Özü kimi işıqlı...
İllərdən
bəri içində vurnuxan, tez-tez yaddaşımın, yazmaq
təbimin qapısını döyüb "Məni yaz, məni
azad et" deyə haray salan, nə
sirri-xudadırsa, yazmaq istəsəm də, kağıza
köçürməkdə çətinlik çəkdiyim
bu yazının axır ki, azad olmaq məqamı yetişdi...
Qəribədir,
Rövşən müəllimin böyük sənətə
gəlişi, sonralar bu hüdudsuz sənət
dünyasının olimpinə doğru yüksəlişinin
müəyyən məqamları mənim gözlərim
qarşısında baş verib, onunla kifayət qədər
ünsiyyətdə olmuşam, həmişə mənə elə
gəlib ki, bir sənət adamı, adi bir insan kimi onun necə
deyərlər, cikinə də, bikinə də bələdəm
və yazmaqda az-çox səriştəsi olan şəxs
kimi barəsində fikirlərimi asanlıqla kağıza
köçürə bilərəm. Amma sən
demə, belə deyilmiş. Əyalətdə
yaşayan, heç bir təmənna-filan güdmədən sənətə
vicdanla xidmət edən, özü iddiasız olsa da,
yaradıcılığı, tar ifaçılığı
sənətində gördüyü işlər xüsusi
çəkiyə malik olan bu şəxs haqqında qələmə
alacağım yazı, sən demə, mütləq onun
özünə oxşamalı, onun stantart parametrlərə
sığmayan obrazını yaratmalı və 65 illik
yubileyində doğulmalıymış...
Nə isə...
Bu gəzişmələri bir tərəfə
qoyub xəyalən qayıdıram 1973-cü ilə.
O vaxtlar
bütün məktəblərdə bədii özfəaliyyət
kollektivləri fəaliyyət göstərirdi və hər il onların müsabiqəsini keçirmək ənənəyə
çevrilmişdi. Mən məktəbimizin
özfəaliyyət ansamblının "konsertmeysteri"
idim. Dəqiq yadımdadır, müsabiqə
ərəfəsində o vaxt rayonda Müəllimlər Evi
statusunda fəaliyyət göstərən binanın
kiçik konsert zalında məşq edirdik və elə o dəmdə
zala 19-20 yaşlı ortaboylu, qarayanız bir oğlan daxil oldu.
Nə sirr idisə, adını, kimliyini bilməsək
də, onun gəlişi ilə zala qəribə bir aura
çökdü. Sakitcə əyləşib
bizim ifamızı maraqla izləyən bu gəncin nəinki
mehriban nəzərlərindən, hətta mən deyərdim
ki, bütün vücudundan ətrafa qəribə bir enerji
yayılırdı. O, sanki öz baxışları,
göz işarələri ilə bizim ifamızı, hərəkətlərimizi
korrektə edirdi və məni təəccübləndirən
həm də bu idi ki, gözlərim tarın qolunda, pərdələrdə
gəzən barmaqlarımda olsa da, mən onun bizim peşəkarlıqdan
100 qat uzaq bir tərzdə səsləndirdiyimiz melodiyalara
reaksiyasını - jestlərini, hətta üzünün
mimikasını da görürdüm, tarı onun oturduğu
yerdən gələn mesajın tələblərinə
uyğun tutmağa, barmaqlarımı pərdələrin
üstünə düzgün qoymağa
çalışırdım.
Məşqimiz başa çatan kimi, o, ayağa
qalxıb bizə yaxınlaşdı. Əslində, hətərən-pətərən
danışıq misallı ifamızı, "məharətimizi"
bizi ruhdan salmağa yox, həvəsləndirməyə
hesablanmış bir tərzdə təhlil etdi, məsləhətlərini
verdi və "Sabah yenə gələcəyəm"
- deyib getdi.
Həmin
gənc oğlan haqqında danışdığım Rövşən Zamanov idi.
A.Zeynallı adına Musiqi texnikumunu bitirib
işləmək üçün doğma Göyçaya gəlmişdi
və ilk addım kimi müsabiqənin bədii hissəsini tənzimləmək,
yoluna qoymaq vəzifəsini ona həvalə etmişdilər.
Hadisələri qabaqlayıb deyim ki, o, bu vəzifənin
öhdəsindən layiqincə gəldi: həmin il müsabiqə o vaxtacan görünməmiş
yüksək səviyyədə keçdi, hətta bəziləri
təəccübləndilər də. Amma indi aradan 47 il keçəndən sonra fikirləşirəm
ki, əslində, təəccüblənməyə dəyməzdi
- o ürək ki, Rövşən müəllimin sinəsində
döyünürdü, o sevgi ki, o ürəkdə
yaşayırdı, mütləq öz sözünü deməliydi.
Çünki əsl sənət ürəkdən
və sevgidən başlayır, sonrası, ruslar demişkən,
texniki məsələlərdir.
Təəccüblü
bu ola bilər ki, o vaxt öz yaşından müdrik,
ağır, yaşlı görünən R.Zamanov indi
ömrünün 65-ci payızında yaşından şux, cavan təsir
bağışlayır. R.Zamanov illər
keçdikcə cavanlaşan nadir adamlardan biridir. Bu, sizə adi görünməsin, əziz oxucular.
Qocalma "mərhələsinin" bitdiyi,
başa çatdığı məqamın "gəncləşmənin"
başlanğıcına çevrilməsi çox qəliz məsələdir
və hər adama nəsib olmur. Yaşından
böyük görünənlər o şəxslərdir ki,
onların daxilində, içində axan zaman sürətdə
çöldəki fiziki zamanı qabablayır, ondan öndə
gedir və bu axını vaxtında dayandırmasan uğur gətirməsi
bir yana, acı fəsadlarla nəticələnə
bilər. Lakin tale ürəyinin təmizliyinin,
sənətə olan təmənnasız məhəbbətinin
əvəzi kimi ona hamıya qismət eləmədiyi bir
xoşbəxtlik əta etdi - Rövşən müəllimin
içində axan zaman dayanmadı, sənətin
zamansızlıq parametrlərinə qovuşub yeni keyfiyyətə
- insan kimi kamillik, sənətkar kimi ustalıq mərhələsinin
atributuna çevrildi. Vaxtilə kövrək
addımlarını atdığı məktəbdə
sonralar müəllim kimi çalışan, gözəl
ifaları ilə Göyçayda tanınan Rövşən
müəllim tezliklə Konservatoriyanı da uğurla bitirdi.
İndi A.Məmmədov adına uşaq musiqi məktəbinin
direktorudur, öz yetirmələrinin uğurlarına uşaq
kimi sevinən gözəl pedaqoq, ifa etdiyi muğamlar,
mahnılar həmin o hüdudsuz məkanda dövr edərək
dünyanın müxtəlif ölkələrində -
Türkiyədə, Kanadada, İtaliyada, Rumıniyada,
İranda, Rusiyada... neçə-neçə dinləyicini
feyziyab edən, əsl sənəti küçə, bazar
"sənətindən" ayıra bilən dostlara malik
xoşbəxt bir tarzəndır. Tarda instrumental
ifaçılığın xronikasını, şəxsən
Rövşən müəllimin
yaradıcılığını izləyən bir şəxs
kimi deyə bilərəm ki, ötən illər ərzində
o, ürəyinin hərarəti, sənət
yanğısı ilə barmaqlarının vəhdətinə
nail olub muğamlarımızı, xalq
mahnılarımızı, milli rəqslərimizi yeni
naxışlarla süstləndirən, öz orijinal ifa tərzini
təsdiq edən kamil bir musiqiçiyə çevrilib.
İndi ifaçılıq məsələlərinə həsr
olunmuş rəsmi və qeyri- rəsmi məclislərdə
"Rövşənin "Segahı", "Rövşənin
"Çoban bayatısı", "Rövşənin
"Rastı", "Rövşənin barmaqları",
"Rövşənin xalları" kimi ifadələr
tez-tez eşidilir. Bakıda yaşayan gənc tarzənlər
tirajlamaq istədikləri lent yazılarını öncə
Rövşən müəllimə göndərir, onun rəyini
öyrənir, yalnız bundan sonra istəklərinin öz
imkanlarına nə dərəcədə uyğun olması
barədə qərar verirlər. Elə mən özüm də
musiqi mövzusunda yazanda hansısa nüansı dəqiqləşdirmək,
hansısa bir ifada vurulan mizrabın adını, işlənən
barmağın sirrini öyrənmək üçün ona
telefon açıram, necə deyərlər, "Rövşən
Zamanov ensiklopediyası"nı vərəqləyirəm və
çox vaxt bu telefon ünsiyyəti Rövşən müəllimin
elə telefona ifa etdiyi melodiyalarla müşayiət olunur.
Rövşən müəllim ustad dərslərinin yeni
- telefon formatını kəşf və tətbiq edən ilk
tarzəndir - desəm, qətiyyən yanılmaram.
Azərbaycan
tar ifaçılığı sənətində məktəb
yaratmış unudulmaz tarzən Hacı Məmmədov
haqqında yazı üzərində işləyərkən
Rövşən müəllimin telefon açıqlamaları
ilə kifayətlənməyib Göyçaya onun ziyarətinə
getdim, üzbəüz oturub xeyli söhbət etdik,
Rövşən müəlim novator sənətkarın
ifaçılıq sənətimizə gətirdiyi yenilikləri
elmi nüstəvidə elə məharətlə şərh
etdi ki, heç vaxt ünsiyyətdə olmadığım
Hacı Məmmədovu az qala hər gün söhbət etdiyim
tay-tuş kimi yenidən kəşf etdim.
Rövşən
müəllimin sənətdə yeniliyin mahiyyəti,
ifaçının missiyası ilə bağlı orijinal
fikirləri var. Birini deyim, siz də bilin:
"İfaçılıq sənətində yenilik,
novatorluq sənə qədər olanı, yəni köhnəni
öyrənmək, mənimsəmək və
yaradıcılıqla davam etdirməkdir. Artıq
fakta çevrilmiş irsi öyrənib öz
yaradıcılığında yeni forma və biçimdə
yaşatmasan sənin yeniliyin əndrabadilikdən,
hoqqabazlıqdan başqa bir şey deyil. İfaçının
missiyası artıq dadı hamıya bəlli olan təama təzə
dad verən nə isə yeni bir şey tapmaqdır".
Əlbəttə, bu fikirlər elmi, nəzəri
mülahizələr statusuna iddiası olmayan sadə fikirlərdir. Amma dəqiqdir,
mübahisəyə əl yeri qoymur.
Böyük
vokalçımız Şövkət Ələkbərova
vaxtilə Göyçayda o vaxt gənc olan Rövşən
müəllimin müşayiəti ilə oxuduqdan sonra ona
ünvanlanmış alqışlara görün necə
reaksiya verib: "Siz məni yox, bax bu cavan oğlanı, cavan
tarzəni alqışlayın!"
O, paytaxtın qaynar mədəni həyatından bir qədər uzaqda yaşayıb yaratsa da, bu kiçik şəhərlə dünyanın neçə-neçə uzaq məmləkəti arasında mənəvi körpü salmağı bacarıb, Göyçayın çinar və nar simvolları sırasına xalqımızın ruhunu mükəmməl tərzdə əks etdirən tarı da əlavə edib, dostlarının uğurlarına uşaq kimi sevinən böyük ürək sahibi, dəyər verdiyi sənətkarları həmişə 5 ballıq şkala ilə qiymətləndirən, onları ustad adlandıran, öz ifası haqqında xəsisliklə danışan təvəzökar insan kimi onu tanıyanların hörmət və məhəbbətini qazanıb, Ötən il "Xəzər Universiteti"ndə baş tutan uğurlu solo konserti sübut etdi ki, o, Azərbaycan İfaçılıq sənətini ən mötəbər tədbirlərdə təmsil etmək qüdrətinə sahibdir. Rövşən Zamanov Azərbaycanın bütün ustad tarzənlərinin yaradıcılıq sirlərinə dərindən bələddir, onların zəngin irsinin bədii dəyərini bir peşəkar səriştəsi ilə təhlil etməyi bacarır. Tar bir yana, fortepianoda məharətlə ifa etdiyi muğamlarımızı, xalq mahnılarımızı, milli rəqslərimizi, dillər əzbəri olan bəstəkar mahnılarını dinləmək isə ayrı bir aləmdir və mənə hərdən elə gəlir ki, Rövşən müəllim tarzən yox, kamil pianoçu da ola bilərdi.
Onun pərəstişkarları adından çıxış etmək məsuliyyətini öz üzərimə götürüb cəsarətlə deyə bilərəm ki, Rövşən Zamanov bu gün Azərbaycanın sayılıb-seçilən tarzənlərindəndir. Onun ifasında səslənən "Segah", "Rast", "Şur", "Çoban bayatı" muğamları isə instrumental tar ifaçılığı sənətimizə Rövşən müəllimin verdiyi dəyərli töhfələrdir və ustadın bu ifalarında döyünən ürəyinin hərarəti hələ neçə-neçə dinləyici nəslinin qəlbini isidəcək.
Gözəl ailə başçısı, sadiq dost, təcrübəli pedaqoq və mahir tarzən! Deyəsən, nə isə qaldı axı. İnanırıq ki (gec də olsa), o da gələcək.
Rövşən - işıq, işıq, nur isə - insanlara kömək edən, onlara doğru ünvanı göstərən aydınlıq deməkdir.
Rövşən müəllim adı kimi
işıqlı insandır. 65 yaşın mübarək,
MÜƏLLİM!
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.17.