Şeyx Səfiəddin haqqında dəyərli
tədqiqat əsəri
Azərbaycan Respublikası Silahlı
Qüvvələri Hərbi
Akademiyasının professoru,
tarix üzrə elmlər doktoru Mehman Süleymanovun bu günlərdə Azərbaycan xalqının,
eləcə də islam mədəniyyətinin
parlaq tarixi şəxsiyyətlərindən biri olan, Səfəvi
təriqətinin mürşidi,
Səfəvi dövlətinin
banisi Şah İsmayıl Xətainin ulu babası, böyük kəramət
sahibi Şeyx Səfiəddinin həyat yoluna həsr olunmuş "Səfəvilər.
Şeyx Səfiəddin Ərdəbili"
adlı iri həcmli monoqrafiyası çapdan çıxmışdır.
Bu monoqrafiya müəllifin
uzun illərdən bəri apardığı
araşdırmaların nəticəsidir. Müəllifin
qeyd etdiyi kimi, Şeyx Səfiəddinin həyat yolu, yaradıcılığı
və irsi bir araşdırmaya sığmayacaq qədər
geniş olsa da, onun haqqında
ayrıca bir monoqrafiyanın çapı
Azərbaycan tarixşünaslığında,
bütünlükdə isə
dünya səfəvişünaslığında
ilk cəhddir. Bu əsərlə
tanışlıq elmi
şəkildə bir daha onu göstərir
ki, Azərbaycan xalqının və ictimai mühitinin yetişdirdiyi bu nadir şəxsiyyət
zəmanəsinin ictimai-mənəvi
həyatında çox
ciddi dəyişikliklərə
yol aça bilmiş, minlərlə,
on minlərlə, bəlkə
də milyonlarla insanı öz şəxsiyyəti və
əqidəsi ətrafında
birləşdirmiş, onların
baxışlarında və
dünyagörüşündə bir oyanış yarada bilmişdi. Bundan əlavə XIII-XIV əsrlərin kəsişməsində
uzun bir ömür sürmüş
bu dahi və
müdrik şəxsiyyət
öz elmi, biliyi, istedadı və qabiliyyəti ilə dövrünün ən kütləvi dini təriqəti olan Səfəvi təriqətini yaratmaqla Azərbaycan tarixində yeni bir mərhələ
olan Səfəvi dövlətinə aparan yolun başlanğıcını
qoyub.
Yenicə çapdan çıxmış
bu tədqiqat əsərindən göründüyü
kimi, dövrünün
böyük mütəfəkkirləri
də Şeyx Səfiəddinin fenomenal istedadına və biliyinə heyranlığını
gizlətməmişdi. Məsələn, mürşid axtarışında
olan gənc Səfiəddin Şərqin
böyük mütəfəkkiri
Sədi Şirazi ilə görüşərkən
bu mütəfəkkir
Səfiəddinin axtarışında
olduğu biliklərə
cavab vermək gücündə olmadığını
etiraf etmişdi.
Ayrılarkən Sədi Şirazının
öz əli ilə tərtib etdiyi divanını isə Səfiəddin qəbul etməmişdi.
Səfiəddin ona bildirmişdi
ki, sənin divanınla Tanrıya yetişmək olmaz. Sədi Şirazi bu cavabı yazdıqlarının
Səfiəddinin zəkasına
yetişəcək səviyyədə
olmaması kimi qəbul etmişdi. Dövrünün başqa bir
mütəfəkkiri olan
Zahidiyyə təriqətinin
mürşidi Şeyx
Zahid Gilani də Şeyx Səfiəddinin zəkasını
yüksək qiymətləndirmiş
və onu özünün varisi elan etmişdi.
M.Süleymanovun əsərində Şeyx
Səfiəddinin bir etiqad və kəramət sahibi kimi, dini elmləri
bilən zəkalı
insan kimi, Azərbaycanın və eləcə də bölgənin ictima-mənəvi
həyatında iz buraxmış mürşid
kimi, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında
böyük rolu olan mütəfəkikir kimi elmi-tarixi portretinin yaradılmasına
cəhd göstərilmişdir. Qeyd etmək
lazımdır ki, səfəvişünaslıqda, Azərbaycanın təriqət
tarixində mövcud olan boşluğun aradan qaldırılması
istiqamətində bu əsər diqqəti cəlb edə biləcək bir araşdırmadır.
Əlavə etmək istərdik
ki, M.Süleymanov Azərbaycanın dövlətçilik
tarixində xüsusi yeri olan Səfəvilər
sülaləsinin dəyərli
təmsilçisi Şah
Təhmasib haqqında
iki cildlik monoqrafiyası üzərində
işini də başa çatdırmaq üzrədir və növbəti il
Azərbaycan səfəvişünaslığı
üçün elmi əhəmiyyət kəsb
edəcək həmin
əsər də çap olunacaq.
Gülsurə HÜSEYNOVA
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.23.