Bakı Dövlət Universiteti: keşməkeşli
və şərəfli yol
Bakı Dövlət
Universiteti - 100
“Bakı Dövlət
Universiteti Azərbaycan xalqının, Azərbaycan
Respublikasının milli sərvətidir, milli
iftixarıdır”.
Heydər
Əliyev
Bu gün
dünyada irili-xırdalı minlərlə xalq yaşayır
və onların çox az hissəsinin
öz müstəqil dövləti var. Azərbaycan xalqı qədim
dövrlərdən dövlətçilik ənənəsinə
malikdir. Xalqımız tarixən öz müstəqilliyi,
torpaqlarının bütövlüyü uğrunda mübarizə
aparmış və bu yolda saysız qurbanlar vermişdir.
XX əsrdə Azərbaycan xalqı müstəqillik
əldə etmək imkanına iki dəfə müvəffəq
olmuşdur. 1918-ci ildə yaranmış və
fəaliyyət göstərmiş Azərbaycan Xalq
Cümhuriyyəti, Naxçıvan və Şərur-Dərələyəz
qəzalarını özündə birləşdirən
Araz-Türk Respublikası qısa ömür
sürmüş, Sovet imperiyasının
işğalçılıq siyasətinin qurbanı
olmuşdur. Lakin onların hər biri
dövlətçiliyimizin yaranması və
inkişafında, xalqımızın tarixi taleyində
böyük rol oynamışdır. Milli tariximizin
qızıl səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin
mövcud olduğu 23 ay ərzində həyata
keçirdiyi saysız-hesabsız müsbət işlər
içərisində ən mühümlərindən biri
ölkədə dünyəvi ali məktəbin
yaradılması olmuşdur.
Məlum
olduğu kimi, Çar Rusiyası dövründə
bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ali təhsil müəssisələri yox idi. Çar hökuməti milli ziyalıların
yetişməsindən ehtiyatlandığından universitetlərin
açılmasının qarşısını hər vəchlə
alırdı. Cənubi Qafqaz regionu Rusiyadan
ayrıldıqdan və üç müstəqil respublika
yarandıqdan sonra 1918-ci ilin iyununda Tiflisdə üç
fakültədən ibarət Zaqafqaziya Universiteti
yaradıldı: təbiət, tarix-filologiya və tibb
fakültələri. Tədris rus dilində
keçirilən universitetə rektor olaraq Kazan Universitetinin
professoru, məşhur cərrah V.İ.Razumovski dəvət
olunmuşdu. 1918-ci ilin payızında
universitetin 2150 tələbəsi var idi. Lakin ali məktəbə maliyyə vəsaiti
ayrılmadığından onun Tiflis şəhərində
mövcudluğu ciddi problemlə üzləşmişdi. 1919-cu ilin martında rektor V.İ.Razumovski universitet
şurasının iclasında təhsil müəssisəsinin
Bakıya köçürülməsi təklifini etdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə
danışıqlar aparmaq, universitet üçün
ayrılacaq binanı nəzərdən keçirmək və
s. məsələlərlə əlaqədar olaraq rektor
başda olmaqla komissiya üzvləri Bakıya gəldilər. Onlar yerindəcə əmin oldular ki, hökumət və
ictimai qüvvələr universiteti dəstəkləməyə,
onun gələcək inkişafı üçün
lazımi şərait yaratmağa hazırdırlar. Hökumət tərəfindən bu məqsədlə
böyük vəsait ayrılmışdı, universitet və
onun müəssisələri üçün hər cür
şəraiti olan binalar hazır idi. Tiflisə qayıdan
nümayəndə heyəti universitet şurasına danışıqların
nəticələri barədə məlumat verdi
və bəyan etdi ki, Bakının təklifinin qəbul edilməsi
məqsədəuyğundur. Lakin nəyə görəsə
qərar qəbul edilməsi ləngiyirdi: Zaqafqaziya
Universitetinin Bakıya köçürülməsinə
münasibət birmənalı deyildi, köçürülmənin
lehinə olanlar da vardı, əleyhinə olanlar da. Təyin olunmuş vaxta qədər - mayın 1-nə
kimi Bakıya heç bir cavab verilmədi. Elə həmin
gün Azərbaycan Xalq Maarif Nazirliyindən teleqram daxil oldu:
Bakıda yeni universitet açılır. Ona
görə də Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi məsələsi təbii
olaraq ortadan qalxdı. Azərbaycan xalq
maarif naziri Həmid bəy Şahtaxtinski Bakıda universitetin təşkilində
kömək etmək üçün rəsmi xahişlə
V.İ.Razumovskiyə müraciət etdi. Professor öz həmkarları
ilə danışıqlar apardıqdan sonra bu təklifi qəbul
etdi və Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən
istefa verdi.
Bundan sonra Azərbaycan xalqının maariflənməsinə
və təhsil məsələlərinə böyük
önəm verən Cümhuriyyət rəhbərliyi bu istiqamətdə
intensiv işlərə başladı. 1919-cu il
iyunun 16-da Nazirlər Kabineti universitet komissiyasının
ştatlarını təsdiq etdi və əmək
haqlarını təyin etdi. "Azərbaycan" qəzetinin
27 iyun 1919-cu il tarixli nömrəsində "Universitet
komissiyasında" adlı baş məqalədə qeyd
edilirdi ki, komissiyanın hazırladığı sənədlər
tezliklə Nazirlər Kabinetinə və daha sonra isə nəzərdən
keçirilmək üçün ölkə parlamentinə
daxil olacaq.
Məlum olduğu kimi, V.İ.Razumovski üç
universitetin - Saratov, Zaqafqaziya və Bakı universitetlərinin
yaradılmasının əsas təşkilatçısı
və rektoru kimi elm tarixinə daxil olmuşdur. Onun rəhbərliyi ilə
Azərbaycan Dövlət Darülfünununun (bugünkü
Bakı Dövlət Universiteti) təsis olunması
üçün tələb olunan üç qanun layihəsi
- "Azərbaycan Dövlət Darülfünununun təsis
edilməsi haqqında", "Azərbaycan Dövlət
Darülfünununun Nizamnaməsi", "Azərbaycan
Dövlət Darülfünununun 1919-1920-ci dərs ili
üçün ştat və xərclər smetası
haqqında" sənədlər qısa zaman kəsiyində
hazırlandı və baxılmaq üçün Hökumətə
təqdim olundu. Azərbaycan Hökuməti özünün 7
iyul 1919-cu il tarixli "Azərbaycan Dövlət
Darülfünununun təsis olunmasına dair qanun layihələrinin
bəyənilməsi və Parlamentin müzakirəsinə
verilməsi haqqında" tarixi qərarı ilə həmin
hüquqi-normativ sənədləri Cümhuriyyət Məclisi-Məbusanına
(Parlamentinə) təqdim etdi.
Universitetin yaradılması haqqında məsələ
1919-cu ilin iyul-avqust aylarında parlamentdə müxtəlif
komissiyalarda müzakirə edildi, sonra isə parlamentin ümumi
iclasına çıxarıldı. Universitetin təsis edilməsi, onun
nizamnaməsi, həmçinin, ştat və 1919/20-ci tədris
ili üçün xərclər
smetası barədə qanun layihələri nəzərdən
keçirildi. Qeyd edək ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Azərbaycan Dövlət
Darülfünununun yaradılması ilə əlaqədar məsələdə
Məclisi Məbusan fraksiyalara bölünmüşdü.
Bir qrup parlament üzvü ölkədə milli
kadrların yoxluğunu əsas gətirərək universitet
açmağın tez olduğunu iddia edirdi. Digər qrup millət vəkilləri isə ölkədə
maarifçiliyi önə çəkərək universitetin
açılmasını vacib məsələ kimi önə
çəkirdi.
Nəhayət,
Azərbaycan Dövlət Darülfünununun idarə
olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi
qaydalarını müəyyən edən nizamnamə
üç ay ərzində aparılan müzakirələrdən
sonra 1919-cu il sentyabrın 29-da, Cümhuriyyət
parlamentinin 79-cu iclasında qəbul edildi. 5 fəsil,
72 maddədən ibarət olan nizamnamədə universitetin təşkilati
quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti,
professor-müəllim heyətinin vəzifə və
hüquqları müəyyənləşdirilmişdi.
1919-cu il
sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti "Azərbaycan hökumət darülfünununun təşkili
haqqında" qanun layihəsini üçüncü
oxunuşda qəbul edərək, Bakıda ilk universitetin
yaranması barədə tarixi qərar qəbul etdi.
Universitetin ilk rektoru, professor V.İ.Razumovski bununla
bağlı yazırdı ki, "Azərbaycan
özünün ali maarifçilik
ocağını əldə etdi. Türk
xalqının tarixinə yeni parlaq səhifə
yazıldı. Avropa ilə Asiyanın
qovuşuğunda yeni işıq yandı. Biz
bu böyük, tarixi hadisənin iştirakçıları
kimi özümüzü xoşbəxt sayırdıq".
Təhsil
sahəsinə böyük önəm verən Cümhuriyyət
Parlamentinin təsdiq etdiyi qanuna əsasən, Bakıda Dövlət
Universiteti dörd fakültədən: şərq şöbəsi
ilə birlikdə Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və Tibb fakültələrindən
ibarət olmalı idi. Universitetə hər iki
cinsdən olan və tam orta təhsil almış gənclər
qəbul edilirdilər. Lakin gimnaziyanın
yeddi sinfini və ya "realnı məktəb"in altı
sinfini bitirmiş Azərbaycan vətəndaşları da qəbul
edilə bilərdilər, yalnız o şərtlə ki, onlar
diplom almaq üçün əlavə sınağa məruz
qalsınlar. Müəllimlər
seminariyasını bitirmiş gənclər də universitetə
daxil olmaq imkanında idilər. Universitetin
təşkilat komissiyası yekdilliklə V.İ.Razumovskini
rektor seçmişdi. 1919-cu il
sentyabrın ortalarında tibb fakültəsinin ilk üç
kursuna və tarix-filologiya fakültəsinin birinci kursuna qəbul
elan edildi. Ərizələrin sayı qəbul
yerlərinin sayını iki dəfə ötüb
keçirdi. Hazırlıq mərhələsindən
sonra, 15 noyabr
1919-cu ildə universitetdə ilk dərs günü elan edildi.
Universitetin fəaliyyət başladığı ilk
günlərdən Məhəmməd Əmin Rəsulzadə,
Rəşid bəy Qaplanov və başqaları kimi bir
sıra dövlət və siyasi xadimlər böyük məmnuniyyətlə
müəllimlik edir, universitet auditoriyalarında mühazirələr
oxuyurdular. Görkəmli dövlət və elm xadimlərinin tələbələrlə
qurulan canlı ünsiyyəti nəinki elm və təhsilə
olan marağı artırırdı, eyni zamanda, xalqın
özünə inamının, milli dövlətçilik, vətənpərvərlik
hisslərinin daha da güclənməsinə təsir edirdi.
Lakin cəmi
23 ay yaşayan müstəqil Azərbaycan dövlətinin - Azərbaycan
Xalq Cümhuriyyətinin mövcudluğu 1920-ci il
aprelin 28-də bolşeviklərin hakimiyyəti ilə
dayandırıldı. Sovet qoşunları Şərqin
ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq
bu əraziləri işğal etdilər. Cümhuriyyət
hökumətinin yaratdığı universitet 5 aydan sonra
bolşeviklərin nəzarəti altına keçdi.
Artıq 1920-ci il may ayının 11-də
xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin
rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə
təlim və tərbiyə işinin lazımi səviyyədə
saxlanılacağı göstərilirdi: "Bütün tələbələrin
və müəllimlərin nəzərinə
çatdırın ki, Xalq Maarif Komissarlığında
universiteti genişləndirmək və onu sosialist əmək
quruluşunun vəzifələrinə uyğun ruhda yenidən
təşkil etmək layihəsi hazırlanır. Əsl elm və elmi biliklər proqramına hər
hansı başqa hakimiyyətdən daha çox fəhlə-kəndli
hakimiyyətinin marağı vardır. Buna
görə də o, var qüvvə ilə
çalışacaqdır ki, universitet lazımi səviyyədə
olsun". Sərəncamda, həmçinin,
Sovet Rusiyası ilə əlaqə yaradılacağı,
oradan müəllimlərin dəvət olunacağı da
bildirilirdi. Təzyiqlər böyük rus
alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur
etdi.
Həmin il universitetə məşhur nevropatoloq, Moskva
Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey
Nikolayeviç Davidenkov rektor təyin edildi. Yerli kadrlara olan
ehtiyacı nəzərə alan hökumət
1921-ci ilin may ayında təhslin türk (Azərbaycan) dilində
də aparılması barədə qərar qəbul etdi. BDU-nun ilk rektoru olan V.İ.Razumovski milliyyətcə
qeyri-azərbaycanlı olsa da, o, milli kadrların
hazırlanmasını diqqət mərkəzində
saxlayırdı. 1919-1920-ci tədris ilində
BDU-da işləyən 33 müəllimin ancaq 4 nəfəri
azərbaycanlı idisə, artıq 1924/25-ci dərs ilində
188 nəfərdən 42 nəfəri azərbaycanlı idi.
5 il müddətində azərbaycanlı
müəllimlərin sayı 12 faizdən 22 faizə
qalxmışdı. Qeyd edək ki,
tanınmış ədib Əbdürrəhim bəy
Haqverdiyev də bu təhsil ocağında müəllimlik
etmişdir. Universitetdə dünya
şöhrətli alimlər çalışırdılar.
Məsələn, məşhur şərqşünaslardan
professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və
digərlərini göstərmək olar. BDU rəhbərliyi
təhsilin yüksək səviyyəliliyini təmin etmək
üçün ali məktəbə
mütəmadi olaraq məşhur alimləri dəvət
edirdi. Ötən əsrin 20-30-cu illərində
universitet rəhbərliyinin dəvəti ilə Bakıya
öz ixtisasları üzrə mühazirələr oxumaq
üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər
Akademiyasının akademiki Fuad bəy Köprülüzadə
gəlmişdilər. 1921-22-ci tədris
ilindən xüsusilə humanitar fakültələrdə dərslərin
müəyyən hissəsi Azərbaycan dilində
keçirilməyə başlamışdı.
90 il bundan öncə - 1929-cu ilin payızında
bu tədris ocağının onilliyi geniş qeyd edildi. Universitet yaradılarkən ilk tədris ilində 1094
tələbə təhsil alırdı. Onlardan
cəmi 294 nəfəri azərbaycanlı idi və bu 294 nəfərin
içində heç bir azərbaycanlı qız yox idi.
10 il sonra isə təhsil alanların
sayı 2400-ə çatmışdı. Onların
yarısı azərbaycanlılar, 300 nəfər isə azərbaycanlı
qızlar idi. Bu müddət ərzində
universitetin maddi bazası da genişlənmişdi. Belə
ki, onun institutları, klinikaları, laboratoriyaları, hər
bir fakültənin kitabxanası və habelə, təxminən
100 min adda nəşr - kitab, jurnal fondu olan ümumuniversitet
kitabxanası vardı. Təəssüf ki, növbəti il - 1930-cu ildə universitet müstəqil
institutlara parçalandı. Bununla bağlı Az.SSR Xalq
Komissarları Soveti 19 iyul 1930-cu il tarixli
"Az.SSR ali təhsil müəssisələrinin və ali
texniki təhsil müəssisələrinin yenidən təşkili
və rayonlaşdırılması və onların müvafiq
təsərrüfat orqanlarının və xalq
komissarlıqlarının tabeliyinə verilməsi
haqqında" yanlış bir qərar qəbul etdi.
Universitetin İqtisad fakültəsi əsasında Ticarət-Kooperativ
İnstitutu yaradıldı, İqtisad fakültəsinin sənaye-iqtisad
şöbəsi Neft İnstitutuna, pedaqoji fakültəsi Pedaqoji
İnstituta, Hüquq fakültəsi Sovet Quruculuğu və
Hüquq İnstitutuna, tibb fakültəsi isə Azərbaycan
Tibb İnstitutuna çevrildi. Beləliklə,
Azərbaycan Dövlət Universiteti parçalanaraq, 1930-cu ildə
öz mövcudluğunu çox təəssüf ki,
dayandırdı.
Lakin
çox tezliklə sovet hakimiyyəti ciddi səhv etdiyini
başa düşərək, universitetlərin
lazımlılığını dərk etdi və 1931-ci ilin
aprelində ÜKP(b) MK "Universitetlərin
məqsədi" adlı növbəti qərar qəbul etdi.
Sənəddə ali təhsil sistemində
universitetlərin aparıcı rolu ideyasına reabilitasiya
verilirdi. 1933-cü ilin noyabrında Azərbaycan SSR Xalq Maarif
Komissarlığı Dövlət Plan komitəsinə universitetin yenidən təşkil
edilməsi haqqında məktub-məlumat göndərdi. Burada
1934-cü il yanvarın 1-dən etibarən
universitetin dörd fakültədən ibarət tərkibdə
- fizika-riyaziyyat, kimya, biologiya-geologiya və tarix-linqvistika
üzrə açılması xahiş olunurdu. 25 may
1934-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti
"Azərbaycan Dövlət Universitetinin
açılması haqqında" qərar qəbul etdi. Qərara əsasən, 1 sentyabr 1934-cü ildən
etibarən universitet yenidən fəaliyyətə
başlamalı idi. Həmin il
üçün tələbə qəbulu 210 nəfər nəzərdə
tutulmuşdu. Dövlət Plan Komitəsinə
tapşırılmışdı ki, universitet
üçün yeni bina tikintisini 1935-ci ilin planına salsın.
Beləliklə, Azərbaycan Dövlət
Universiteti bir neçə illik fasilədən sonra yenidən
fəaliyyətə başladı.
Lakin 1937-ci illərdən etibarən güclənən
repressiya siyasəti bütün sahələri əhatə etməyə
başlamışdı. Fəaliyyəti cəmi 2 il idi ki, bərpa
edilən Azərbaycan Dövlət Univertsiteti də təbii
ki, bu qırğın mexanizmindən yan keçə bilmədi.
Belə ki, təkcə 1937-ci ildə bu ali təhsil
ocağının 2 dekanı, 2 dekan müavini, 4 kafedra
müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin
müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri,
8 professor "qırmızı terror"a - repressiyaya məruz
qaldılar. 1926-1937-ci illər arası dövrdə
Universitetin rektorları olmuş Tağı Şahbazi
Simurğ, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli,
Balabəy Həsənbəyov kimi görkəmli ziyalılar
da təəssüf ki, əks-inqilabçı, burjua-millətçi
damğası ilə ittiham edilərək 1937-ci ilin
sonlarında güllələnmişdilər.
Böyük
fərəh hissi ilə qeyd etmək istərdim ki, 14 iyul
1969-cu il Azərbaycanın tarixində yeni
bir mərhələnin başlanğıcı oldu. Azərbaycan KP MK-nın məhz həmin gün
keçirilən plenumunda partiyanın birinci katibi vəzifəsinə
Heydər Əliyev təyin edildi. Bu təyinatdan cəmi
20 gün sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust
1969-cu il plenumu respublikada əvvəlki illərdə
baş verən nöqsanların tənqid olunduğu
dönüş plenumuna çevrildi.
XX əsrin 70-ci illərindən etibarən möhtəşəm
quruculuq missiyasını cəsarətlə öz üzərinə
götürən böyük tarixi şəxsiyyət Heydər
Əliyev cahanşümul uğurlara imza atmaqla, ölkənin
gələcək müstəqilliyinin əsaslarını
yaratmağa başladı. Xarici və daxili siyasət,
iqtisadiyyat, kənd təsərrüfatı kimi sahələrlə
yanaşı, humanitar məsələlər də görkəmli
dövlət xadimi Heydər Əliyevin prioritet verdiyi məsələlərdən
olmuşdur. Onun uzaqgörən və
müdrik siyasəti sayəsində güclü kadr potensialı
yaradılmaqla milli təhsil quruculuğu istiqamətində
sonrakı uğurların bünövrəsi qoyuldu. Azərbaycanda ali
təhsilin inkişafı üçün 70-ci illərdə
çox böyük və mühüm işlər
görülmüşdür. Həmin müddətdə yeni
ali məktəblər - Naxçıvanda, Xankəndində
pedaqoji institutlar, İnşaat Mühəndisləri
İnstitutu, Rus dili və Ədəbiyyatı İnstitutu,
Xarici Dillər İnstitutu, Gəncə Texnologiya İnstitutu
açıldı. Ali məktəblərin maddi-texniki
bazasının inkişafı üçün böyük
işlər görüldü: Azərbaycan Dövlət
Universiteti, Neft-Kimya İnstitutu, Tibb İnstitutu və başqa
ali məktəblər üçün
binalar, tələbələr üçün yataqxanalar
tikildi, müxtəlif ləvazimatlar alınıb gətirildi.
Bütün bunlar Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafına verdiyi diqqət və
qayğının təzahürü idi.
Bütün sovet dövründə Azərbaycanda yeganə
olan indiki Bakı Dövlət Universitetinin ikinci dirçəliş
və inkişaf mərhələsi məhz 1969-cu ildən
başladı.
Haqlı olaraq 1969-cu ildən sonrakı dövr
universitetin həyatında bilik və elmin yüksək zirvələrinə
doğru inkişaf illəri sayılır. Bu, universitetin dünya şöhrətli məzunu
Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi
ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi bu dövrdə BDU-da ikinci və
üçüncü tədris korpusları istifadəyə
verilmiş, tədris kino-televiziya laboratoriyası, hesablama mərkəzi
yaradılmış, çoxsaylı müasir laboratoriya
avadanlığı alınıb
quraşdırılmış, bununla da tədrisin keyfiyyətində
əhəmiyyətli dəyişikliklərin həyata
keçirilməsinə zəmin yaradılmışdı.
Müasir Azərbaycan Respublikasının memarı və
qurucusu Heydər Əliyevin 1969-cu ildə universitetin 50 illik
yubileyinin keçirilməsi ilə bağlı qərarı və
bu yubileydəki çıxışı tarixi əhəmiyyət
kəsb edir. Məlum olduğu kimi, 1969-cu ildə müəyyən
insanlar Azərbaycan tarixini saxtalaşdıraraq, Bakı
Dövlət Universitetinin açılmasını
respublikamızda sovet hakimiyyətinin qurulmasının nəticəsi
kimi qələmə verməyə
çalışırdılar. Belələri müxtəlif
bəhanələr gətirərək, universitetin 50 illik
yubileyini bir il təxirə salmaq və növbəti ildə -
1970-ci ildə, yəni Azərbaycanda sovet hakimiyyətinin
qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdilər.
Ümummilli liderimiz buna kəskin etiraz edərək
yubileyi məhz 1969-cu ildə keçirmişdi. Bu isə universitetin məhz sovet hakimiyyətindən
əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaranmasının rəsmi etirafı demək idi.
Heydər
Əliyev çıxışlarının birində bu barədə
deyirdi: "Bu, dözülməz bir hal idi. Elə həmin
1969-cu il noyabrın 1-də biz universitetin
50 illiyini qeyd etdik. Mən özüm bu mərasimdə
çıxış etdim. Bakı Dövlət
Universitetinin sonrakı yubileylərində dəfələrlə
qeyd olunmuşdur ki, bu çıxışın universitetdə
böyük əks-sədası oldu. Çünki
bu çıxış Azərbaycan dilində idi və
universitetin qarşısında qoyulan məsələlər
bizim ümummilli problemlərimizlə sıx bağlı
idi".
Çox
qürurverici hal idi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə
iştirak etməsi və ana dilində nitq söyləməsi
təkcə universitet kollektivinə deyil, bütün Azərbaycan
cəmiyyətinə milli ruhun qaytarılması istiqamətində
bir dönüş anı oldu. Heydər
Əliyevin doğma Azərbaycan dilində
çıxışı çox cəsarətli bir addım
idi və o vaxta qədərki bütün sovet sisteminin
ağır repressiyalarından və təqiblərindən əziyyət
çəkən universitet kollektivində tamamilə yeni ruh
yüksəkliyi yaratdı.
Həmin illər Bakı Dövlət Universitetinin tədris
və elmi həyatına da dönüş dövrü kimi
daxil olmuşdur. Təhsil və elmi işlərin səviyyəsinin
yüksəlməsi, yüksək ixtisaslı elmi kadr
potensialına malik olması universiteti nəinki
respublikamızda, eləcə də SSRİ miqyasında
qabaqcıllar sırasına çıxarmışdı.
Odur ki, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə Azərbaycan
Dövlət Universiteti ittifaqın aparıcı universitetləri
sırasına daxil edilmişdi.
Universitet təhsildə, elmi inkişafda, maddi-texniki
bazanın möhkəmləndirilməsi sahəsində ən
böyük nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə qazanmışdır. Bunun əsas səbəbi
dünya şöhrətli siyasətçi və müasir Azərbaycanın
memarı Heydər Əliyevin başçılığı
ilə ölkə həyatının bütün sahələrində
olduğu kimi, elm və təhsil sahələrində də
güclü islahatların aparılması idi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi 1969-82-ci illəri sözün həqiqi mənasında
elmimizin, mədəniyyətimizin, təhsilimizin intibah
dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanda
neçə-neçə yeni ali məktəb,
elmi tədqiqat institutları, mədəniyyət ocaqları
yaradılmış, elmimiz və mədəniyyətimiz o
zamankı SSRİ miqyasında qabaqcıl mövqelərə
yüksəlmişdi.
Azərbaycanın çətin, ağır günlərində
əbədi rəhbərimiz yenə xalqın yanında oldu. 1993-cü ilin
iyun günlərində Ulu öndər xalqın təkidi ilə
Azərbaycanda yenidən siyasi rəhbərliyə
qayıtdı. O, Azərbaycanı məhv olmaqdan,
parçalanmaqdan və dünyanın siyasi xəritəsindən
silinməkdən xilas etdi. Heydər Əliyevin
qayıdışı ilə həyatımızın
bütün sahələrində, o cümlədən, onun
daim böyük önəm verdiyi təhsil sahəsində də
köklü islahatlara başlanıldı.
Ulu öndər indiki Bakı Dövlət Universitetinin
Tarix fakültəsində təhsil almışdı. Heydər
Əliyev BDU-nun məzunu olması ilə fəxr etdiyini dəfələrlə
vurğulamış, onu Azərbaycan xalqının milli sərvəti
adlandırmışdır.
Xoşbəxtlikdən Azərbaycan müstəqillik
qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində
yenidən qurulması, əsl inkişafa qovuşması məhz
Heydər Əliyev dühası sayəsində gerçəkləşmişdir. Qəbul
olunmuş qərar, fərman və sərəncamlar,
onların həyata keçirilməsi müstəqil Azərbaycanda
təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini,
məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən
möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını
şərtləndirmişdir. Yeni təhsil müəssisələrinin
yaradılması, məktəblərin müasir tədris vasitələri
ilə təmin edilməsi, şagirdlərin dövlət
hesabına pulsuz dərsliklərlə təmin olunması,
müəllim əməyinin yüksək qiymətləndirilməsi,
onların maddi vəziyyətinin əsaslı şəkildə
yaxşılaşdırılması, istedadlı gənclərə
böyük dövlət qayğısının göstərilməsi,
onların xaricdə təhsilə göndərilməsi və
sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri
müstəqil Azərbaycanda təhsil siyasətinin prioritet
istiqamət təşkil etdiyini sübut edir.
Xatırladım
ki, 1994-cü ildə Bakı Dövlət Universitetinin
yaradılmasının 75 ili tamam oldu. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı
ilə yubiley komissiyası yaradıldı. Yubiley komissiyasının iclasına Heydər
Əliyevin şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin
universitetin cəmiyyətin həyatında roluna və yerinə
verdiyi böyük qiymət və diqqətlə bağlı
idi. Bu, həm də ümummilli liderin
ölkəmizdə elm, təhsil və mədəniyyətə
yüksək qayğısının birbaşa nümunəsi
idi. Təntənəli yubiley mərasimində
iştirak edən Heydər Əliyev geniş nitq söylədi.
Bu nitq məzmunca geniş, mahiyyətcə dərin,
hədəflərinə görə strateji əhəmiyyət
daşıyırdı. Ulu öndər
qeyd edirdi ki, keçmişdə tariximizi yazarkən bəzən
o tərəfə, ya da bu tərəfə əyilirdik.
İndi isə müstəqil Azərbaycan Respublikasında
öz məmləkətimizin, öz taleyimizin sahibi
olduğumuz halda, müstəqil siyasət
apardığımız halda, gərək tariximiz doğru,
düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin
50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma təəssüf
ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli,
düzgün
yazmaq üçün indi ən gözəl şərait
yaranmışdır. Amma bu, təkcə
universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir.
Azərbaycan Respublikasının tarixidir, Azərbaycan
elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə də bunu təhrif etmək olmaz.
Heydər Əliyev deyirdi: "Bakı Dövlət Universiteti
Azərbaycan xalqının, Azərbaycan Respublikasının
milli sərvətidir, milli iftixarıdır..."
1999-cu ildə Bakı Dövlət Universitetinin
yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə
1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi
təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev yazırdı: "Diqqətəlayiqdir ki,
Bakı Dövlət Universiteti öz fəaliyyətinin
bütün dövrlərində elm və təhsil məbədi
olmaqla yanaşı, həm də Azərbaycan dilinin
inkişafında, milli şüurun, vətənpərvərlik
ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz
rolunu oynamışdır. Bakı Dövlət
Universitetinin əsasını qoyanların, onun
inkişafına təkan vermiş insanların əməyini
daim yüksək qiymətləndirərək, onların xatirəsini
böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm".
Azərbaycanda
milli elmi məktəblərin yaradılmasında böyük
rolu olmuş alimlərdən Zahid Xəlilov, Azad Mirzəcanzadə,
Həsən Abdullayev, Yusif Məmmədəliyev, Mirəli
Qaşqay, Şəfayət Mehdiyev, Həsən Əliyev,
Budaq Budaqov, Məmməd Arif Dadaşzadə, Mir Cəlal
Paşayev, Bəxtiyar Vahabzadə, Feyzulla Qasımzadə, Nəsir
İmanquliyev, Ziya Bünyadov, Püstəxanım Əzizbəyova,
Aida İmanquliyeva və başqa görkəmli şəxsiyyətlər
vaxtilə məhz Bakı Dövlət Universitetində
çalışmışlar.
Xoşbəxtlikdən Heydər Əliyev məktəbinin
ən layiqli davamçısı, ulu öndərin daxili və
xarici siyasətini uğurla davam etdirən İlham Əliyev
2003-cü ildə keçirilən ölkə Prezidenti
seçkilərində respublika vətəndaşlarının
böyük əksəriyyətinin səsini qazanaraq, Azərbaycan
Respublikasının Prezidenti seçildi. Ölkəmizdə
bütün sahələrdə islahatlara, yeni inkişaf mərhələsinə
təkan verildi. Bu baxımdan, ən
prioritet sahələrdən sayılan təhsil sahəsi də
istisna deyildir. Mən çox böyük
qətiyyətlə bildirirəm ki, Bakı Dövlət
Universitetinin inkişafının yeni mərhələsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
adı ilə bilavasitə bağlıdır. Ölkə
prezidentinin diqqət və qayğısı, təhsil sahəsinə
verdiyi böyük önəm və Bakı Dövlət
Universitetinin prioritet əhəmiyyət kəsb etdiyini nəzərə
alması nəticəsində uzun illər tikintisi başa
çatdırılmayan yeni korpus 2008-ci il
sentyabrın 15-də istifadəyə verildi. 2013-cü il sentyabrın 18-də Prezident İlham
Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Bakı Dövlət Universitetinin Qubadakı Tədris-təcrübə
və istirahət mərkəzi açıldı.
Bakı
Dövlət Universitetinin 90 illik yubilieyinə həsr
olunmuş təntənəli mərasimdə dövlətimizin
başçısı cənab İlham Əliyev demişdir:
"Bakı Dövlət Universitetinin çox gözəl və
böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş
universitet 90 il ərzində Azərbaycanın
hərtərəfli inkişafında çox mühüm rol
oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan
müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən
bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda
savadsızlığın aradan qaldırılması və
intellektual potensialın gücləndirilməsi
üçün universitetin yaradılması çox
mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan
Xalq Cümhuriyyəti iki il yaşadı,
onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı.
Düzdür, o zamanın müəyyən
ideoloji çərçivələri daxilində fəaliyyət
göstərmişdir. Ancaq buna baxmayaraq,
Bakı Dövlət Universiteti Azərbaycanın
inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi
potensialın gücləndirilməsi üçün
çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox
sevindirici haldır ki, Bakı Dövlət Universiteti
bütün bu illər ərzində Azərbaycanda təhsil
sahəsində öz aparıcı rolunu qoruyub saxlaya
bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin
ənənələri, çox böyük potensialı,
professor-müəllim heyətinin təcrübəsi, tələbələrin
oxuması və təhsilə verdikləri önəm
vardır. Xüsusilə indiki şəraitdə
hər şey təhsilin səviyyəsi ilə
ölçülür. Hər bir
insanın gələcəyi, hər bir gəncin taleyi onun
biliyindən, təcrübəsindən, savadından
asılıdır".
Bakı
Dövlət Universitetində bu gün ali
təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində
20 minə yaxın tələbə təhsil alır. Gənclərin təlim-tərbiyəsi ilə 4 minədək
əməkdaş, o cümlədən, 2 minə yaxın
professor-müəllim heyəti və elmi işçi məşğul
olur. Onlardan 21 nəfəri akademiyanın həqiqi və
müxbir üzvü, 12 nəfəri Milli Məclisin
deputatı, 300 nəfərə qədəri elmlər doktoru,
professor, 1000 nəfərə qədəri fəlsəfə
doktoru, dosentdir. Hazırda universitetdə 17
fakültə, 127 kafedra, müasir cihaz və avadanlıqlarla təchiz
olunmuş iki elmi-tədqiqat institutu fəaliyyət göstərir.
Universitetin 30-dək
elmi-tədqiqat mərkəzi və laboratoriyası,
3 milyona yaxın fonda malik kitabxanası var. BDU-da 81 istiqamət
üzrə dünya standartları səviyyəsində elmi-tədqiqat
işləri aparılır.
BDU ötən illər ərzində yüz əlli mindən çox mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlayıb.
Hazırda dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq edən BDU Avrasiya, Xəzəryanı Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və Qafqaz Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom verilməklə birgə magistr hazırlığı həyata keçirir.
Müasir Azərbaycanın memarı Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnkişafının yeni mərhələsini yaşayan BDU-da məhz Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son beş ildə ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, idman kompleksi, 800 əməkdaş üçün üç müasir yaşayış kompleksi, tədris-təcrübə və istirahət mərkəzi tikilərək istifadəyə verilib. Universitetdə kadr hazırlığı Bolonya prosesinin tələblərinə və Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Bütün fakültələrdə təhsil üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın 16 ölkəsindən minədək tələbə təhsil alır. BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılan və 12 ixtisası əhatə edən "SABAH" qrupları fəaliyyət göstərir. Universitetin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, elm və tədris mərkəzləri, müvafiq kafedraların filialları yaradılıb.
Bu il Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam oldu. Azərbaycan Prezidenti İlham Əliyev 14 noyabr 2017-ci ildə BDU-nun yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən, Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir".
Hazırda Bakı Dövlət Universiteti əvvəllər
olduğu kimi ölkəmizdə bu gün də ali təhsil sistemində
aparıcı rola malik olan mötəbər elm və təhsil
ocağıdır. Həyatımın 40 ilini
doğma divarları arasında keçirdiyim universitetim öz
tarixinə, elmi-pedaqoji ənənələrinə, təcrübəsinə,
keçdiyi böyük keşməkeşli yola, Prezident
İlham Əliyevin apardığı düşünülmüş
siyasətə söykənərək, elm və təhsil
yolunda xalqımıza, dövlətimizə dəyərli
töhfələrini verir, gələcəyə doğru
inamla addımlayır və inkişaf edir. Sonda qüdrətli
tarixi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin
təbirincə fikirlərimi tamamlamaq istərdim: "Mən fəxr
edirəm ki, mən Bakı Dövlət Universitetinin məzunuyam!"
İradə
HÜSEYNOVA
BDU-nun
kafedra müdiri, professor
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.14-15;16.