Orxan Fikrətoğlunun "Gənc
Ədiblər"lə görüşü yaddaqalan oldu
Noyabrın
16-da AYB-nin Natəvan klubunda IV Gənc
Ədiblər Məktəbi müdavimlərinin Orxan Fikrətoğlu
ilə görüşü oldu.
Əsasən,
"Zorxana"dan tanıdığımız köhnə azərbaycanlı
Orxan Fikrətoğlunun ədəbi siması ilə tanış olmağa bu görüş
yaxşıca imkan yaratdı. Tədbiri giriş sözü ilə
AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid
açaraq, 10 ildən artıq müddətdə fəaliyyət
göstərməkdə olan bu Məktəb barədə məlumat
verdi. O, gənc ədiblərin Orxan Fikrətoğlu ilə
görüşə böyük həvəs göstərdiklərini
dilə gətirdi. O gün həm də Orxan müəllimin
atası - görkəmli şair Fikrət Sadıqın
anım günü idi. R.Məcid Fikrət
Sadıqı ehtiramla xatırladı, miniatür şeirlərini
və şairlə bağlı xatirələrini yada
saldı. Fikrət Sadıqın Məhəmmədhüseyn
Şəhriyarın "Azərbaycan" şeirini farscadan məharətlə
tərcümə etməsini vurğulayaraq şeiri səsləndirdi.
Rəşad Məcid Orxan Fikrətoğlunun ictimai və ədəbi
fəaliyyəti barədə danışdıqdan sonra
sözü ona verdi.
Orxan Fikrətoğlu
gənclərlə ünsiyyət imkanı
yaradıldığına görə təşəkkürünü
bildirib, az qala hər biri aforizmə
çevriləcək fikirlərlə dolu nitqinə
başladı... O, "Dünya mənə Fikrət Sadıq
pəncərəsindən açılıb, o cümlədən
Azərbaycan Yazıçılar Birliyindən"
sözü ilə məkanı, zamanı və
özünü təqdim etdi. Nəyə görə
yazdığını: "Mən idmançı olmuşam,
heç yazmaq istəməmişəm də, bu günə qədər
də istəməmişəm. Amma bu günə qədər
nə yazmışamsa, efirdə nələr etmişəmsə,
kinoda nələr etmişəmsə, ancaq atama görə
etmişəm ki, o, fəxr eləsin" sözləri ilə
etiraf edərkən də ata-oğul arasındakı sıx
bağlılığa işarə vurdu: "Ədəbiyyat
dediyin zamanın sərhədindən çıxmağa
çalışmaqdır, 25-ci saata çıxmaq cəhdidir.
Mənə elə gəlir ki, istər Avropa, istər
Şərq ədəbiyyatında Coysdan, Prustdan sonra
yazılanlar artıq ədəbiyyatdan kənar sapmalardır.
Ədəbiyyat insan və zamandır. Biz 25-ci saatı birlikdə yaşamağa cəhd edən
insanlarıq. Bu baxımdan
nağılçıyıq, təbii ki, ideal insanlar deyilik və
bu yolu seçmişiksə, bu müstəvidə
yaşamağa məhkumuq".
Orxan Fikrətoğlu
antik dövrdə Dionisin şərəfinə keçirilən
qurbanvermə ayini-tragik odalarla ədəbiyyat-yazıçı
arasındakı üzvi əlaqəni
yazıçının özünü sənətə, ədəbiyyata
qurbanverməsi şəklində yozdu: "Ədəbiyyat
satiral, özünü qurban verməyə hazır olan
böyük insanların meydanıdır. Ədəbiyyatın
özü tragediya, yazıçı isə tragik qəhrəmandır
və onun seçimi özünü qurban verməkdir".
O, mənfəət xatirinə yazıçılığa gələnlərə,
ədəbiyyatdan şəxsi niyyətləri naminə istifadə
edənlərə qarşı haqlı olaraq sərt mövqe
sərgilədi: "Əgər sən deputat olmaq istəyirsənsə,
bu, başqa məsələ, ədəbiyyata, xahiş edirəm,
toxunma. Sən siyasi xadim olmaq istəyirsənsə,
ədəbiyyat sənin üçün tramplindirsə,
xahiş edirəm, korlama bu sahəni. Biznesin varsa, yenə
bunu korlama, get biznesinlə məşğul ol". Vəzifədən
çıxarıldıqdan sonra ədəbiyyata yol tapmaq, bu
sahəyə gəlib, burada yer tutmaq istəyənlərlə
bağlı isə dedi ki, ədəbiyyat ürək
işidir, duyum işidir, digər vasitələrlə "ədəbiyyata
gəlmək" olar, ancaq qalmaq yox! Bu məsələyə
Rəşad Məcidin reaksiyası özünü çox
gözlətmədi: "Vəzifədə olanda gizlədirlər,
amma onların bir çoxunda hobbi kimi, bəzilərində
özünütəsdiq kimi yazmaq ehtirası olur".
Müasir
Azərbaycan ədəbi mühitindəki parçalanma da
Orxan Fikrətoğlu diqqətindən yayınmayıb:
"Bugünkü ədəbiyyat mənzərəsi ilə
razı deyiləm, çünki məhəllə-məhəllə,
sayt-sayt birləşiblər. Hərəsinin
öz dairəsi var, hərəsinin öz qəbul etdiyi, etmədiyi
insanlar var. Ümumi ədəbiyyat söhbəti yoxdur".
Orxan Fikrətoğlu
söylədi ki, "Mən"in identifikasiyası problemini həll
etmədən insanın özünü, öz "Mən"ini
və dünyanı anlaması mümkün deyil: "Mən"in
identifikasiyası zaman və məkan içində
özünü anlamaqdır. Sözlə
anlamağa çalışırsınızsa, deməli, siz
mifoloji təfəkkürə, nağıl təfəkkürünə
maliksiniz, realist insanlar deyilsiniz. "Mən"in
identifikasiyası cəmiyyətə təmənnasız xidmətdən
gedəcəksə, uğurlu fəaliyyət olacaq".
Şəfaqət Cavanşir Orxan Fikrətoğlunun
"Papaq" hekayəsi əsasında çəkilmiş
"Ərazi" filmindən bəhs açmağı
xahiş etdi.
O, hekayədə yetişən hər bir papaqlının -
ziyalının kütlə tərəfindən
öldürülməsi məsələsinin
qabardıldığını vurğuladı. "Paxıl"
hekayəsinin realistik zəmini və prototiplik məsələsi
ətrafında müzakirə getdi. Rəvan
Cavid mətbuatda çap olunan kinoplandan bəhs edərək
onların sonrakı taleyini xəbər aldı. Orxan Fikrətoğlu kinodan danışarkən
"Bugünkü Azərbaycan kinosunun təbliğ etdiyi dəyərlər
Azərbaycan xalqının və dövlətçiliyinin təkmilləşməsinə
xidmət etmir" deyərək gileyləndi.
Rəhman Mirzəlizadənin "onun cənazəsi mənim
sağ qalmağımdan daha dəbli idi" cümləsi ilə
"Paxıl" hekayəsinə yenidən
qayıdıldı və Orxan Fikrətoğlu əsərin
yaranma tarixçəsindən danışdı. Paxıllığın
ən pik həddi öldürdüyü insanın
ölüsündən belə əl çəkməmək
motivi ilə verilmişdi. Esmira Günəşə
isə "Qorxu" hekayəsinin sonluğundakı
yazıçı tendensiyası maraqlı idi. Hekayənin məzmunu bir də
danışılır və ideyası - çirkli mühitdə
dənizdə çimməyin mümkünsüzlüyü,
naqis mühitdə nə gül bitər, nə də dənizdə
təmizlənmək ortaya çıxarılır.
Tahirə
Nur "İnsanların təfəkküründə inqilab
yaratmaq üçün hansı mövzuda əsərlər
yazmaq lazımdır?" sualı ilə əqli oyanış
məsələsinə toxundu: "Ədəbiyyat savaş ola bilər bütlərə qarşı, əyriliklərə
qarşı. 40 yaşına qədər
içindəki bütləri qırmayan, 40 yaşından
sonra yaratdığı bütləri qorumayan
yazıçı heç yazıçı deyil. Siz dəyərləri dağıdıb yeni dəyərlər
qurmalısınız ədəbiyyat müstəvisində".
Bəs necə əsərlər yaratmalı? Orxan Fikrətoğlu
ədəbi əsərlərin dil, mövzu və problem məsələləri
üzrə danışdı. "Birincisi
seçimi düzgün edəcəksiniz. Apuleyin
"Qızıl eşşək" əsərindən
başlayıb indiyəqədərki kitabları
oxuyacaqsınız və müəyyən edəcəksiniz
ki, yazım, yoxsa yazmayım. Dünyada
mövzu qalıbmı, qalmayıbmı?! Düşünün,
gedilmiş izlərlə getməyin. Ən
xırda detalı belə özünüz
düşünün. Azərbaycanda neçə dil var,
bu dildəmi yazacaqsınız, ya öz dilinizimi gətirəcəksiniz?!
Bu gün sizin yaşamaq
dövrünüzdür. Yaşayacaqsınız
və yazacaqsınız".
Ümid Orucun "Sizin yazdıqlarınızı hər
kəs oxuyub anlaya bilmir. Konkret bir auditoriya üçünmü
yazırsınız?" sualına cavabında
yazıçı dedi: "Mən özüm
üçün yazıram, "xalq alsın, oxusun" kimi
fikirləri sevmirəm. Müəyyən
intellektual qruplar var ki, onlar oxuyurlar. Əsasən
kitablarımı Türkiyədə çap etdirirəm.
Orada alırlar, oxuyurlar. Azərbaycan
oxucusu, ümumiyyətlə, ciddi ədəbiyyata
alışmayıb".
Rəvan Cavidin "Ciddi ədəbiyyat hansı
standartlardadır?" sualı yerinə düşdü. Orxan Fikrətoğlu zaman və
dastan problemi üzərində dayanaraq şərh etdi:
"Ən böyük ədəbiyyat əsatirik ədəbiyyatdır.
O ədəbiyyat, o təfəkkür ki, 3 fəza ilə - o
dünya ilə, ölümlə və
yaşadığın dünya ilə bağlı deyil, mən
onu ciddi ədəbiyyat saymıram. Ən ciddi ədəbiyyat
dastanlardır. Dastan təfəkküründə
yazmaq ən böyük yazıçılıqdır. Coys, Prust dastançıdır. O ədəbiyyat
ki, səni məbədə aparmır, kilsə, məscid
sinaqoq sakrallığı, sirri yoxdursa o ədəbiyyat
deyil".
Orxan Fikrətoğlunun ayrı-ayrı
yazıçılar barədə səsləndirdiyi fikirlər
maraq doğurdu. Bu gün kütləyə yazıçı kimi
tanıtdırılan Umberto Ekonu publisist adlandırması,
ölkəmizdə çox oxunan Paulo Koelyo barədə
"bizim dövrümüzün ən pis
yazıçısı Paulo Koelyodan 10 dəfə
yaxşı idi" deyimi, Nəsiminin tolerant dövlət
yaratmaq istəyən bir tarixi şəxsiyyət, bir ideoloq,
Hüseyn Cavidin ideoloji şəhid, Mikayıl Müşfiqin
qurban olaraq səciyyələndirilməsi Orxan Fikrətoğlunun
fərqli yanaşmasının göstəricisi oldu.
Aytac Sahəd
"Orxan Fikrətoğlu deyəndə gözümün
önünə "Zorxana" gəlir və mən sizi bir
yazıçı kimi "Paxıl" hekayəsi ilə
tanımışam. Mənim nəzərimdə
"Zorxana"dakı Orxan Fikrətoğlu daha
doğmadır, nəinki yazıçı kimi. Bəs siz hansı Orxan Fikrətoğlusunuz?"
sualı ilə onun iki obrazı barədə fikirlərinə
aydınlıq gətirməyə çalışdı.
O.Fikrətoğlu telejurnalistika fəaliyyətinin əsl mahiyyətini
açıqladı: "Mən vətəndaş olmaq
üçün televizayaya gəldim. Ancaq
"Zorxana" layihəsi və köhnə azərbaycanlı
Orxan Fikrətoğlu o qədər populyarlaşdı ki,
artıq yazıçı, kino-dramaturq Orxan Fikrətoğlunu
arxa plana saldı".
Tədbirdə
Orxan Fikrətoğlu, onun nəzərində, "Azərbaycan
süni yollarla transfer olunmuş "atalar və
oğullar", "qadın azadlığı" məsələlərindən
də danışdı.
Mütaliə
yenə əsas müzakirə mövzul
arından oldu. Esmira Günəş özünə,
öz ətrafına əsasən, kitab oxuyanların çox
olduğunu vurğuladı. Ancaq bu, acı
həqiqəti dəyişdirməyə yetərli deyildi.
Ümumilikdə, bu görüş hazırkı
GƏM-in ən maraqlı toplantılarından biri kimi yadda
qaldı.
Təhminə VƏLİYEVA
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.19.