İki hekayə
AĞLAMALI
Nazimə
ev verəcəkdilər
təzə binada. Qəflətən öldü. Sitarə ərinin qırxından sonra
onun işlədiyi idarəyə gəldi. Göz yaşları içərisində soruşdu
ki, onların ev işi
necə olacaq. Qəti söz deyən olmadı. Müdir də qəbul
eləmədi onu.
Evinə
qayıtdı. Balasını bağrına basıb içində ağladı.
Bir azdan qardaşı Səlim gəldi. Əhvalatı öyrənib
dedi:
- Özünü yorma. Həyatda olmayan adama ev
verməzlər. İndi sən
körpənin qeydinə
qal. Olacağa çarə yoxdur.
Allah Nazimə rəhmət eləsin.
Sitarə
köksünü ötürdü
və:
- Gərək
müdirlə
görüşüm, - dedi.
Səlim yalvardı ki, mənası yoxdur, amma Sitarə razılaşmadı. Səhər tezdən Sitarə
müdirin qəbul otağında idi. Xeyli gözlədi. O qədər
gözlədi ki, katibə qızın ona yazığı gəldi.
- Yaxşısı budur, sabah gəlin,
- dedi. - Sabah müdirin
iclası var, səhər 10-da. Siz bir az tez gəlin.
Sitarə getdi. Səhər tezdən gəldi.
Müdir
yerindəydi. Katibə qızın
yalvar-yapışından sonra
müdir Sitarəni qəbul elədi.
Sitarə özünə söz vermişdi. Müdirlə görüşəndə ağlamayacaqdı. Amma ağladı.
Müdirin kobud şəkildə
dediyi söz onun ürəyinə xəncər kimi batdı.
- Ölüyə mən necə ev
verim?
Sitarə:
- Heç olmazsa bir otaq verin,
- dedi.
- Olmaz! - dedi müdir.
- Ölüyə ev düşmür, başa düşün.
Nazimin adı
"ölü" olmuşdu. Sitarə durub
getdi. Dərd götürmüşdü onu:
evi Nazimsiz necə dolandıracaqdı...
İşlədiyi uşaq baxçasından aldığı qəpik-quruş ona çatmayacaqdı. Qardaşı Səlimin də öz ailəsi vardı. Sitarə belə götür-qoy eləyəndə təzə binanın sakinləri "mərtəbə davası" edirdilər. Haqqı olan, amma ev almayan narazılar da vardı. Onların da əlindən deyinməkdən başqa bir şey gəlmirdi. Narazılardan ancaq biri şikayət yazdı nazirliyə. Məktubunda da and içdi ki, ev alanların çoxunun üç-dörd yerdə evi var. Onun da şikayət məktubu qayıdıb elə müdirə gəldi. Müdir də ürəyində dedi: "Yaxşı köpəkoğlu, gör bunun əvəzini necə çıxacağam səndən".
Təzə evin sakinləri qonaqlıq verirdilər. Qonaqlıq verənlər müdiri də dəvət eləyirdilər. Müdir də yeyirdi, içirdi, tost deyirdi, ona xoş söz deyənlərə minnətdarlığını bildirirdi.
Sonra da bir gün
iclasda belə dedi:
- Bəzi ağzıgöyçəklər nazirliyə "danos" yazıblar ki, guya bizim təzə binanın sakinlərinin bir neçə yerdə evi var. Mən bu məsələni diqqətlə araşdırdım. Məlum oldu ki, ağ yalandır bu! Ağ yalan!
Bu sözlərə hamı əl çaldı. Müdir sevindi. Baxıb gördü ki, "donosyazan" da əl çalır, ürəyində dedi: "Yaxşı, köpəkoğlu, sən də əl çal. Az qalıb. Qovacağam səni burdan!"
Aradan aylar ötdü... Təzə evin sakinləri yavaş-yavaş, bir-bir köhnə evlərinə köçdülər, təzə mənzillərini də kirayə verdilər.
...Sitarə çox yaşamadı. Vəsiyyətinə görə onu Nazimin yanında basdırdılar. Qəbrin uzunluğu iki metrdi, dərinliyi və eni bir metr... lap birotaqlı mənzilə oxşayırdı.
GÜLMƏLİ
Aslanın maşınının təkəri elə partladı ki, elə bil göydən yerə bomba atdılar. Yoldan keçən qoca kişi ürəyini tutdu. Aslan düşüb təkərə baxdı. Dilxor oldu. Qoca çığırdı:
- Allah lənət eləsin! Ürəyim qopdu. Yuxum da çin oldu. Yuxuda görmüşdüm ki, müharibədir, güllə atırlar mənə, birdən lap yanımda bir bomba partladı.
Aslan qocaya əhəmiyyət vermədi. Maşınını birtəhər yaxınlıqdakı təmirxanaya çatdırdı. Gördü ki, qapıda iri hərflərlə yazıblar: "Hava 3 manat". Maşından düşüb içəri girəndə gördü ki, usta xörək yeyir.
- Nuş olsun, - dedi və əlavə etdi: - Bayramın da mübarək olsun!
Usta özündən çıxdı:
- Nə bayram əşşi...
Qurban bayramını deyirsən? Mən elə bayram
tanımıram. Bu, bayram deyil. Qoyun-quzunun soyqırımıdır.
Aslanın bir xasiyyəti vardı. Heç vaxt, heç
kəslə mübahisə
etmirdi. Birbaşa
mətləbə keçdi:
- Maşının şini partlayıb. O birilərinə də hava vurdurmaq istəyirəm. Amma yaman bahalandırmısan haa havanı. Əvvəl 1 manataydı.
- Dollar bahalaşıb, - dedi usta və xörəyini iştahla yeyib qurtarandan sonra ayağa durdu.
Bir xeyli çəkdi ustanın işi. Aslan ustanın pulunu dinməz-söyləməz
ödəyib mindi maşınına, yadına
yaxın dostu Həsrətin sözü
düşdü: "Maşın
kişinin ikinci arvadıdır. Xərci çoxdur".
Aslan müəllimdi. Həmişə dərsdən
sonra evə gələn kimi yeməyini nuş eləyib mürgü vururdu. Arvadıda deyinirdi:
- Gecə də yatırsan, gündüz də... Gəzmək lazımdır, hava lazımdır ey, hava... Eşidirsən? Hava! Hava!
Aslan bu dəfə də arvadının hava haqqında dediklərinə əhəmiyyət
verməyib yeməyini
yedi, sonra mürgü
vurdu. Amma bu, mürgü
deyildi. Kişi əməlli-başlı xoruldayırdı. Hətta yuxu
da gördü. Yuxusunda gördü ki, evinin qapısı bərk-bərk döyülür.
Durub açdı. Qapının
ağzında pəhləvan
cüssəli bir kişi dayanmışdı.
Aslanı görən
kimi qışqırmağa
başladı:
- Bir ildir hava
pulu vermirsüz! Nöşün vermürsüz?! Həzrət Abbas haqqı, kəsərəm
havanızı, boğulub
ölərsiz hamınız!
Aslan hövlnak arvadını çağırdı:
- Ay arvad, gəl görək bu kişi nə
deyir. Biz indiyəcən
hava pulu vermişik bəyəm?!
Arvadın gözü kəlləsinə
çıxdı.
- Nə?! Hava pulu?!
Pəhləvan cüssəli kişi özünü
içəri soxdu və əlini atıb Aslanın hulqumundan yapışdı:
- Bu dəqiqə hava pulunu verməsən, boğaram: əvvəlcə səni, sonra da o gombul arvaduvu... Özüm ölüm, boğaram!!!
Aslan boğulurdu. Qışqırıb yuxudan ayıldı. Qışqırıq səsinə arvadı gəldi.
- Bağrım yarıldı, ay kişi! Nə olub?! Yuxu görürdün? Nə görürdün?
Aslan yataqdan qalxıb dik oturdu.
- Yuxuda gördüm ki, yekəpər bir kişi
gəlib bizə, deyir bir ildir
hava pulu vermirsüz. Boğurdu ey, məni,
it oğlu. Səni
də boğacaqdı
ey... Qoymadım. Sifətinə möhkəm bir
şapalaq vurdum, ağzı-burnu partladı.
Arvadı
Aslanın bərəlmiş
gözlərinə baxıb
dedi:
- Sənə yüz dəfə demişəm ki, günortalar yatma! Başuva hava gələr ey... Dəli olarsan. Dur ayağa,
geyin, çıxaq təmiz havaya. Hava lazımdır bizə, hava!
Aslan hələ
yuxulu idi. Cüssəli
kişi gözlərinin önündən
çəkilməmişdi.
Aqşin
BABAYEV
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.21.