş etdirilən Xocalı hadisələrini
bir anlığa xatırladım. Ağbirçək
nənələrin, hamilə qadınların, körpə-körpə
oğlan və qızların, təzəcə ayaq tutub yeriyən
uşaqların vəhşicəsinə qətlə yetirildiyi
və bu azmış kimi, bu günahsız insanların
üz-gözünün eybəcər hala
salındığı kino lenti kimi gəlib dayandı
gözümün qarşısında. Bir də ki, Ermənistanın
keçmiş
prezidenti Robert Koçaryanın Avropa
Şurasının tribunasından gur bir səslə: -
Xocalı qırğınının təşkilatçısı,
iştirakçısı olmağımla fəxr edirəm, -
dediyi həyasız, namərd sözlər qulağımda
cingildədi. Nəcəfin şüursuz köpəklərinin
qadına, uşağa toxunmaması, yer üzünün əşrəfi
sayılan şüurlu insanın erməni əxlaqsızlığı,
erməni vəhşiliyi... Xəyal dünyamda
qarşı-qarşıya dayanan bu iki varlığın,
şüurlu və şüursuz canlının
yaratdığı acı təəssürat məni hələ
də tərk etmir" (Fariz Çobanoğlu).
Doğrudan
da maraqlı müqayisədir: qadına, uşağa toxunmayan
qanıq köpəklər və uşaqları qətlə
yetirməyilə fəxr edən prezident, insan... Əgər
ona insan demək mümkünsə... Ə.İldırımoğlunun
ədəbi qəhrəmanları belə təzadlı
müqayisələrdə daha bariz şəkildə
reallaşır.
Əli İldırımoğlunun ədəbiyyata gətirdiyi
obrazlar öz fərdi cizgiləriylə əslində,
bütövlükdə xalqın, millətin üstün dəyərlərini,
ən incə və dəqiq mənəvi-əxlaqi keyfiyyətlərini
ehtiva edir. Bu insanlar ədəbi obrazlar kimi müxtəlif
funksiyalar daşıyır və bütün parametrlərilə
azərbaycanlı insan tipinin xarakterik cizgilərini
yaşadırlar. Monumentallıq və bəşərilik
baxımından bu qəhrəmanları dünya ədəbiyyatının
korifey obrazları ilə müqayisə də etmək olar.
Bu mənada filologiya elmləri doktoru Qəzənfər
Kazımovun fikirləri maraq doğurur. O,
"Əmrahsız qalan dağlar" romanının baş qəhrəmanı
Əmrah yüzbaşı ilə tanınmış dünya ədəbiyyatı
qəhrəmanları arasında analoji müqayisələrində
maraqlı nəticələrə gəlir: "Əmrah
yüzbaşı bir obraz və qəhrəman kimi hərtərəfli
işlənmişdir. O, həyat hadisələrinin fonunda
canlı insan kimi yaddaşlarda dərin iz buraxır. Romanın baş qəhrəmanı Əmrah
yüzbaşının ictimai-siyasi fəaliyyətində,
şəxsi keyfiyyətində, həyat tərzində,
mübarizəsində bir sıra ədəbi qəhrəmanlarla
paralellər aparmaq, uyğun cəhətlər tapmaq olar.
Qaçaq Nəbi, Qaçaq Kərəm, yaxud gürcü yazıçısı
C.Amirecibinin Data Duteşxia, L.Tolstoyun Hacı Murad obrazları
ilə Əmrahı, heç şübhəsiz, müəyyən
bağlar birləşdirir. Bu qəhrəmanların
hər biri Şərə qarşı mübarizə
aparır və Xeyirin döyüşçüsüdür.
Lakin Əmrah bir ədəbi qəhrəman kimi,
həm də özəlliyə malikdir. Şübhəsiz,
onun fəaliyyəti, mübarizəsi qlobal mənada pisliyə,
zülmə, şərə qarşıdır. Özəllik isə bundadır ki, o, Vətənin
müdafiəsindədir, xalqını işğalçı
düşmənlərdən qoruyur".
Bəli, Əmrah yüzbaşının şəxsi həyatı
beləcə ictimai vəzifə, bəşəri missiya
içərisində əriyir, müəyyən həddən,
yaşam özəlliyindən adlayaraq vətənə, xalqa
xidmətə çevrilir, erməni qəsbkarlarıyla əbədi
mübarizə müstəvisində qərarlaşır.
Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar sırasında milli-mental dəyərləri ilə diqqəti xüsusi cəlb edən obraz İldırım kişidir ("Mənim rəncbər atam"). Təmizlik, saflıq, mənəvi-əxlaqi dəyərlər təcəssümü olan İldırım kişini dünya ədəbiyyatı nümunələrinin böyük bir silsiləsilə müqayisə etmək olar. İldırım kişi təmiz, halal adamdır. Heç kimə əyilmir, heç kimi də qarşısında əyilməyə vadar etmir. Sözü düz üzə deyir, heç kimdən çəkinəcək yeri yoxdur. Adi rəncbərliyilə, sadə dolanışığıyla hamıya kömək edir, hamıya əl tutur. Əlinin qabarı, alnının təriylə məğrur və yenilməzdir. Lakin İldırım kişini xarakterizə edən ən önəmli cəhət daxili kövrəkliyi, canyananlığı, ürəyiyumşaqlığıdır. Onun yuxa ürəyində, geniş qəlbində hamıya yer var. Bu cəhətlərilə İldırım kişi Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" əsərindəki Mömin babayla qovuşur. Burada həm Şərq mentaliteti, həm də təbii şəraitin, təmiz kənd psixologiyasının bu iki qəhrəmanı eyni məcrada qovuşduran keyfiyyətləri dominantlıq edir.
Bu iki insanı birləşdirən əsasən mənəvi tellərdir - xeyirxahlıq, ürəyiyumuşaqlıq, canyananlıq... Eləcə, bu məqamda da obrazların xarakter proyeksiyasında mexaniki, təhləlşüur fərqlər üzə çıxır. İldırım kişi öz hərəkətlərində, hiss və duyğularında tam azaddır, öz iradi hərəkətləri, iradi gücü ilə özünə cavabdehdir. Mömin baba isə bütün daxili təmizliyi, mənəvi dəyərləri, humanist hərəkətləri ilə bərabər, həm də bu çərçivədə öz xarakteri ilə yaşayan insan deyil, sanki kənardan idarə olunan kosmetik bir fiqurdur. O, kürəkəni Orazqulun iradəsi altındadır və nə qədər dəruni daxili aləmiylə yaşamaq arzusundadırsa Orazqul sərhədlərində qanadı yanmış bir mələkdir. Həyat onu məğmun bir yaltağa, qula, nökərə çevirir. Və müəllifin təbirincə: Mömin babanın ağzı nəydi ki, xeyirxah olmasın, yoxsa Orazqul onun əzib suyunu çıxarardı.
Qeyd etdik ki, İldırım kişi Mömin babadan fərqli olaraq daha azad adamdır. Düzdür, gecə-gündüz əziyyət çəkir: zəmi göyərdir, ot biçir, xırman döyür, dəryaz çalır və s. Lakin eləcə, bu halal zəhmətilə o, azaddır, müstəqildir. Hətta o həddədir ki, başqalarına da kömək edə bilir, məsləhət verir, ağsaqqallıq edir...
Nasirin ən dolğun, zəngin və koloritli obrazlarından biri "Aqibət" romanının qəhrəmanı Höcət Cahangirdir. Höcət Cahangir xarakter etibarilə mərd, dönməz, yenilməz, prinsiplərindən çəkilməyən adamdır. Bütün məhrumiyyətlərə rəğmən o, öz məqsədindən dönmür, olmazın çətinliklərdən keçir, son anda dözüm və iradəsi sayəsində qələbə çalır. Höcət Cahangir bütün hallarda, hər cür ekstremal şəraitdə alicənab insan olaraq qalır, özünün köməyə ehtiyacı olduğu vaxtlarda belə, başqalarına yardım əli uzatmağı heç vaxt unutmur. Bütün bu keyfiyyətlər onu dünya ədəbiyyatının mistik və korifey qəhrəmanlarından biri ilə, "Səfillər"in Jan Valjanı ilə yaxınlaşdırır. Höcət Cahangir də keçdiyi keşməkeşli həyat yolu, fantastik taleyi ilə, eləcə Jan Valjansayaq mistik insan kimi yaddaşlarda qalır. Onlar bütün parametrlərilə bir-birinə çox bənzəyirlər: həyat fəaliyyətləri, başlarına gələn macəralar, katorqa və Sibir sürgünü, insanlara xeyirxah münasibət (əvəzini gözləmədən), daxili azadlıq və bəşəri humanizm duyğuları... Bütün bunlar hər iki qəhrəmanı eyni mənəvi-əxlaqi koordinatlara gətirib çıxarır. Onların zahiri görkəmində də uyğunluq kifayət qədərdir - polad kimi möhkəm bədən, bükülməyən qollar, sarsılmaz iradə və coşqun ruh... Eləcə Əli İldırımoğlunun yaradıcılıq manerası, təsvir üsulları, düşüncə tərzi, obraz yaratmaq səriştəsi də Viktor Hüqonun yaradıcılıq üsulu ilə uyğunluq təşkil edir, bəzən də bu iki yaradıcılıq ədəbi-bədii pafosu, stilistikası, obrazlı düşüncə tərzilə üst-üstə düşür. Müəllim-tələbə münasibətlərində uyğunluqdan daha çox yaradıcı doğmalıq hiss olunur.
Yazıçı yaşadığı dövrün salnaməçisi, eyni zamanda barometridir. Onun söz və ifadələrində, sətirləri arasında həyatın nəbzi ilə yanaşı, öz nəbzi də döyünür, şəxsiyyəti boy göstərir. Belədə, yazıçı öz zəmanəsinin həm də tənqidçisi, yolgöstərəni, gələcəkdən soraq verən müdrik ağsaqqalı statusuna yüksəlir. Əli İldırımoğlu kimi həssas yazıçıda bu keyfiyyətlər xüsusi bir ranqdadır. Bu mənada yazıçının öz qəhrəmanlarının şəxsində öz şəxsiyyətini təqdimi tam məqbul və başa düşüləndir. Bu prinsiplərə o, həmişə sadiq qalıb: yaza-yaza özünü yaratmaq, obrazların simasında öz şəxsi cizgilərini əks etdirmək, öz şəxsiyyətini sevdiyi müsbət qəhrəmanlarına transfer etmək.
Əli İldırımoğlu öz əsərləri
ilə cəmiyyətdə mövcud problemlərin vaxtında
aşkara çıxarılmasına və aradan
qaldırılmasına, şübhəsiz, müəyyən
təkan verir. O, çoxşaxəli fəaliyyəti ilə
xalqın sivil cəmiyyətə qovuşması və bu
yöndən də azərbaycançılıq
ideologiyasının inkişafı üçün əsaslı
dayaqlar hazırlayır. Bu mənada, ədibin yaratdığı
monumental şəxsiyyətlər ölkəmizin mədəni
və sosial inkişafına göstərdiyi təsir
baxımından da ədəbiyyatımızda özünəməxsus
yer tutur.
Loğman
RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2019.-16 noyabr.- S.10;11.