Musiqili Teatrdan yeni layihə

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Kamil Həsənovun solo konserti olub.

Teatrdan bildirilib ki, konsertdən əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi, Əliqismət Lalayev istedadlı musiqiçinin yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat veribona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, teatrda çalışan prezident təqaüdçülərinin konsertlərinin bundan sonra da mütəmadi şəkildə təşkil ediləcəyini söyləyib.

"Azərbaycanda gənc istedadlara dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Kamil Həsənov da onlardan biridir. O, Akademik Musiqili Teatrda ötən ildən fəaliyyətə başlasa da, musiqi aləmində qazandığı uğurlarının başlanğıcı illər öncəyə təsadüf edir. Hələ 14 yaşında ikən - 2010-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun adı Gənc istedadların "Qızıl kitabı"na yazılıb və dövlət başçısının xüsusi təqaüdünə layiq görülüb. Öz yaşıdları arasında gözəl musiqi duyumu, yüksək ifaçılıq məharəti ilə fərqlənən Kamil beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib, ilk uğurunu 2007-ci ildə Gənc Pianoçuların IV Bakı Müsabiqəsində qazanıb. Sonra Ukraynada keçirilən Azərbaycan-Rusiya Mədəniyyətlərarası Dostluq Festivalında birinci yerə layiq görülüb. 2009-cu ildə Gürcüstanda, 2012-ci ildə isə Macarıstanda keçirilən gənc pianoçuların beynəlxalq festivallarında birincilik əldə edib, qızıl medallar qazanıb", - deyə Ə.Lalayev bildirib.

Tamaşaçılar Kamil Həsənovun ifasında dünya şöhrətli bəstəkarların əsərlərini - Fredrix Şopenin "Vals №7" və "Noktürn №20", Riçard Koçiantenin "Lune" və "Belle", Beret Vaunun "A time for us" ("Romeo and Julietta"), Tofiq Quliyevin "Qaytağı", Yirumanın "River Flows in you", Fərhad Bədəlbəylinin "Dəniz" və həmçinin Kamilin öz bəstəsi olan "Zaman" və "Elegiya" əsərlərini maraqla qarşılayıblar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.