Qulu Məhərrəmli: "50 yaşa qədər
ad günü keçirilməsinə müqavimət göstərmişəm"
"...Əllərinə
mikrafon götürüb, bir-iki süjet hazırlayan kimi hesab
edirlər ki, artıq mükəmməl televiziya jurnalistidirlər"
Müasir mediamız getdikcə inkişaf edir,
cilalanır, cəmiyyəti ifadə etməyə, demokratik dəyərləri
yaymağa, o cümlədən, fikir plüralizmini dərinləşdirməyə
çalışır. Əlbəttə, bu proseslər, həm də
konkret sahə mütəxəssislərinin səyləri,
onların fəallıqları ilə bağlıdır.
Bu mənada Azərbaycan mətbuatına rəng qatan,
onun inkişafını izləyib maraqlı təhlillər
aparan görkəmli jurnalistlərdən biri də uzun illər
Azərbaycan Dövlət Televiziyasında
çalışmış media mütəxəssisi, BDU-nun
professoru Qulu Məhərrəmlidir.
Bu yaxınlarda Qulu müəllim ömrünün
növbəti baharına başladı, yeni yaşına qədəm
qoydu. Bu münasibətlə tələbəsi kimi onunla həmsöhbət
olduq. Müəllimimiz eyni ilə
mühazirədəki kimi təmkinlə, səbrlə
danışdı, suallarımı ətraflı
cavablandırdı.
-Qulu
müəllim, 65 illik yubileyiniz münasibətilə sizi təbrik
edirəm! Geridə qoyduğunuz illəri necə
xatırlayırsınız?
- Geriyə
baxanda, əlbəttə, ağlı-qaralı çox şey
görünür. Yəni bu, bir
ömürdür, ilin fəsilləri kimi bütün rəngləri
ilə gəlib keçir. Bu illərin
ağı da, qarası da var, xoş günləri, narahat
anları, həyəcanlıları da. Əsas odur ki, ömür
qatarı səs sala-sala gedir və və
bu səslər toplanıb sənin bioqrafiyanı, ömür
kitabını yaradır. İndi həmin
kitabı vərəqlədikcə ömrün o maraqlı
naxışlarını görür və qəribə hisslər
keçirirsən. Bir dəfə məndən müsahibə
alan gənc jurnalistlərdən biri
çox heyrətlə dedi ki, müəllim, vikipediyadan
bioqrafiyanızı oxuyanda az qala nəfəsim kəsildi, bu qədər
işləri necə çatdırmısız? Cavab verdim ki,
siz hələ onu oxuyanda çətinlik çəkirsiniz,
indi təsəvvür edin ki, mən həmin həyatı
yaşamışam...
-İndiyə qədər ən yadda qalan ad
gününüz hansı olub?
-Demək
olar ki, 50 yaşa qədər ad günü keçirilməsinə
müqavimət göstərmişəm, amma
görünür, yaşlandıqca adam ipi
əldən verir (gülür). 60
yaşımı Altıağacda 4-5 dostla qeyd etməyim
yaxşı yadımda qalıb. Burada qeyri-adilik o idi ki,
biz noyabrın 1-də Xızıya tamam başqa məqsəd
üçün getmişdik, amma gecə saat birə işləmiş,
yatmağa uzandığımız vaxtda ev sahibi, professor Mehdi
Sadıqov qəflətən işığı
yandırıb elan etdi ki, artıq noyabrın 2-dir və Qulunun
ad günü başlayır. Biz onun əlindəki
podnosdakı səliqə ilə düzülmüş qədəhləri
görəndə artıq işimizi bildik...
Bu il guya bir az təvazökar
davranmağa, miqyası doğma fakültəmizlə məhdudlaşdırmağa
çalışdıq, amma yenə alınmır. Dostlar, diqqət yetirənlər çoxdur, mətbuat
və sosial şəbəkələr də hadisəni xeyli
"qızışdırır". Bütün
hallarda diqqət göstərənlərin hamısına, o
cümlədən sizin qəzetə minnətdaram.
-Doğulduğunuz
Zəngilan rayonu işğal altındadır...
-Təkcə
doğulduğum yox, həm də orta məktəbi oxuduğum
Şuşa şəhəri də
işğal altındadır. Hesab edirəm ki,
insan yaşlandıqca uşaqlığını daha çox
xatırlayır. Zəngilan da, Şuşa
da mənim üçün bir nisgildir. Yeddi
yaşıma qədər Zəngilanda olmuşam və sonra
Şuşada internat-məktəbdə oxumuşam. Hər
axşam yatanda doğulduğum kəndimiz də, oxuduğum Şuşa da bir kino lenti kimi gəlib
gözümün önündən keçir. Ümid edirik...
Əlbəttə, hamının içində
ümid var. Mən də ümidliyəm ki, Azərbaycanın
işğal olunmuş ərazilərini düşmən
tapdağından qurtarmaq üçün real bir yol olacaq və
o torpaqlar azad ediləcək.
- Uzun illərdir
ki, BDU-nun Jurnalistika fakültəsində dərs deyirsiniz. Siz, əvvəlcə, jurnalist, yoxsa müəllimsiniz?
-Əslində yol jurnalistikadan başlayıb. Heç vaxt
müəllim olmağı arzulamamışam, amma tale elə
gətirdi ki, işləyə-işləyə elmi tədqiqatlarla
məşğul oldum, radionun, televiziyanın tarixini yazdım,
radionu sənət sahəsi kimi araşdırdım, televiziya
dili ilə bağlı doktorluq işi yazdım. Universitetdə də saat hesabı dərs deməyə
başlamışdım. 1998-ci ildə
Jurnalistika fakultəsinin ovaxtkı dekanı professor
Yalçın Əlizadə ştata girməyi deyəndə
imtina etmədim. İndi də dərs deyirəm.
Əslində mən futboldakı məşqçi-oyunçular
kimiyəm. Həm praktik jurnalistika ilə məşğulam,
həm də müəllimlik edirəm.
-Bir
mütəxəssis kimi televiziyaların hazırkı vəziyyəti
ilə bağlı nə deyə bilərsiniz?
- Bizim
televiziya məkanımız ümumən solğundur, amma indi
İTV və AzTV-də gedən müəyyən proseslər,
zəif də olsa ümidlər oyadır. Bizim həm büdcədən
maliyyələşən televiziyalarımız, həm də
özəl kanallarımız var. Bəlkə də mən
televiziyaları bir az çox tənqid edirəm,
amma neyləməli, mən televiziya adamıyam, bu, mənim
işimdir.
Konkret
nöqsanlara gəldikdə isə TV yayımında əsas
problem jurnalistikanın qızıl qaydalarına və teleradio
haqqında qanunlarda müəyyən edilmiş tələblərə
lazımınca məhəl qoyulmaması, qanunun tələblərinin
yerinə yetirilməməsidir. Nüanslar çoxdur, amma iki məsələni
mütləq deməliyik: Birincisi, televiziyalarda yüksək
peşəkarlıq çatışmır. Bu
gün televiziya üçün ən ciddi məsələ məlumatı,
məzmunu cazibədar, oynaq, anlaşıqlı formalarda
çatdırmaqdır.
- Bəs
sadaladığınız mövcud qüsurları aradan
qaldırmaq üçün hansı addımları atmaq
lazımdır?
-Konkret
resept vermək çox çətindir. Hər
TV-nin öz mühiti, üslubu, idarəçilik sistemi, fərqli
ab-havası var. Amma addımlar atmaq mümkündür. Əsas məsələ kanalın
konsepsiyasını, proqram siyasətini düzgün
qurmaqdır. Hər televiziyanın aydın
proqram siyasəti olmalıdır. Bu siyasət
"biz nə istəyirik" sualına dəqiq cavab verməlidir.
Yoxsa TV-lərin bir-birinə
oxşamasının qarşısını almaq mümkün
olmayacaq. Az qala xəbərlərin məzmunu,
düzümü də eynidir. Şou proqramlarda
yenilik yoxdur. Məncə, bunlara əl gəzdirmək
lazımdır və nə yaxşı ki, indi telekanallarda yeniləşməyə
cəhdər göstərilir. Xüsusən
İctimai televiziyada ciddi proseslər gedir, məzmun, mahiyyət
dəyişikliyinin konkret nümunələri ortaya
çıxır. Əlbəttə, belə
olduqda tamaşaçı da dərhal özünün
müsbət reaksiyasını əsirgəmir. Sevindiricidir ki, Dövlət Televiziyasında da belə
cəhdlər var. Yəni təkcə dekorasiyaları yox, həm
də məzmunu, formanı dəyişməyə səy edirlər.
Məncə, bu proses davamlı getməlidir.
-
Hazırda tələbələr televiziya jurnalistikasına
daha çox maraq göstərirlər. Sizcə,
bu nə ilə bağlıdır?
- Mən
bu marağı çox təbii qiymətləndirirəm. Əslində qəzet, radio jurnalistikası kimi şərti
bölgülər də aradan qalxır, multimedia bu sədləri
dağıdır. Hər bir jurnalist birmənalı
şəkildə bu multimedia vərdişlərinə yiyələnə
bilirsə, onun üçün bölgülər tam şərtidir.
Digər tərəfdən,
dövrümüzün dili, ifadə vasitəsi audiovizual
dildir, görüntü dilidir. Ona görə
də tələbələrin bu sahəyə maraq göstərməyi
normaldır. Teleleviziyaya maraq göstərmək
işin bir tərəfidir, amma əsas məsələ bu sahəni
dərindən öyrənməkdir. Çünki
televiziya təkcə yazmağı, düşünməyi
yox, həm də müəyyən dərəcədə
texniki vərdişləri, bacarıqları önə çəkir
və bizim tələbələr bu sahəyə meyillidirlər.
Müşahidə edirəm ki, tələbələr
bu sahəni maraqla öyrənməyə çalışırlar,
televiziyalarda çalışır, süjetlər
hazırlayır, təcrübə toplayırlar.
- Bəs
tələbələrin böyük əksəriyyətinin
ancaq televiziya jurnalistikasına maraq göstərməsi bir
jurnalist kimi sizi narahat etmir?
- Xeyr. Əksinə həmin sahəyə gələn adamları, xüsusilə, istedadlıları görəndə onların seçimlərini normal qiymətləndirirəm və bu, məni qətiyyən narahat etmir. Narahat edən sadəcə olaraq onların öz inkişaflarında müəyyən bir nöqtədə dayanmalarıdır. Yəni əllərinə mikrafon götürüb, bir-iki süjet hazırlayan kimi hesab edirlər ki, artıq mükəmməl televiziya jurnalistidirlər. Halbuki öyrənmək davamlı, yaradıcı, dönməz, fasiləsiz bir prosesdir. Ona görə hər gün, hər süjeti hazırlayanda yeni nəsə öyrənməlisən. Görüntü dili ilə danışmağı, montaj prosesində yeni məna yaratmağın incəliklərini, ifadə tərzini öyrənməlisən. Mətni oxuyanda ustalaşırsan, məntiqi vurğunu, görüntü ilə işləməyi öyrənirsən.Yəni televiziya yaradıcılığı çox cazibədardır, həm də dərinliklərə baş vurmağı tələb edən bir sahədir. Ona görə televiziyaya mehr salan tələbə onu çox dərindən öyrənməlidir.
- Tələbələr arasında çox sevilirsiz. Bunun sirri nədədir?
- Məncə, müəllimi niyə sevdiklərini tələbələr daha dəqiq izah edə bilərlər. Bəlkə də tələbə müəllimin nə isə öyrətdiyini hiss edəndə ona hörmət edir. Bəlkə də biliyinə, şəxsiyyətinə rəğbəti olur. Düzü, mən tələbələrin çoxuna gələcək peşəkar jurnalist kimi baxır, onlarla həmkar kimi davranıram. Bu tərzdən sui-istifadə edənlər də olur, amma bu, mənim prinsipimi dəyişmir. Tələbə anlayanda ki, müəllim ona nəyisə öyrətmək, onun beynini, zəkasını işıqlandırmaq istəyir, o zaman rəğbətini gizlətmir. Digər tərəfdən, tələbə sənə həm də vətəndaş kimi baxır, bu da münasibəti müəyyən etməkdə az rol oynamır. Amma bütün hallarda tələbənin sənə sevgi, rəğbət və inamla yanaşması gözəldir.
-Dostlarınız arasında da bu qədər mülayim və sakitsinizmi?
- Sizə kim deyib ki, mən həmişə və hər yerdə bu qədər mülayim və sakitəm (gülür). Əlbəttə, ümumən mülayim adamam, amma yeri gələndə sərtliyim də olur, xüsusən də tələbkarlıq mənasında. Mənimlə birgə çalışanlar bilir ki, işdə, elmdə və tədrisdə güzəşti qəbul etməyən adamam. Seminarlarda tələbələr bunu görür. Dərs üçün verdiyim tapşırıq yerinə yetirilməli, mövzu öyrənilməli, tapşırdığım ədəbiyyat oxunmalıdır. Məsələn, builki 1-ci kurs magistrlərlə söhbətlərimiz çox yaxşı alındı. Bilirsiz niyə? Çünki H.Zərdabinin, C.Miltonun və M.Rəsulzadənin məşhur məqalələrini oxumağı tapşırmışdım, çox həvəslə girişib oxudular və bizim çox maraqlı diskussiyalarımız oldu. Həmin müəllif və əsərlərdən bixəbər olsalar, biz bir-birimizi necə anlaya bilərik!?
-Elçin Şıxlı, Arif Əliyev kimi tanınmış jurnalistlərlə yaxın dostluğunuz var. Maraqlıdır ki, onlarla görüşərkən jurnalistikanın bu günü haqqında da danışırsınızmı?
-Zatən, bizim başqa söhbətimiz olmur, görüşəndə mətbuatın müxtəlif problemlərini müzakirə edirik. Birlikdə layihələr düşünürük, mediamızı canlandırmaq üçün planlar cızırıq. Təbii ki, cəmiyyətin də, millətin də problemlərini dartışırıq, amma söhbətlərin mərkəzində jurnalistikanın bu günü dayanır. Fikir mübadiləsi aparırıq, nöqsanları görməyə, ümumiləşdirməyə çalışırıq, öz gücümüz çatan qədər konkret fəaliyyətimizlə kömək etməyə çalışırıq. Məsələn, adlarını çəkdiyiniz dostlarla Press-klubun fəaliyyətini buna görə bərpa etmişik. Hazırda həmin klubun internet TV-sini yaratmaq barədə düşünürük.
-Gənc jurnalistlərə məsləhətiniz nədir?
-Gənc jurnalistlər heç məsləhətə qulaq asana oxşamırlar (gülür), amma bir şeyi mütləq demək istərdim. Bilsinlər ki, jurnalistika yazıçılıq və şairlik deyil, amma yazıçılıq kimi insan ruhunun diri olmağını istəyir. Jurnalistika ruh və əxlaq məsələsidir, həvəsdir, istəkdir, xarakterdir, prinsipiallıqdır, istedaddır. Əgər həmin xüsusiyyətləri özünüzdə görmürsünüzsə, yolu sona qədər gedə bilməyəcəksinizsə, bu peşənin ardınca getməyin. Yox, əgər bu yolu sona kimi getməyi qərara almısınızsa daim öyrənməyə çalışın, biliklərinizi cilalayın, hər şeyə tənqidi yanaşmağa çalışın, müşahidələriniz iti olsun və həmişə həqiqətin yanında olun.
Səkinə SEYİDƏLİYEVA
BDU
Jurnalistika fakültəsinin II kurs tələbəsi
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.17.