Bir sevginin etirafı: fəlsəfəsində
nə dayanır...
Mən iradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə
qaytarır məni, olmuşların həsrətinə aparır və kövrəldir. Ötən əsrin
60-cı-80-ci illərinə.
Kənd müəllimliyimdən Bakıya gəlib
aspiranturaya girmişdim, elmə və publisistikaya
atılmışdım. Şairlərlə, jurnalistlərlə,
yazıçılarla, pedaqoqlarla yaxın ünsiyyətim
yaranmışdı. Xüsusilə, gənc
yazıçılarla. Redaksiyada ("Azərbaycan müəllimi"
qəzetində çalışırdım, 1976-1984)
üzündə və saçlarında kənd koloritini
saxlayan, iri cazibəli gözlərilə məftunedici təsir
oyadan, xoş səsli bir gənc xanımla tanış oldum,
dedilər ki, şeir yazır, müəllimədir, fizikadan dərs
deyir 31 saylı tam orta məktəbdə. Anası Pedaqoji
İnstitutun dosentidir, tanıdım... Təvazökarlıq
edib şeir oxumadı, hətta "mən şeir
yazmıram" - dedi. Mənim üçün
"yazmıram" feili kifayət etdi ki, şairdir!
Yanılmamışdım...
İllər keçdi. İmzası müntəzəm
göründü, bəstəkarlar onun sözlərinə
mahnılar bəstələdilər. Və
şeir kitabları işıq üzü gördü. Müəllim səriştəsilə də
maraqlandım. Valideynlər və pedaqoqlar
bu gənc müəllimədən razılıq etdilər, bu
səriştəsiə də sevindim. "Fiziklər
və liriklər" adlı geniş məqalə çap
etdirdim (70-ci illərdi). İlk məsələni ortaya
atdım, məndən 45-50 il sonra Milli Elmlər
Akademiyası bu işə başladı, mən isə
xatırlanmadım... Amma mən gənc şairə
- müəllimə Kəmalə Abıyevanı, onun
güclü hisslə qələmə aldığı
şeirlərindən süzülüb gələn
lirikasını unutmadım. Qəzetlərdə oxuyanda
mənə gələn bir hissdə şairənin
yaşadığı olmuşlara, ötənlərə və
əl yetməyən nəsnələrə
aşinalığıdır! Şeir dünəndir,
"dünənin" xatirəsindən doğulan poetik
sızıltıdır. Şeir boş
gurultu və tappıltı deyil, qulaq pərdəsinə
güc gəlsin. Şeir ürəkdə qövr edən,
pak sevgisini itirən sızıltıdır, amma ah-nalə də
deyil!
Kəmalə Abıyevada poeziya canlıdır, misralar
diridir, sözlər biçimlidir - şairin içindən gələn
və bu daxili ahəngi enerjisi ilə oyadan bir nəsnədir. Şeir Kəmalə
üçün bir daha geri qayıtmayan taledir, hansı ki,
tale ilə zarafat etməyəsən, özündən
küsdürməyəsən. "Bağışla",
"Eh, bir yanılma idi" etirafları səndən üz
döndərir. Mən A.Kəmalənin
şeirlərində, düzü, sosial möhür
axtarmamışam, naməlum məmurun ərköyünlüyünə
gülməyini eşitməmişəm, acizanə şikayətini
duymamışam, yoxsa o, məni bir oxucu kimi itirərdi. Mən isə ən azı şairənin "Məni
bağışlama" şeirini itirərdim. Nə gizlədim, şeiri ("Ədalət" qəzeti,
02.11.2019) payızın bir səhər çağında
sübh vaxtı oxudum. Təsadüfdənmi,
bəxtimdənmi günəş dan yerində qərar
tutmurdu, buludlar onun qabağını kəsmişdi, amma əbəs
cəhd idi. Dünənin
qayğılarından sıxılmamışdım, pəncərəmdən
aydınca görünən yaşıl yarpaqlı zeytun
ağacları hələ oyanmamışdı,
yarpaqlarını-nəvə-nəticələrini
ağuşunda qoruyurdu. Bir azdan yan-yörəsində
gizlənən tüstü axını yarpaqların gözlərini
qamaşdıracaqdı. Mən isə Kəmalənin
"Məni bağışlama" poetik yarpağının
pıçıltısını eşidirdim misra-misra və
ürəyimdən keçirirdim ki, vacib idimi bu şeiri oxuyum?
Axı, qəzet səhifəsində
"Bağışlaram", "Külək
saçlım", "Nə qəribə havadı",
"Getmə demədim", "Son sevgimsən" şeirləri
də yer alıb, onlar məgər sənin təştəni
söndürməyəcək? Cavabım birmənalı
idi? Deyə bilmərəm! Ona görə
ki, bu yaşımda içimi silkələdi, hər şeyə
təslim olmayan xatirələrimi "təslim etdi" və
çəkilib kənarda durdu. Ona görə
ki, peşiman-peşiman bir zaman içimdə doğulmuş və
ölmüş gənclik sevgimi yenidən qaytarırdı?
Nə
olsun ki, sənə "bağışla" dedim.
Nə
olsun qayıtdım, əlindən tutdum,
Bağışlama
məni, qurbanın olum,
Məni bağışlama, qoy çıxım gedim.
Baxma,
sevgi dolu baxışlarınla
Mən sənin dünyanı yıxıb getmişəm.
Sən həsrət
qaldığın baxışlarıma
Özgə bir həsrəti yığıb getmişəm.
Bu, etirafdırmı, Kəmalə xanım, yoxsa poetik
qüdrətin çəkib gətirdiyi xülyadır? Bəlkə
heç biridir, sevən insanların son elegiyasıdır?
Bu, yozum da deyil. Mənim, onun
haçansa itirdiyi bir həsrətdir? Bəlkə
bu, sevən bir insana məxsus enerjidir - vaxtında yanmayanda,
yaxud vaxtsız sönəndə kiçik bir təmasdan
zamanı çağırıb gətirir. Bəlkə
bu, yalnız sevənlərə xas ali
müdriklikdir - üz çevirəndə ən əzizlədiyinə
belə "Məni bağışlama" demək cəsarətinə
gəlir. Mən indi də bilmirəm niyə "Məni
bağışla" dedim və sanki yüngünləşdim,
bu, düşündüyüm və
özümə arxayın olduğum
peşimançılıq idi. Kəmalə
xanım isə qadın qəlbilə etiraf edir, kişilərdən
ürəyinin daha dözümlü olduğuna
inandırır. O, həssas duyumla itirilmiş sevginin
ürəkdə ölməmiş, ruhunu - canını
heç vaxt tapşırmamış bir möcüzəsinə
baş əyir. Sevən birisi (kişi) təmasa
- "əlindən tutmuşuq" fiziki oyanış kimi
yanaşa bilər və buna sevginin ilk simptomları
gözüylə yanaşırdı. Antik
filosof Platonda belə nəvaziş hissiyyatın gözəlliyi
kimi səciyyəlnir, dərk olunmağa səsləyir. Şərqdə isə hələ məhəbbət
- sevgiyə çevrilməmiş vurğunluğun ilkin əlamətləri
nəzərə çarpır; əldən tutma oğlanda
(kişidə) zahiri gözəlliyin cizgiləri birbaşa
şüura - yaddaşa ötürülür və hissiyyata
çevrilir. Təbii ki, bu fenomenal nəsnə həyata
əksərən keçirilmir, ya kişi,
ya da qadın tərəfindən və bu, həsrətdə
toxdayır. Şairlərdə (Kəmalə
xanım da istisna deyil) həsrət anlamı poetik obrazı
özündə ehtiva edir, mənəvi yaşantı olaraq
maddiləşir. Şair neçə-neçə
illərdən sonra bu mövzuya təsadüfi qayıtmır,
keçmiş sevginin oyanışı təsiri altında da
olur, yaxud bir təsadüfi rastlaşma zamanı da.
İkincidə şeir daha həzin, kövrək və kədər
bağışlayır; müəllifə də, oxucuya da! Bu
"rastlaşma" - mən bu cür düşünürəm:
Şairə Kəmalə xanım şeirin yaranması
faktorundan belə unikal şeiri yaza bilib; keçmişlə
indisinin xəyali müşahidəsində:
Sənin
üzündəki qəmin izləri,
Mənim üzümdəki qəmdən dərindi.
Ağarmış
saçların, nəmli gözlərin
Qatili olduğum ayın-ilindi.
Bəlkə bu etiraf deyil, itirilmiş sevginin - mənəvi
cinayətin atributudur, bunu hər qadın şairə
ümumiləşdirmək səlahiyyətinə, daha
doğrusu, cəsarətinə malik olmur. Şeirin
cövhərində sadəcə lirik təəssürat,
içimizi göynədən pafos - poetik ehtiras dayanmır, sevən
tərəflərin münasibətlərindəki fiziki
görüm və ruh. Bir sevgi
daşıyıcısının (oğlanın) zövqü
və cinsi instikti üz-üzə gəlir və şairin fəlsəfi
təsəvvüründə poetikləşir. Birinci tərəf oğlan impressiv - təəssüratoyadıcı
olur. İkinci tərəf - qız ondan xəbərsiz
yaşlaşmış, saçları ağarmış,
sevgisinə biganə qalmamış qeyri günahkarın
qarşısında özünü təmizə
çıxarmağı belə bacarmır. Müəllifin qəlb genişliyini, həsrətə
bələnmiş sevgiyə verdiyi ən ülvi qiyməti
duymaya bilmərik. Şair bununla özünü
sığorta etsəydi nəyi xatırladardı:
emosionallığı, yoxsa intellektuallığı?
Kiçik haşiyə: itirilmiş sevgi (bu, onun taleyidir) iki
canla, obyektin - tərəf-müqabillərin birləşməsini
- simbioz münasibətini şərtləndirir, necə ki,
şairlə (ümumiyyətlə, yaradıcı şəxslərlə)
şeir, (poeziya) arasındakı sevgi bənzəyişi,
oxşarlığı mövcuddur. Şairənin
təxəyyülündə "Məni
bağışla" təsadüfdən
doğulmamışdır - motivləşmişdir, bu,
psixoloji anların hesabınadır. Psixoloq Leon Edel
yazırdı ki: "Ədəbiyyatla (şeirlə - A.E.)
psixologiya ortaq zəmində yüksəlir, ikisi də insan
motivlərilə, davranışları ilə
bağlıdır, birinin nifrətilə
ayrılmasının, digərinin sevgilə birləşməsini
incələyir". Şairin hər iki amili nəzərdə
tutması belə, əzəmi misraları ürəyində
bəsləyib intellektinə ötürə bilməz, bunu
yalnız ilhamı oturuşmuş şairlər yaradar.
Belə bir prizmadan bircə şeiri lap "Məni
bağışlama"nı necə hasilə
gətirmək olar? Təsəvvür etmirəm
ki, mən oxucu olaraq şeiri ruhumun
çağırışında yaşamağı
bacarmışam. Kəmalə xanımın o hissləri
var - poeziyanın ilahi pıçıltısında
yazdığına möcüzə kimi baxdım:
Ömründə
yer vermə, indi sən məni
Ölən arzuların qoy arasına.
Mənim
öz dünyam var qoy çıxım gedim,
Gedim xəyalların xarabasına.
Bu obrazlar assosiativ çevrilmələr, sözlərin
zərif ucundan sızan bənzətmələr - daha nələr
- şairə - müəllifə həm nicat, həm də həsrət
hissi bağışlayıb ayaq saxlamamışdır. Belə məqamlarda
gizlin deyil, qadın şairələrdə ovqat - əhval-ruhiyyə
sevgi həsrətini özündə ehtiva edir, hətta onu
reallıqdan uzaqlaşdırıb "xəyalların
xarabalığına" aparır. Çünki
qadın şairlər şeirə köklənərkən
sevgi (bu, poeziyaya aiddir) hissindən asılı olur, elə bir əsər
yaranır ki, oxucunun məmnunluq payına düşür.
Unutmayaq ki, şair qadınlar yaradıcı enerjinin səfasını
görür: meyl, ovqat azaddırsa, hələ ki onun poetik məhvərindən
uzaqlaşmayıbsan, ürəyində doğulan və yenidən
oyanan sevgisi qarşısında "köhnə
yaraları" təzələmək istəmirsən. Poetik enerjisi şeiri duyğularda ifadə edir.
Bağışlama
məni, başına dönüm,
Bir də bu yaralar köz bağlamaz ki.
Qoy öz
günahımın oduna yanım,
Cəzam günahımdan ağır olmaz ki.
Bu poetik etirazdır iki sevən arasında, tərəflərdən
kimsə nə səbəbdənsə (yuxarıda
vurğulamışdım) birgə ömür yolunu keçmək
istəməmişdir, görünür, iqtidarı, yaxud iradəsi
çatmaqdan qorxmuşdur, özünü fədaya rəva
görməmişdir, yaxud hazır olmamışdır. Lev Tolstoyun
"Anna Karenina"dakı Anna - Vronski və "Levin -
Kiti" xətlərini xatırlayaq. Oxucu
dərhal təsəvvürünə gətirir
cütlüyün axıracan getməyin məsuliyyətini - hətta
həqiqi sevgi olsa belə. Birinci xətdə həzin hissin fiziki məhəbbətə
xidmətini, ikinci xətdə məhəbbətdə
valideynlik məsuliyyətinin idrakı. "Məni
bağışlama" deyərkən sevən tərəfin
səmimiyyətinə oxucu inanır,
peşimançılığından çəkinir, daha o
çağlar, o günlər... arxada qalmamışdır, bəlkə
də o ehtiraslar sönmüşdür!
Sevib
qovuşmayanlar da yaşın artımında həyatın
qayğıları ilə əhatə olunmuşlar, o vaxt
bir-birini anlamamışlar, bu günsə
varlıqlarını saran müəmmalı bir hissin baş
qaldırmasını istəmirlər, əslində, heç
də müəmmalı deyil, maddiləşməmiş
münasibətlərin harmoniyasıdır ki, ölməmişdir,
yaşamaqdadır. Halbuki bir zaman qeyri-rəsmi
cütlər mənəvi-sosial münasibətlərin qiymətini
ölçüb-biçməmişlər, lakin fiziki və
mənəvi dəyərlərini qorumuşlar, qadın tərəf
şahlığından düşməmişdir.
Şairə Kəmalənin poetik hünəridir, - desəm
yanılmaram!
"Məni
bağışlama" şeirinin son misralarını oxumaq
istəmədim - bilərəkdən, onu da kəsdirmədim səbəbi
nədir... Düzü, şeirin təsirilə
təhtəlşüur "qatına"
düşmüşdüm, bir yandan da günəş
sübhdən ara-lanmışdı, şəfəqləri
zeytun ağaclarının yarpaqlarını dəlib budaqlardan
torpağa süzülürdü. Açıq
pəncərədən səmanın buludsuz
azadlığını görürdüm, bu isə məni
şeirin təsirindən azad etdi və inandırdı ki.
Ömrün
baharı qarlı qış oldu,
Bir də o bahara dönə bilmərik.
Bağışlama məni, qurbanın olum,
Biz xoşbəxt hekayə yaza bilmədik.
Peşmanlamadım: şeirin poetik ruhu təbiətlə ahəng yaradırdı, itmiş sevgi qış ovqatında qalmışdı, əli bahara çatmırdı. Qarşıda isə yaz gəlirdi, beləcə fəsillər bir-birini əvəz edir, təzələnir. Sevgisə... Təzələnmir. Nə yaxşı belədir, yoxsa "Məni bağışlama" şeiri qələmə gəlməzdi, poeziya isə yalnız itirərdi! Kim axtaracaqdı onu: Kəmalə xanım Abıyeva, yoxsa bir oxucu?! Kim belə bir möcüzəli poetik hekayəni yazacaqdı?! Bu cür şeiri ilahidən pay olan, yaradıcılığına hörmətlə yanaşan şairə xanım Kəmalə yarada bilərdi.
Yaradıcılıq mürəkkəb və dolanbac işin son mərhələsi, dağınıq, səpələnmiş fikirlərin, ideyaların, dəlillərin bir-birini bağlayan nostalji hisslərin əks-sədasıdır.
09.11.2019
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.15.