İyirmi ilin iki saatı  

 

 hekayə

 

 

 

 

Telefonun zənginə yuxudan ayıldım. Bu vaxt mənə kim zəng edə bilər ki... Torşeri yandırıb istər-istəməz saata baxdım. Səhər saat beşin yarısı idi. Nömrəyə baxdım. Başqa ölkədən gələn zəng idi. Amma Bakı nömrəsi  deyildi.

 

Diplomatiyanın belə bir yazılmamış etik normaları var. Səhər saat 10-dan tez, gecə isə 10-dan sonra heç kim heç kimə zəng etməməlidir. Zəng etmək etikadan kənar sayılır (İndi o baxır məsələnin nə yerdə olmasına, vacibliyinə və bir də zəng edənin kimliyinə, nəçiliyinə). Amma bu etik normalar bizə, biz diplomatlara, xüsusilə də mənim rəhbərlik etdiyim səfirliyə aid deyil. Yoox... Elə gecə də, səhər də, sübh də hamımız bir-birimizin xidmətində olmalıyıq. Bakı ilə saat fərqi olduğuna görə, biz hamımız ayıq olmalıyıq. Amma zəng Bakıdan deyildi axı. Bəlkə... səhv düşüblər... Telefonun zəngi isə ara vermirdi. Bu, kim ola bilər? Nə? Yooox... Ağlım kəsmir ki, o olsun. İlk ağla gələn o oldu. Bəlkə odur? Əgər odursa, bəs niyə belə bivaxt zəng etsin ki? Yox, ola bilməz. Axı bir ay, ay yarım bundan əvvəl, biz bir yerdə idik. Yeni ili biryerdə qarşılamışdıq. Yeni ildən ta köhnə yeni ilə qədər də biz biryerdə olmuşduq. Sonra isə, mən yenidən işlədiyim ölkəyə qayıtdım. Ondan başqa, qayıdandan sonra, ən azı on dəfə, on beş dəfə skaypla, telefonla danışmışıq. Düzdür, indi müəyyən səbəblərə görə, iki həftədən artıqdır ki, danışa bilmirdik. Amma... Bəlkə nəsə olub? Narahat olmağa başladım. Telefonu götürdüm.

- Bəli.

Aman Allah, zəng edən o idi. Bu, dünyada ən doğma, ən cazibədar, ən mehriban, ən yaxın bir səs. Pıçıltı ilə yavaş bir səslə:

- Danışa bilirsən? Üzr istəyirəm ki, səni yuxudan oyatdım.

Narahatlıqla:

- Nə olub? Nə hadisə baş verib? Bir şey olmayıb ki?..

- Yox, yox, sadəcə olaraq...

Sözünü bitirməyə qoymadım:

- Düzünü de, bir şey olmayıb ki? Ürəyimi partlatma.

O, məni sakitləşdirərək, gülə-gülə:

- Yox, yox, heç nə olmayıb. Əlbəttə, heç nə olmayıb. Sadəcə olaraq... Heç bilmirəm necə deyim. Bilirsən?.. Mən burdayam. Bakıya getmişdim. Bir həftə Bakıda qaldım. Özüm qəsdən bileti geriyə, Bakıdan Türkiyəyə belə aldım ki, əvvəl sən olduğun ölkəyə gəlim, sonra uçum Türkiyəyə. İndi aeroportdan danışıram.

- Heç nə başa düşə bilmirəm. Nə olmuşdu ki, sən mənə demədən, xəbərdarlıqsız-filansız Bakıya gedirsən, sonra da məni fakt qarşısında qoyursan. Axı, nə qaçaqaç idi?

- Yox, qaçaqaç filan deyildi. İşim var idi. Ona görə də getmişdim. Amma bilmirəm, düz edirəm, ya yox? Təyyarə iki saatdan sonra uçur. Bəlkə... Yox, əlbəttə, əgər istəyirsənsə...

Elə bil dünyanı mənə verdilər.

- Ay dəli, necə yəni istəyirsən, istəmərəm? Heç nə danışdığını özün başa düşürsən? Əlbəttə, istəyirəm. Özü də çox istəyirəm. Gözlə, bu saat gəlirəm (İyirmi ilə yaxın bir müddət idi ki, biz görüşürdük. Amma o, heç bir vaxt mənə qarşı ərkli olmamışdı. Sözünü mənə ərklə demirdi).

O, sevinclə:

- Oy, nə yaxşı, tez gəl. Mən beşinci girişdəyəm. Gözləyirəm səni. Yubanma.

O, sevinəndə də uşaq kimi sevinərdi. Kədərlənəndə də uşaq kimi olardı. Onsuz da, həmişə nəmli olan o ilahi gözləri hər hansı bir ani sevincdən və ya ani bir kədərdən dərhal dolardı.

- Qulaq as, məni elə orada da gözlə. Heç yerə tərpənmə. Uça-uça gəlirəm.

15 dəqiqədən sonra mən artıq aeroport yolunda idim. Narın-narın qar yağırdı. Havada 15-18 dərəcə şaxta var idi. Gözlərim yol çəkirdi. Axı, o, Bakıya niyə getməli idi? Nə işi var idi Bakıda? Axı, onun Bakıda heç evi də yoxdu (Ötən yazıda bu barədə yazmışdım). O, evini tələm-tələsik satıb Türkiyəyə köçmüşdü. Orada yaşayırdı. Bütün bu ötən illər ərzində biz elə bir-birimizdən qaçmışıq, bir-birimizsiz də qala bilməmişik. Elə bütün bəlalardan ondadır ki, bir yerdə olanda da... mübahisələr... bitib-tükənməyən mübahisələr... sonu görünməyən mübahisələr. Bir-birimizdən ayrı olanda da, dəliyə dönmək, xiffət çəkmək. Nə isə bir-birimizə sübut etmək, sonra küsüşmək, daha sonra barışmaq, bir-birimizdən ayrı qala bilməmək etirafı və həmişə bir-birimizə həsrət. Bir-birimizdən qaçmaq. Bir-birimiz üçün darıxmaq, bir-birimizin yanında qalmaq istəyi.

Bəzən mənə elə gəlir ki, biz elə bir-birimizdən ötrü bu dünyaya gəlmişik. Bir-birimizlə mübahisə etmək üçün bu dünyaya gəlmişik. Bir-birimizin həsrətini çəkmək üçün bu dünyaya gəlmişik.

Mən haradasa oxumuşam ki, şir bürcündə doğulanlarla əqrəb bürcündə doğulanlar çox yaxşı cütlükdür. Bunlar çox xoşbəxt yaşayırlar. Mən şir bürcündənəm. O isə əqrəb bürcündən. Bəs, bizdə niyə bu xoşbəxtlik baş tutmur, alınmır? Bilmirəm. Bəs o, bu bir həftəni Bakıda harada qalıb? Kimin yanında qalıb? Axı, onun Bakıda heç kimi yoxdu. Aman Allah, yenə də şübhələr, şübhələr, şübhələr. Qısqanclıq, qısqanclıq, qısqanclıq. Bir-birimizin içini yeyib-dağıdan mənasız şübhələr.

***

O, uşaq kimi sevinirdi.

- Ay, dəli harada qalacaqdım ki? Əlbəttə, oteldə. Hmm... Valideynlərimin ili idi. Məzarlarını ziyarət etməyə getmişdim. Yəni getməyə ixtiyarım yox idi? Yaxşı, gələn dəfə gedəndə daha sənə deyərəm.

Aeroportun kafesində oturmuşuq. Qurtum-qurtum isti konyak içir və söhbət edirdik. Amma buna heç söhbət də demək olmazdı. Çünki həmişəki kimi, söhbətimiz yenə də hərlənib-fırlanıb mübahisəyə çevrilirdi.

- Axı, mən biləni, sənin rəhmətliklərinin biri apreldə, digəri isə noyabrda dünyalarını dəyişib. Bəs, fevralda hansı qohumun dünyasını dəyişib ki? Bəlkə deyəsən?

O, kədərlə gözlərini qaldırıb mənə baxdı.

İlahi, pərvərdigarə, bu nə gözəllikdir bu qadında. Mən onun dəlisi idim. Vurğunu idim. O, mənim üçün hər şey idi. O, mənim bütöv bir dünyam idi.

Sonra o, yavaş səslə:

- Noyabr, aprel aylarında mənim vaxtım olmur. Dərs yüküm çoxdur (O, Türkiyənin əyalət şəhərlərinin birində konservatoriyada dərs deyirdi). Amma fevral ayında bir qədər yüngüllük olur. Niyə, özün bilirsən ki, hər dəfə yanıma Türkiyəyə gələndə görürdün də. Həmişə də, çalışırdım ki, heç olmazsa fevral ayı bir az dərs yükündən yüngülləşim. Sən isə... Eh. Həm də ildə iki dəfə gedə bilmirəm. Mənə çətindir. Axı, nə var ki burada?

Sonra gülə-gülə:

- Ay dəli, olmaya məni qısqanırsan? 40 yaşından sonra qadını qısqanmazlar. Bəs, mən necə? Səni qısqana bilmərəm? Axı özün də bilirsən. Dəfələrlə sənə demişəm. Mənim həyatımda yalnız iki kişi olub. Biri birinci ərim. Hansı ki, bircə gün, heç bir saat da olsun mənə sahib çıxa bilməyib. Məni uşaq kimi sevib. Onun elə-belə uşaq kimi sevməyi də, mənə uşaq kimi bağlanmağı da, məni özündən uzaqlaşdırdı. Mən onu uşaq kimi görmək istəmirdim. Mən onu bir kişi görmək istəyirdim. Mən onu sevmirdim, heç vaxtı da sevməmişəm. Demişəm axı sənə. Sadəcə olaraq valideynlərimiz ailəvi yaxın dost idilər. Ona görə də, məni istəyən kimi razılıq verdim. Həm də, o zaman mən heç nə başa düşmürdüm. Cəmisi 21 yaşım var idi. O, bədbəxtin də 24. Fikirləşdim ki, sonra birtəhər dil tapa bilərik. O, uşaq kimi təmiz idi. Mən hər şeyi onun uşaqlığına, saflığına qurban verə bilərdim. Amma... İkincisi də, sən. Və iyirmi ilə yaxındır ki, səninləyəm. Və  nəinki bir gün, heç bir saat da olsun sənə sahib çıxa bilməmişəm. Çünki səni heç kimlə bölüşmək istəməmişəm. İstəmişəm ki, ancaq mənimki olasan. Mənim yanımdan bir addım da olsun kənara atmayasan.

- Axı, mən səninki idim. Sənin ovcunun içində idim. Baxmayaraq ki, ayrıyıq. Elə indi də səninkiyəm. Səninlə nəfəs alıram. Mən, səndən başqa kiminkiyəm ki, ay axmaq?

- İndi də, mən səni uşaq kimi sevirəm. Sən isə, mən dəli kimi. Amma heç vaxtı da bunu dilinə gətirməmisən ki, ölürsən məndən ötrü.

- Yaxşı, bəsdir, bəsdir. Bilirsən ki, mən sənin dəlinəm. Ölürəm səndən ötrü. İndi isə düzünü de, Bakıya niyə getmişdin?

- Eh... Yəni doğrudan da, bilmirsən niyə getmişdim?

- Hmm... Əlbəttə yox. De, yaxşı üzmə ürəyimi, de görüm.

O, yavaş  qəmgin bir səslə:

- Mən hər il... bəzən də səndən xəbərsiz, hər il fevral ayının 17-dən 24-ə kimi Bakıda oluram. Çünki 20 il bundan əvvəlin bu bir həftəsi mənim həyatımın ən xoşbəxt, ən gözəl həftəsi olub. Aman Allah, o bütöv həftə mən xoşbəxtliyin ən son həddində olmuşam. Xoşbəxtliyin, səadətin nə olduğunu bilmişəm. Kədərin nə olduğunu qanmışam. Səadətin nə olduğunu başa düşmüşəm. Sevincin nə olduğunu hiss etmişəm. Sevginin, məhəbbətin nə olduğunu bilmişəm. Qısqanclığın nə olduğunu, nə cür dəhşətli bir şey olduğunu başa düşmüşəm. Qorxunun nə olduğunu dərk etmişəm. Tapdığını itirməyinin əzabını hiss etmişəm. Bir sözlə, həyatı dərk etməyə başlamışam. Yenə başa düşmədin?

(Başa düşməyə, başa düşmüşdüm. Və bilirdim. Xatırlayırdım. O günlərin hər dəqiqəsini, hər saniyəsini xatırlayırdım. Amma istəyirdim ki, o, bu günləri özü danışsın, bir də danışsın. O da çox gözəl bilirdi ki, mən hər bir şeyin ən son dəqiqəsinə qədər xatırlayıram. Amma istəyirdim ki, o özü yenidən hər şeyi danışsın).

- Yox... başa düşmədim.

- Fevral ayının 17-də biz tanış olduq. Yooox... Sənə aşiq olmağına, çoxdan aşiq idim. Səni görməyə-görməyə, tanımaya-tanımaya vurulmuşdum sənə. Axı, biz oktyabr ayından telefonla danışırdıq. Düz dörd ay hər axşam saatlarla telefonla danışardıq. Sənin dünyagörüşün, oxuduğun kitablar, gəzdiyin xarici ölkələr haqqında danışığın məni valeh etmişdi. Biz saatlarla telefonla danışardıq. Səni görməyə-görməyə vurulmuşdum sənə. Ay aman, mən dəli idim sənsiz. Hər axşam saat yeddini gözləyirdim ki, sən mənə zəng edəsən. Günortadan sonra, axşama qədər telefonu qucaqlayıb oturardım. Bilirdim ki, yeddidə zəng edəcəksən. Bəzən də, özüm-özümü aldadırdım, bəlkə bir az tez zəng edəcəksən. Bəlkə, işdən tez gəldin. Hətta, bir dəfə səndən soruşdum ki, bəs sənin həyat yoldaşın səni qısqanmır? Səndən soruşmur ki, kiminlə telefonla bu qədər saatlarla danışırsan? Sən də dedin ki, mənim otağım ayrıdır. Və heç kimin ixtiyarı yoxdur ki, mən telefonla danışanda mənim otağıma gəlib bu sualı mənə versin. O zaman sən mənim gözlərimdə bir az da yüksəldin. Həə... Sən də soruşdun ki, bəs eyni sualı sənin yoldaşın sənə vermir? Mən də dedim ki, mən artıq yığışıb atamgilə gəlmişəm. Ondan ayrılmaq ərəfəsindəyəm. O zaman anam yenicə dünyasını dəyişmişdi. Sonra isə, təşəbbüs mən tərəfdən oldu. Soruşdum ki, bəs sən məni görmək istəmirsən? Gəl, görüşək. Mən bilirdim. Bilirdim ki, məni görən kimi mənə dəli kimi vuralacaqsan. Çünki öz gözəlliyimə arxayın idim. Nahaq yerə gözəllik müsabiqəsində əvvəl Azərbaycan, sonra MDB gözəli seçilmədim ki... Bu müsabiqə olan ili mənim 24 yaşım var idi. Rəqiblərim məndən cavan idilər. Amma mən qalib çıxdım. Elə belə də oldu. Dəli kimi bir-birimizə vurulduq. Vuruldum yoxe... Lap belə məftun oldum. Uşaq kimi bağlandım. Lap elə ilk andan. Axı, bunu sənə dəfələrlə demişəm.

 

- Yenə də danış. Hə...

- Bu, həmən o gündür. Tanış olduğumuz gündür. Sadəcə olaraq, Bakıya gedəcəyim tarixi sənə demirdim. İstəyirdim ki, sən özün bütün bunları xatırlayasan... Həə... Elə sən özün də mənə dəli kimi məftun oldun, aşiq olun, məcnun oldun. Baxmayaraq ki, evli idin. İki uşaq atası idin. Lap belə gizlətməyə çalışsan da, bilirdim ki, ölürsən məndən ötrü. O zaman mən də ərdə idim. Bəlkə də... Hər şey ayrı cür də ola bilərdi. Səni görəndən sonra isə hər şey dəyişdi. Fevral ayının 24-də sən mənə evlənmək təklifi etdin. Mən onsuz da ondan ayrılacaqdım. Sən oldun və ya olmadın. Bizim onunla bir yerdə yaşamağımız mümkün deyildi. Özüm-özümü aldatmaq istəmirdim. Sənə isə inanmırdım.

- Axı, niyə? Məgər mən səni aldadırdım? Biz heç zaman bir-birimizə inanmamışıq. Elə bütün bəlalar da bunda olub.

- Yoox. Sən məni aldatmağına aldatmırdın. Sənin mənə dəli kimi olan məhəbbətinə də həmişə inanmışam da, inanıram da. Amma sənin mənimlə evlənəcəyinə inanmırdım. Heç vaxtı da inanmamışam. Çünki sən həmişə məsuliyyətdən qaçmısan. İlk dəfə görüşdüyümüz o kafe yadındadır? Hə. Baaax, hər il o kafeyə gedirəm, orada otururam, bir fincan qəhvə içirəm, sənin siluetinlə söhbət edirəm, sonra isə çıxıb gedirəm. Biz bir həftə hər gün o kafedə görüşmüşdük. Bir həftədən sonra da, sən mənə evlənmək təklif edəndə, yenə həmin kafedə idik və o da yadıma gəlir ki, yağış yağırdı. Hə, indi o kafe yoxdur. Yerində isə uca bir bina tikiblər. Amma fərq etməz. Küçələr elə həmin küçələrdir də. Nə isə. Dediyim odur ki, sən çox məsuliyyətli adamsan.

- Sən heç vaxt mənə inanmamısan. Sən məni içdiyim suya belə qısqanmısan.

- Bu da səbəbsiz deyildi. Amma yaxşı oldu ki, evlənmədik. Evlənsəydik də, xoşbəxt ola bilməzdik. Çünki mənim arxamda göz qalmışdı.

- Nə göz, nə nəzər? Sən nə zamandan belə mövhumatçı olmusan?

(O, mövhumatçı deyildi. Amma qatı inanclı idi. Anası rus olub. Anasının vaxtsız vəfatından sonra o da, xristianlığı qəbul etmişdi. O, mənə sən məsuliyyətli adamsan deyəndə, üzümə vurmasa da, elə bunu nəzərdə tuturdu. O bilirdi ki, mənim üçün əsas olan milli məsələdir. Mən hamıya olan məhəbbətimi-sevgimi cilovlaya bilərəm. Amma milli məsələdə mənim cilovum yoxdur).

- Yox, bu, mövhumat deyil. Sadəcə olaraq, o bədbəxt məndən gözünü çəkməmişdi. Özünü də bədbəxt elədi.

- Nə olub ki?

- Heç. Mən bir neçə il bundan əvvəl Bakıda olanda köhnə bir rəfiqəmdən eşitdim ki, ayrılandan bir müddət sonra, o möhkəm içkiyə qurşandı. Bir müddət belə ötdü. O küçə sənin, bu küçə mənim, harda gəldi içib, yıxılıb yatardı. Dəfələrlə müalicə olundu. Xeyri olmadı. Restoranların birində skripka çalırdı, ordan da qovdular. İndi əsəb dispanserində müalicə olunur. Valideynləri nə qədər onu evləndirməyə çalışsalar da,  evlənmədi. Elə buna görə də deyirəm ki, gözü mənim arxamda qalıb. Əgər biz də evlənsəydik, xoşbəxt ola bilməyəcəkdik.

Elə bu zaman diktor qızın səsi eşidildi. "Diqqət, diqqət, Türkiyəyə uçan təyyarəyə minik başlanır".

O, həmişəki kimi mənim sol üzümdən öpdü. Yaxşı sağ ol, xudahafiz.

Əlindən tutdum. "Bəlkə getməyəsən, - dedim. - Qalasan bəlkə.

O, gülə-gülə:

- Onsuz da Novruzda yanına gələcəyəm.

- Amma sən nahaq onun barəsində mənə dedin. Deməli, belə çıxır ki, mən günahkaram.

- Heç kim günahkar deyil. Günahkar zamandır.

Təyyarə havaya qalxandan sonra, mən aeroportdan çıxdım.

Geri qayıdıram. Gözlərimin qabağından köhnə bir epizod kinolenti kimi gəldi keçir.

***

O günlər əsəblərim tab gətirmirdi. Dözə bilmirdim. Baş götürüb getmək istəyirdim. Bu əzablı, məşəqqətli günlərdən qaçıb getmək istəyirdim. Amma hara? Özüm-özümdən qaça bilməyəcəkdim ki. Çünki bu çətin, ağrılı, mənə əzab verən məsələlərdə mən özüm də müəyyən qədər rol oynayırdım. Müəyyən qədər? Yox, yox. Bu əzablı məşəqqətli hadisələrdə elə əsas qəhrəman mən özüm idim. Amma bu fikri özümə yaxın qoymaq istəmirdim. Özümü baş qəhrəman saymaq istəmirdim. Belə fikirləri özümə yaxın qoymaq istəmirdim. Çünki mən mənfi qəhrəman deyildim. Hadisələr belə gətirmişdi ki, mən özüm də istəmədən, özümdən asılı olmayaraq mənfi qəhrəmana çevrilmişdim. Üç gün idi ki, o, yəni onun ayrılmaq ərəfəsində olan əri fasiləsiz olaraq ara vermədən mənə zəng edirdi. Artıq iki dəfə məhkəmələri olmuşdu. Əri isə heç bir vəchlə ondan ayrılmaq istəmirdi. Qətiyyən istəmirdi. Qızın qarşısında diz çökürdü, xahiş edirdi, yalvarırdı. Göz yaşı tökürdü. Qız isə israrla ondan ayrılmaq istədiyini deyirdi. Onu qətiyyən sevmədiyini deyirdi. 3-4 günə kimi sonuncu məhkəmləri olacaqdı. Yəni axırıncı məhkəmələri. Bu dəfə birdəfəlik ayrılacaqdılar. Əri isə qətiyyən bunu istəmirdi. Hətta, oğlanın valideynləri belə, onun qızın yanında belə alçalmağına, ucuz tutmağına görə ondan üz çevirmişdilər. O isə dediyini deyirdi. Ayrılmaq istəmədiyini təkidlə deyir, yalvarırdı. O, həyat yoldaşının dəlisi idi. Ona dəli kimi vurğun idi. Onun məftunu idi. Onsuz yaşaya bilməyəcəyini deyirdi. Dəli olacağını, özünü öldürəcəyini deyirdi.

Hm. Ay bədbəxt. Axı, sən hələ nə gün görmüsən ki. Cəmi 27 yaşın var. Eh... Telefonum ara vermədən zəng edirdi. Götürmürdüm. Özüm qəsdən götürmürdüm. Axı, götürüb nə danışacaqdım ki. Gözlərimi telefona dikib sanki özüm-özümlə danışırdım. Hətta, mənə bir anlığa elə gəldi ki, mən bu telefondan utanıram da. Axı, nəyə görə, axı mən neyləmişəm. "Hələ bir soruşursan da neyləmisən?" Gözəgörünməz müsahibim sanki məni çarmıxa çəkirdi. "Bəs günahkar deyilsən?" Əşi, əlbəttə yox. Telefonuma baxıb az qala qışqırmaq istəyirdim. Axı, mənim günahım nədir? "Bəsdir zəng çaldın. Bəsdir". Onun ərinin miskin, yazıq görkəmi bir anlıq gözümün qarşısına gəldi. "Ay dəli, niyə başa düşmürsən? Yəni sən doğurdan da bu qədər düşüncəsizsən?" Yoox. O, pis oğlana oxşamırdı. İndi neyləsin ki, bu üç illik ailə həyatında qızı özünə sevdirə bilməyib. Həyat yoldaşının məhəbbətini qazana bizməyib. Amma o, pis oğlan deyildi axı. Alitəhsilli, mədəni, tərbiyəli, Leninqrad Konservatoriyasını bitirmişdi. İndi neyləsin ki, dəli-divanə olub arvadından ötrü. Hər şeyi ona bağışlayacağını deyirdi. Hətta... O bədbəxti başa düşürdüm. Elə başa düşürdüüüm... Daha doğrusu, başa düşməli idim. Qızı da başa düşürdüm. Daha doğrusu, başa düşməli idim. Bircə özümü başa düşmək istəmirdim. Və heç vaxtda başa düşməyəcəyəm də. Yox, əgər özümü başa düşsəm, onda gərək heç kimi başa düşməyim, elə ancaq özümü düşünüm.

Kabinetimdə oturub, siqareti-siqaretə calayırdım. Bu ara telefonum bir az ara verdi. Elə bu vaxt onun zəngini gördüm. Daha doğrusu ekranda "Moye sçastiye" sözlərini gördüm. Elə bir dünyanı mənə verdilər. Dərhal götürdüm. O idi. "Moye sçastiye". Pıçıltı ilə:

- Qulaq as, çox xahiş edirəm yalvarıram. (O, deyəsən ağlayırdı). Əgər o sənə zəng etsə, telefonu açma, çox xahiş edirəm.

- Nə olub? Niyə ki? Mən başa düşmürəm. Sən niyə ağlayırsan?

- Axı niyə başa düşmürsən? Birdən görüşərsiz, nəsə xoşagəlməz bir söz deyib eləyər. Sən də dözməsən, əl qaldırarsan. Yaxşı deyil. Vallah, başımı itirmişəm. 3-4 gündür ki, ara vermədən elə zəng edir.

- Mən də sənə zəng edirdim. Bəs sən niyə telefonu söndürmüsən?

- Onun əlindən. Ona da yazığım gəlir. Lap başımı itirmişəm.

- Bəs, mən başımı itirməmişəm? Başa düş, mən sənsiz qala bilmirəm. Ürəyim partlayır. Siz tərəflərə də gələ bilmirəm. Çünki bilirəm ki, atan yanındadır. Onunla da üz-üzə gəlmək istəmirəm.

- Yox, yox nə danışırsan. Bu tərəflərə gəlib eləmə. Mən də sənsiz qala bilmirəm. Çox darıxıram.

- Əgər o səndən əl çəkmirsə, onda mən özüm onu başa salaram.

- Yox, yox. Çox xahiş edirəm sən bu işə qarışma. 3-4 gün gözlə hər şey yaxşı qurtaracaq. Yaxşı, çox danışa bilmirəm, atam eşidir. Öpürəm səni. Dərhal da telefonu söndürdü.

Heç bir dəqiqə keçməmiş onun ayrılmaqda olan əri yenə zəng etdi. Üzümü dəstəyə tutub bəsdir zəng etdin, bəsdir deyə qışqırmağıma baxmayaraq, əsəblərim tap gətirmədi. Dəstəyi götürdüm.

- Eşidirəm.

Onun keçmiş əri idi.

- Biz görüşməliyik. Hökmən görüşməliyik.

- ...

- Məni eşidirsiz, biz görüşməliyik.

- Hmmm... Bəlkə lazım deyil.

- Yox, yox, hökmən lazımdı.

Sonra nə düşündüsə:

- Çox xahiş edirəm, gəlin görüşək.

Deyəsən, kövrəlmişdi. Özündə deyildi.

Birdən özümdən asılı olmayaraq sakit bir səslə:

- Əyilmə. Özünü bu qədər əskiltmə, axı sən kişisən.

- Alçaq, sən mənim ailəmi dağıtdın. Sən məni məhv etdin.

Nə qədər əsəblərimi cilovlamağa çalışsam da, mümkün olmadı.

- Danışığına fikir ver. Mən heç kimin ailəsini dağıtmamışam, heç kimi də bədbəxt etməmişəm. Doğurdan da, sən başa düşmürsən ki, o qız səni sevmir. Məni sevir.

- Axı, sən evlisən. Axı, sən onunla evlənən deyilsən. Sən o qızı da bədbəxt elədin, məni də.

- Əgər görüşdüyümüz təqdirdə sən bunları mənə deyəcəksənsə, onda xudahafiz. Telefonu söndürdüm.

O, vaxtlar elə bu məsələyə görə atam da məndən üz çevirmişdi. Mən təklənmişdim. İndi bu hadisənin üstündən 17-18 il ötür. Mən özümü günahkar saymıram. Ümumiyyətlə, heç kimi günahkar saymıram. Bəlkə də...

***

Evə gəlib, bir az uzanıb gözümün acısını almaq istəyirdim. Elə bir az mürgüləmişdim ki, telefonum zəng çaldı. O idi. "Moye sçastiye". "Sağ-salamat gəlib çatmışam. Öpürəm".

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2019.- 20 noyabr.- S.22-23.