Azərbaycan tolerantlıq məkanıdır
Azərbaycan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələrinə malik unikal ölkələrdəndir.
Dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan, beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradan ksenofobiya, islamofobiya, antisemitizm və irqçilik fonunda, Azərbaycanda bütün xalqların, sərbəst və dinc şəraitdə birgə yaşamaları, onların dini etiqad azadlığına malik olmaları olduqca təqdirəlayiqdir.
Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və digər dinlərə etiqad edən insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində vahid bir ailə kimi yaşayırlar. Çünki tolerantlıq və multikulturalizm azərbaycanlıların həyat tərzidir. Ölkəmizdə fərqli dinlərin nümayəndələrinə qarşı düşmənçilik və nifrət hissləri yoxdur, əksinə, xüsusi hörmət və qayğı vardır.
Bu səbəbdəndir ki, bu gün Azərbaycan bütün dinlərə, həmin dinlərə etiqad edənlərə tolerant münasibət sərgiləyən, bu münasibəti qoruyub saxlayan və inkişaf etdirən Tolerantlıq məkanı kimi tanınır. Çoxkonfessiyalı, çoxmillətli bir ölkə kimi Azərbaycanda hər bir insanın hüquqları Konstitusiya ilə müdafiə olunur. Digər sahələrdə olduğu kimi, dövlətin qayğısı və dəstəyi bu sahədə də qabarıq şəkildə hiss olunmaqdadır. Məscidlər, sinaqoqlar, kilsələr daim dövlət tərəfindən əsaslı şəkildə təmir edilir və ya yeniləri tikilir.
Mürəkkəb coğrafi mövqedə yerləşməsinə, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri azad şəkildə yaşayır, birgə fəaliyyət göstərir, öz dini ibadətlərini sərbəst icra edirlər.
Azərbaycanda tarixboyu mövcud olan bu müqəddəs ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də multikultural dəyərlərin təbliği daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Bu gün Azərbaycan dövləti müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunub saxlanılmasına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsi kontekstində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Multikulturalizm bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində böyük uğurla həyata keçirilir və bu da Azərbaycan tolerantlığının gözəl bir örnək kimi bütün dünyada təbliğinə əsaslı şərait yaradır.
Bunun bariz nümunəsidir ki, 14-15 noyabr tarixlərində Bakı növbəti dəfə mühüm bir tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi etdi. Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin, 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri bu tədbirdə iştirak etdilər.
Qeyd edək ki, ikigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında müzakirələr aparıldı.
Tədbirin hazırda dünyamızda dini ayrı-seçkiliyə yol verildiyi, münaqişələrin, dini dözümsüzlüyün, radikalizmin, ksenofobiya, islamofobiya, antisemitizm və irqi ayrı-seçkilik hallarının yaşandığı, dindən siyasi məqsədlər üçün istifadə edildiyi, münaqişələrə dini don geyindirildiyi, münaqişələr zamanı tarixi-dini abidələrin amansızlıqla dağıdıldığı, məhv edildiyi bir dövrdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, bu cür önəmli beynəlxalq tədbir dünyanın nüfuzlu din xadimlərinin, dini liderlərinin bir araya gətirilməsi, dini təbliğatın doğru istiqamətdə aparılması və dini bilik səviyyəsinin artırılması məqsədilə cəmiyyətin maarifləndirilməsi baxımından da olduqca önəmlidir.
Bu mənada ölkəmizdə təşkil olunan Dünya dini liderlərinin II Bakı Sammitinin qlobal müstəvidə müxtəlif mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsi, qarşılıqlı etimad mühitinin yaradılması, dünyada gedən dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıması ilə yanaşı, xalqımızın qədim multikultural dəyərlərinin geniş təbliğinə, həmçinin, ölkəmizin beynəlxalq arenada müsbət imicinin gücləndirilməsinə də dəyərli töhfələr vermiş oldu.
Eyni zamanda, bu tədbir xalqımızın üzləşdiyi işğalçılıq siyasəti və onun törətmiş olduğu fəsadların, mədəni və dini abidələrimizin, ziyarətgahlarımızın məhv edildiyinin, Ermənistan tərəfindən Azərbaycana qarşı təkcə işğalçılıq, etnik təmizləmə deyil, həmçinin, dini ayrı-seçkilik siyasətinin də aparıldığının dünya ictimaiyyətinin nəzərinə çatdırılması baxımından da əvəzsiz fürsət idi.
Onu da qeyd etmək lazımdır ki, bu cür önəmli beynəlxalq tədbirin məhz ölkəmizdə keçirilməsi, xalqımızın və dövlətimizin bu sahəyə verdiyi mühüm önəmdən, ölkəmizin beynəlxalq arenada olan yüksək nüfuzundan və ona göstərilən yüksək etimaddan xəbər verir.
Coşqun MƏMMƏDOV
Azərbaycan Respublikasının Milli Məclisi, Elm və təhsil
komitəsinin eksperti
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.16.