Dramaturgiyamız və teatrımız
haqqında dəyərli nəşr
"Hidayət və teatr". Belə bir kitab teatrsevərlərin
və ədəbi ictimaiyyətin ixtiyarına verilib. Teatr tənqidinin son illərdə müəyyən
səbəblərdən passiv olduğu bir zamanda bu tipli
kitabların nəşri əhəmiyyətlidir.
Kitabın müəllifi sənətşünaslıq
üzrə fəlsəfə doktoru İftixardır. O İftixar ki, mən onu lap
əvvəl - doxsanıncı illərdən bir aktyor kimi
tanımışam. Sonralar onun, bir təşkilatçı-qurucu
kimi İrəvan Azərbaycan Teatrının bərpa
olunmasında böyük rol oynadığını, bu teatrın ənənələrinə,
çoxillik təcrübəsinə arxalanıb demək olar
ki, müasir bir teatr ərsəyə gətirdiyini
gördüm. İftixar həm də sənətşünasdır,
dövri mətbuatda müasir Azərbaycan dramaturgiyası ilə
bağlı məqalələri də sübut edir ki, o, əsl
teatr adamıdır, onun problemlərinə biganə deyil.
"Hidayət və teatr" kitabını
onun bir teatrşünas kimi də uğuru hesab etmək olar.
Şair-dramaturq-publisist Hidayət Orucov hal-hazırda
Qırğızıstanda səfirimiz olsa da, Azərbaycan ədəbi
prosesində də öz sözünü deyir. Bir neçə il öncə
onun "Burdan min atlı keçdi" kitabı nəşr
olunub və bu kitabı
müasir publisistikamızın dəyərli bir
nümunəsi hesab etmək olar.
Əlbəttə, adətən, hər hansı bir sənətkar
ədəbiyyatın yalnız bir janrında daha çox
uğur qazana bilər, amma onun istedadı təkcə bir janrla
məhdudlaşmırsa, hansında birincilik qazanmasının
elə bir əhəmiyyəti yoxdur. Hidayət hər
üç janrda - şeirdə, dramaturgiyada, publisistikada eyni bədii
səviyyəni nümayiş etdirir.
"Hidayət
və teatr" kitabı İrəvan Azərbaycan
tetrının yaranması, 1882-ci ildən bu günə qədər
keçdiyi tarixi yolun xatırlanmasıyla başlayır
(1882-ci il aprelin 2-də kasıb tələbələrə
kömək məqsədi ilə ikinci dəfə Məşədi
İsmayıl və Vasaq Mədətovun "Tamahkarlıq
düşmən qazanır" əsərinin
tamaşasını oynamaqla İrəvan teatrı peşəkar
fəaliyyətə qələm qoydu. 1885-ci ildlə isə
Firudin bəy Köçərlinin Qori Müəllimlər
Seminariyasını bitirdikdən sonra İrəvan şəhərinə
gəlişi İrəvan teatrının həyatında ciddi
dönüş yaratdı"). 1928-ci ildə dövlət statusu alan İrəvan
teatrına yeddi il sonra Cəfər Cabbarlının adı
verildi. Ancaq 1951-ci ildə erməni hökuməti tetrın
qapaldılması qərarını verdi. Təbii ki, Ermənistanda yaşayan azərbaycanlılara
qarşı təqiblər, təzyiqlər İrəvan
teatrına da tətbiq olunmalıydı. Ancaq
teatrın üzvləri sevimli peşələrindən əl
çəkmədilər, müxtəlif yerlərdə
tamaşalar hazırlamaqla fəaliyyətlərini davam etdirdilər.
1967-ci ildə yerli ziyalıların təşəbbüsü,
Azərbaycan Respublikasının səyi nəticəsində
teatr yenidən bərpa olundu. Ancaq teatrda
böyük hərc-mərclik yarandı, sürətlə
dağılmağa başlayırdı ki, 24 yaşlı Hidayət
Orucovu bu teatra direktor göndərdilər. O, "Sovet
Ermənistanı" qəzetində işləyirdi, Ermənistan
hökuməti elə güman edirdi ki, gənc bir jurnalisti
teatra direktor təyin etməklə hərc-mərclik daha da
artacaq, teatr süquta uğrayacaq. Ancaq belə
olmadı.
Teatrın yaranma, formalaşma və təqib və təzyiqlər
dövrünü xatırlatmaqla İftixar gəlib
çıxır əsl mətləbin üstünə.
İyirmi dörd yaşlı bir gənc, hələ
inzibati bir işdə çalışmayan və teatr aləminə
o qədər də bələd olmayan Hidayət Orucov İrəvan
teatrında yeni bir mərhələnin əsasını qoyur. Düz on yeddi il (1968-1984) İrəvan teatrının
direktoru vəzifəsində çalışır. Təbii ki, burada iki amili nəzərdə tutaq.
Birincisi: Hidayətin böyük vətənpərvərlik
duyğusu. Vətənə, millətinə,
özü də erməni rəsmilərinin təzyiq və təqiblərinə
məruz qala-qala bu sevgini ürəyində, ruhunda
yaşadasan, ən çətin və məsuliyyətli vəzifənin
belə öhdəsindən gəlmək olar. "Gənc
Hidayət düşündü, daşındı, əslində,
yenicə başladığı və az zaman kəsiyində əldə
etdiyi uğurlu jurnalistik karyerasını yarımçıq
dayandıraraq, öz taleyini böyük risk altına qoymaqdan
çəkinməyərək, milli mənafe xatirinə, dədə-babalarımızın
min bir əziyyətlə o
günə qədər gətirib
çatdırdıqları bu
qocaman sənət ocağını
ölüm təhlükəsindən qurtarmaq
üçün razılıq verdi". İkincisi: Hidayətin
gənc bir şair kimi tanınmağı uzun çəkmədi,
etiraf olundu. Amma onun dramaturgiya aləminə gəlişi
1976-cı ildən, yəni səkkiz il
sonra başlandı. Təbii ki, burada istedad amili
mühüm rol oynadı. Amma söhbət
onun direktorluğundan gedirsə, qazanılan uğurlar da
göz qabağında idi. Qafqaz teatrları arasında
birincilər cərgəsinə yüksəlməsi,
"Əməkdar mədəniyyət xadimi" fəxri
adına layiq görülməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri
fərmanı ilə təltif olunması, Azərbaycan
teatrları ilə sıx əlaqəsi, 1978-ci ildə
teatrın 50 illik şənliklərinin keçirilməsi,
uğurlu qastrol səfərləri, Azərğaycanda bu
teatrın uğurlarının sənətsevərlər-yazıçılar,
tənqidçilər tərəfindən yüksək qiymətləndirilməsi
və s. uğurlar Hidayətin və teatr kollektivinin
qazandığı zəfərlər idi. İftixar
bütün bunları bircə-bircə qeyd edir. Mən də çox yaxşı xatırlayıram
ki, o dövrdə bu sənət ocağına təkcə
İrəvan dövlət teatrı ilə yanaşı, həm
də "Hidayətin teatrı" deyirdilər.
Kitabın ikinci fəsli bütünlüklə Hidayətin
dramaturgiyasına və tamaşaya qoyduğu əsərlərin
səhnə taleyinə həsr olunmuşdur. Hidayət "Məhəbbət
yaşayır hələ...", "Məni
qınamayın", "Bu dünyanın adamları",
"Durnalar qayıdanda", "Vətəndən
ağırdı Vətənin yükü", "Burdan min
atlı keçdi", "İrəvanda xal qalmadı",
"Ömürdən uzun gecə" pyeslərin müəllifidir
və bu pyeslərin hər biri müxtəlif teatrlarda
tamaşaya qoyulmuşdur. Bu mənada onu xoşbəxt
dramaturq adlandırmaq olar. Belə ki, adlarını
çəkdiyim dram əsərləri təkcə İrəvan
teatrında deyil, Azərbaycanda - Akademik Dövlət
teatrında, Gənc Tamaşaçılar teatrında,
S.Vurğun adına Rus dövlət teatrında, Şəki
teatrında, Naxçıvan teatrında, Tədris teatrında,
həmçinin, Tiflis, Dağıstan,
Qırğızıstan teatrlarında, həmçinin,
İrəvan teatrının bərpasından sonra bu
teatrın səhnəsində tamaşaya qoyulub. Əlbəttə, bu dram əsərlərinin
mövzuları müxtəlifdir, ancaq onların
hamısını birləşdirən bir neçə xətt
var. Ən başlıcası- insan həyatı, o insan ki,
sevgiyə inanır. O insan ki, çətinliklərlə,
ağır sınaqlarla üzləşir, lakin öz mənəvi
prinsiplərinə sadiq qalır. O insan ki, ictimai ədalətsizliyə,
cəmiyyətdə hökm sürən haqsızlığa
qarşı mübarizə aparır. O insan ki. türk
olduğunu qətiyyən unutmur, milli münaqişələrə
etiraz səsini ucaldır. Və o insan ki, 40-50 il
bundan əvvəl yaşasa da, bizim ideallara sadiqdir və ruhən
də müasirdir. Və bu səbəbdən bu
dram əsərlərində qoyulan problemlər indi də
aktual səslənir. "Elə ilk əsərindən
fikir və ifadə aydınlığı Hidayət
dramaturgiyasının mühüm cəhəti kimi özünü təsdiqlədi".
İftixar Hidayətin hər bir dram əsərini həm
ideya-mövzu, həm də bu əsərin səhnə taleyi
baxımından təhlil edir. Burada müəllifin
(İftixarın) dramaturgiyaya və teatr sənətinə bələdliyi
özünü göstərir. Kitaba ön söz yazan
professor-sənətşünas Məryəm Əlizadənin
doğru qeyd etdiyi kimi: "Aktual mövzuya müraciət edən
müəllif
qarşısına Hidayətin həyat və fəaliyyətini,
onun dramaturji və publisistik
yaradıcılığını tədqiq etmək, Azərbaycan
mədəniyyəti tarixindəki yerini və rolunu müəyyənləşdirmək
məqsədini qoymuşdur". Hidayətin dram
əsərləri bu baxımdan Azərbaycan dramaturgiyası və
teatrının uğurları kimi səciyyələndirilir.
"Məhəbbət yaşayır hələ" - yetmişinci illər Azərbaycan dramaturgiyasının və teatrının mənəvi-əxlaqi axtarışlar mövzusuna ardıcıl müraciəti bu əsərdə də davam edir. Zəfərlə Xatirənin məhəbbəti o dövr dramaturgiyamızda diqqəti cəlb edən süjetlərdən biri idi. Amma Hidayət bu süjetə özünün yanaşma tərzi ilə diqqəti cəlb etdi. Hidayətin sonrakı pyeslərinə də xas olan psixoloji effektlər, obrazların fərdi həyatı ilə ictimai duyğuları onun pyeslərində məxsusilik qazanır. Həm də bu əsərlərdə dram əsərlənə xas olan konfliklərlə zəngindir. Hidayətin pyeslərindən söz açan müəlliflər bir cəhəti xüsusilə vurğulayırlar - bu da lirik xəttin aparıcı rol oynamasıdır. Təbii ki, burada onun şairliyinin də təsiri var. İftixar hər bir pyesi təhlil edərkən həm ayrı-ayrı obrazların taleyini izləyir (yəni bu obraz pyesdə hansı funksiyanı daşıyır), həm də bu obrazları ifa edən aktyorların oyunu üzərində müfəssəl dayanır. Kitabı oxuduqca mən İrəvan teatrının aktyorlarından Vidadi Əliyevin, Marietta Kərimovanın, Şamil Dəmirçiyevin, Akademik teatrımızın aktyorlarından Səyavuş Aslanın, Məcnun Hacıbəyovun, Laləzar Mustafayevanın, Yaşar Nurinin, Eldəniz Zeynalovun, Hacı İsmayılovun, İlham Əsgərovun, Firəngimz Mütəlimovanın uğurlu ifaları haqqında təəssüratları ilə tanış oluruq. Lakin təbii ki, hər bir pyesin səhnə taleyini ilk növbədə, rejissor həll edir. Görkəmli rejissor Nəsir Sadıqzadə ilə başlayan bu proses Ağakişi Kazımovla, Mərahim Fərzəlibəyovla, Vaqif Əsədovla və b. rejissorlarla davam edir. Hidayətin teatr fəaliyyətinin uğurları barədə bir sıra görkəmli şəxsiyyətlər fikir söyləmişlər (Yeri gəlmişkən qeyd edim ki, İftixar mətbuatı diqqətlə izləmiş və Hidayətin dramaturgiyası və teardakı uğurları barədə söylənilən heç bir məqaləni, resenziyanı unutmur, hamısını birbəbir tədqiqata cəlb edir). Bəzi fikirlərə müraciət edək:
Xalq yazıçısı Anar: "Həmin dövrdə Ermənistanda və ermənilər arasında yaşamaq bir fədakarlıq idisə, Hidayətin gördüyü işləri görmək ikiqat fədakarlıq idi".
Xalq şairi Bəxtiyar VIahabzadə: "Hidayət həm bir vətəndaş, həm də yazıçı kimi sözün düzünü deməyə çalışır və buna nail olur".
Xalq şairi Nəbi Xəzri: "Hidayət yalnız bir direktor kimi deyil, həm də dramaturq kimi, yeri gələndə rejissor, müəllim, yaxın məsləhətçi kimidir".
Ağakişi Kazımov: "O, fitri fəhmi ilə teatr prosesini elə təşkil etdi ki, həm yaşlı aktyorlar, həm də cavanlar öz sənətlərində yeni aləm və münasibətlər kəşf etdilər". Belə misalların sayını artıra bilərik.
İftixarın "Hidayət və teatr" əsəri,
heç şübhəsiz, Hidayət Orucovun timsalında bir
dramaturqu bizə tanıdır. O, Hidayətin İrəvanda
gördüyü işləri Bakıda - eyni adlı teatrda da
davam etdirir. Ona uğurlar arzulayaq!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.15.