Mirzə Cəlil Məmmədquluzadə irsinə daha bir mənəvi abidə   

 

 

Məlum olduğu kimi, yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ictimai fikri, mədəni inkişafı, ədəbi düşüncəsinin ən görkəmli nümayəndələrindən biridir.

 

Onu XX əsrin əvvəlləri kimi ziddiyyətli, lakin olduqca əhəmiyyətli ictimai dəyişiklərlə səciyyələndiyi bir dövrün avanqard ziyalılarından biri kimi tanıyırlar. Bu görkəmli şəxsiyyət, ədibin öz sözlərilə desək, "milli intibah vədələrində", "dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı, fələklərin bir-birinə qarışdığı, millətlərin oyanıb gözlərini açdığı, pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etdikləri, mənaların özgə təbir əxz etdiyi, şeylərin əsl mənalarını tapdığı" olduqca əhəmiyyətli və ciddi bir dönəmin öndəgedən, fəal, ideoloq ziyalılarından biri olaraq əbədiyaşarlıq qazanıb.

 

O, Azərbaycan ictimai və ədəbi fikrində tənqidi realizmin banisi, azərbaycançılıq ideyalarının qüdrətli təbliğatçısı və ən güclü ideoloqu, kiçik hekayənin böyük ustadı, yenitipli satirik şeirin, bədii nəsrin və dramaturgiyanın yaradıcısı, dünyaşöhrətli "Molla Nəsrəddin" jurnalının baş redaktoru və naşiri, "Molla Nəsrəddin" ədəbi məktəbinin ağsaqqalı, mollanəsrəddinçilik hərəkatı və təliminin başçısı, milli istiqlal ədəbiyyatının sərkərdəsi, xalqın bədiiləşdirilmiş surəti olan "kiçik" adamın böyük müdafiəçisi və ideoloqu kimi yaddaşlara yazılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də bu görkəmli Azərbaycan dühasının yaradıcılığını və ictimai-ədəbi fəaliyyətini çox yüksək qiymətləndirirdi. "Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır", - deyən Ulu öndər Heydər Əliyev də məhz Cəlil Məmmədquluzdə irsinin milli oyanış missiyasını başlıca məziyyət olaraq dəyərləndirmişdir.

 

Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadənin şəxsiyyəti ölkəmizdə hər zaman əziz tutulub, əsərləri ardıcıl olaraq nəşr edilib, tamaşaya qoyulub, yubileyləri yüksək təntənə ilə qeyd edilib. Vaxtilə bu görkəmli söz ustadının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli söz ustadı, yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında 17 yanvar 2019-cu il tarixli Sərəncam da imzalamışdır. Sərəncamda Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə yüksək dəyər verilərək deyilir: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur".

Bu görkəmli söz və fikir adamının yorulmaz və nəhəng tədqiqatçılarından olan akademik İsa Həbibbəyli onun haqqında bəhs edərək yazırdı: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikir tarixində, sözün geniş mənasında, milli istiqlal, demokratiya və Vətən azadlığı uğrunda mübarizənin ön cərgəsində dayanır. Onun yaradıcılığı gələn hər yeni nəsil üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir". Mənsub olduğu xalqının inkişafı, oyanışı və istiqlaliyyəti yolunda misilsiz xidmətlər göstərmiş bu görkəmli qələm sahibi, ictimai xadim və bənzərsiz milli ziyalının anadan olmasının 150 illik yubileyinin keçirilməsi istiqamətində çoxsaylı tədbirlər silsiləsinə aid ən qiymətli hadisələrdən biri olaraq böyük ədibin xatirəsini əbədiləşdirmək məqsədilə çap edilən "Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər" (Bakı, 2019, "Ecoprint", 2019, 720 s.) kitabını yüksək razılıqla qiymətləndirmək olar. Qeyd edildiyi kimi, kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqındakı 17 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq çap edilmişdir. Elə kitabın ilk səhifələrində də məhz bu qiymətli dövlət sənədi öz yerini tapıb. Kitab əsas hissəyə məhz Cəlil Məmmədquluzadə şəxsiyyəti və Azərbaycan xalqının milli sərvətinə yüksək dəyər verən bu dövlət sənədinin xeyir-duası ilə açılır. Kitabın baş redaktoru, görkəmli elm adamı, Cəlil Məmmədquluzadənin yorulmaz və cəfakeş tədqiqatçısı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, tərtibçisi isə gənc tədqiqatçı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfovdur. Kitabın əsas hissəsi akademik İsa Həbibbəylinin "Ön söz"ü ilə başlayır. Burada kitabın çap olunma məqsədi və əhəmiyyətindən başlayaraq çapa vəsilə olan dövlət sənədinə münasibət, görkəmli ədibin şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı izahat, xidmətləri barədə obyektiv qiymətləndirmə öz əksini tapıb.

Kitaba, qeyd edildiyi kimi, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı, şəxsiyyəti və irsini əhatə edən məqalələr, esselər, müsahibələr və ona həsr edilmiş şeirlər daxil edilib. Kitabın birinci bölməsi olan "Məqalələr" adlı hissəsi görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadə irsinin ən böyük himayəçisi, qayğıkeşi, dəyər və qiymət verəni Ümummilli Lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik yubileyilə bağlı parlaq çıxışı ilə başlayır.

Çox yaxşı haldır ki, kitaba Cəlil Məmmədquluzadə haqqında ən qiymətli məqalələr, bu görkəmli ustadın nəhəng tədqiqatçılarının əsərləri daxil edilib. Cəlil Məmmədquluzadə ənənələrinin həm davamçısı, həm də ən sanballı tədqiqatçısı professor Mir Cəlalın, Cəlil Məmmədquluzadə irsinin kamil bilicisi, Xalq yazıçısı Anarın, Sabit Rəhmanın, Sabir Rüstəmxanlının, mirzəcəlilşünaslığın sütunu olmaq haqqını çoxdan qazanmış akademik İsa Həbibbəylinin, akademik Tofiq Hacıyevin, AMEA-nın müxbir üzvləri Muxtar Kazımoğlunun, Kamran Əliyevin, Tehran Əlişanoğlunun, hörmətli professorlar Qorxmaz Quliyevin, Buludxan Xəlilovun, Kamil Vəli Nərimanoğlunun, İslam Ağayevin, Asif Rüstəmlinin, Təyyar Salamoğlunun və çoxsaylı digər alim və tədqiqatçıların məqalələri toplanmışdır. Burada həmçinin, "Xarici müəlliflər və xarici dildə məqalələr" başlıqlı hissədə Çingiz Aytmatov, Yavuz Akpınar, Halina Kobetskayte, Həmidulla Baltabayev və başqa xarici müəlliflərin, eləcə də Elmira Axundova, Nazim Muradov, Ataxan Paşayev və digər yerli alimlərin xarici dillərdə nəşr olunmuş məqalələrinin yer alması kitaba əlavə dəyər qatıb. Buraya daxil edilən müxtəlif esselər, müsahibələr dövrünün "Molla Nəsrəddin"i kimi tanınan böyük ədib Cəlil Məmmədquluzadə irsinin dərk olunmasına geniş imkanlar yaradıb. Bu qiymətli kitabda həmçinin, Rəsul Rzadan başlayaraq bizim günlərədək Cəlil Məmmədquluzadə irsinə münasibətlə yazılmış müxtəlif qiymətli şeir və poemalar, o cümlədən, Xalq şairi Məmməd Arazın, akademik İsa Həbibbəylinin, Arif Abdullazadənin, Rüstəm Behrudinin, Məhərrəm Qasımlının, Hüseyn Bağırlının, Zeynal Vəfanın əsərləri yer alıb.

Kitab hər şeydən əvvəl mirzəcəlilşünaslıq və mollanəsrəddinşünaslıq üçün olduqca qiymətli bir töhfədir. Çünki məşhur bir kəlamda deyildiyi kimi, "biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar". Bu mənada haqqında bəhs etdiyimiz kitab Cəlil Məmmədquluzadə kimi ölməz və əbədiyaşar bir görkəmli ədibin irsinə qoyulan mənəvi abidə, ölməz yadigar olaraq düşünülə bilər. Bunu da əlavə etmək yerinə düşər ki, "Cəlil Məmmədquluzadə: məqalələr, xatirələr" adlı kitab böyük ədibin yubileyinə töhfə olaraq 1967-ci ildə vaxtilə nəşr edilmişdi (Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1967, 460 s.). Burada Cəlil Məmmədquluzadə ilə bağlı yazılmış 60-cı illərə qədərki məqalə və xatirələr yer almışdı. Düz 52 il sonra bu məsələyə qayıtmaq zərurətini hiss edən görkəmli elm adamı akademik İsa Həbibbəylinin tövsiyəsi ilə adıgedən kitabın davamı olan "Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər" kitabı böyük ədibin anadan olması yubileyinə əvəzsiz töhfə olaraq qiymətləndirilə bilər. Həmçinin, bu kitab daha çox 60-cı illərdən üzü bəri mirzəcəlilşünaslığa və mollanəsrəddinşünaslığa dair yazılan əsərləri özündə cəmləşdirib. Burda toplanan əsərlər daha çox müstəqillik dönəmini əhatə etməklə azad milli təfəkkür müstəvisində Azərbaycan Molla Nəsrəddini Cəlil Məmmədquluzadə haqqındakı ictimai-elmi fikri özündə əks etdirir. Kitab həm də mirzəcəlilşünaslıq üçün əhəmiyyətli mənbə olması etibarilə də qiymətlidir. Tədqiqatçılar, xüsusilə ədəbiyyatşünaslar, müəllimlər, tələbələr, habelə Cəlil Məmmədquluzadə irsinə maraq duyan bütün oxucu kütləsi üçün bu kitab mühüm əhəmiyyət kəsb edir. Çox uzun bir zaman ərzində Cəlil Məmmədquluzadəyə həsr edilmiş çoxsaylı əsərləri özündə cəmləşdirən bu mükəmməl kitab etibarlı mənbə olaraq yüksək dəyər qazanır. Ümumiyyətlə, "Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər" kitabını mirzəcəlilşünaslığa dair mükəmməl mənbə olaraq qiymətləndirmək haqq olar. Bu vəsilə ilə də bəhs olunan kitabın bundan sonrakı tədqiqatçıların stolüstü kitabı olacağını qətiyyətlə demək mümkündür. Bütün sahələrə dair məqalə və müxtəlif materialları özündə toplayan kitab Cəlil Məmmədquluzadə kimi görkəmli bir ədəbi simanın tədqiq və öyrənilməsi tarixini əlçatan etmək baxımından olduqca təqdirəlayiqdir.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.11.