Miniatür esselər   

 

 

 

DƏRS BİTDİ

 

Saatına baxdı. Zəng vurulacaqdı bir azdan. Müəllimlik fəaliyyətinin başa çatdığını bildirəcək zəng. Çaşmışdı elə bil, necə yekunlaşdırsın bu dərsi... Tapşırığı necə versin bu gün. Yoxlamayacağı tapşırığı. Dolandı baxışları bir-bir uşaqların üzündə. Həmin uşaqlar idi elə bil, həmin boyda, həmin biçimdə məsum, körpə uşaqlar. Birinci dəfə sinifə girdiyi zaman gördüyü uşaqlar. Adları dəyişmişdi təkcə. Susub baxırdı onlara, vərəqlənirdi gözləri önündə o illər. Neçə belə dəstələri yola salmışdı. O ilk illərdə dərs dediyi uşaqların nəvələrini öyrədirdi indi. Onlar da bunlar kimi idi. Körpə, məsum. Dəyişməmişdi elə bil heç . Elə bil cəmi bircə dərs demişdi bu illər boyu.

Zəng içəri vurulmuşdu qırx il bundan əvvəl. İndisə zəng bayıra vurulacaqdı. Başlamışdı dərsi, indi bitirirdi. Qəti idi qərarı, gedəcəkdi. Ləyaqətlə başa vuracaqdı sevdiyi məslək yolunu. Gedəcəkdi bu peşəni, müəllimlik peşəsini çox, lap çox sevdiyinə görə. Özünü ələ aldı. Evə son tapşırığı verdi. Uşaqlarlasa sağollaşa bilmədi. Qəhər tutmuşdu boğazını. Bu da zəng. Çıxdı sinifdən. Bitdi dərs. Qırx il bundan əvvəl başlamış dərs. Bitdi. Ürəyində sağollaşdı, uşaqlarla, müəllim yoldaşları ilə, məktəblə. Baxmırdı heç kəsə, heç nəyə. Gedirdi. Qorxurdu. Hönkürüb ağlayacağından qorxurdu.

 

ÖZ GÜNAHIMIZ GÖRSƏK...

 

Duman, çiskin sarıb elə bil zehnimi, düşüncəmi. İtib fikirlərimin yönü-yöndəmi. Nədən narazıyam, heç bilmirəm. Ancaq nəyisə gözləyirəm elə bil. Axı nəyi? Nəyi gözləyirəm? Bəlkə ötüb-keçəcək onda bütün narahatlığım. İndisə sıxır elə bil ətraf məni. Narazıyam. Qalaqlanıb narazılıqlar içimdə... Birinin naqolay hərəkətlərindən, digərinin hərzə danışığından. Bir başqasının riyakarlığından. Ümumun laqeydliyindən...

olub görəsən insanlara? olub onların bir-birinə sevgi, rəğbət, mərhəmət hissinə? Qeybəmi çəkilib bütün bunlar? Axı niyə yaxşıya yaxşı deməyə dönmür dilimiz? Niyə axı saf, təmiz, kəndçiliyimizdən vaz keçir, əlimizin zəhməti, alnımızın təri ilə dolanmaq imkanlarımızdan imtina edib saxta kübarlığa meyllənirik? olub bizlərə görəsən? Təkcə bunlardırmı zehnimə, düşüncəmə yorğunluq gətirən? Əlbəttə, yox. Bunlar üst qatda görünənlərdir hələ. Azmıdır mənim kimi belə düşüncələrlə çarpışanlar? Tapa bilməyəcəyikmi bu sualların cavabını?

Tapa bilərik bir yerdə. Bir yerdə haqqa haqq deyəndə. Hərəmiz öz günahımızı görəndə. Bax onda çəkiləcək başımızdakı çiskin, çən, duman. Ya qismət!

 

YAZ YAĞIŞI

 

Narın-narın yağış yağır. Pəncərənin önündə dayanıb baxıram bu yağan yağışa. Pərdə çəkib gözlərimin qarşısına. Diqqət kəsilmişəm. Kimisə, nəyisə axtarıram, arayıram bu yağışın arasında. Odurmu? Odurmu gələn? Bənzədirəm, oxşadıram bu qaraltını ona. Daha da, daha da diqqət kəsilirəm, inandırıram özümü. İnandırmağa çalışıram: odur, odur. , odur. Görünür sifəti, aydınca görünür, odur. İslanıb tamam, saçlarından, üst-başından su tökülür. Üşüyürəm onun əvəzinə. Yetirir özünü, yetirir mənə, bu yağışda, çiskində. Sevinirəm.

Qapı döyülür. Dönürəm bu səsə. Ayılıram xəyaldan. Heyif, yenə baxışlarım dikilir bu narın-narın yağan yaz yağışına. Axtarıram, arayıram kimisə, nəyisə. Pərdə çəkib gözlərimin qarşısına bu yağış. Heç görmürəm. Yaşamaq istəyirəm xəyallarımın davamını.

Qapı döyülür...

 

DƏRK YOLU

 

Saysız-hesabsız suallarım var dünyaya. Elə bu saysız-hesabsız sualların da cavabları saysız-hesabsızdır. Kimsədən ala bilməyəcəyim cavabları. Mənim kimilər o qədərdir ki... Bu dünyada saysız-hesabsız suallara cavab axtaranlar. İdrakın, insan idrakının gücü çatmır bu cavabları verməyə. Bunu bacarsaydı, onda Allahı dərk etmiş olardı insan. Halbuki Allahın yalnız böyüklüyünü anlayırıq. Onu da lap azacıq. Bu böyüklüyü, ölçüsüzlüyü təsəvvür etmək qüdrətində deyilik.

Gedirik bu yolu - idrak yolunu. Milyardlarla kilometrlik yolu bir ömürdə santimetrlik addımlarla Tanrıya doğru səyimizlə, bütün cəhdlərimizlə saysız-hesabsız suallarımızdan bir ya ikisinə alayarımçıq cavablar tapa-tapa, onları nəsildən-nəsilə ötürə-ötürə, bəzən itirə-itirə gedirik. Doğrudanmı gedirik?

 

BÖYÜKLÜK

 

Ərklə gəlib-getdiyim ev, doğma bildiyim bir həyət idi. Tez-tez yolum düşürdü. Çox rahat, sərbəst hiss edirdim özümü bu ailədə. Olurdu ki, darıxırdım da onları bir az gec görəndə. Tam sakitlik, əmin-amanlıq hökm sürürdü bu evdə. Lap həsəd aparılası bir əmin-amanlıq, munis anlaşma. Bu dəfə isə...

Yaxınlaşdım göy rəngə boyanmış darvazaya. Qapını döydüm. Adət etmədiyim qarmaqarışıq səslər eşitdim. Ər-arvad mübahisə edirdilər. Hərdən səsləri çox qalxırdı. Donmuşdum heyrətimdən. " olub bunlara? - düşündüm. Deyəsən, çox ciddi idi mübahisə. Gözləyirdim. Qəfil açıldı qapı. Evin kişisi çıxdı. Heç olmayıbmış kimi gülərüzlə: "Arvad, davamızı saxlayaq sonraya, qonağımız gəlib" - dedi. Evin qadını da heç olmayıbmış kimi gülərüzlə, əvvəlki qaydada qarşıladı məni. Elə mehriban rəftar edirdilər ki bir-biriylə, təəccüb qalmışdım. Doğrudanmı bunlar bayaq mübahisə edənlər idi. Ya da, doğrudanmı mən gedəndən sonra onların mübahisəsi davam edəcəkdi. Çaşqınlıq içindəydim. deyəcəyimi bilmirdim. Axır ki, zehnimdən bircə fikir keçdi məni çaşqınlıqdan qurtardı: "Böyüklüyə bax!"

 

KÖLGƏSİZ

 

Ömrü boyu onun-bunun kölgəsində yaşayıb. Çevrilib azacıq asılı olduğu adamın quluna. Qorxub öz xırda mövqeyindən, mənafeyindən ötrü. Ləbbeyk deyib o kəslərin hərzə-hədyanlarına. Bilə-bilə onların hərzə-hədyanlığını. Dəyişməz həqiqətinə çevirib onların dediklərini, qanun, tabu sanıb. Ətrafındakıların nəzərində kiçildiyinin, alçaldığının fərqinə varmadan. Mütləq hakimi sayıb özündən bircə pillə yuxarıda olanı. Əzilib-büzülüb qarşısında. Yaşayıb beləcə. Buna yaşamaq demək mümkünsə. Cəsarəti çatmayıb düşündüklərini deməyə. Bəlkə heç düşünməyə cürət etməyib. O mövqe, vəzifə sahibinin eşitmək istədiklərini tapmağa baş sındırıb günlərlə. Beləsini tapmadıqda susub. Təkidlə fikri soruşulduqda da "Siz bilən məsləhətdir"dən başqa sözü olmayıb. Şükür eləyib hər sakit oturduğu günə. Qəzəbə gəlmədiyi günə. Kölgə sahibinin narazı qalmadığı günə. Dəyişib kölgələr, kölgə sahibləri, o isə dəyişməyib: öz fikri, öz mövqeyi... kölgəsi olmayan bir məxluq kimi qalıb. Kölgədə olanın, kölgədən çıxmayanın kölgəsi olmaz axı!

 

Nəcməddin MÜRVƏTOV

 

525-ci qəzet.- 2019.- 23 noyabr.- S.21.