Unudulmaz illər
Həyatımın böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Müsəlman
Şərqində ilk Avropa
tipli ali
təhsil ocağındakı
unudulmaz tələbəlik
illərim tez-tez kino lenti kimi
gözlərimin önündən
keçir.
Bu il noyabr
ayının 7-də də
elə oldu. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində BDU-nun 100 illiyinə
həsr olunmuş tədbir keçirilərkən,
mən bir də ötən illərə qayıtdım,
tələbəlik illərimi
yenidən yaşadım.
Tədbirə BDU-nun rektoru Elçin
Babayev başda olmaqla nüfuzlu nümayəndə heyəti
gəlmişdi. ADMİU-nun rektoru, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Ceyran Mahmudova qonaqları və toplantı iştirakçılarını salamladı və hər iki təhsil
ocağının rektorları,
təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində bu
əlamətdar, tarixi
yubiley günü ilə əlaqədar keçirilmiş tədbirlərdən
iftixarla söz açdılar.
Müzakirələrdə mən də çıxış
etdim, ürək sözlərimi dedim. Mən
1954-59-cu illərdə Bakı
Dövlət universitetinin
Filologiya fakültəsində
təhsil almışam.
O vaxt bizə dərs deyən müəllimlərimin sadəcə
adlarını sadalasam,
məncə, hər şey aydın olar. Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmməd Arif Dadaşzadə, Məmmədhüseyn Təhmasib,
Məmməd Cəfər
Cəfərov, Cəfər
Xəndan, Əkrəm
Cəfər, Əli Fəhmi, Muxtar Hüseynzadə, Ağamusa
Axundov, Musa Adilov... Belə Ustadları görmək, onların mühazirələrini
dinləmək xoşbəxtlikdi.
Bu nəhəng elm xadimlərinin hər biri, sözün həqiqi mənasında, bir məktəbdi. O illərdə əsas cəhət müəllimlərimizin
biz tələbələrə olan böyük inamıydı. Məsələn, professor Əli Sultanlı
III kurs tələbələri
olan bizlərə Roma
ədəbiyyatına dair
rus dilində çap olunmuş ədəbi nümunələri
vermiş, onları ana dilimizə tərcümə etməyi
tapşırmışdı. Mənə italiyan dramaturqu Terensinin "Qardaşlar"
pyesi verilmişdi.
Çox
tez bir vaxtda
həmin pyesi dilimizə tərcümə
edib Əli Sultanlıya təqdim etdim. Başqa tələbə yoldaşlarımda onlara verilmiş şeir, poema və pyeslərin
tərcümələrini hazırlayıb
təhvil verdilər.
Tez bir zamanda "Roma ədəbiyyatı müntəxabatı"
adlı kitab işıq üzü gördü. Həmin müntəxabatda
biz tələbələrin tərcümələri verilmişdi.
Elə həmin il Bəxtiyar
Vahabzadənin rəhbərlik
etdiyi ədəbiyyat dərnəyinin üzvləri
olan Universitet tələbələrinin şeir
və hekayələrindən
ibarət "Gənclik
nəğmələri" adlı kitab da çap olundu.
Sevincimizin həddi-hüdudu yox idi.
Mən təhsil
illərində Universitetin
mahnı və rəqs ansamblının da fəal üzvlərindən
idim, tar çalırdım. Ansamblın bədii
rəhbəri məşhur
sənətkar, tarzən
Əhsən Dadaşov
idi. Tez-tez qastrol səfərlərinə
gedirdik: Moskvaya, Dərbəndə, Tbilisiyə...
Tələbəlik illərimin unudulmaz hadisələrdən biri də böyük türk şairi Nazim Hikmətin Azərbaycana gəlişi
və onunla 1957-ci ildə Universitetdə keçirilmiş görüş
oldu. Akt salonunda oturmağa
yer yox idi.
Mən lap arxada ayaq üstə dayanıb bu nəhəng sənətkarın
çıxışına maraqla qulaq asırdım.
O, çıxışının bir yerində dedi: "Məni Universitetinizə dəvət
etdiyiniz üçün
çox xoşbəxtəm.
Gün gələcək,
sizlərdən də
bir nəfər mənim məmləkətimə
gedəcək... Ondan bir ricam var. O, mənim Vətənimdə
- Türkiyədə olanda
desin ki, bizə də sizin Nazim gəldi.
Nə öyrəndisə bu dünyada, bizdən öyrəndi. Vətənimə
məndən salam desin. Çünki bəlkə mən
məmləkətimi görə
bilmədim. Amma
o, görəcək..."
O vaxt ağlıma da gətirə bilməzdim ki, gün gələcək, mən Bakıda və Moskvada Nazim Hikmətlə şəxsən görüşəcək
və sonra da onun yaradıcılığı
haqqında dissertasiya yazacağam.
Mən 1961-ci ildə
Bakı Dövlət Universitetinin "Yaxın Şərq xalqları ədəbiyyatı tarixi"
kafedrasının aspirantı
oldum. Nazim Hikmətlə görüşlərim,
şair dünyasını
dəyişənədək, yəni 1963-cü ilin iyun ayına qədər davam etdi. Mən 1967-ci ildə namizədlik
dissertasiyamı müdafiə
etdim. Müdafiəmdə
Nazim Hikmətin müəllimi hesab edilən Zəkəriyyə
Sərtəl (o vaxtlar
Z.Sərtəl Bakıda
yaşayır, Azərbaycan
radiosunun xarici verilişlərində, Türkiyə
redaksiyasında işləyirdi)
məşhur alimlər
Həmid Araslı, Əkrəm Cəfər, Yusif Ziya Şirvani
iştirak edirdilər.
Aspirant olduğum müddətdə
mənə böyük
etimad göstərilmişdi. Mən artıq
BDU-nun müəllimi idim.
Müdafiəmdən sonra da burada pedaqoji fəaliyyətimi davam etdirdim. Aradan 57 il keçir...
Bu illər ərzində mən Universitetin Şərqşünaslıq fakültəsində
ardıcıl dərs
deməsəm də, həmişə sıx təmasda olmuşam, elmi rəhbər və opponent kimi də fəaliyyət göstərmişəm.
Bugün Universitet müəllimləri arasında mənim yetirmələrim var və bununla fəxr edirəm. Mən BDU-nun yubileylərində də iştirak etmişəm. Bu yubileylərin ən unudulmazı 1969-cu il noyabr ayının 1-də BDU-nun 50 illiyinin qeyd edilməsi günü ilə bağlıdır. Həmin tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilində nitqini salondakılar sürəkli alqışlarla qarşıladılar. O vaxt üçün-bütün tədbirlərin, yazışmaların rus dilində aparıldığı bir dövrdə bu, gözlənilməz bir hadisə idi.
1991-ci ildən mən çox gözəl ab-havası olan unikal bir təhsil ocağında - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Ancaq Bakı Dövlət Universitetini heç zaman unutmuram.
Bu Universitetmənim həyatımın
ayrılmaz bir parçasıdır.
Yubileylərin birində Şərqşünaslıq
fakültəsinin yüksək poliqrafik səviyyədə
nəşr etdirdiyi bir
bukleti də yadigar kimi saxlayıram. Həmin bukletdə mənim foto şəklim və haqqımda qısa məlumatda
verilmişdir. Bugün
də mənim BDU ilə - bu unudulmaz təhsil ocağı ilə əlaqələrim
var. Mən Şərqşünaslıq
fakültəsinin nəşr etdirdiyi
"Türkologiya" jurnalının redaksiya heyətinin üzvüyəm. Bir vaxt Jurnalistika
fakültəsində Dövlət İmtahan
Komissiyasının sədri də olmuşam.
Hər iki fakültənin professor-müəllim
heyəti ilə dostluq əlaqələrim
var və bu əlaqələr
ömrüm vəfa etdikcə davam edəcək.
Aqşin
BABAYEV
525-ci qəzet.- 2019.- 22 noyabr.- S.8.