Professor Abuzər Xələfov və Azərbaycan
kitabxanaşünaslıq elmi
BMT
yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, Əməkdar elm xadimi, Əməkdar
mədəniyyət işçisi, Bakı Dövlət
Universitetinin fəxri professoru, "Şöhrət"
ordenli, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfovun
Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi kimi elmi
irsi Azərbaycanda kitabxanaşünaslıq elminin yaranması
və inkişafının əsasını təşkil etməklə
elmin tarixi salnaməsinə çevrilir. Ona görə də
bu irs kitabxanaşünaslıq elminin dərsliyi
hesab olunmağa layiqdir.
Professor elmi fəaliyyətə hələ tələbə
olarkən elmi dərnəklərdə, seminarlarda kitabxana
işinin tarixi və nəzəriyyəsi ilə bağlı
məruzələrlə çıxış edərək
başlayıb.
Alimin elmi irsi özünün müəllifi olduğu əsərlər
və elmi-pedaqoji fəaliyyəti və əsərləri
haqqında ədəbiyyat olmaqla iki qrupa ayrılır. Müəllifi
olduğu kitablar və proqramlar, elmi məqalələr, tezislər,
rəy verdiyi, redaktoru olduğu, ön söz
yazdığı əsərlər, rəhbərlik etdiyi
doktorluq dissertasiyaları, apponentlik etdiyi dissertasiya işləri
onun elmi irsinin əsasını təşkil edir.
Professor Abuzər Xələfov Azərbaycanda kitabxana
işi sahəsində ilk sistemli elmi-tədqiqatlar aparıb,
ilk dəfə namizədlik və doktorluq dissertasiyaları
müdafiə edib.
Kitabxana işi tarixinin tədqiqatçısı kimi A.Xələfov
1950-ci illərin sonlarında mətbuatda elmi məqalələrlə
çıxış edib. Lakin alimin ilk
kitabı 1958-ci ildə işıq üzü
görmüş "Kitabxana fondu təşkilinin bəzi məsələləri"
adlı kitabı hesab olunur. Alimin "Sovet
İttifaqı Kommunist partiyası kitabxana işi
haqqında" adlı ikinci kitabı 1959-cu ildə nəşr
olunub. Qeyd edək ki, hər iki kitab Azərbaycan Dövlət
Universitetinin (Bakı Dövlət Universiteti) qiyabi şöbəsində
təhsil alan tələbələr
üçün nəzərdə tutulub. Həmin
tədqiqat işlərində alim arxiv sənədlərinə
müraciət etmiş, arxivlərdə apardığı
fasiləsiz axtarışın nəticəsində əldə
etdiyi yeni fakt və sənədləri elmi dövriyyəyə
daxil edib. Eyni zamanda, alimin 1958-ci ildə nəşr
olunan daha bir vəsaiti birinci kurs tələbələri
üçün nəzərdə tutulmuş proqram olan tərcümə
nəşrinin elmi redaktoru M.Şəmsizadədir.
Professorun
fasiləsiz şəkildə apardığı elmi
araşdırmalar öz əksini 1960-cı ildə nəşr
etdirdiyi "Azərbaycanda kitabxana işinin tarixindən
(1870-1920)" və "Sovet Azərbaycanında kitabxana
işinin tarixindən (1920-1932)" monoqrafiyalarında
tapıb. 1961-ci ildə alimin namizədlik
dissertasiyasının avtoreferatı rus dilində işıq
üzü görüb. Alim fəaliyyətini
daha da genişləndirərək 1970-ci illərdə tarixi
prosesləri dərindən təhlil edərək müasir
dövrün aktual problemlərini üzə
çıxarır və apardığı tədqiqatların
nəticələrinin əks olunduğu "Azərbaycanda
kitabxana işinin tarixi (1933-1958)" adlı əsərini
1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında
çapa verir. Eyni ildə alimin "Lenin və
kitabxana işi" adlı kitabı Azərbaycan nəşriyyatında
işıq üzü görür.
1980-ci illərdə
A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda
kitabxanaların yaranması və formalaşması tarixinin
öyrənilməsində Azərbaycan xalqının mənəvi
ruhu hiss olunurdu. Bu illərdə artıq uzun illərdir
böyük kitabxanaçılar ordusu yetişdirmiş
Kitabxanaçılıq fakültəsi tədqiqat işlərinin
obyektinə çevrilməyə başlayıb. Belə ki, alimin 1981-ci ildə Rasim Kazımovla birlikdə
"Biblioteçnıy fakulğtet" adlı əsəri
çap olunur. Bu əsərdən
fakültənin yaranma tarixi, onun yaradılması istiqamətində
aparılan gərgin mübarizənin ruhunu duymaq
mümkündür. Bundan əlavə
professorun 80-ci illərdə apardığı faktlara əsaslanan
sistemli araşdırmalarının nəticəsi 1986-cı
ildə nəşr olunan "Azərbaycanda kitabxana işinin
tarixindən" adlı kitabda tapıb. Həmin
ildə Sovet İttifaqında ilk dəfə
kitabxanaçıların stolüstü kitabı kimi nəşr
olunan "Kitabxana işçisinin məlumat kitabı"
soraq nəşrinin müəlliflərindən biri
şübhəsiz kitabxanaşünaslıq elminin banisi
sayılan Abuzər Xələfov idi.
1987-ci ildə alimin "Azərbaycanda
kitabxanaçılıq təhsilinin inkişafı"
adlı əsəri "Maarif" nəşriyyatında
işıq üzü görüb. Bununla da professor Abuzər
Xələfovun Sovet hakimiyyəti illərində fəaliyyəti
yekunlaşır. Fəaliyyətə
başladığı gündən, təxminən 40 illik fəaliyyəti
dövründə alimin dissertasiya işlərinin
avtoreferatları daxil olmaqla, 12 adda sanballı elmi tədqiqat
işi işıq üzü görüb ki, onların da
ümumi həcmi 1382 səhifədən ibarət idi. Qeyd edək ki, bura alimin çap olunan kitabları və
proqramlarının statistik göstəriciləri daxil edilib.
Araşdırmalar zamanı məlum olur ki, alimin Sovet hakimiyyəti
illərində, daha dəqiq desək 1957-1990-cı illərdə
83 adda elmi və publisistik məqaləsi, müsahibələri,
eləcə də ön söz yazdığı, redaktoru
olduğu, rəy verdiyi kitablar, dissertasiya işləri, elmi-tədqiqat
işləri, dərslik və dərs vəsaitləri, metodiki
göstərişlər, dərs proqramları çap
olunmuşdur, onlar da kifayət qədər həcmə
malikdir. 1990-cı illərdən başlayaraq isə
Professor Abuzər Xələfovun elmi və pedaqoji fəaliyyətinin
dönüş nöqtəsi hesab olunur. Artıq
alimin fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi
şəraitində formalaşır. 1994-cü ildə
alimin ilk olaraq "Azərbaycanda kitabxana işinin tarixi" və
"Kitabxanaşünaslığa giriş" adlı dərs
proqramları və proqram-metodiki nəşrləri
işıq üzü görür. Onun ardınca isə
qısa zaman ərzində, 1996-cı ildə nəşr
edilmiş "Kitabxanaşünaslığa giriş",
"Kitabxana işinin tarixi kursuna giriş" adlı kitablar
nəşr olunur ki bu kitablarda artıq müstəqilliyin
abu-havası və demokratik cəmiyyətin gətirdiyi özfəaliyyətin
ruhu hiss olunmağa başlayıb. 2001-ci ildə
"Bizim əsr" qəzetinə verdiyi müsahibəsində
demişdi ki, "Keçmiş yazılarımın
hamısından o vaxtki ideologiyanın qoxusu gəlir. Təmizləyib.... çap elətdirəcəm".
Bu sözlərin müəllifi adını
çəkdiyimiz bu iki əsərdə yeni prinsiplər
mövqeyindən çıxış edərək
kitabxanaların müasir problemlərini müəyyənləşdirməyi
bacarıb.
Solmaz Sadıqova öz tədqiqatlarında qeyd edir ki,
"A.A.Xələfov "Kitabxana işi haqqında" Qanunu
hazırlayan işçi qrupunun rəhbəri kimi müasir
şəraitdə Azərbaycan xalqı-nın milli və mənəvi
həyatında baş verən mütərəqqi dəyişikliklərin
nəzərə alınması şərti ilə respublikada
kitabxana işinin kökündən yeniləşdirilməsinin
hüquqi əsaslarının işlənilməsi
üçün çox böyük elmi təşkilatçılıq
işi həyata keçirib".
Professorun
müstəqilliyin ilk illərində fəaliyyətinin nəticəsi
eyni zamanda, öz əksini Azərbaycanda ali
kitabxanaçılıq təhsilinin 50 illiyi münasibətilə
çap etdirdiyi "Azərbaycanda ali kitabxanaçılıq
təhsili: (1947-1997-ci illər)" adlı monoqrafiyasında
tapıb.
Müstəqilliyin ilk illərində dövlət
qayğısı nəticəsində kitabxana işinə
artan tələb, bu fəaliyyət sahəsinin
qarşısında yeni istiqamətlər açıb,
kitabxana işində yeni üsullar tətbiq edilməyə
başlayıb. Yeni informasiya texnologiyalarının kitabxanalarda tətbiqi
səviyyəsinin öyrənilməsi istiqamətində
atılan əsaslı addımlar professorun elmi fəaliyyətinə
də təsirsiz qalmayıb və hələ 90-cı illərin
sonunda onun rəhbərliyi altında "Kitabxanaların
kompüterləşdirilməsi ETL"-nin
qurulub. Beləliklə, 2000-ci ildən
başlayaraq alim elmi-pedaqoji fəaliyyətini, yeni istiqamətdə,
informasiya cəmiyyətinin tələbləri səviyyəsində
qurmağa çalışıb. Bu
baxımdan onun 2001-2004-cü illərdə nəşr etdirdiyi
2 cildlik "Kitabxanaşünaslığa giriş"
monoqrafiyası Azərbaycanda kitabxanaşünaslıq fikrinin
inkişafında yeni mərhələ sayıla bilər.
Qeyd edək ki, bu kitablar
kitabxanaşünaslıq elminin öyrənilməsi
baxımından ilk fundamental elmi-tədqiqat işləri hesab
olunur. Eləcə də professorun uzun illər
fəaliyyəti dövründə
"Kitabxanaşünaslığa giriş" adlı
monoqrafiyasının 400 səhifə həcmə malik olan
birinci cildi geniş həcmli ilk əsərdir. Alimin 2001-ci ildə nəşr etdirdiyi "Azərbaycanda
kitabxana işinin tarixi" adlı qısa icmal və
"Respublika Elmi-Texniki Kitabxanası (1930-2000-ci illər)"
adlı qısa tarixi oçerk özündə maraqlı
faktları əks etdirib.
2004-cü ildə alimin müəllifi olduğu "Azərbaycanda
kitabxana işinin tarixi" adlı dərsliyin birinci hissəsi
çap olunur.
Eyni adlı monoqrafiyanın ikinci hissəsi
2007-ci ildə, üçüncü hissəsi 2010-cu ildə
işıq üzü görüb. Bununla
da alim Azərbaycanda kitabxana işinə dair ən qədim
dövrlərdən XXI əsrə qədər olan
böyük bir tarixi dövrü əhatə edə bilib.
Alimin bu istiqamətdə apardığı
sistemli tədqiqat hələ uzun müddət öz
aktuallığını qoruyub saxlaya biləcək.
2006-cı ildə professorun ən fundamental əsərlərindən
biri "Heydər Əliyev və Azərbaycanda kitabxana
işi" adlı monoqrafiyası nəşr olunur. Burada alim Ulu
öndər Heydər Əliyevin təkcə kitabxana işinə
deyil, Azərbaycan təhsilinə və mədəniyyətinə
diqqət və qayğısını şərh edib. Monoqrafiyanın davamı olaraq professorun 2009-cu ildə
nəşr olunan "Azərbaycanda kitabxana işinə dair
Heydər Əliyev doktrinası uğurla davam edir" adlı
monoqrafiyasında artıq prezident İlham Əliyevin kitabxana
işinə qayğısı və diqqəti öz əksini
tapıb. Həmin ildə alimin işıq üzü
görən növbəti monoqrafiyası "Bakı Dövlət
Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində"
adlanır və burada Bakı Dövlət Universiteti Elmi
Kitabxanasının 90 illik tarixi əhatəli tədqiq edilib.
2011-ci ildə
"Kitabxana və cəmiyyət" adlı kitabı və "Məqalələr
toplusu (1990-2011-ci illər)" kitabı çapdan
çıxıb. Qeyd edək ki, alim 2010-cu ildə
kitabxanaşünaslığın, kitabxana işinin tarixi, nəzəriyyəsi
və təcrübi problemlərinə dair elmi məqalələri
dərc edən nüfuzlu elmi jurnal olan
Kitabxanaşünaslıq və informasiya" adlı elmi-nəzəri
və praktiki jurnalı təsis edib.
Professor Abuzər Xələfovun elmi irsinin tərkibinə daxil olan "Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər" adlı kitabı və "Kitabxanaşünaslığın tarixi və metodologiyası" adlı dərsliyi 2014-cü ildə, "Kitabxanaşünaslıq kafedrası" və "Biblioteçnoe delo v Azerbaydjanskoy Respublike. İstoriə, teoriə, praktika" adlı monoqrafiyası 2015-ci ildə, "Türk dünyası milli kitabxanaları" adlı monoqrafiyası və "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" adlı dərsliyi isə 2016-cı ildə işıq üzü görüb. Sonuncu adı qeyd edilən dərsliyin ilk nəşri 2007-ci ildə oxucuların istifadəsinə verilib.
Ümumiyyətə, professor Abuzər Xələfovun elmi irsi 1991-2016-cı illərdə 5052 səhifə, 315.75 çap vərəqi həcmə malikdir. Qeyd edək ki, bura alimin ancaq müəllifi olduğu kitablar və dərs proqramları daxildir. Eyni zamanda, həmin illərdə alimin təxminən 205 adda elmi və publisistik məqaləsi, müsahibələri, eləcə də ön söz yazdığı, redaktoru olduğu, rəy verdiyi kitablar, dissertasiya işləri, elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitləri, metodiki göstərişlər, dərs proqramları çap olunmuşdur, onlar da kifayət qədər həcmə malikdir.
Beləliklə, alimin 1950-2016-cı illəri əhatə edən elmi irsi Azərbaycan kitabxanaşünaslıq elminin tarixini əks etdirməklə yanaşı, onun inkişafı ilə sinxronluq təşkil edir.
Aysel
HƏSƏNOVA
ADMİU-nun
Kulturologiya fakültəsinin müəllimi
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.16.