Süveydaya məktublar
kitabdan
parçalar
23-cü
məktub
Üzümü çevirdim mən səndən gələn
günəşə.
Süveyda, arzularıma tab gətirə bilmirəm
artıq; könlüm, beynim və damarlarım sənlə
dolu, söylə səni tapa bilmənin və görə bilmənin
yoxdurmu bir yolu?
Qəlblərimiz arasındakı rabitədən xəbərsizsənmi? Yoxsa sən də
məni axtarırsan? Söylə hansı
şəhərdə, hansı məkanda, hansı adadasan?
Sənin olduğun ölkədə günəş
çıxırmı? Sənin olduğun yerdə rüzgar əsirmi?
Könlümün inləmələri sənə
çatırmı?
Fəlsəfə insanı xəstə edər deyirlər,
sevgili; bəlkə də psixoloji, bəlkə çarə
deyə fəlsəfəyə maraq saldım uzun zamandır.
Şeirlər və romanların
düşünülmüş bir quruluşla
yazıldığını bildiyimdən, daha çox
postmodern bir dünyagörüşü ilə ürəyimə,
sevgimə və sənə yaxınlaşmağa
çalışır; dünyanı, kosmosu, maddəni,
ümumiyyətlə, bütün varlıqları başqa bir
gözlə görməyə cəhd edirəm.
Fəlsəfə ilə məşğul olduğumdan bəri
şeirlərimdə ən çox istifadə etdiyim sənət
sorğu və bildiyim şeyləri gizlətmə sənətidir.
Bəzən insan özünə sual verərək və
ya bildiyi bir şeyi bilib, amma bilməzdən gələrək
problemlərini həll edər ki, mən də elə etməyə
çalışıram hər halda.
Belə edərkən ədəbi yaradıcılıqla
cərəyanlar arasındakı əlaqəni dərk etdim
birdən. Cərəyanların çoxunu realizmi, naturalizmi,
romantizmi və digərlərini uzun-uzun incələdim və
məni tamamilə izah edən bir sənət forması
tapmadım.
Həlli olmayan bir müəmmaya bənzər
könlüm sanki hamısından toplanmış bir ruh.
Realizmə
görə mən xəyalpərəstəm; naturalizmdə dəli;
parnosizmə görə isə, həqiqət-xəyal
arası xəyallar aləminin əsiriyəm; fəqət
romantizmdə seçilmiş bir yerim var: usta, ustad,
ağsaqqal, nə deyirsən de, romantizm deyilən sarayda mənə
ayrılmış xüsusi bir hissə var.
Romantizm mövzusunda xəyalıma heç kimsə və
heç bir qələm yetinə bilməz, sevgili. Sən yetər
ki, gülüşünlə mənə ilham ol, sən yetər
ki, hər nəfəsdə mənimlə dol.
Haradan gəldisə ağlıma qəhrəmanları
düşündüm birdən.
Hər qəhrəmanın da bir qəhrəmanı
vardır, deyilmi, Süveyda?
Mənim könlümə sahib olan qəhrəmanım sənsən,
sevgili. Söylə məndən roman qəhrəmanımı
olur, yoxsa dağınıq bir aşiqmi?
Peyami Səfanın "Yalnızıq"
romanındakı Samimin bir çox xüsusiyyəti mənə
bənzəyir; onunla aramda ünsiyyət qurula bilər, amma
eyni romandakı Besim xarakteri orijinal bir şəxsiyyət olsa
da, maddiyyata düşkünlüyünə görə məni
diksindirir.
Mənim gözlərim avtomobil arzusunda olan Bəhruz bəy
kimi qapalı deyil, sevgili; xüsusilə mən psixonevroz xəstəsi
heç deyiləm.
"İntibah"
romanındakı Əli Bəy kimi də dəyanətsiz və
"Aşk-ı memnu"dakı Behlül isə, heç ola bilmərəm.
"Çalıquşu"dakı Kamran və Fəridəyə
bənzəyirikmi görəsən? Sən məndən
qaçırsan istəməyərək və mən səni
qovalayıram.
Sezai Karakoçun "Monaroza" şeirində
olduğu kimi adını gizlətmirəm ki, sənin.
Sən mənim içimdəsən, sən mənim qəlbimin
işıq mənbəyisən; sənin ziyanla zülmətin
işığa dönür və bir dəniz fənəri
kimi sən mənə yol göstərirsən.
Süveyda, nurundan nuruma, qəlbindən qəlbimə
heç bir mikroskopun görə bilməyəcəyi,
heç bir alətin ölçə bilməyəcəyi elə
bir yol var ki; səndən xəbərdar olan hər kəs, hər
şey həsədindən çatlamaq üzrədir.
Aşiqlərin gözlərinin bağlanaraq, qəlb
gözüylə görə bilənlərin
qatıldığı, uzun illərdir hazırlanan Aşiqlər
Olimpiadasında, son illərdə, bütün kateqoriyalarda
birinciliyi sənin sayəndə mən aldım.
Hər kəs sənin nurunu günəşə, məni
isə aya bənzədir.
Sevgili, üzümü sənə doğru
çevirmişəm bir dəfə, bu qərarımdan
dönməyim imkansız. Bir neçə gündü dilimə
dərman olan beyitdə anlatdığım da sənsən:
Üzümü
çevirdim mən səndən gələn günəşə,
Məni al götür, yarım, qəlbimə dolsun nəşə.
24-cü
məktub
Lampaları qırılmış yalnızlıq
küçəsisən.
Sevgili, sənin məhəbbətində tapdım mən
abı-həyatı.
Sənin eşqinlə çatdım kamallar nöqtəsinə,
Xızırla, İlyasla sənin sevgin sayəsində həsb-hal
etdim və qapılar sənin sevginlə açıldı mənə.
Mən sükutu əzbərləyən bir qıfıl;
sənsə təkcə mənim könlüm
üçün xüsusi olaraq, yaradılmış bir
açarsan.
Tək başına qıfıl da, açar da nə
işə yarayır?
Mənim üçün sənsiz hər şey
yarım; mənsiz sən əskiksən.
Bir gün səni tapsam qırılacaq qıfılım
və açılacaq dilim. Bu yazdıqlarım nədir
ki, sən məni birdə o vaxt gör, Sevgili.
Mövsümlər bir-birinin ardınca keçir
saymazyana, eviminsə qapısını çalan yox. Dostlarım məni
tərk etdi, anlamır kimsə.
Səni
anladıram hər kəsə, "Məcnun olmuş bu"
deyirlər və "illər öncə yalnız bir dəfə
gördüyün birini necə sevə bilərsən, belə
sevgi ola bilərmi?" deyə mənə
güldükləri kimi, məni mühakimə edib,
sorğulayırlar.
Sənin bir pəri-surət, mənimsə bunu
uydurduğum bir xəyal olduğunu deyirlər.
Küsdüm onlara; kimsənin mənim dediklərimi dərk
etməsini gözləmirəm. Sən məni anla və
mənə inan, bu, mənim üçün yetərli,
Süveyda.
Sənə
və sevginə inancım tam; hiss edirəm ki, bir gün
çıxıb gələcəksən və mən "məhz
deyəcəyəm, məni darmadağın edən o pəri-surət
dediyiniz bəla qarşınızdadır", lal kəsiləcək
sənə inanmayanların dilləri və üzləri.
Sükut otundan düzəldilmiş şorba
içmiş kimi utanclarından qızarıb, sənin
gözəlliyin və cazibən qarşısında
çaşıb qalacaqlar.
Utanma dedim, ağlıma Füzuli gəldi yenə.
Onun o məşhur qəzəlindəki:
Degildim mən
sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək
utanmazmı?
beyti gəldi.
Nə gözəl, nə doğru söyləmiş
Füzuli, mənim ağlımı başımdan alan da sən deyilsənmi?
Füzuli ilə mənim aramda bir ülfət varmı,
görəsən?
O da mənim
kimi həmişə sevgilini gözləmiş, amma gəlməyən
sevgiliyə dair kiçik gileylərdən başqa üsyandan
uzaq dayanmış.
Sevdasından dolayı hər kəs ona divanə dediyi
halda, heç bir zaman sevdiyindən əl çəkməmişdir. O məşhur qəzəlinin
sonundakı beyt də bunu anlatmırmı?
Füzuli
rindü şeydadır, həmişə xəlqə
rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Keçməz sevgili, keçməz; çünki o da mənim
kimi məşuqunun bəndəsi, köləsi olub. Eşqə əsir
düşmüş, aldığı və verdiyi nəfəsin
bütünü sevgili olub.
Sən qüsursuzsan, səni nəfəs alanlar, sənin
mübtəlan olur.
Havada olan karbon qazı da səninlə təmas edərsə
oksigenə çevrilir; çünki sən olduğun
mühitin kimyasını və havasını dəyişirsən.
Sənin dəydiyin hər bir metal qızıla; təmas
etdiyin hər şey əslinə dönər və sənin
olduğun ölkədə atmosfer yoxdur, çünki
yaşadığın yer, hafizəmizin ala bilməyəcəyi,
xəyalın belə, çatmayacağı bir başqa aləmdir.
Sevgili həyat üçün ən vacib şey, sudur. İnsan güclü bir
varlıq olaraq, uzun müddət aclığa dözə bilər,
lakin susuzluğa əsla!
Bu günə
qədər sənin üçün minlərlə bənzətmə
etdim, amma heç biri təkbaşına səni izah etməyə
müqtədir ola bilmədi.
Sən mənim üçün H2O qədər dəyərlisən;
sən mənim H2O-msan. İnsanlar suyun formulunu "H", "2",
"O" şəklində oxuya bilər, amma mənə
görə həqiqətdə H2O-nun oxunuşu "Hər
şeyim O"dur.
Sevgili qəlbin
adlandırmaları fərqli ola bilir və
qəlb gözüm H2O-nu, hər an sənin üçün
"Hər şeyim O" şəklində oxuyur.
Gecələr
dərdimə yoldaş olan küçələr və səkilər...
İnsanlar çox, amma kar. Onlar həqiqətin
arxasında gizlənib həqiqəti görmür və məhəbbətin
onlara pıçıldadığı nəğmələri
eşitmirlər.
Səndən başqa hər kəs və mən, əslində,
böyük buz parçasıyıq. Aysberqin suyun
üstündəki hissəsi, yəni görünən tərəfi,
görünməyən tərəfi olan suyun altındakı
hissəsindən daha kiçikdir, Süveyda.
Darmadağın bir halda, sevda dənizində sükutdan
bir buzdağı kimi Titanik gəmimi, yəni sənin mənə
toqquşmanı gözləyirəm.
Tale cizgisinin dəyişməsinə imkan yoxdur; bir
gün hələlik xəyal olan bu həqiqət mütləq
gerçəkləşəcək və sükutdan
böyük buz parçası olan mən o gün səssizliyimi
pozacaq, sənə dair hər şeyi dünyaya və
bütün insanlara hayqıracağam.
Bəzən özümü tənhalıq həbsxanasında,
sükut və zülmətlə iki dəfə zəncirə
vurulmuş kimi hiss edirəm.
Gecələr,
üzünü görmədiyim, amma səsini çox dəqiq
eşitdiyim birinin hıçqırıqları ilə
oyanır və hamının yatdığı bir vaxtda
özümü mənə dost olan küçələrə
atıram.
Səkilərin
üstündə yeriyərkən çıxan ayaq səslərimi,
məni hər an təqib edən kölgəmin
çıxardığı ayaq səsləri zənn edir və
izlənmək hissinə qapılıb, bir refleks olaraq, dəfələrlə
arxaya baxma ehtiyacı duyuram.
Əslində, məni təqib edən kölgəm və
ya bir başqası deyil, sən olduğunu bilirəm,
Süveyda.
Tam bu fikirlərlə lampaları qırılmış, amma fərqli bir şəkildə tanış görünən bir küçənin başına gəldiyimdə, mənbəyi bəlli olmayan, amma bir ox sürətiylə sükutu və zülməti parçalarcasına eşitdiyim bir səslə diksindim.
"Aşiq şair" deyə səsləndi o səs mənə.
Mənim cavab verməyimə imkan belə vermədən "Dinlə məni, dinlədim qəlbini" və "yazdım səni anladan şeiri" - deyə davam etdi danışığına.
Bir heykəl kimi donub qalmışdım olduğum yerdə, səsin gəldiyi mənbəni axtarırdım ki, daha təəccübümü belə atmadan öncədən gələn o səs oxudu, ürəyimə bir bıçaq kimi sancılan yazdığı şeiri:
Üzləş indi özünlə sən bir eşq qorxağısan,
Lampaları qırılmış yalnızlıq sokağısan,
Qaçmaq bir halmı sandın bu könül atəşindən?
Sevdanın dənizində sükutdan buz
dağısan.
Mehmet Nuri
PARMAKSIZ
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.19.