Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov

 

 

İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur.

 

Sovet dövrünün gözdən, könüldən uzaq Kamçatkasında əsgərliyi başa vurub Bakı Dövlət Universitetinə qəbul imtahanına gəlmiş cavan və kimsəsiz bir oğlan uşağının taleyini yazan bir anın tarixi mövcudluğu kimi: 1964-cü ilin isti avqust günlərində qəflətən gəlib düşdüyüm qarmaqarışıq Bakı şəhəri ilk anda mənə çox ögey bir məkan təsiri bağışladı. Amma neyləmək olardı, o uzaq Kamçatkadan on dörd min kilometr yol gəlmişdim və Ağdama, doğma kəndimiz Novruzluya dəyməyə bir gün də vaxtım qalmamışdı. Özümü qəbul imtahanlarına çatdırmışdım və səhəri gün bu Universitetin Filologiya fakültəsinin Jurnalistika şöbəsində Dil və ədəbiyyat fənnindən yazılı imtahan verməliydim. Bu da bir tale qisməti idi və mən özümü o imtahana çatdırmışdım.

İmtahan qəbul edən iki cavan müəllim auditoriyada vargəl edir, deyəsən, ancaq o zaman "konspekt" deyilən bir kağızdan gizli köçürmələrə nəzarət edirdilər. Bu yazılı imtahandan tanımadığım bir oğlan və mən eyni vaxtda inşanı bitirib auditoriyadan çıxmaq üçün həmin o cavan müəllimlərdən icazə istədik. Onlar bizim yazını belə tez bitirməyimizə bir az təəccübləndilər və başları ilə çıxmaq icazəsi verdilər...

İki gündən sonra o zaman "Nizami-49" deyilən bir ünvanda yazıların nəticələrini bilməyə yığıldıq və 192 nəfər abituriyentin içərisində yalnız mənim "əla" qiymət aldığım məlum oldu. Mən hələ orta məktəbdə öyrəşdiyim bu "əla"dan o qədər də  sevinə bilmədim, çünki bu fəndən qarşıda - cəmi 5 gün sonra  şifahi imtahan vardı və mən ümumiyyətlə şeir əzbərləyə bilmədiyim üçün ən çox bu şifahi imtahandan narahat idim. Həmin o "əla" qiymətə bir az da heyifim gələ-gələ şəhərdə hərlənirəm və bu ögey, qarmaqarışıq şəhərdə beynimdə bircə fikir dolanır ki, imtahanda məndən əzbər şeir soruşsalar vay mənim halıma. Sonra gəlib bir kafenin qarşısına çıxıram. "Araz" kinoteatrının yanında "Bahar" kafesi. İçəri girirəm və öyrənirəm ki, burada yaxşı, həm də ucuz yeməklər var. Bizim kənddə "süddaş" deyilən yeməyi alıb, seyrək bir guşəyə çəkilmək istəyirəm. Qəflətən hiss edirəm ki, bu seyrək yerdə oturub çörək yeyən cavan bir oğlan iki gün əvvəl bizdən yazılı imtahan qəbul etmiş müəllimlərdən biridir. Hə... indi ona mənim sözüm var və bir neçə boş stolu qoyub,  heç bir icazə-zad istəmədən onun yanında otururam. Ürəyimdə sözüm var, amma cəsarət eləmirəm. O cavan müəllim yeməyini bitirib, yavaş-yavaş getməyə hazırlaşır. İndi bu son anda Allah mənə bir cəsarət verir və mən çəkinə-çəkinə :

- Müəllim, sizdən bir xahiş etmək istəyirəm...

Müəllim tanımadığı bu cavan oğlana diqqətlə baxır və ürəkdən gələn bir həvəslə:

- Buyur - deyir.

Və mən bayaqdan nə yediyimi bilmədən hazırladığım sözü ona deyirəm:

- Müəllim, siz bizdən yazılı imtahan qəbul etmisiniz, - Jurnalistika şöbəsində mən o imtahandan "əla" almışam...

Müəllim dərhal sözümü kəsir:

- Hə, sən o Kamçatkadan gələn əsgər oğlansan?

- Bəli - deyirəm - amma sizdən bir xahişim var. Şifahi imtahanda məndən nə soruşursunuz soruşun, bircə əzbər şeir deməyi mənə güzəşt edin. Mən nə şeir olsa məzmununu danışacam, amma şeiri əzbərləyə bilmirəm.

Müəllim ayağa durdu və gülümsəyə-gülümsəyə:

- Narahat olma,  bütün, Universitet sənin Kamçatkadan gəldiyini bilir, hamı istəyir ki, sən qəbul olasan - dedi və çıxıb getdi.

Beş gün keçdi və mən şifahi imtahanda da həmin iki müəllimin birlikdə imtahan qəbul etdiklərini gördüm. Allahım, bax, bu, bir tale qisməti idi və mən özüm-özümü "tapşırdığım" o gülərüzlü müəllimin qarşısında oturmuşdum. Birinci sual: Nizaminin lirikası (Vallah mən o şairdən səriştəsiz tərcümələri bu günün özündə də əzbərləyə bilmərəm). Şeirlərin bir neçəsinin məzmununu danışıram, bəzi təhlillər aparıram. Hiss edirəm ki, məndən razı qalırlar, amma birdən kafedəki müəllim mənə müraciət edir:

- İndi o şeirlərdən bir-ikisini də əzbər de.

Bu çox təəccüblü bir sorğu idi və mən təəccüblə müəllimin üzünə baxıram. Yəni ki, bəs kafedəki söhbət? O da bərkdən gülür- yəni ki, qorxma yadımdasan, zarafat edirəm. Bu sözləri mən onun gülümsər gözlərindən oxuyuram və bu anda o ikinci müəllimə müraciətlə: - Ağamusa, gəl bunun qiymətini saxlayaq - deyir.

Bu o demək idi ki, abituriyentin yazıdan aldığı "əla" təkrar edək. Və onun "Ağamusa" deyə müraciət etdiyi o xoşsifət müəllim imtahan vərəqindəki "əla"nın altından bir "əla" da yazıb kağızı mənə qaytarır.

- Çox sağ ol - deyir - səndən çox razı qalırıq.

Bu yazının lap əvvəlində dediyim bir anın insan taleyinə yazıldığı ömür yolu elə o andan başladı, o ömür yolunu o iki müəllim Allahın hökmü ilə mənim qismətimə yazdı...

Çox keçmədi ki, mən o ögey şəhərə öyrəşdim, dostlarımı, tanışlarımı tapdım və o iki müəllimi də hər gün Universitetin o zamanki Kommunist-6-da yerləşən (indiki Azərbaycan İqtisad Universiteti) binasının dəhlizində hər gün görəsi oldum: Filologiya elmləri doktoru Firidun Hüseynov və Filologiya elmləri doktoru Ağamusa Axundov... Sonralar hiss elədim ki, yüksək səviyyəli müəllimləri ilə qürur duyduğumuz Filologiya fakültəsində o iki müəllimin ayrıca yeri varmış, lap cavan vaxtlarından elmlər doktoru, professor olmuşlar. Firidun müəllim ədəbiyyatçı, Ağamusa müəllim dilçi. Hər ikisinin SSRİ miqyasında elmi şöhrəti, adı-sanı var. Hər ikisi insanlıq keyfiyyəti ilə alimlik adını qoşa yazıb talelərinə. Sonralar mən Ağamusa müəllim haqqında cümlələri sevgi dolu yazılar yazmışam. Bu pritçanı isə balaca bir kafedə "tanış" olduğum o gülərüz müəllimə, gülərüz insana, hələ tanımadığı cavan bir oğlana göstərdiyi qayğısını heç vaxt unutmadığım Firidun Hüseynova həsr edirəm. Çünki o, mənim həm də əlimdən tutub ədəbiyyat aləminə ayaq açmağımda ilk ustadım olub.

Bu dünyada ən dəqiq söz, ən dəqiq  proqnoz atalara məxsusdur. "Alim olmaq asandır, insan olmaq çətin" kimi müdrik atalar sözünün dəqiqliyinin min dəfə şahidi olmuşuq. Elə Universitetimizin özündə nə qədər "alim" var ki, insanlığı həmişə şübhə doğurub. Tələbələrinin kurs işlərini üst-üstə qoyub doktor olanları da görmüşük ki, "alimlərin" ən iddialısı, "mənəm-mənəmlisi" də elə onlar olur. Alimliyi və insanlığı sinxron şəkildə cəmiyyətə məlum olan Universitet müəllimləri içərisində Firidun Hüseynov həmişə ilk sırada dayanmışdı. O, özünün saysız- hesabsız elmi əsərlərinin hər birini ərsəyə gətirdikcə daha təvazökar, daha sadə, daha iddiasız görünürdü. Onu Mir Cəlal müəllim kimi böyük yazıçı, alim, pedoqoq bir şəxsiyyət özünə yaxın  dost bilirdi. O qədər yaxın ki, "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kimi fundamental bir dərsliyi birgə yazmışdılar. İki böyük alimin - müəllimin qələmindən çıxan həmin dərslik sovet ideoloji kanonlarının at oynatdığı bir dönəmdə meydana çıxmasına baxmayaraq, bu gün də ədəbiyyata meylli hər kəsin stolüstü kitabıdır.

Universitetimizin Filologiya fakültəsi həmişə bütöv bir institut səviyyəsində olmuşdur. Burada mənim yaxından tanıdığım, yeri gələndə əlimdən tutmuş professor Əlövsət Abdullayev - türk  sözünün qadağan edildiyi vaxtlarda "Türkologiya" kafedrasını yaratmış bir şəxsiyyət var idi. Burada həmin kafedranın müdiri, professsor Fərhad Zeynalov, məşhur dilçi alim Muxtar Hüseynzadə, dünyaca məşhur dilçi Ağamusa Axundov, professor Yusif Seyidov,  akademik Tofiq Hacıyev kimi şəxsiyyətlər var idi. Bu alimlərin hamısı Firidun müəllimi özlərinə ən yaxın, doğma adam bilirdilər. Qəribədir, ilk dəfə qəbul imtahanında bir yerdə bizdən imtahan götürən iki müəllim - Firidun Hüseynov və Ağamusa Axundov ömürlərinin axırınadək ən yaxın dost oldular. Zaman eyni, insanlıq xarakteri eyni, savada, biliyə, milli ənənələrə eyni bağlılıq bu iki fenomen şəxsiyyəti dost eləmişdi.  Mən Ağamusa müəllimin adını ilk dəfə Dil və Ədəbiyyatdan şifahi imtahan verəndə - yuxarıda xatırlatdığım anda - Firidun müəllimin ona müraciətindən eşitmişdim və elə o andan o Ağamusa adı mənə çox doğma olmuşdu. Ağamusa Axundov dilçi, Firidun Hüseynov ədəbiyyatçı. Bu iki alimi bir-birinə bağlayan eyni vaxtda dilimizə, ədəbiyyatımıza sinxron sevgiləri idi. Onlar bir-birinə iki dost kimi çox yaraşırdılar. Onları həm də bir-birinə mənəvi təmizlikləri bağlayırdı. Bəlkə elə bu təmizliyə görəydi ki, onları mütəmadi olaraq bir yerdə qəbul imtahanlarına salırdılar. Onlar heç vaxt kiminsə abituriyent haqqını tapdamağa qoymazdılar. Bu təmizlik, bu ədalət onların sifətindən oxunurdu və Tanrı, deyəsən, onları daha çox bu təmizliyə görə dost eləmişdi.

F.Hüseynov Azərbaycan ədəbiyyatının ən mükəmməl nümayəndələrinin yaradıcılığını tədqiq edirdi. 1964-cü ildə - 31 yaşında (o zaman üçün çox təəccüblü idi) namizədlik dissertasiyası müdafiə etmişdi. "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda bu dissertasiya öz mükəmməlliyi ilə böyük ədəbiyyat alimlərinin yüksək qiymətini qazanmışdı. 1978-ci ildə "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Bu, artıq mənim də gözümün qabağında baş verirdi və o dissertasiya şurasında Mir Cəlal müəllimin həmin əsərə verdiyi qiymət bizdə qürur hissi doğurmuşdu.

XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ədəbi-bədii fikrində yaranan yeni ədəbi məktəblər və bu məktəblərin davamçıları Firidun müəllimin əsas tədqiqat obyektləri idi. Təkcə monoqrafiyalarının adlarına diqqət etsək, onun tədqiqatlarının həm də azərbaycançılığa xidmət sevgisi üzə çıxacaq: "Əli Nəzmi", "Adi əhvalatlarda böyük həqiqətlər", "Satirik gülüşün qüdrəti", "Molla Nəsrəddin" və "molla nəsrəddinçilər". Bu monoqrafiyalarda yaradıcılığı tədqiq olunan bütün ziyalılar 1930-cu illərin repressiyalarına tuş gəlmiş, bəzilərini tale xilas etmiş ədəbi qüvvələrdir. Professor Firidun Hüseynov Azərbaycan ədəbiyyatında elə şəxsiyyətlərin yaradıcılığını tədqiqata cəlb etmişdir ki, onlar birbaşa milli ruha bağlı insanlar olmuşlar. Əlbəttə, onun milli ruha bağlılığı birdən-birə yaranmamışdı. Bu sahədə onun vətənə, millətə xidmət missiyasını təkcə bədii əsərlərində deyil, həm də tədqiqatlarında yerinə yetirən Mir Cəlal kimi müəllimi var idi. Mən onun hər sözündə, hər söhbətində Mir Cəlal obrazına müqəddəs münasibətinin canlı şahidi olmuşam. Mir Cəlalın  professor Abdulla Abbasov, professor  Təhsin Mütəllimov... kimi tələbələri sırasında Firidun müəllimin ayrıca yeri var idi. Bu yer onunla müəyyən edilirdi ki, Firidun müəllim də öz ustadı kimi həmişə klassikaya, korifeylərə müraciət edirdi. Bizim bu gün haqqında qürurla danışdığımız Filologiya fakültəsi 100 illiyini qürurla qeyd etdiyimiz Universitetimizin yaşıdıdır. Bu fakültədə yaranmış Azərbaycan ədəbiyyatı tarixi kafedrasının indi də 80 yaşı var. Bu kafedraya Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Mir Cəlal Paşayev kimi böyük alimlərlə bir sırada  Firidun Hüseynov 1979-1986-cı illərdə  rəhbərlik edib. Bu gün AMEA-nın müxbir  üzvü, professor Nərgiz xanım Paşayevanın rəhbərlik etdiyi bu kafedranın bütün əməkdaşları Firidun müəllimi xüsusi sevgi ilə xatırlayır. Kafedranın bütün əməkdaşlarının klassikaya məhəbbət ruhunun həmişə şahidi olmuşuq. Akademik Bəxtiyar Vahabzadənin, AMEA-nın müxbir üzvü Abbas Zamanovun əhatəsində olmaq elə Vətən sevgisi ilə, klassika sevgisi ilə nəfəs almaq demək idi. Kafedra bu gün də klassikaya diqqətini öndə saxlayır. Kafedranın bugünkü rəhbəri AMEA-nın müxbir üzvü, professor Nərgiz xanım Paşayeva Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğində ardıcıl fəaliyyət göstərir. Onun təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılmışdır. AMEA-nın müxbir üzvü, professor Nərgiz xanım Paşayeva "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə Heyətinin üzvü, "ÜNS" bədii yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyəti"nin həmsədridir.

Azərbaycanın  yeni dövr milli intibahının görkəmli, nümayəndəsi, yaratdığı ədəbi məktəblə bütün Şərqdə nümunə kimi tanınan Cəlil Məmmədquluzadə yaradıcılığı  F.Hüseynovun tədqiqatlarında mükəmməl təhlilini tapmışdır. Firidun müəllim özünün doktorluq dissertasiyasını və bir sıra fundamental monoqrafiyalarını bu millət fədaisinin yaradıcılığına həsr etmişdir. Onun "Adi əhvalatlarda böyük həqiqətlər", "Molla Nəsrəddin" və "mollanəsrəddinçilər" kimi monoqrafiyaları Mirzə Cəlili, onun yaratdığı realist ədəbi məktəbi və bu məktəbin çoxsaylı nümayəndələrini öyrənmək üçün özü bir məktəbdir. Ədəbiyyat tariximizin  XIX əsr dövrünün elə nümayəndələri var ki, onlar yalnız bu tədqiqatçının araşdırmalarından sonra cəmiyyətə təqdim olunmuşlar.

Professor F.Hüseynov Universitetimizin patriotu idi. O, tələbələrinə ilk dərsində əvvəlcə Bakı Dövlət Universitetinin millət üçün, xalq üçün hansı missiyanı daşıdığını izah edirdi. Mən bu müəllimi lap cavan vaxtında Jurnalistika fakültəsində hansı səbəbdənsə Mir Cəlal müəllimi əvəz edərkən tələbə kimi dinləmişəm.  O anda Mir Cəlal müəllim kimi sevdiyimiz və öyrəşdiyimiz bir müəllimin dərsini lap bir qoşa saat olsa da, bu cavan oğlan necə aparacaq sualı doğdu ağlımızda. Amma dərhal hiss olundu ki, bu cavan oğlan Mir Cəlal məktəbinin istedadlı yetirməsidir və bu dərsi əvəz etməyə ancaq onun haqqı çatar. Onun bir qoşa saat dərsi mənim bu gün də yadımdan çıxmır. O, həmin dərsdə Azərbaycan mətbuatının tarixi ənənələrini, bu mətbuatın həmişə bədii ədəbiyyata bağlı olduğunu bizə faktlarla izah etdi və o zaman adının çəkilməsi qadağan edilmiş "Füyuzat" ədəbi məktəbindən, bu məktəbdə özünü göstərən jurnalistika və bədii ədəbiyyatın birgəliyindən danışdı. Bir az keçdi və biz jurnalistikamızın, mətbuat tariximizin korifey tədqiqatçısı Şirməmməd Hüseynovdan qadağan olunmuş həmin şəxsiyyətlərin bütöv obrazları barədə müfəssəl məlumat aldıq.

F.Hüseynovun bu qədər zəngin yaradıcılıq potensialı həm klassik, həm də müasir dünya ədəbi proseslərinə yaxından bələdliyi ilə əlaqədar olmuşdur. Onun Azərbaycan ədəbiyyatına dair əksər əsərləri dünya ədəbi prosesi ilə müqayisədə təqdim olunur. Xüsusilə XIX əsr rus ədəbiyyatına yaxından bələd olması, Lev Tolstoy, F.Dostoyevski, İ.Turgenev, M.Lermontov... kimi sənətkarların yaradıcılığı onun əsərlərində çox yer tutmuşdur. XX əsrin M.Şoloxov, İ.Bunin, müasir ədəbiyyatın V.Şukşin, V.Belov, V.Astafyev, D.Qranin və b. kimi yazıçılarının sovet dövrü ideoloji kanonlarını necə dəf edə bildikləri və bu ədəbi üslubun Azərbaycan yazıçılarına təsiri məsələləri ilə bağlı əsərləri müəllifin həmin sahədə bilgilərini ortaya çıxarırdı.

F.Hüseynovun yetişdirdiyi elm adamları bu gün Azərbaycanı beynəlxalq ədəbi aləmdə təmsil edən alimlər kimi tanınırlar. Firidun müəllim ömrünü çox sevdiyi Universitetə, bu Universitetin Filologiya fakültəsinə, bu fakültənin Azərbaycan ədəbiyyatı kafedrasına bağlamışdı. Bu gün həmin fakültənin professor-müəllim heyəti hər an onu ustad kimi, xoşməramlı insan kimi, əziz dost kimi minnətdarlıqla xatırlayır.         

Akademik Nizami Cəfərov tez-tez xatırladığı bu müəllimi haqqında deyir:

"Filologiya fakültəsində çox müəllimlərim olub. Hərəsinin bir xarakteri, hərəsinin özünəməxsusluğu. Amma onların hamısını istisnasız demək olar ki, hamısını bir keyfiyyət birləşdirirdi: tələbəyə sevgi. Firidun müəllim tələbəyə hörmət və sevginin zirvəsində dayanırdı. Mən ədəbiyyata məhəbbətimi orta məktəbdən gətirmişdim. Amma bu marağı məndə daha da artıran Firidun müəllim oldu. Onun öz müəllimlərinə hörməti bizə də öz müəllimlərimizə sevgi ilə yanaşmağı öyrətdi. Bizim hamımızın qəlbində xüsusi yeri olan Mir Cəlal müəllim Firidun Hüseynovun müəllimi idi. Firidun müəllim deyirdi: "Bilirsiz Mir Cəlal müəllim ədəbiyyatşünaslıqda niyə bu qədər səmimi və dəqiqdir? Çünki o, həm də elə bu sahədə ustad yazıçıdır.

Firidun müəllim hər dəfə auditoriyaya daxil olanda şəxsən bizim kursun tələbələri elə bilirdik ki, bir müəllimdən artıq bir dostumuzla görüşürük. O, bizim dostumuz idi. İndi biz hər dəfə o böyük  insanı, o böyük müəllimi, tələbələrin o böyük dostunu xatırlayanda ürəyimizdən ona oxşamaq keçir. Amma bunu bacarırıqmı? Hər halda nəyimiz varsa, biz həm   o unudulmaz müəllimimizə borcluyuq". 

Firidun müəllim cəmi 53 il yaşadı. O, alim ömrünün ən fəal vaxtında dünyasını dəyişdi. Amma onun  bu qısa ömür yolundakı yorulmaz fəaliyyəti, bu fəaliyyətin aydın cığırları heç vaxt unudulan deyil. O, böyük bir yaradıcılıq irsi qoyub getdi. Firidun müəllim  hər birimizə, xüsusilə gənclərə nümunə olan bir ailə sahibi idi. Bu ailənin başında indi onun sədaqətli həyat yoldaşı Lalə xanım dayanıb. Bakı Dövlət Universitetinin kitabxanasında çalışan bu xanımın xarakterinə diqqət etdikcə belə bir qərara gəlirsən ki, tale Firidun müəllimə özünə yaraşan, onun kimi Vətən, xalq, elm, kitab, ailə sevgisi ilə yaşayan bir xanım qismət edib. Bu ailənin bir qızı Jalə Hüseynova Firidun müəllimin çox sevdiyi Bakı Dövlət Universitetində məhz onun öz ömrünü bağladığı Filologiya fakültəsində - Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışır. Bu, bəlkə də bir tale qismətdir  ki,  o kafedranın Firidun müəllimə bağlı hər bir üzvü Jalə xanımı görüb də hər gün  sevimli müəllimini xatırlayır.

Firidun müəllimin bir oğlu məhkəmə sistemində çalışır. Atasından aldığı insanlıq, ədalət, doğruluq, obyektivlik keyfiyyətləri  Araz Hüseynovun xarakterinin aparıcı istiqamətləridir. Mən bu yerdə "tale" və "qismət"  sözlərini təkrar edəcəm. Çünki bəlkə də taleyin hökmüdür ki, Firidun müəllimə layiq bir oğul kimi böyümüş Araz Hüseynovla biz bir binada, bir blokda yaşayırıq. Az qala hər gün gördüyüm adam. Mənim Universitet yolumun ilk cığırına çıraq olan bir müəllimin yadigarı. Atası yerişli, atası duruşlu, yeni nəsil Azərbaycan ziyalısının nümunə timsalı kimi yaxından tanıdığım bu insan mənim qürurumdu, fərəhimdi. Dünya beləcə gəlir, gedir. Düz 55 il bundan əvvəl sadə bir kafedə rastına çıxan və qəbul imtahanı üçün özünü bu sadə müəllimə "tapşıran" cavan əsgər oğlan indi yaşının bu ahıl vaxtında hər gün o müəllimin övladını görür və o müəllimin yoxluğunun təsəllisini onun övladından alır...

Firidun müəllimin daha bir oğlu Seyhun Hüseynov Universitetimizin iki fakültəsini bitirib və gömrük sahəsində çalışır. Mənim o qədər də yaxından tanımadığım  Seyhun haqqında bacısı Jalə xanım ürək dolusu sözlərlə danışır və mən bir daha əmin oluram ki, Firidun müəllimin böyütdüyü bu övladlar onun qurduğu bir ailənin müqəddəslik ruhunu həmişə qoruyub saxlayacaqlar.

Bəli, Firidun Hüseynov az yaşadı, amma millət, xalq üçün, dünənki tələbələri üçün, sabahın tələbələri üçün, filologiya elmimiz üçün qoyub getdiyi fundamental əsərləri, doğmalarının qoruduğu bir ailə onu əbədi yaşadacaq.

 

 

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.12;13.