Mirzə Fətəli Axundovun yüzillik
yubileyinə
XX əsrin sonlarında ikinci dəfə müstəqillik
qazandıqdan sonra sovetlər dövründə təsadüfi
hallarda, həm də burjua ideologiyasına xidmət etdiyi iddia
olunan bir sıra mətbuat orqanlarının fəaliyyətinə
yeni baxış yarandı.
"Kaspi",
"Füyuzat", "Kəşkül", "Ziya",
"Şərqi-rus" və s. qəzet və
jurnallarımız arxivlərdən çıxarılaraq,
latın qrafikası ilə yenidən kitab halında nəşr
edildi. Milli-mənəvi sərvətimiz olan bu mətbu
nəşrlərdə zəmanəsinin problemlərini
çox maraqlı, obyektiv işıqlandıran yüzlərlə
yazılar bizə keçən əsrin əvvəllərində
Azərbaycan həyatının məqamlarını təsvir
edir.
"Kaspi"
qəzetinin 1903-cü il 26 oktyabr, 230-cu
sayında Əlimərdan bəy Topçubaşovun M.F.Axundova
həsr olunmuş çox maraqlı məqaləsi çap
olunmuşdu. Həmin ildə dövrün
ziyalıları Axundovun məşhur komediyalarının
yazılıb çap olunmasının 50 illiyini qeyd edirdilər.
Müsəlman aləmində belə bir ədəbi
yubileyin keçirilməsi çox nadir hadisə idi.
Qəzet 1911-ci ildə isə dahi dramaturqumuzun yubiley
hazırlıqları və şənliklərini çox ətraflı
işıqlandırmışdı. "Kaspi"də
çap olunmuş bəzi məqalələri tərcümə
edərək XXI əsr oxucularının diqqətinə
çatdırırıq.
Ülkər
HÜSEYNOVA
MİRZƏ
FƏTƏLİ AXUNDOVUN YÜZİLLİK
YUBİLEYİNƏ
Bir müddət əvvəl, Tiflisdə çıxan
"Zakavkazye" qəzetində Həmzət bəy
Şirvanskinin məqaləsi dərc olunmuşdu. Müəllif
bu yazısında Qafqaz müsəlman ictimaiyyətinin diqqətinə
aşağıdakıları çatdırırdı.
"Bu il bizim dahi dramaturqumuz, daha doğrusu,
dramaturgiyamızın atası Mirzə Fətəli Axundovun
anadan olmasının yüz ili, həm də
dünyasının dəyişməsinin düz 25 ili tamam
olur.
Böyük
və əlamətdar ikiqat yubiley!
Yüz il bundan əvvəl öz parlaq
istedadının gürzü ilə müsəlman fanatizminin
zindanına, cəhalətə, utanılası geriliyə və
görünməmiş ətalətə ilk və həm də
güclü zərbələr endirən birisi dünyaya gəldi.
İyirmi
beş il bundan əvvəl isə o, dram sənətinin,
ümumilikdə mədəniyyətin ilk pioneri qartal kimi iti
baxışlarını əbədi qapadı.
Zaqafqaziya müsəlmanları arasında ümummilli, təntənəli
ikiqat yubileyin keçirilməsinin lüzumsuz və arzuolunmayan
olduğunu düşünən bir nəfərin belə
tapılacağını düşünmək
ağlasığan deyil. Deməli, Mirzə Fətəli Axundovun
yubileyinin keçirilməsi lazımdırmı məsələsini
soruşmaq tamamilə yersizdir.
Məsələ ümumilikdə bu möhtəşəm
və böyük ildönümünü hansı formada,
hansı müstəvidə (geniş miqyasda), həyata
keçirmək arzumuzdan gedir.
Bax, mən indi oxucularla bu haqda danışacağam.
Ən əvvəl - yubileyi harada bayram edək?
Əlbəttə, ziyalılarımız arasında bu
suala yekdil cavab tapmaq çətindir. Təsadüfi, kənar
mülahizələri nəzərə almasaq, əlbəttə,
aydındır ki, seçim - yubileyin Tiflis, yaxud da Bakıda
keçirilməsidir.
Ən çətini isə yubileyin nə vaxt
keçirilməsi məsələsidir. Yubiley təntənəsini
onun anadan olduğu, yaxud dünyadan getdiyi gündə
keçirmək (deyəsən, hər iki tarix
aydınlaşdırılmayıb), yaxud dramaturqun həyatında,
yaxud yaradıcılığında yaddaqalan ən
mühüm günlərindən birində keçirmək?
Məhz hansı gündə?
Nəhayət, üçüncü məsələ -
yubileyi necə keçirmək - hələlik bu məsələni
qoymaq belə mümkün deyil, - çünki onun həlli
bütünlüklə təşkil olunacaq yubiley bürosunun
üzərinə düşməlidir.
Əsas məsələ budur. Bu məsələnin
həllində bütün müsəlman mətbuatının,
bütün müsəlman ziyalılarının, Zaqafqaziya, hətta
Rusiya müsəlman icmasının iştirakı həm arzu
olunur, həm də vacibdir.
Tiflis müsəlman icması artıq öz münasibətini
bildirib.
Buradakı ziyalıların ümumi
yığıncağında başda sədr Əmir Kazım
Mirzə Qacar, katib Şirvanski və 12 nəfər üzv:
Abbasov M.A., Əliyev M.B., Qayıbov N.B., Qasaratze M.Q., Yadigarov
N.B., Mövladze A.Q., Nərimanov A.M., Poladzadə Ə.Ə., Rəhimov
H.B., Sultanov E.B., Zahirov Y.B. və Əfəndiyev M.R.-dən
ibarət olmaqla yubiley komissiyası yaradılıb.
Komissiya
yubileylə əlaqədar təşkilat məsələləri
ilə əlaqədar bütün işləri müəyyənləşdirməli,
M.Fətəli Axundovun həyat və
yaradıcılığı ilə bağlı ədəbi
materialları toplamalı, digər yerlərdəki analoji
komissiyalarla əlaqəyə girməli (əsasən
Bakıda), yubiley təntənələrinin proqramını,
ümumi hazırlıq işlərinin dəqiq planını
hazırlamalı, gözlənilən xərclərin haradan
tapılması mənbəyini əvvəldən müzakirə
edilməsini, tələb olunan rəsmi işlərin yerinə
yetirilməsi yollarını
aydınlaşdırmalıdır.
Məlumdur ki, komissiya cəmiyyətin çox geniş
iştirakı olmadan onun üzərinə düşən bu
yüksək vəzifənin öhdəsindən gəlmək
iqtidarında deyil. Hamı (həm müsəlmanlar, həm də
qeyri-müsəlmanlar) M.Fətəli Axundovun həyat və
yaradıcılığından bildiklərini, öz layihələri
və düşüncələrini lütfkarlıqla
komissiyaya çatdırmaqla ona yardım etməlidir.
Komissiyanın fəaliyyətindən başqa, xeyriyyə
və mədəni-maarif cəmiyyətləri də öz
iclaslarında yubiley haqqında fikirlərini müzakirə
edib, rəylərini bildirməlidir.
Təbii ki, bu böyük milli tədbirdə müsəlman
teatr səhnəsinin xadimləri daha yaxından və
canı-dildən iştirak etməlidirlər, çünki
Mirzə Fətəli Axundov təntənələri bilavasitə
onların bayramıdır.
Dram dərnəkləri, teatr seksiyaları yubiley təntənələrində
ən irəlidə getməlidir.
Axundovun tərcümeyi-halı haqqında qısa məlumat
verməklə, ümidvarıq ki, yazıçının təntənəli
yubileyinin bayram edilməsinin təşkili məsələsi
gündəmdən düşməyəcək.
Kabulov-Şirvanski Həmzət bəy (1884-1912) Qaxda
anadan olmuşdur, dövrünün mütərəqqi
publisistlərindəndir. O, Stavropol gimnaziyasını və Kiyev hərbi məktəbini
bitirdikdən sonra "Zakavkazye" qəzetində işləmişdir.
Axundovun 100 illik yubileyinin keçirilməsinin əsas
təşəbbüskarlarından və təşkilatçılarından
biri olmuşdur. Ağır xəstə
olmağına baxmayaraq, Axundovun yubileyinin keçirilməsində
çox fəal iştirak etmiş Həmzət bəy yubileydən
bir ay sonra dünyasını dəyişmişdir (tərcüməçidən).
***
1911-ci ildə
Mirzə Fətəli Axundovun anadan olmasının 100 ili tamam olur. Yazıçının
əsərləri yalnız Şərqdə deyil, bugünədək
Avropanın da diqqətini cəlb etməkdədir. Bu orijinal yazıçını "tatar
Molyeri" adlandırırlar. Onun atası
Mirzə Məhəmməd Tağı Hacı Əhməd
oğlu Xamnə şəhəri və onun ətrafının
qəza rəisi idi. Bir dəfə o, bir neçə sərbazı
çox ciddi cəzalandırır; bu iş vəliəhd,
şahzadə Abbas Mirzəyə çatır. Abbas
Mirzə onu 12 min tümən məbləğində cərimə
edir. Mirzə Məhəmməd
Tağı cəriməni ödəsə də, vəliəhdin
qəzəbindən qorxaraq Rusiyaya, Nuxaya qaçır. Nuxada o, tezliklə Hacı Ələsgər Axundun
bacısı qızı Nanə xanımla evlənir. Bu izdivacdan hicri 1229-cu ilin rəcəb ayının
12-də Mirzə Fətəli anadan olur. Mirzə Fətəli
anadan olandan iki il sonra şahzadə Abbas
Mirzə onu əfv edir, yenidən öz vəzifəsinə təyin
olunan Mirzə Məhəmməd Tağı Xamnəyə
qayıdır. Xamnədə həyat
yoldaşı Nanə xanım vətəni üçün
çox darıxır, ona görə dörd ildən sonra ərindən
boşanaraq oğlu Fətəli ilə Nuxaya, dayısı
Hacı Ələsgər Axundun yanına qayıdır.
Axund dövrünün savadlı ruhanilərindən idi. Məhəmməd
şahın fərmanı ilə ona "aləmül-üləma"
rütbəsi verilmişdi. Mirzə Fətəli
Şərq dillərini dərin bildiyinə görə məhz
ona borcludur. 20 yaşına qədər Fətəli
onun yanında oxumuşdur, sonra isə Mirzə Şəfi
Vazehin məsləhəti ilə Yelizavetpolda ruslar tərəfindən
yenicə açılmış şəhər məktəbinə
daxil olmuşdur. Nadir istedadı olduğu
üçün o, tezliklə rus dilini yaxşı öyrənmiş
və 1834-cü ildə Tiflisdə baron Rozenin dəftərxanasında
Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə
qəbul olunmuşdur. Burada o, çox məşhur adamlarla,
o cümlədən, yazıçı Marlinski ilə
(A.A.Bestujev) tanış olmuşdur.
Rus ədəbiyyatı
ilə tanış olduqdan sonra, Mirzə Fətəli
köhnəlmiş Şərq ədəbiyyatına və
müsəlman aləminə yeni ruh gətirmək məqsədi
ilə orijinal ədəbi formalar yaratmağa cəhd edir. O, bu
işin öhdəsindən çox məharətlə gəlir.
Dramaturqun nadir yumoru, müşahidə qabiliyyəti,
hamının başa düşəcəyi xalq dilində
yazılmış komediyaları müsəlman ədəbiyyatında
müsbətə doğru dönüş idi.
Axundovun özü tərəfindən rus dilinə tərcümə
olunmuş bu komediyalar Tiflis teatrının səhnəsində
teatrın direktoru qraf Solloqub tərəfindən tamaşaya
qoyulur və Tiflis canişini Vorontsovun çox xoşuna gəlir. Canişin əsərlərini
çap etdirmək üçün Axundova ömürlük
təqaüd təyin edir. Onun
"Müsyo Jordan və Məstəli Şah"
komediyası Peterburqda özəl səhnədə tamaşaya
qoyulur, "Literaturnaya Letopis" komediyanı təhlil edərək,
onun nadir və orijinal xüsusiyyətlərini göstərməklə
əsəri yüksək qiymətləndirir.
Bu zaman fars şahzadəsi Cəlaləddin Mirzə
Axundova hədiyyə olaraq özünün yazdığı
Persiya (İran) tarixini, Mirzə Fətəli Axundov isə ona
komediyalarını göndərir. Buna rəğmən
Axundovun əsərləri Avropada da məşhurlaşır:
şahzadə Cəlaləddinin katibi Mirzə Cəfər
komediyaları fars dilinə tərcümə
edərək 1871 və 1874-cü illərdə litoqrafiya
üsulu ilə Tehranda çap elətdirir. Bu tərcümələr
isə şərqşünaslara Axundovun əsərləri ilə
tanış olmaq imkanı yaradır.
1882-ci ildə
İngiltərədə şərqşünas Haqqard və
Lestranqe "Lənkəran vəziri" komediyasını
farscadan ingilis dilinə tərcümə edərək,
lüğət və şərhlərlə çap etdirirlər,
daha sonra De Meynard 1886-cı ildə Parisdə "Journal
Asiatuque" məcmuəsində
"Əlkimyaçı" ("Hekayəti-Molla-İbrahim
Xəlil kimyagər" - tərc.) komediyasını Azərbaycan
dilində çap etdirmiş, 1889-cu ildə isə
"Ayı və oğru" ("Xırs quldur basan" - tərc.)
Stokholm Şərqşünaslar Konqresi əsərlərinin
birinci cildində çap olunması üçün təqdim
etmişdir.
Daha sonra 1889-cu ildə Alf Sallyer Parisdə "Lənkəran
vəziri" ("Sərgüzəşti-vəziri-xani-Lənkəran"
- tərc.) və "Vəkillər" ("Mürafiə vəkillərinin
hekayəti" - tərc.) əsərlərini nəşr
etdi. Elə həmin
ildə Vyanada professor Varmund öz dinləyiciləri
üçün fars dilində "Paris nəbatatçısı
Müsyo Jordan Qarabağda" komediyasını çap
etdirmişdi. Bu nəşrlər haqqında bir
çox Avropa qəzetlərində Axundovun nadir
istedadını yüksək qiymətləndirən rəylər
dərc olunmuşdu.
Mirzə Fətəli Axundov ədəbi əsərləri
ilə yanaşı, daha asan və rahat oxunması
üçün ərəb əlifbasının islah edilməsinə
ilk cəhd göstərməsi ilə də məşhurdur. O, bu məqsədlə
traktat yazmış və 1863-cü ildə canişin
böyük knyaz Mixail Nikolayeviçin icazəsi ilə
Konstantinopola getmiş, orada səfirliyimizin zəmanəti ilə
layihəsini Türk Nazirliyinə təqdim etmişdir. Nazirliyin göstərişi ilə Konstantinopol
Akademiyasında layihə müzakirə olunmuş, onun Asiya
müsəlmanları arasında savadlılığın
geniş yayılması və Avropa sivilizasiyasının mənimsənilməsində
çox əhəmiyyətli olduğu göstərilmişdir.
Bu məsələ ilə əlaqədar Elmlər
Akademiyasının bu tərifli rəyi keçmiş Sədr-əzəm
Fuad paşaya təqdim edilmiş və broşura halında
Osmanlı imperiyasının hər yerində çap
olunmuşdu. Lakin bu cür uğurlu başlanğıca baxmayaraq,
layihə, hətta gələcəkdə baş vəzir
olmuş Əli paşanın da rəğbətinə rəğmən
həyata keçməmişdi. Axundov
öz layihəsinin həyata keçməsi üçün
yorulmadan çalışmış, müxtəlif vaxtlarda
Persiya (İran - tərc.) Xarici İşlər
Nazirliyinə iki dəfə məktub göndərmiş, lakin
orada da layihənin həyata keçirilməsi
üçün heç bir səy göstərilməmişdir.
Axundovun layihəsi bu vaxta qədər arzu olaraq
qalır.
Onun xidməti fəaliyyətinə gəlincə, o, əvvəlcə
canişinin dəftərxanasında mayor rütbəsində tərcüməçi
vəzifəsində işləmişdir. 1864-cü il,
oktyabrın 15-dən Qafqaz ordusunun nəzdində qulluğa təyin
olunmuşdur. O, 1878-ci il, fevralın 27-də
polkovnik rütbəsində ürək
çatışmazlığından dünyasını dəyişmişdir.
Onun çoxlu rus və xarici ordenləri
vardı, Rus Qafqaz Coğrafiya Cəmiyyətinin üzvü
idi. Kiçik vəzifədə
çalışmasına baxmayaraq, rəhmətlik öz
şəxsi müsbət keyfiyyətlərinə görə,
böyük knyaz Mixail Nikolayeviçin, knyaz Vorontsovun
xüsusi rəğbətini qazanmışdı. Mirzə
Fətəli onu uşaqlıqdan öz himayəsinə
götürmüş dayısı Hacı Ələsgərin
qızı Tubu xanımla evlənmişdir, iki övladı
olub: oğlu, yol mühəndisi Rəşid - indi
dünyasını dəyişib, qızı Nisə Xanım
fars şahzadəsi Xan Baba Xan Qacarın həyat
yoldaşıdır. Yerin behişt olsun. Öz xalqının səadəti uğrunda
çalışan, böyük cəfakeş, hələ
çox əsrlər keçəcək, ancaq sənin
adın xeyirxah müsəlmanların qəlbində daim
qalacaq.
"Kaspi"
qəzeti, ¹ 101, 7 may 1911
Dramaturqun
yubileyinə
Şərqin
Molyeri adlandırılan, müsəlman yumoristi Mirzə Fətəli
Axundovun anadan olmasının 100 illiyi münasibətilə
noyabrda keçirilməsi nəzərdə tutulan yubileyinə
müsəlman dramaturqu Əbdürrəhim bəy Haqverdiyev
bir pərdəli "Mirzə Fətəli Axundov"
vodevilini yazmışdır. Əsərin
iştirakçıları Mirzə Fətəli müəllifin
özü, oğlu, şagird və Axundov komediyalarının
bütün qəhrəmanlarıdır. Onların
hamısı növbə ilə müəllifin hüzuruna gəlir,
onun satirasından - tənqidindən şikayətlənirlər.
Xalq Axundovu kafir adlandırıb ona hücum edir.
Oğlu şikayətlənir ki, o, küçədən
keçərkən, kimsə onu daşa basıb, nökəri
isə məlumat verir ki, onun kitablarından bir dənə də
olsa satılmır, bir molla isə əmr edib ki, kitabları
yandırsınlar.
"Kaspi"
qəzeti, ¹ 236, 21 oktyabr 1911-ci il
"Nicat"
cəmiyyətində
Dünən "Nicat" cəmiyyətinin bütün
şöbələrinin, müsəlman əhali arasında
savadın yayılması üzrə Xeyriyyə Cəmiyyəti
"Nəşri-Maarif"in idarə heyətinin
iştirakı ilə təcili və birgə iclası
keçirilmişdir.
Sədrlik
edən İsa bəy Aşurbəyov iclası açaraq,
yığıncağa təklif etmişdir ki, Qafqazda ilk
müsəlman dramaturqu Mirzə Fətəli Axundovun 100 illik
yubileyinin keçirilməsi üçün təşkilat
komitəsi yaradılsın. O, iclasın diqqətinə Tiflis
yubiley komitəsindən alınmış teleqramın mətnini
çatdırmışdır.
"Bakı, Nicat" cəmiyyətinə. Axundov yubiley komitəsinin təşkilatı
hesab edir ki, yubileyi gələn ildə bayram etmək
lazımdır; Əgər Bakı yubileyi mütləq
noyabrın 20-də keçirməyi qərara alıbsa, sonuncu
qərarınızı bildirin, biz də qoşulaq:
Sədr
şahzadə Əmir Kazım Mirzə
Teleqramın
məzmunu ilə tanış olduqdan sonra
iclasda etiraf edildi ki, həqiqətən rəhmətlik
M.F.Axundov 1811-ci ildə anadan olub, ona görə də müsəlmanlar
üçün çox əziz olan bu günün bayram edilməsini
təxirə salmaq mümkün deyil, lakin noyabrın 20-sinə
çox az vaxt qaldığına görə, tədbir bir
neçə gün dala, ancaq dekabrın 2-dən sonraya
qalmamalıdır.
Sonra prezidium seçkiləri keçirildi. Qara bəy
Qarabəyov sədr, Məmməd Həsən bəy
Hacınski idarə üzvü, Əbdürrəhim bəy
Haqverdiyev və Mehdi bəy Hacınski katib seçildilər.
İclas yekdilliklə yubileyin Tağıyev
teatrında keçirilməsini qərara aldı. "Nicat"
cəmiyyətinin sədr müavini Tiflis yubiley komitəsinə
aşağıdakı məzmunda teleqram göndərdi:
"Tiflis. Şahzadə Əmir Kazım Mirzəyə.
Axundovun yubileyinin dekabrın 2-dən gec olmayaraq
keçirilməsi qərara alındı, sonuncu qərarı
teleqrafla bildirəcəyəm. Sədr
müavini İsa bəy Aşurbəyov".
"Kaspi"
qəzeti, ¹ 254, 11 noyabr 1911-ci il
AXUNDOVUN
YUBİLEYİNƏ
Noyabrın 16-da "Nicat" cəmiyyətinin qiraət
zalında yubiley komitəsinin iclası keçirildi. İclası açan
yubiley komitəsinin sədri Qara bəy Qarabəyov işlərin
gedişatı haqqında məlumat verdi. Keçiriləcək yubileyin proqramı oxundu.
Əbdürrəhim Haqverdiyevin yeni "Mirzə
Fətəli" pyesi müzakirə olundu. Müəllif əsəri
yığıncaqdakılara ucadan oxudu. Sonra
Müəllimlər cəmiyyətindən yubiley komitəsinin
üzvü seçilmiş müəllimlər haqqında məlumat
verildi. Komitənin katibi Haqverdiyev yubiley
üçün yazılmış kantatanı oxudu. Qərara alındı ki, əsər yubileyin
açılışı zamanı ifa olunsun.
"Nicat" cəmiyyətinin sədr müavini bildirdi ki,
"Nicat" cəmiyyəti tərəfindən komitənin
sərəncamına yubiley tədbirləri üçün
800 manat pul ayrılıb, katib onu da bildirdi ki, komitə tərəfindən
dahi dramaturqun tərcümeyi-halı və əsərlərinin
tənqidi oçerkləri də hazırlanır. Bu oçerklər çap olunaraq
tamaşaçılara paylanacaq. Sədr
yubileyə Bakıdan və digər şəhərlərdən
çağırılacaq adamların, cəmiyyətlərin
nümayəndələrinin adlarını oxuyur.
Siyahı təsdiq olunur.
Axundovun Yelizavetpolda da (Gəncə - tərc.) yubileyinin
keçirilməsi qərara alınır. Bu şəhərdə
də xüsusi komitə seçilmişdir. Komitə Bakıdan "Nicat" cəmiyyətindən
Axundovun portretinin klişesinin göndərilməsini xahiş
edib. Bizə bildirirlər ki, yubiley Bakı
tədbirlərindən bir neçə gün əvvəl
keçiriləcək.
"Kaspi"
qəzeti, ¹ 261, 19 noyabr 1911
Müsəlman
həyatı və mətbuatından
Tanınmış müsəlman ədəbiyyatşünası-pedaqoq
Firidun bəy Köçərlinski Axundovun yubileyi ərəfəsində
dramaturq Mirzə Fətəli Axundovun tam tərcümeyi-halı
və əsərlərini, tənqidi oçerklərini nəşr
etmişdir. Kitabçada dramaturqun tanınmış şair
Zakirlə yazışmaları da verilmişdir. Müəllif Axundov komediyalarının qəhrəmanlarını
təhlil edir.
Kitabın
sonunda müəllif yazır:
"Əgər
müəllif peyda olub soruşsa ki, onun xalqı nə edib, biz
ona yalnız belə cavab verə bilərik: biz heç nə
eləməmişik, qəflət yuxusundayıq".
Kitabın qiyməti 30 qəpikdir.
"Kaspi"
qəzeti, ¹ 268, 29 noyabr 1911
Mehdi bəy
Hacınski
M.F.Axundovun
yüzillik yubileyinə
Dahi dramaturq, müsəlman teatrının banisi Mirzə
Fətəli Axundov 1811-ci ildə Nuxa şəhərində
anadan olmuşdur. Yeddi yaşından yetim qalmış Fətəli
ana tərəfdən dayısı Axund Hacı Ələsgərin
himayəsində böyümüşdür. Axund Hacı Ələsgər dövrünün
tanınmış din xadimlərindən idi. O,
bacısı oğlu Fətəlini də ilahiyyatçı,
din xadimi kimi yetişdirmək istəyirdi. Ona
görə Məkkəyə ziyarətə gedərkən
bacısı oğlunu Yelizavetpolda Axund Molla Hüseynin
yanında oxumağa qoyur.
Lakin tezliklə Mirzə Fətəlinin həyatında böyük dönüş baş verir. Zəmanəsinin alim-filosofu Mirzə Şəfi ilə görüş onu Avropa ədəbiyyatını öyrənməyə sövq edir. 17 yaşında Nuxaya qayıdan Mirzə Fətəli şəhərdə yenicə açılan qəza məktəbinə daxil olur. Kursu bitirdikdən sonra, o, dayısına müraciət edir ki, onu işə düzəltsin. Dayısı Axund Hacı Ələsgər onun xahişinə iltifat göstərərək onu Tiflisdə Qafqaz canişini baron Rozenin yanında tərcüməçi vəzifəsinə düzəldir. Baron Fətəlinin istedadını görərək çinovniklərdən birinə tapşırır ki, ona rus dili ilə öyrətsin. Mirzə Fətəli özü də boş vaxtlarında Avropa ədəbiyyatını oxumağa başlayır. Bu haqda o, tərcümeyi-halında yazır: "Baron Rozendən sonra mənim himayədarım general, feldmarşal knyaz Vorontsov oldu. Onun yanında işləyərkən mənim yazıçılıq qabiliyyətim üzə çıxdı. Mən yazdığım əsərləri ona göstərdim, baron onları təriflədi, ilk dəfə Tiflis teatrında pyesim tamaşaya qoyuldu; yeddi pyes rus dilinə tərcümə edildi, pyeslər haqqında Peterburq və Berlin qəzetləri yazdı. 1857-ci ildə mən müsəlman əlifbasında islahat aparmaq istədim, ona görə Konstantinopol və Tehrana getdim. Bu haqda çox danışdılar, lakin mən heç nə edə bilmədim. Əfsuslar olsun ki, müsəlman başçıları öz əlifbalarının islahatı haqqında düşünmürlər, lakin bu, hər şeydən vacibdir".
Mədəniyyət və tərəqqi uğrunda mübariz, cəsatərli satirik, əsərlərində öz xalqındakı çatışmazlıqları, yanlışlıqları, cahilliyin yaratdığı parlaq və güclü obrazlarla "qamçılayan", xalqını qəlbdən sevən, ona ürəkdən acıyan Mirzə Fətəlini əsərlərindən belə tanıyırıq. Onun bir çox əsərləri xarici dillərə tərcümə edilib.
Polkovnik rütbəsində olan Mirzə Fətəli Axundov 1878-ci il, fevralın 28-də Tiflisdə vəfat edib, müsəlman qəbiristanlığında dəfn olunub. Onun məzarı üstündə heç bir abidə gözə dəymir. Əvəzində biz və gələcək nəsillər onun xatirəsini elə hörmətlə yad edəcəyik ki, o, heç vaxt öz xalqının yaddaşından silinməyəcək. Bu təntənəli gündə hər bir müsəlman öz borcunu yerinə yetirərək bu böyük mürşidinin - Mirzə Fətəli Axundovun xatirəsini yad etməlidir.
"Kaspi" qəzeti, ¹ 271, 2 dekabr 1911
Ülkər
HÜSEYNOVA
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.18;19.