Aydın Tağıyevdən hekayə çələngi

 

 

Tanınmış yazıçı və publisist, Azərbaycan Yazıçılar Birliyi Şabran bölməsinin rəhbəri Aydın Tağıyevin yeni kitabı işıq üzü görüb. "İsrafilin suru" adlanan kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı hekayələri toplanıb. Nəşrin redaktoru Ay Bəniz Əliyardır.

Ön söz yerinə yazıçı, dramaturq və ədəbiyyatşünas Pərvinin 2017-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Ümidlərin ardınca" məqaləsi daxil edilib. Məqalədə Pərvin yazır: "Aydın müəllim indiki Şabran, o vaxtkı Dəvəçi rayonunda dünyaya gəlib. Əsərlərini oxuyanda məndə belə hiss yaranır ki, elə ədəbiyyata gəlişi də dünyaya gəlişi kimi təbii olub. Yəni Aydın Tağıyev özünü yazmağa məcbur edənlərdən deyil. Şöhrət naminə, hansısa maddi, ya da sosial rifahdan ötrü qələmə sarılmaz. Ürəyini deşən, beynini rahat buraxmayan sözü kağıza köçürüb. Və elə buna görə də yazdıqları zamanındaca əks-səda doğurub. Aydın Tağıyevdən, onun əsərlərindən danışan hər kəs saflığı, dürüstlüyü, gələcəyə inamı və ümidləri, dosta sadiqliyi xüsusi vurğulayır. Bu sadaladıqlarımı həm yazıçının özünə, həm də əsərlərinə aid edirlər. Oxuduqca düşünürəm, görəsən, necə olur hamını məhz bu cəhətlər düşündürür. Yəqin ki, saflığın, dürüstlüyün, etibarın nadir keyfiyyət olmasına görə. Və qəribədir ki, zaman keçdikcə heç nə dəyişmir. Aydın Tağıyevin hələ ilk gənclik illərində yazdığı əsərlərdəki işıq, inam, ümidlər lap son zamanlarda qələmə aldığı əsərlərində də göz qamaşdırır".

Pərvin xanım ön sözündə yazır ki, Aydın Tağıyev yaradıcılığında əsas motivlərdən biri də insanın özünün özünü tərbiyəsidir: "Yəni qəhrəmanın səhvini anlaması, ya da düz yola qayıtması, ləyaqətini, mənliyini qoruması üçün fövqəladə hadisələrə, ciddi olaylara ehtiyac duymur yazıçı".

Kitabda oxucular müəllifin "İstək", "Gəlincik", "Günəşin oyanmasını istəməyən uşaq", "Süd qardaşlarım, süd bacılarım", "İsrafilin suru", "Yaxşı ki, yaz idi", "Yağış altında", "Mələk", "Ağrı", "Sübh çağının xəbərçisi", "Sərçələr də dil bilir",  "Xüsusi əlamətləri yoxdur", "Duz", "Simurq quşunun lələkləri", "Nağıl", "İlk dərs" adlı bir-birindən maraqlı, həyatın müxtəlif mövzularına, cəmiyyətin və insanlığın fərqli problemlərinə həsr olunmuş hekayələrini oxuyacaqlar.

Bu hekayələrdən danışarkən akademik İsa Həbibbəyli və Xalq yazıçısı Natiq Rəsulzadənin Aydın Tağıyevin bu ədəbi nümunələri haqqındakı fikirlərini xatırlamaq yerinə düşər. İ.Həbibbəyli yazır: "Azərbaycan Yazıçılar Birliyi Şabran bölməsinin sədri Aydın Tağıyev ölkə miqyasında yeni hekayəçiliyin tanınmış yaradıcılarından biri kimi qəbul olunur. Tənqidçi Vaqif Yusifli onun hekayələrini "kiçik janrın milli kolorit naxışları" olan qiymətli örnəkləri kimi dəyərləndirir".

N.Rəsulzadənin fikrincə isə A.Tağıyev "yaşanmışlar, keçirilmiş ağrılar haqqında yazır və elə buna görə də onun hekayələri səmimiyyəti ilə, öz yeni nəfəsi ilə fərqlənir".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 23 noyabr.- S.14.