Tanıyaq ki,
yaşasınlar!..
Əhməd
Cavadın əziz xatirəsinə
Qəhrəmanlar hekayələri
danışıldıqca yaşayır. Bu hekayə vətəni
üçün zəhmət səbətini çiyinlərinə
götürən, şeirləriylə bir millətə ruh
verən, türk millətinin seçilmiş siması Əhməd
Cavad Axundzadənin hekayəsidir.
(“Əhməd Cavad” sənədli filmindən).
Keçən həftə televiziya kanallarında
dolaşarkən TRT Avaz-da bir proqram çıxdı
qarşıma.
Adı belə idi: “Əhməd Cavada vəfa”. Əlbəttə,
dərhal dayandım və televizorun səsini artırdım.
Uzun müddət gözlərimin proqramın adına
kökləndiyini çox sonra hiss elədim. Proqram
davam etdikcə, əzbərə bildiyim biri-birindən dəyərli
bəstələrin sözlərinin Əhməd Cavada aid
olduğunu bu yaşda öyrənməyin utancını
yaşayırdım. Yenə də qəribə
bir hüzur bürümüşdü məni. Bir Əhməd Cavad nəslinə mənsub
olmağın qürurundan sinəm qabarmışdı desəm,
yerinə düşər. Qarmaşıq fikirlərlə
yanaşı, gizlindən məni əsir alan
utanc hissimlə birlikdə möhtəşəm bir musiqi
proqramı izləmişdim.
Konsert proqramı “Əhməd Cavad” sənədli filmi ilə
davam edirdi. Bax, bu yazının ortaya çıxma hekayəsi də
elə buradan başlayırdı. Getdikcə
artan və bir ox kimi sinəmə batan, hardan gəldiyi bilinməyən
bu sancının düyünləri yavaş-yavaş
açılırdı. Özümə
etiraf etməkdən qaçdığım gerçəklə
üzləşməkdən başqa çarəm
qalmamışdı. Cıqqırımı
çıxartmadan, bir saat iki dəqiqə otuz üç
saniyəyə sığdırılan, bir igidin həzin hekayəsini
göz yaşları içərisində izlədim.
Film bitdi və mən başımı önümə əyib,
gözümdən ovcuma düşən son damcının
arxasına sığınaraq, öz-özümə bu
sualı verdim: Əhməd Cavadı tanıdınmı?
Bəli, tanıdım. Amma vaxtından çox gec
tanıdım...
Üzümü
gənc nəslə tuturam: Əhməd Cavad kimdir? Bu sualın
cavabını bir Azərbaycan gənci kimi, həmin sənədli
filmi izləməzdən qabaq mən də sizin kimi eynilə
bu şəkildə cavablayardım: “Himnimizin sözlərini Əhməd
Cavad, bəstəsini Üzeyir Hacıbəyli yazıb. Bir də “Çırpınırdın Qara dənizi”
Əhməd Cavad yazıb, Üzeyir Hacıbəyli bəstələyib”.
Nə çox şey bilirmişəm
haqqında, elə deyilmi? Necə də
yaxşı tanıyırmışam şeirlərini bizə
çatdırmaq üçün dostlarının yaddaşına
həkk edən bu vətən sevdalısını?
Niyə
susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların,
elxanların vətənində kimdir, bax!
Bu şeirin ortaya çıxma hekayəsini
hansımız bilirik? Və yaxud sualımı başqa formada
verim. Niyə bilmirik? Bilirsinizmi,
evi talan edilən, əsərləri yandırılan,
yazdığı şeirlərə görə bir qatil kimi
mühakimə olunan bu türk oğlunun tək çarəsi
bir insan yaddaşıydı? Bilirsinizmi ki, dostunun
yaddaşına əmanət etdiyi “Susmaram” şeiri düz 67 il sonra zehin həbsindən
çıxa bilib? Əhməd Cavadın dostunun 67 il yaddaşında saxladığı bu son
şeiri niyə bizim yaddaşımızda yoxdur?! Əhməd Cavadın tək xəyalı olan
müstəqil ölkəsinin millətinə qoyduğu son əmanətinə
niyə gözümüz kimi, canımız kimi sahib
çıxmırıq? Düzdür, biz
türkük, əmanətə gözümüz kimi
baxarıq. Gəlin, bu əmanətə təkcə
gözümüz kimi yox, həm də sözümüz,
misramız kimi baxaq. Uşaqlarımızı,
gənclərimizi bu misralarla böyüdək. Ölkəsinin
azadlığını, müstəqilliyini hər şeydən
üstün tutan bu türk oğlunu tanıyaq, tanıdaq!
Film
1892-ci ilin 5 mayında atasının Şəmkirdə
dünyaya göz açan Əhməd Cavadı
qucağına dua və şükürlə
alınmasıyla başlayır. Bir may günəşi
parıldayırdı o illərdə, indicə açılan
gözlərinin qarasına. Elə bilirsən
müjdə gətirib. O dərəcədə göstərişli,
gözlə görülür bir parlaqlıq idi. Lakin qışda çıxan günəş, yayda
yağan qar gələn təhlükədən xəbər
verər. Bir od
düşmüşdü şəhərə, əslində.
Ölümsüz bir şair doğulmuşdu...
Filmdə
atasının vəfatından sonra anası ilə birlikdə
Gəncəyə, ögey qardaşlarının yanına köçən
Əhməd Cavadın uşaqlığını Gəncə
mədrəsəsinə olan möhkəm sevgisi ilə təsvir
edirlər. İlk şeirini mədrəsədə
yazmağa başlayan Cavad gələcəkdə o çox
sevdiyi mədrəsədən müəllim diplomuyla məzun
olan gənc bir dəliqanlı olaraq qarşımıza
çıxır. Həmin an
özümü filmə qapdırıb, xarakteri canlandıran
aktyoru sanki Əhməd Cavadın özüymüş kimi qəlbimin
ən özəl küncünə basıb qucaqlamaq istəmişdim.
Bağrımda qopan o səssiz
hayqırışın səsini deyəsən ancaq bu şəkildə
susdura bilərdim.
Abdulla
Tofiqin Abdulla Şaiqə yazdığı məktubdan: “Tələbələrimin
arasında Cavad adlı gənc bir şair var. Mənə səsləndirdiyi
şeirlərindən gördüyüm qədəriylə gələcəkdə
çox güclü bir şair olacağı şübhəsizdir”.
1912-ci ildə
Osmanlı dövlətinin başlatdığı Balkan
müharibələri mübarizəsinə dəstək olmaq
məqsədilə Qafqaz Könüllüləri Birliyində
könüllü olaraq müharibəyə gedən şairin
bu addımı şeirlərində yazdığı
mirsaların sadəcə, söz kimi
yazılmadığının ən böyük nümunəsi
olaraq qəbul edilir. Beləliklə, əzəli
düşmənlərimizin də qara siyahısında ilk
sıraya yazdırır adını. Lakin
türk dünyasının istiqlalı, tərəqqisi
üçün savaşan bu missiya sahibinin uzun müddət
mübarizə əzminin nəfəsini kəsə bilmirlər.
Balkan müharibələrinin ardınca Osmanlı
dövləti 1914-cü ildə I Dünya Müharibəsinə
qoşulur. Bu
acı xəbəri alan Əhməd Cavad əsrlər
boyunca türk dünyasının himninə çevrilən,
kiçikdən böyüyə hər kəsin hisslərinə
tərcüman olan o ölməz misraları yazır.
Gəncə
şəhəri, 4 dekabr 1914
Çırpınırdı
Qara dəniz
Baxıb
Türkün bayrağına!
“Ah!..” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı
düşmüş dost elindən,
İllər
var ki, çarpar sinən!..
Vəfalıdır
gəldi, gedən,
Yol vər
Türkün bayrağına!
İncilər
tök, gəl yoluna,
Sırmalar
səp sağ, soluna!
Fırtınalar
dursun yana,
Salam
Türkün bayrağına!
“Həmidiyyə”
o Türk qanı!
Həç
birinin bitməz şanı!
“Kazbek” olsun
ilk qurbanı!
Heyran
Türkün bayrağına!
Dost elindən
əsən yellər,
Bana
şer, salam söylər.
Olsun turan
bütün ellər
Qurban
Türkün bayrağına!
Yol ver
Türkün bayrağına!..
Əhməd
Cavad eyni zamanda Bakı Müsəlman cəmiyyəti xeyriyyəsinin
xeyriyyə fəaliyyətlərinə qatılıb,
müharibə qurbanı yüzlərlə yetim
uşağı Gəncə və Bakıya gətirib
imkanlı ailələrə təslim edib, 6500 müsəlman
qadınını zillətdən qurtarıb, Anadoludakı
qardaş-bacılarının yaşayış şəraitlərinin
yaxşılaşması üçün böyük səy
göstərib.
1917-ci ildə Leninin təlimatıyla Azərbaycan
torpaqlarında bolşevik qiyamı başlamış,
bolşevik-erməni şəbəkəsi Azərbaycan
xalqına yönəlik qəddarca soyqırımlar törətmiş,
xalqı qorxunc işgəncələrə məruz
qoymuşdu.
Bu təlimata qarşı çıxan qəhrəman türk
övladları 1918-ci ilin 28 mayında türk müsəlman
dünyasının ilk müstəqil dövlətini – Azərbaycan
Xalq Cümhuriyyətini qurmuşdur Cümhuriyyət
elanının arxa planında şübhəsiz, Əhməd
Cavad kimi ədəbiyyatçıların və maarifçilərin
başlatdığı ədəbi fikir hərəkatının
əhəmiyyətli rolu olmuşdu.
Bolşevik-erməni qruplaşmasının qorxunc əməllərinə
qarşılıq olaraq, Ənvər paşa qardaşı
Nuru paşanı əmrindəki Qafqaz İslam Ordusuyla birlikdə
Azərbaycandakı qardaşlarının köməyinə
göndərir. Beləliklə, Bakının
işğaldan azad olunmasına vəsilə olaraq,
adını tarixin qızıl səhifələrinə
yazdırmağı da bacarır. Gəncədə
Nuru paşanı qarşılayan şəxslərdən biri
də Əhməd Cavad olur. ‘Şairin ən
kəskin silahı qələmidir” deyərək, Qafqaz
İslam Ordusuna şeirlər həsr edir.
Azərbaycan torpaqları əsrlərdir rusların o
böyük layihəsinin həyata keçməsi
üçün mərminin ucuna yerləşdirilən ən
vacib güllələrdən biri idi. 1920-ci ilin 28 aprelində
Qızıl Ordu körpə Cümhuriyyətimin
gözünün yaşına baxmadan azadlığına son
qoydu.
Bu çirkin əməl batil olduqdan sonra ölkəmin
şairi, şeirlərindəki vətən sevgisi, bayraq
sevgisi, hürriyyət, istiqlal mübarizəsinə görə
dəfələrlə günahlandırılır, həbsə
atılır, şeirləri yandırılır, işgəncələrə
məruz qalır. Amma nə o vaz keçir mübarizəsindən,
nə də onu yox etməyi beyinlərinə yerləşdirən
cəlladlar.
1925-ci ildə “Göygöl” şeirində istifadə
etdiyi ay və ulduz ifadələrinə görə onu yenidən
həbsə atırlar. İllər keçdikcə yerini möhkəmləndirən,
xalqı zorla özünə tabe etməyi bacaran bolşevik
höküməti 1937-ci ildə şairin Azərbaycan
Yazıçılar Birliyindəki üzvlüyünə son
verir. 1937-ci ilin 4 iyununda son dəfə sorğu hücrəsində
4 ay fasiləsiz qəddarca işgəncələr verilərək
sorğulanan Cavad pantürkist, Türkiyə agenti, xalq
düşməni kimi ittihamlarla günahlandırılır.
Bütün bu vəhşiliklərə tab gətirə bilməyən
bədəni ölməz mübarizə əzmini qəlbinin dərinliklərinə
həbs edərək, Allahın dərgahına üz tutur. Nifrəti bununla da bitməyən rus qatillər
tarixin ən qanlı cinayətinə imza atır. Onun cansız bədənindən belə qorxan cəlladlar
şairin başına iki güllə sıxmaqdan da özlərini
saxlaya bilmirlər.
Gəlin adına Sovetlər Birliyi deyilən kommunist
rejimin işgəncələr verdiyi, zindanlarda
çürütdüyü, ailələrinə,
xanımlarına, uşaqlarına şərəfsizcə
yaxınlaşdığı bu dava adamlarının getdikləri
yolun zalımca yağmalandığını unutmayaq,
unutdurmayaq. Bu mübarizənin sonunda ölümləriylə
ölümsüzlük qazanan ədəbiyyat şəhidlərimizi
vəfa ilə yad edək...
Qarabağında
şux bülbülün var,
Baldan da
dadlı şirin dilin var,
Türküstan kimi böyük elin var.
Canım-gözüm,
gözüm-canım,
Azərbaycanım!
Can, can,
can Azərbaycan!
Nur
içində yat, Şairim!
Haqqını
halal et, Şəhidim!..
Nuranə TAĞIYEVA
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.20.