Usanmayan eşq yolçuları
Bəxtiyar Aslanın
"Üç əqrəb zamanı" kitabı haqqında
düşüncələr
Zamanla "izm"lər bir-birini əvəz etdikcə bəzilərinin
davamlı olduğu (realizm), digərlərinin isə müəyyən
zaman kəsiyi çərçivəsində tamamlanaraq
(klassisizm, sentementalizm, romantizm, postmodernizm) meyllər olaraq
davam etməkdə olduğu görünür. Marağın
səngimədiyi cərəyanlardan biri də modernizmdir.
Avropada formalaşan ədəbi cərəyanlar çox
zaman Şərq ədəbiyyatında fərqli şəkildə
təzahür edir. Bu fərqliliyə köklənmək
yazıçının güclü tərəfidir. Qərb
və Şərqin müxtəlifliyi haqqında bir çox
tanınmışlar bəhs etsələr də, zənnimizcə,
ədəbiyyatşünas alim Yaşaq Qarayev bu fərqliliyi
çox qısa və konkret şəkildə, məsələnin
mahiyyətinə vararaq ifadə edib: "İnsanın meymun mənşəyini
Batıda, insanın tanrı mənşəyini Doğuda kəşf
ediblər. "Mənəm meymun! - yox, "Mənəm Allah!" imperativini ilk dəfə
dünyaya ürfan, təsəvvüf, Nəsimi elan edib".
Şərqdə qədim zamanlardan başlayaraq insana mənəvi-ruhsal
yanaşma yer almışdır. Müasir
yazıçılar bu məqamlara diqqət etməlidirlər.
Əks halda qərb
yazıçılarının imitasiyası, motivlərin,
düşüncə tərzinin təqlidi müsbət nəticə
vermir. Azərbaycan ədəbiyyatında
XX əsrin 90-cı illərində müşahidə olunan bu
çür yanaşma 2000-ci illərdə tədricən
aradan qalxaraq yaradıcı münasibətlə əvəzlənmişdir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
nümayəndəsi, yaradıcılığında klassik
formalarla yanaşı, postmodern romanlar müəllifi,
yazıçı-şair İlqar Fəhmi "müasir Qərb
nəsr formalarını götürüb, içini bizim
Şərq təfəkkürü" ilə işlədiyini
qeyd edir.
Bəxtiyar Aslanın modern hekayələri də, bu
baxımdan maraq doğurur. Hər bir hekayədə
ilk olaraq situasiya-hadisədən bəhs olunur, sonradan bu hadisənin
doğurduğu hisslərin, emosiyaların əksi yer alır.
Baş verənlər personajın daxili
dünyasına baş vurmasına, həyatının
mühüm anlarını, hisslərini yenidən
yaşamasına səbəb olur. Hadisələrin
yaşandığı an və əbədiyyət
müstəvisində təsvir edildiyi hekayələrdə
zaman və məkan münasibətləri emosional ahəng
hesabına dolğunlaşır, genişlənir.
Emosiyaların fabulanı üstələdiyi hekayələrdə
mürəkkəb mənəvi-psixoloji durumu
canlandırmağa çalışan müəllif dəqiqliklə,
monoton tərzdə, uzun-uzadı personajın düşüncələrini
əks etdirməkdən çəkinmir. Gözlənilməz
assosiasiyaların (ölümün "üzün sahilindən
qanad açan mavi bir quş" olaraq ifadə olunması),
antitezaların ("Hər şeyin başlandığı
zaman o pis, o qaranlıq bitmə düşüncəsi də
üzə çxımış oldu" ("Lacivərd"),
"Eşqin öldürməklə bir əlaqəsi
olmalıdır..." ("Üç əqrəb
zamanı") yer aldığı hekayələrdə fikrin
tez-tez qırılması müşahidə olunsa da, mətndəki
detallar, refren olaraq işlənən cümlələr
("Lakin mən böyüyərək aşiq oldum"
("Mirzənin dərəsi"), "Ölüm mənə
bir güllə surəti ilə gələcəyini söylədi"
("Ölüm və mavi quş"), "O zamanlar şair
idim mən" ("Kül") əsərlərdə
ümumi ahəngin qorunmasına zəmin yarada bilir.
Hekayələrdə
başqa əsərlərdən, müəlliflərdən
xatırlatmalar da yer alır. Qərb ədəbiyyatından
Qreqor Zamza (F.Kafka "Çevrilmə"), ekzistensialistlərlə
yanaşı, Şərq təfəkkürünə xas
obrazlar ("Leyli və Məcnun") nağıl, mifologiya
(hal arvadı), hürufi və sufiliklə bağlı motivlərə
müraciət olunur, Həzrət Əlinin ("Elm bir
nöqtəydi, onu alimlər çoxaltdı") fikri verilir.
Uğurlu məqam ondadır ki, müəllif Şərq fəlsəfəsini
hazır qəliblərə işləməyə
çalışmır, sadəcə sufizmin, hürufiliyin məlum
atributlarından istifadə etmir, bu fəlsəfəni
özünün hiss etdiyi, anladığı şəkildə
təsvir edərək mətnə "hopdurmağa" nail
olur.
Əksər hekayələrin strukturunda qarşıdurma
yer alır, əsərlər yaşam və ölüm,
yaxşı və pis, düz və əyri, tam və natamam əksiklər
üzərində qurulur. Əsasən eşq, ölüm,
qorxu kimi əbədi mövzulardan bəhs edən müəllif,
"Eşq nədir?" sualını hər dəfə fərqli
şəkildə cavablandırır: "İnsanı
aşiq edən suallardır, övladım, suallar eşqin tələləridir.
Bir qadın özünə çəkmək
istəyirsə, suallardan istifadə eləyir. Bir xeyli sual buraxar gedərkən sənin
üçün. Soruşa-soruşa
aşiq olarsan. Suallar tükənincə,
eşq də bitər" ("Leyla və güzgüdəki
kiçik fuque"). "Eşq də belə
bir şeydir. İnsan bir sevgilidən
çox öz içində yaşatdığı, meydana gətirdiyi,
böyütdüyü sevimli obrazına aşiqdir. Çox vaxt sevgili, onun obrazını doldura bilməz.
Hətta heç bir zaman doldura bilməz. Buna görə bütün sevgililər o obrazın
gerçək sahiblərinin adıyla xatırlanır.
Hamısının adı ya Leyla, ya Züleyxadı..." ("Ölüm və mavi quş"). Və ya "Eşq də bir şeydir, eləmi?
Susduqca yaşayan, amma söz olmaq
üçün çırpınan, qarşısında
dayanılmaz bir sel kimi çağlayan? İçimdə
o seli, dünyanı qabağına qatıb bir top kimi yumalayan
seli necə həbs edə bilərəm?" ("Mirzənin
dərəsi"). Yazar getdikcə
eşqin də əvvəlkindən fərqli olduğunu, əzəli
yanaşmanın zamanla səthiləşdiyini qeyd edir. "Məcnun" deyə bilərsiniz. Amma ilk hərfi daima kiçik olsun. Çünki mənim bir adım var, eyni ilə
Leylanın adı olduğu kimi. Amma onun ilk
hərfi həmişə böyükdür", "Leyla
adı ertələnə bir şey oldu, niyə?" ("Leyla və güzgüdəki kiçik
fuque") kimi fikirlərdə mövzudan fərqli aspektdə
bəhs edilir.
Hisslərin bütün çalarlarını, müxtəlif
şəkillərini canlandırmağa çalışan
yazar hər əsərində mövzunu yeni yanaşma, yeni
duyğularla zənginləşdirir. "Ölüm mənə
bir güllə sürətiylə gələcəyini
söylədi.
Bunun bir həyatı soyunmaq mənası verdiyini bilirdim. Köhnələrin təcridi
dedikləri şey... Hər təcridin bir yenilənmə
olduğunu da bilirdim. Yenilənmə, yenilərin yenilənmə
dedikləri şey... Elə isə ölüm mənə,
məni yeniləmək üçün gələcəkdi"
("Ölüm və mavi quş").
"Ölüm
və mavi quş", "Köpük" hekayələrində
ölüm gözləntisi, "Aramızda
danışan" əsərində irfani bir eşq,
"Qorxunun aynasında" üstələdiyi qorxunu
"küçə küçə axtaran" insan, tənhalıq
haqqında hekayə- pritçalarda ("Qüllə",
Quyu", "Kül") müxtəlif psixoloji durumlar əks
olunur. Daxili monoloq şəklində nəql edilən hekayələrdə
xəstə, tənha insanın şüurunu saran qorxular, iki
insan arasında yaşanan münasibətlər və s.
süjetin üst qatı olaraq əks edilir, alt qatda isə
ciddi fəlsəfi məzmun ehtiva edilir. Hisslərdən
səmimi və intuitiv şəkildə bəhs olunur. Ekspressiv təhkiyə elementlərindən istifadə
(rənglərlə ifadə), sürrüalist təsvir, əhval
dəyişikliklərini izləməyə, hiss və
düşüncələri dəqiqliklə əks etdirərək
psixoloji təsviri dolğunlaşdırmağa imkan verir.
Əsərlər müxtəlif yozumlar ehtiva edir. Ayrılıq anının əks
olunduğu "Aynadakı yolçuluq" əsərində
vidalaşmağa gələn, lakin bu addımdan çəkinməyə
çalışan əks tərəf, qadını
güzgüyə baxdığı an
yaxalayır. İlk olaraq onları ayıran ayna
sonradan onları birləşdirən məhfuma çevrilir.
Aynadakı əks təhrifdir, insanın
özü deyil. "... aynada
görünən heç bir şeyin gerçəkdə dəyərinin
olmadığını bilirəm". "Gözəldin
və yalnız özünü deyil, hər şeyi aynanın
işində görürdün. Həyatı
da öz gerçəkliyinin içində deyil, aynanın
içindəki gerçəklikdə
yaşayırdın". Əks tərəf aynaya daxil
olaraq vəziyyəti dəyişməyə
çalışır, öncə özü dəyişir:
"Aynanın içində əvvəlcə bədənimin
dağılaraq, əriyərək, çözülərək...
işığa döndüyünü gördüm". İstədiyinə çatmaq üçün insan
manelər dəf etməli, öncə özü dəyişə
bilməlidir. Bunu üçün o, nağıl qəhrəmanları
kimi sədlər aşmalı, düşmənlərə
(öz daxili düşmənlərinə) qalib gəlməli
olur: "Atdığım hər addım cəhənnəmin
də, cənnətin də iki qatlanaraq böyüməsinə
səbəb olurdu. İçimdə bir-birini bəsləyən
iki əjdaha var deyə düşündüm. Onlardan biri digərini yox etmək istəyir, müxtəlif
soyuq silahlarla onun başını kəsirdi. Amma hər dəfəsində kəsilən
başın yerində iki yeni baş peyda olur, baş kəsən
bununla rəqibini böyütməkdən, çoxaltmaqdan
başqa bir şeyə yaramadığını anlayır;
intəhası yenə eyni şeyi təkrarlayırdı".
Yolçuluğunun sonunda öz uşaqlığı ilə
görüşü baş tutur:
"Uşaqlığımla görüşməyimin səbəbini
anlamağım uzun çəkmədi. Sən aynanın
içində yol başlayan zaman geriyə doğru gedən hər
bir şey kimi bayırdakı "mən" də
üzün sürən yolçuluqdan sonra içində
daşıdığı cövhərlə
qovuşmuşdu... Sənə
yaxınlaşıb qarşında dayandım. Sənə baxdıqda əvvəlcə
özümü, sonra mənim içimdəki "sən"i,
daha sonra isə mənim içimdəki "sən"in
içindəki "mən"i gördüm. Sona qədər bir-birimizin içində
çoxalan görüntülərlə bir-birimizə
baxmağa başladıq. Həmin anda
aynanın içindəki yolçuluğumun məni də
aynaya döndərdiyini anladım. Səsimi qısaraq səndən:
"İndi biz sonadək iki ayna kimi
qarşı-qarşıya oturaqmı?" - deyə
soruşdum. Sən də səsini qısaraq "Bəli"
dedin". Beləliklə, ayanın transformasiyası
- ayırıcıdan qovuşdurucu obraza çevrilməsi,
uzun bir yolçuluq, "mən"in dəf edilməsi ilə
mümkün olur.
İrfani bir sevgidən bəhs olunan "Aramızda
danışan" əsərində Eşq haqqında
variasiyalar, fərqli zaman konsepsiyaları yer alır. "Üçüncü
dil", qeyri-müəyyən, yuxu və ya gerçək
olduğu bilinməyən gerçəklik, "görülən
deyil, qurulan yuxu", "yuxu kimi axıb keçən"
zaman əks olunur. "Sənə belə
bir yuxunun, gerçəkdən yuxu olan bir yuxunun içindən
çıxaraq gəlməliyəm. Çünki
gerçək yavaşıdan, dayandıran bir şeydir".
Özünü simvolik şəkildə ifadə etməyə
çalışan personaj fərqli assosiasiyalara üz tutur:
"... oturdum sənin kölgəndə. Əriyərək,
torpağa sızaraq bir damla su kimi... Çölə
atsaydın məni...o sapsarı yanan çölə, gözlərində
sərinliyi tapan çölə...
Bəlkə, ən çoxu bir saniyə yaşaya bilərdim. Varlığımı bir su damlası olaraq bir saniyə duya bilərdim. Sonra dağılan, sovrulan bir buxar olardım, bəlkə. Bir buxar olaraq varlığımı hiss edə bilərdinmi?" Eyni zamanda, fərqli yaşam kredosu əks olunur: "Yoxluğa nə qədər yaxınlaşa bilərəmsə, o qədər yaxınlaşmaq və tam orda var olmaq istədim". Kiçik bir hekayədə aldanışlar, həyatda öz yerini, "mən"ini axtaran insanın çabaları, xəyanət, ümidsizlik kimi anlar, bütöv bir insan ömrü metaforik şəkildə əks olunur. Sonda isə insan yeni qüvvə ilə həyata sarılır: "Gecəylə barış, ey ruhum. Gecədə gecənin gizlətdiyindən daha çox şey gizlənir. Fəqət axtarılmaz, axtarılsa da, tapılmaz. Gecəylə barış və gözlə. Səssizliyi gözlədiyin kimi. ...Ölümü gözlədiyin kimi... Ölümü gözləyən hər kəsi və hər şeyi salamlayaraq.... Sonra vaxtı salamla... Səssizcə gələni səssizcə qarşıla.... Yalnızca eşqi anlat. Yalnızca eşqi, sevgilidən belə təmizlənmiş eşqi... O, səni ondan təmizləmək üçün vardır. Sonra səni o türbənin içindən keçirəni düşün...".
"Üç əqrəb zamanı" əsərində isə ölümü, qorxunu simvolizə edən əqrəblə qarşılaşma əks olunur. Personaj onu öldürmək və ya başqa yolla canını qurtarmaq haqqında düşünsə də, "... ölümlə burun-buruna yaşamağın həyəcanını" öldürmək istəmir. Dəhşət saçan əqrəb sevgi xətti ilə birləşir: "Əqrəb... pis bir qara. Qara bir ləkə... Yaxada olsa... Silib atsan... Silərkən barmaqlarını qoxulasam... barmaqlarının arasından bir qoxu yayılsa... Uçucu... Bihuş... bayıldacaq hətta... İçimə çəksəm... Yuxum gəlsə... İçimdə bir ləkə kimi, böyüyən, dağılan... Bir ur... Bir yara... Vücudumu bürüyəcək zamanla... Eşq... Sən... Boşluq... Kainatın mənası olmalıdır..."
Müəllifin "Kül" hekayəsində "kül"dən dönüb "küll" olmağa can atma əks olunur, insanın can atdığı konkret, eyni zamanda, qeyri-müəyyən bir obyektir: "... o gedir saçlarını küllə boyadır, nədənsə mənə eskimosları xatırladan bir çantanı yelləyərək qapıdan girir. Sonra çiyinləri açılır, sol qolundakı peyvənd izini barmağımla yoxlayıram, başını arxaya atıb züm-züməyə başlayır, beləcə bir səs, bir ritm, bir nəğmə içində dağılıb yox olur. Hər şey küldür. "Küll" deyirəm, bir hərfi çoxaldaraq. Hər şey küldür, küll hər şeydir..."
Modernist nəsrdə təhkiyəçi mühüm rol oynayır, hadisələr onun tərəfindən nəql edilir, müəllif obrazı isə nisbi xarakter daşıyır. Bəxtiyar Aslanın hekayələri birinci şəxsin dilindən nəql olunsa da, bəzən yazıçı mətndən kənarlaşaraq kursivlə fərqləndirilən parçalarda oxucusuna müəyyən ipucları verərək fərqli istiqamətə yönəltməyə çalışır ("Leyla və güzgüdəki kiçik fuque") "Mənim müəllimlərim var, bir hekayəçiyəm mən. Tanıdığınız hekayəçi. Bir də "nöqtələri çölə qoy" deyən biri. Onun kim olduğunu deyə bilmərəm. Amma içinizdə mütləq sezənlər olacaq". Əsasən natamam sonluqla bitən hekayələrdə mövzular öz həllini tapmır, bəzən müəllif alternativ sonluqlar haqqında fikirlərini bölüşür. Sonuc yeni-yeni düşüncələr doğurduğundan. çoxlu suallar yaranır.
Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabında cəmlənən əsərlərinin poetik cəhətdən zənginliyi, daxili monoloqdan şüur axınına keçid, assosiasiyaların, metaforik-simvolik qatın mürəkkəbləşməsi onun yaradıcılıq təkamülünü izləməyə imkan verir.
Lalə HƏSƏNOVA
525-ci qəzet.- 2019.- 22 noyabr.- S.14.