Minlərlə insanı həyata
qaytarmış cərrah
Kamal Yusufov-100
Həkim soyuqqanlı, xoşxasiyyət
və insanpərvər
olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam
şəxs üçün
dost olmalıdır. O, xəstənin
sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
Hippokrat
Bu gün - noyabrın 27-si Azərbaycan səhiyyəsinin
görkəmli nümayəndələrindən
biri, bütün ömrünü tibb elminə və insanların sağlamlığına
həsr etmiş tanınmış cərrah,
Respublikanın Əməkdar
həkimi Kamal Yusufovun anadan olmasından 100 il ötür.
Kamal Yusufov 27 noyabr 1919-cu ildə Şuşa
şəhərində, papaqçı
ailəsində anadan olub. Orada orta
təhsilini alıb, Şuşa Pedaqoji
Texnikumunu bitirib. 1938-1939-cu illərdə rayonun "kolxoz bayrağı" qəzetinin
məsul katibi vəzifəsində işləyib.
Ordu sıralarına çağırılanadək
Şuşanın Quşçular
kənd məktəbində
müəllim işləyib.
1939-cu ildən Belorusun Lyuboml şəhərində
ordu sıralarında sıravi əsgər kimi qulluq etməyə
başlayıb, az sonra serjant rütbəsi alıb. Böyük Vətən müharibəsi
başlayanda Kamal Yusufov pulemyotçu bölmənin komandiri təyin edilib. 1942-ci ilin sonlarında
ağır yaralanaraq ordudan təxris edilib. Doğma şəhərinə qayıtdıqdan
sonra 2 il
Şuşa Rayon İcraiyyə
Komitəsinin məsul
katibi vəzifəsində
çalışıb.
1944-cü ildə Kamal
Yusufov Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olub. 1949-cu ildə professor F.A.Əfəndiyevin
rəhbərlik etdiyi pediatriya və sanitar-gigiyena fakültəsinə,
kliniki cərrahiyyənin
ordinaturasına qəbul
edilib. Ordinaturanı bitirdikdən sonra,
1953-cü ilin fevral ayında respublika Səhiyyə Nazirliyinin göndərişi ilə
Mingəçevir şəhər
xəstəxanasının cərrahiyyə şöbəsinə
müdir və baş cərrah təyin edilib. Az bir vaxtda kollektivin və şəhər əhalisinin hörmətini
qazanıb. Öz sahəsində çox
yaxşı mütəxəssis
hesab edilən Kamal Yusufov elmi,
nəzəri və praktik biliklərini artırmaqdan da əl çəkməyib.
1959-cu ildə Leninqrad həkimləri Təkmilləşmə
İnstitutunda ortopediya,
protezləşdirmə və
travmatologiyanın əsasları,
1960-61-ci illərdə Tiflis həkimləri Təkmilləşdirmə
İnstitutunda torakal cərrahiyyəsi, 1965-ci ildə
Rusiya Səhiyyə Nazirliyinin klinikasının
proktologiya elmi-tədqiqat
laboratoriyasında proktologiya
üzrə ixtisaslaşma
kursları keçib.
1966-cı ildə Səhiyyə
Nazirliyinin təqdimatı
ilə özünün
yaratdığı Respublika
Kliniki Xəstəxanasının
proktologiya şöbəsinə
müdir təyin edilib. 1968-ci ildə Mingəçevir şəhər
Partiya Komitəsinin və ZDS İcraiyyə Komitəsinin vəsadəti
ilə yenidən Mingəçevir şəhər
xəstəxanasının cərrahiyyə şöbəsinin
müdiri və baş cərrahı təyin olunub.
1968-ci ilin iyun ayında Kamal Yusufova tibb sahəsində
əvəzsiz xidmətlərinə
görə Azərbaycan
Respublikası Ali Soveti
Rəyasət Heyətinin
fərmanı ilə Respublikanın Əməkdar
həkimi fəxri adı verilib. Onu da qeyd edək ki, Kamal Yusufovun
əməyinin dövlət
tərəfindən qiymətləndirilməsi
bununla yekunlaşmır.
Fəaliyyəti dövründə
o, "Arxa cəbhədə
rəşadətli əməyə
görə" (1945), "Rəşadətli əməyə
görə" (1961) medalları
ilə, "Vətən
müharibəsi" ordeni
ilə (1985), "Səhiyyə
əlaçısı" nişanı ilə, Ali Sovetin fəxri fərmanları ilə də təltif edilib.
1985-ci ilədək Respublika
Cərrahlar Cəmiyyəti
İdarə Heyətinin
və "Azərbaycan
tibb jurnalı" redaksiyası şurasının
üzvü olub. Ümumittifaq
cərrahlar qurultayında
(Moskva, 1955-ci il), uroloqların 1-ci Ümumittifaq
qurultayında (Bakı,
1972-ci il), Zaqafqaziya cərrahlarının və
həkim-proktoloqların (Moskva,
1972-ci il) 4-cü konfranslarında
nümayəndə və
məruzəçi kimi
iştirak edib.
1973-75-ci illərdə Mingəçevir şəhər
səhiyyə şöbəsinə
Kamal Yusufov rəhbərlik edib. 1979-cu ildə paytaxta - Bakı şəhərinə
köçüb. 1980-ci
ildən 1983-cü ilədək
Respublika Kliniki Xəstəxanasının proktologiya
şöbəsinin müdiri
vəzifəsində çalışıb.
1983-cü ildən ömrünün sonunadək
həmin xəstəxananın
cərrahiyyə korpusunun
qəbul şöbəsinə
rəhbərlik edib.
Kamal Yusufov 1999-cü ilin mart ayında vəfat edib.
Kamal Yusufovgil
ailədə yeddi qardaş olublar. Onlardan altısı
müharibəyə yollanıb,
beşi geri qayıtmayıb. Cəbhədən yaralı qayıtmasına
baxmayaraq, Kamal özündə güc tapıb həyata davam edib. Təkcə öz əvəzindən yox, həm də
müharibədə həlak
olmuş qardaşlarının
əvəzindən yaşamağı
bacarıb. Həkimlik fəaliyyəti
dövründə on minə
yaxın (8110) cərrahi
əməliyyat aparıb.
Minlərlə insanın sağlamlığını,
həyat eşqini yenidən özünə
qaytarıb, neçə-neçə
ailəni vaxtsız insan itkisinin faciəsindən xilas edib.
İstər həkim yoldaşları,
istərsə də pasiyenti olmuş insanlar deyirlər ki, Kamal Yusufov
xəstələri yalnız
dərin elmi-nəzəri
biliyi, yüksək bacarığı, zəngin
təcrübəsi ilə
deyil, həm də özünün insanpərvərliyi - mehriban
davranışı, şəfqətli
baxışları, böyük
ürəyi ilə sağaldıb həyata qaytarırdı. Təkcə Bakıda yox,
ömrünün böyük
hissəsini yaşayıb,
işlədiyi Mingəçevirdə
də onun xatirəsi tanıyanlar tərəfindən daim ehtiramla yad edilir.
Kamal Yusufov 1963-cü ildə ailə qurub. Üç övladı dünyaya gəlib: bir qız, iki oğlan. Ailənin kiçik oğlu Rauf Yusufov hazırda atasının peşəsini davam etdirir, həkimdir. Rusiyanın Farmasintez şirkətinin Azərbaycan nümayəndəsidir. Ailənin digər iki övladı Kamilə Ağayeva və Kamil Yusufov geofizika sahəsini seçiblər.
Kamil Yusufov Norveçin Logtek AS neft və qaz servis şirkətinin Baş Geodata Məsləhətçisidir. Kamilə Ağayeva AMEA-nın Geologiya İnstitunun böyük elmi işçisi, geologiya və mineralogiya üzrə fəlsəfə doktorudur.
Övladlarının dediyinə görə, Kamal Yusufov həkimlikdən başqa, həm də çox yaxşı aşpaz olub. Vaxtaşırı, ailəsi və yaxın dostları üçün Qarabağ mətbəxinin ləziz xörəklərini bişirirmiş. Qarabağsayağı plovları xüsusi sevgilə hazırlayırmış. O, kitab oxumağı və muğama qulaq asmağı da çox sevərmiş. İstirahət günlərində radioda gedən muğam saatı verilişinin heç bir buraxılışını ötürməz, sevə-sevə dinləyərmiş. Ən çox sevdiyi məşğuliyyətlərdən biri də övladlarını muzeylərə aparmaq və onlarla birgə tarixi abidələr olan yerləri gəzmək olub Kamal Yusufovun...
P.S. İstirahət günlərinin birində Kamal həkim ailəlikcə Bakıda yaşayan yaxın dostunun övlad toyuna gedir. Toyda təzəcə oturub rahatlanıbmış ki, Mingəçevirdən xəstə gətirildiyini xəbər verirlər ona. "Evin yeganə övladıdır," - deyirlər - vəziyyəti ağırdır, ağacdan yıxılıb, daxili qanaxması var.
Kamal həkim dərhal toy məclisini tərk edib işə gedir. Çox gərgin cərrahi əməliyyatdan sonra xəstə ölümün pəncəsindən xilas olur...
İllar sonra - bir gün Kamal həkim işdə olarkən gənc bir ailə otağına girir. Cavan oğlan, yanında da qucağında bələk tutmuş gənc xanım. Salam verəndən sonra oğlan sual dolu baxışlarını həkimə zilləyib dillənir:
- Həkim, tanımadınız? Vaxilə siz məni ölümdən qurtarmısınız. Ağacdan yıxılan oğlanam, ailə qurmuşam, yanımdakı xanımımdır. Bu günlərdə oğlumuz olub, gəlmişəm ki, xeyir-dua verəsiniz, adını Kamal qoyaq...
SEVİNC
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.23.