Anılan, sevilən, yaşayan
Cəfər Cabbarlı
"Cəfər Cabbarlının
yaradıcılığı dramaturgiya ədəbiyyatımızın
daha da inkişaf
etdirilməsinə çox
böyük təsir göstərmişdir.
O həyatda təkcə yeni ideyalar, süjetlər, konfliktlər
deyil, həm də təsvir vasitələri əxz edirdi. Cabbarlının timsalı dramaturgiyaya
respublikanın görkəmli
yazıçılarının gəlmələrinə, teatrın
repertuarının müasir
mövzuda yazılmış...
bir sıra yeni, gözəl pyeslərlə zənginləşməsinə
kömək etmişdir".
Ulu Öndər Heydər Əliyevin bu sözləri XX əsr ədəbiyyatının və
incəsənətinin yaradıcılıq
möcüzəsi olan
Cəfər Cabbarlının
xalqımızın mədəniyyət
tarixindəki xidmətlərinə
verilən yüksək
qiymətdir.
Cəmi
35 il ömür
sürən C.Cabbarlı
yaşadığı dövrün
siyasi, ictimai və mədəni həyatının ən qaynar nöqtələrində
vətəndaş və
ziyalı qeyrətilə,
fövqəladə yaradıcılıq
enerjisi ilə çalışıb. Onun milli
mədəniyyətimizin bütün
sahələrində, o cümlədən
teatr və kinodakı fəaliyyətini
müqayisə etməyə
örnək tapmaq çətindir. Bununla bərabər
C.Cabbarlının yaradıcılıq
istedadı barədə
fikir yürütməli
olsaq, hər şeydən əvvəl onun ədəbiyyata gəlişini, ilk yaradıcılıq
nümunələrində ifadə
edilən şair təbini xatırlamalı
oluruq. Aparılan çoxsaylı araşdırmalar
sübut edir ki, işlədiyi mövzuların onu tapdığını yarızarafat,
yarıgerçək dilə
gətirən C.Cabbarlı
ədəbi fəaliyyətə
şeirlə, lirik, satirik, vətəndaş pafoslu poetik yaradıcılıqla başlamışdı.
Onun istiqlal məzmunlu şeirləri Xalq Cümhuriyyəti dövründə
dillər əzbəri
olmuşdu. Belə
ki, sənətkarın:
Türk
sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz.
Ölkə mənim, vətən
mənim, yurd mənim
İkən arş irəli, arş irəli əskərim.
və yaxud:
Od yurdunun
hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor,
Azərbaycan əskəri -
kimi şeirləri dəftərdən-dəftərə köçürülərək, azadlıq coşqusu ilə yaşayan o zamankı gəncliyin sevimli misralarına çevrilmişdi. Şairin
romantik ruhlu sətirlərində də
onun rahatlıq bilməyən iç dünyası bədii vüsətlə təzahür
tapırdı.
Poeziyada
diqqətçəkən uğurlar
əldə etdiyi kimi, nəsr sahəsində də heyranlıq doğuran nailiyyətlər qazanan C.Cabbarlının qələmi
ilə ədəbi həyatını yaşayan
"Əhməd və
Qumru", "Cocuq",
"Aslan və Fərhad" və başqa hekayələri də tutumlu nəsr nümunələri
olaraq olduqca dəyərlidir. Belə ki, ədəbiyyatın
hansı növündə
yaratmasından asılı
olmayaraq onun mövzu əlvanlığında
daha artıq təzahür tapan istedadı humanizmə, milli ləyaqətə, vətənpərvər düşüncələrə
həsr edilmişdir.
O düşüncələrə ki, xalq həyatından
ayrı olmayıb milli təfəkkürdən
qaynaqlanmış, bədii-estetik
ifadə şəklində
yaşam vəsiqəsi
əldə etmiş, təkcə vərəqlərdə
deyil, həm də dillərdə gəzmişdi.
C.Cabbarlının teatr sənətinə sevgisi onun nəzmə
və nəsrə xəyanəti kimi qəbul edilə bilər. Amma məcazi mənada
səslənən bu fikirlər ilk baxışdan
yaranan təəssürat
olduğu üçün
həqiqəti əks
etdirmir. Doğrudur, ədəbiyyatın
ən çətin növü sayılan dramaturji əsərlər
yaratmaqla teatr sənətinə bağlansa
da, o, hər dəfə öz pyeslərində poeziyaya, hətta musiqi sənətinə sevgisini
xüsusi bir şövqlə bəyan edirdi.
Maraqlı fakt olaraq çoxlarına
bəllidir ki, C.Cabbarlı şair, nasir, tərcüməçi
kimi yox, dramaturq olaraq daha məşhurdur və bu, bir
ədibin sadəcə
şöhrət parlaqlığı
sayıla bilməz. Ən azı
ona görə ki, C.Cabbarlının dramaturq istedadı pyes müəllifliyi ilə hüdudlanmır.
O, özlüyündə mürəkkəb
teatr orqanizminin, bu sinkretik sənətin
nüvəsində yaşayan
bədii ədəbiyyatın
zirvəsində ona qədər kimsəyə
nəsib olmayan praktik yaradıcılıq
mövqeyinə sahib idi.
Milli teatr mədəniyyətimizin
inzibati, təşkilati,
yaradıcılıq ahənginin
bərqərar olmasında,
bədii ifaçılıq
sənətinin yüksəlişində,
səhnə sənətinin
öyrənilməsində, həmçinin bu sahə üçün kadr hazırlığı
işlərində C.Cabbarlının
müstəsna rolu bu yöndə aparılan tədqiqatlarda öz təsdiqini tapmış elmi-estetik həqiqətdir.
Azərbaycan teatr tarixindən məlumdur ki, o zamanlar teatrda ədəbi hissə müdiri vəzifəsində
çalışan C.Cabbarlı
fərdi fəaliyyət
baxımından tutduğu
vəzifənin səlahiyyət
hüdudlarına sığmırdı. Belə
ki, teatrın repertuarını zənginləşdirmək
üçün yeri gəldikcə Avropa və rus müəlliflərinin
əsərlərindən tərcümələr
edir, ayrı-ayrı aktyorların fərdi yaradıcılıq imkanlarının
üzə çıxması
məqsədilə konkret
sənətçiləri nəzərə
almaqla pyeslər yazır, bəzən tamamilə fərqli sənət sahəsi olan rejissorluq işinə də qoşulurdu.
C.Cabbarlının rejissor qismində
fəaliyyətini təhlil
etmək üçün
əlimizdə təfsilatlı
faktlar olmasa da, hər halda
onun 1931-ci ildə
Vladimir Lütse ilə
birlikdə "1905-ci ildə",
A.Tuqanovla birlikdə hazırladığı "Almaz”,
1933-cü ildə R.Daraplı,
İ.Hidayətzadə ilə
birlikdə C.Məmmədquluzadənin
"Ölülər", müstəqil rejissor olaraq isə ilk dəfə 1931-ci il 10 dekabr tarixində göstərilən "Sevil",
ilk nümayişi 1932-ci ilin
18 fevralında baş
tutan A.Afinegenovun "Qorxu", ilk tamaşası
elə həmin ilin 20 oktyabrında göstərilən "1905-ci ildə"
əsərlərinin tamaşalarına
quruluş verdiyi faktları teatr tariximizin səhifələrində
yer almışdır.
C.Cabbarlı ilə əməkdaşlığı barədə o zaman milli teatrın baş rejissoru olan Aleksandr Tuqanov öz xatirələrində yazırdı: "Mən yarım əsrdən çox teatr sahəsində işləmişəm. Bu müddət ərzində çox adamlarla görüşmüşəm. Bu böyük şəxsiyyətlərin sırasında bir dostumu Cəfəri heç vəchlə ürək ağrısız xatırlaya bilmirəm. Cəfər Cabbarlı nə qədər sadə, təmkinli və səbrli idi! Əməksevən idi, yorulmaq nə olduğunu bilməzdi. Onun əsərləri müvəffəqiyyətlə tamaşaya qoyulur, hamı tərəfindən məhəbbətlə qarşılanırdı. O, yalnız dramaturq, şair, nasir deyil, həm də mahir rejissor idi. Cəfər və teatr! Bu iki məfhum bir-birini tamamlayırdı".
Bu fikirlər mübahisələr və tərəddüdlərlə dolu birgə fəaliyyət illərindən süzülüb gələn bəlkə bir qədər güzəştli, bir qədər emosional qənaətlərdir. Amma mühüm olan budur ki, C.Cabbarlı öz fədakar dramaturji istedadı ilə Mirzə Fətəlinin yandırdığı teatr çırağını nəinki sönməyə qoymadı, əksinə həmin çırağın özündən sonrakı illərdə belə daha gur yanmasını təmin etmiş oldu.
Məhz C.Cabbarlının dramaturji istedadı sayəsində Azərbaycan səhnəsində müxtəlif yaradıcılıq ampluasına malik böyük aktyor nəsli yetişdi və teatrsevərlər Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Fatma Qədri, Sona Hacıyeva, Mirzəağa Əliyev, Ülvi Rəcəb, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Kazım Ziya kimi müqtədir səhnə xadimlərinin ecazkar sənətkarlıq hünərinə şahid oldular. Milli teatrımızın müxtəlif konseptlərdə fəaliyyəti, o cümlədən "böyüdücü şüşə", "güzgü", "məktəb" funksiyasında inkişaf mərhələləri C.Cabbarlının sənət görüşlərində daha konkret, ideya-estetik baxımdan daha uca dəyərləndirilirdi. Məhz bu düşüncənin bədii ifadəsi olaraq onun qəhrəmanlarından biri: "Teatra məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir,"- deyirdi.
C.Cabbarlının teatr görüşləri ayrıca və geniş tədqiqat obyekti kimi elmi-nəzəri təhlilə çəkilməsə də, onun yaradıcılığına həsr edilən ayrı-ayrı araşdırmalarda bu və ya digər səviyyədə öyrənilmişdir. Bununla belə fikrimizcə, bu sahədə ağ boşluqlar hələ də qalmaqdadır. Çünki qeyd etdiyimiz kimi, teatr həyatına dərindən bələd olan C.Cabbarlı səhnə sənətinin ən mühüm problemləri ilə bağlı düşüncələrində teatrşünas alim mövqeyindən çıxış edir və bu zaman o, kifayət qədər elmi səriştə nümayiş etdirir. Məsələn, milli teatrımızda aktyor sənəti ilə bağlı mülahizələrində C.Cabbarlı bildirir ki: "Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyğusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun kağızlar üzərində qaraladığı fikirləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa sözlə söyləsək, aktyor bir rəssamdır. Eyni zamanda aktyor canlı bir şəkildir. O bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor bir musiqiçidir. Eyni zamanda aktyor bir aləti-musiqidir. Daha doğrusu, aktyor bir musiqiçidir ki, çaldığı aləti-musiqi yenə özüdür." Göründüyü kimi, universal təfəkkür sahibi olan C.Cabbarlı bu mövqeyi ilə praktik teatr həyatının əsas komponentlərindən olan aktyor sənətini teatrşünas istedadı ilə dəyərləndirir, bütövlükdə milli teatrın sabahı üçün əsl ziyalı narahatlığını ifadə edir.
O illərdən başlayaraq müxtəlif siyasi-ictimai sarsıntılar yaşayan Azərbaycan cəmiyyətinin neçə-neçə yeni nəslinin "həyat şərtləri" dəyişsə də, çevrəsinə C.Cabbarlının da daxil olduğu minlərlə yaradıcı ziyalıların həsrətində olduğu, başı üzərində üçrəngli bayrağın bir daha enməməsi uğrunda Hamletsayağı "olum, ya ölüm" mübarizəsi ilə müstəqillik qazandığı çağdaş dövrümüzdə də Mikayıl Müşfiqin təbirincə desək, "ruhlar mühəndisi" C.Cabbarlı yaşayır, sevilir, anılır.
Afət QƏDİROVA
AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.21.