Uralın səsi, qədim şəhərin
səssizliyi və "Qızıl Kuray"
8 ay əvvəl başqırd
xalqının qədim
tarixini, zəngin mədəniyyətini, zərif
ədəbiyyatını, nadir təbiətini araşdırarkən
saatlarla başqırd
musiqilərinə qulaq
asır, zamanın sərt küləklərində
diri və duru qalan başqırd
xalqının (baş
qurdların) ruhunu duymağa çalışırdım...
... 8 ay sonra Ufaya Başqırdıstan
Respublikasının 100, başqırdların
Xalq şairi Mustay Kərimin 100 illik yubileyi ilə bağlı keçirilən "Qızıl
Kuray" Beynəlxalq
Jurnalist Müsabiqəsinə
qaliblərdən biri kimi gedirəm.
"Ural" hava yollarının
ağ delfinə
oxşayan təyyarəsində
təsadüflər barədə
düşünürəm. Təsadüfləri sevirəm və
mənə elə gəlir ki, dünyanın ən böyük sirləri elə bu təsadüflərdə
gizlənir. Axı bu
müsabiqədə iştirakım
adi bir təsadüfdən
başlamışdı. Əgər internetdə müsabiqə
haqqında informasiya təsadüfən qarşıma
çıxmasaydı, yəqin
ki, bu müsabiqədə
iştirak etməyəcəkdim.
Başqırdıstanın Xalq şairi Mustay Kərim adına
Beynəlxalq Hava Limanında məni jurnalist həmkarım,
"Başqırdıstan qızı"
jurnalının baş
redaktoru Gülnaz Kutuyeva başqırd qonaqpərvərliyi, başqırd
qayğıkeşliyi, başqırd
səmimiyyətiylə qarşılayır.
Gecə saatlarında bu qədim şəhərin
gözəlliyini görə
bilməsəm də,
səhərin gözü
açılanda "Ural Tau" otelinin pəncərəsindən
əsası 1574-cü ildə
qoyulmuş Ufaya boylanıram. Gözlərimin
qarşısında sakit,
müdrik, özünəinamlı
şəhərin payız
səhəri açılır...
Türk yaddaşı, türk ruhuyla ilk dəfə gördüyüm şəhəri
sevirəm. Sanki nə zamansa bu şəhərdə
olmuşam, küçələri,
insanları, mükəmməl
rəssam tərəfindən
bütün yarpaqları
eyni sevgiylə qızılı rəngə
boyanmış ağacları
tanıyıram... Türk
yaddaşı deyilən
gərək ki, bu olsun...
AZƏRBAYCAN
DEYİLƏNDƏ AYAĞA DUR Kİ...
26 oktyabr 2019-cu il.
Bu tarix kimlər üçünsə adi,
sıradan bir gün kimi ömür
təqvimindən qopub
düşəcək, "Qızıl Kuray"ın
qalibləri üçünsə
bu tarix unudulmaz xatirəyə çevriləcək və
istənilən mövsümdə
yaddaşımızda çiçəkləyəcək...
Mükafatlandırılma mərasiminə
Mustay Kərim adına Milli
Gənclər Teatrı
ev sahibliyi edir. Bir il boyu davam
edən müsabiqəyə
yekun vurulacaq, qaliblər mükafatlandırılacaq,
sözün, istedadın
və sənətin təntənəsi yaşanacaq.
Müsabiqənin qalibi olduğumuzu
bilirik, amma hər nominasiyanın öz qalibləri var. Axı müsabiqə yeddi nominasiya üzrə keçirilib.
Niyə yeddi? Çünki başqırdların simvolu
olan, bayraqlarında, gerblərində yer alan kuray
çiçəyinin yeddi
ləçəyi var. Birinci
nominasiyanın mövzusu
belədir: "Mne povezlo s zemley moey... Tı çudo, Başkiriə!"
Müsabiqənin ilk nominasiyasına "Yamantau dağı, başqırd nəğmələri
və kuray çiçəyinin sirri"
("Qora Əmantau, başkirskie pesni i tayna üvetka
kuray") araşdırma
yazımı göndərmişdim.
Xatırladım ki, bu yazı "Kaspiy" qəzetinin 19
mart 2019-cu il sayında çap olunub.
Müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə
də Azərbaycan, Türkiyə, Çexiya,
Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunmuşdu. Müsabiqənin münsiflər heyətinə
Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edirdi.
Mükafatlandırılma mərasimi Başqırdıstandan
bəhs edən filmlə başlayır. Bu qısa filmdə ölkənin bütün
gözəllikləri öz
əksini tapır.
Beynəlxalq müsabiqəyə layiq səhnə tərtibatı,
zövqlü musiqilər,
milli rəqslər nağılı xatırladırdı
və bu nağılın qəhrəmanlarından
biri olduğum üçün özümü
şanslı sayıram. Gecədə
Başqırdıstan Respublikasının
başçısı Radiy
Xabirovun müsabiqə
qaliblərinə ünvanladığı
təbrik məktubu oxunur:
"Çoxmillətli Başqırdıstanın zəngin
ənənələrinin qorunması
və inkişafına
verdiyi töhfələrə
görə respublikamızı,
onun unikal təbiətini, tarixini, mədəniyyətini bütün
dünyaya tanıtdırdıqları
üçün bu gözəl müsabiqənin
təşkilatçılarına, istedadlı jurnalistlərə,
publisistlərə, parlaq
söz ustalarına öz dərin minnətdarlığımı ifadə edirəm. Buna görə sizə təşəkkür edirəm.
Başqırdıstanın Xalq şairi
Mustay Kərim öz yaradıcılığı
ilə doğma torpağında əbədi
bir abidə ucaltdı!"
İlk nominasiyanın
qalibləri səhnəyə
dəvət olunur. "Birinci yer, Azərbaycan!"
sözlərini eşitmək,
yəqin ki, mənim qədər sizləri də həyəcanlandırar və
qürurlandırardı. Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova alqış yağışı
altında "Qızıl
Kuray" mükafatını
mənə təqdim edir və bu
mükafatı tək
özümün yox, bütövlükdə Azərbaycan
jurnalistikasının uğuru
sayıram.
Qısa
nitqimdə qardaş başqırd xalqına ürək sözlərimi
çatdırıram:
"Mən qardaş başqırd xalqının
şanlı tarixini, zəngin mədəniyyətini,
rəngli ədəbiyyatını
araşdırarkən bu
nəticəyə gəldim:
necə ki, bərəkətli Başqırd
torpaqlarında sirli kuray çiçəyi bitəcək, necə ki, başqırd nəğmələri insanların
ruhuna sığal çəkəcək, necə
ki, duyğular şairi Mustay Kərimin şeirləri qəlbləri oxşayacaq
başqırd xalqı
yaşayacaq, yeni tarixini yazacaq".
Səhnədə məni təbrik
edənlərdən biri
də Rusiya Federasiyasının və
Başqırdıstanın Əməkdar mədəniyyət
işçisi, Rusiya Yazıçılar Birliyi
İdarə heyətinin
üzvü, məşhur
səyyah və yazıçı Ziganşin
Kamil Faruxşinoviç
olur. O, möhtəşəm
səhnədə öz
kitabını mənə
hədiyyə edir və fotolardan mənim sevincimlə yanaşı, bu nurani yazıçının
təbəssümü boylanır.
İlk nominasiyada
ikinci yeri Çexiya, üçüncü
yeri Başqırdıstan
tutur.
Nominasiyalar üzrə qaliblər mükafatlandırılır.
Gecədə Mustay Kərim Fondunun direktoru, şairin qızı Alfiya Kərimova, Başqırdıstan Respublikası
Mətbuat və Media Agentliyinin rəhbəri Alik Şakirov, Başqırdıstan Jurnalistlər
Birliyinin sədri Artur Davletbakov, Başqırdıstanın Xalq
artisti Ruşanna Babiç çıxış
edərək müsabiqə
qaliblərini təbrik
edirlər.
Gecə zərif başqırd rəqsləri, canlı ifalar və sevinc dolu anlarla
yadda qalır. Mükafatlandırılma mərasimindən sonra qaliblərin şərəfinə
ziyafət verilir.
Aparıcının incə
yumorla dediyi kimi: qədimlərdə belə ziyafəti əsilzadələrə verərdilər!"
Ziyafət zamanı Mustay Kərimin qızı Alfiya Kərimovayla görüşüb söhbət
edirik. Ömrünün müdriklik çağını
yaşayan Alfiya xanım Azərbaycandan böyük sevgiylə, hörmətlə danışır
və o xoş anlardan bir foto
yadigar qalır.
BAŞQIRD
QONAQPƏRVƏRLİYİ VƏ DOSTLUQLARIN TƏMƏLİ
Müsabiqələrin, festivalların, simpoziumların
bir özəlliyi də yeni tanışlıqların
yaranması, fikir mübadiləsi və mədəniyyət körpülərinin
qurulmasıdır. Türkiyədən
Arslan Bayır, Rusiya Federasiyasının tərkibindəki Qaraçay-Çərkəz
Respublikasının Xalq
şairi Larisa Şebzuxova,
uzaq Yakutiyadan Afanasi Qurinov və Dağıstandan Baqabutdin Samadovla dostluğumuzun təməli
də elə bu tədbirdən başlayır.
Başqırdıstanda olduğum müddətdə
bir sıra tədbirlərdə iştirak
edirəm. Başqırdıstan
Jurnalistlər Birliyinin
keçirdiyi müsabiqə
qaliblərinin mükafatlandırılma
mərasimi, Mustay Kərimin 10 cildliyinin təqdimatı, Başqırdıstanın
"Sputnik" Televiziyasının (BCT)
"Bəxt kitabı"
proqramının canlı
efirinin qonağı olmağım xoş xatirələrlə yadda qalır.
Başqırd ailəsi Firdausla Damir Əxmətiənovların
ailəsində qonaq olmağımız bizə
unudulmaz anlar yaşatdı. Başqırd mətbəxi özünəməxsusluğuyla
seçilir. Başqırd süfrəsinin qızıl
qaydalarından biri süfrədə mütləq
balın olmasıdır.
Axı başqırd balı bu
ölkənin brendlərindən
biridir. Daha çox yadda qalan isə bir başqırd ailəsində azərbaycanlı,
yakutiyalı, abxaziyalı,
dağıstanlının dostcasına
söhbətləri, ev sahiblərinin səmimiyyət, diqqət
və qonaqpərvərliyi
olur.
Gülnaz xanım məni Başqırdıstanın Xalq şairi Qədim Aralbay, Xalq şairi Tamara Qəniyeva, Tölfiyə Yunusova, "Akbuzat" (Ağ qanadlı at) uşaq jurnalının baş redaktoru, tanınmış şair Tamara İsgəndəriyə ilə tanış edir. Bu qiymətli insanlarla həmsöhbət olmaq olduqca xoşdur.
Ufada həmyerlilərimizlə görüşürəm. "Ümumrusiya Azərbaycanlıları Konqresi" İctimai Təşkilatının Başqırdıstan regional bölməsinin sədri Mirzə Dadaşov, Başqırdıstandakı Milli Mədəniyyət Mərkəzinin rəhbəri Qabil Məmmədov və Ufada yaşayan tanınmış həmyerlimiz şair Baloğlan Cəlillə "Xəzər" restoranında görüşüb söhbət edirik. Qürbətdə yaşasalar da, ürəkləri Azərbaycanla döyünən bu insanlar dilimizi, milli adət-ənənəmizi, ədəbiyyatımızı bu uzaq diyarda yaşadır, ölkəmizi layiqincə təmsil edirlər.
***
31 oktyabr 2019-cu il. Ufaya qar yağır, payızın ilk qarını burda görürəm. Qar yağanda Ufa sirr pərdəsinə bürünüb bir az da əsrarəngiz olur. Qar yağa-yağa qar sevinci yaşayan insanlara tamaşa edirəm. Mənə elə gəlir ki, bu şəhərin insanları hər vəchlə keçmişini qoruyub saxlamağa çalışır. Görüşlərdə, tədbirlərdə gözümdən qaçmayan bir məqam da var, yaşlı insanlara sonsuz sevgi və sayğı. Bu ölkənin qocalarının, ahıllarının gözünü gülən gördüm. Bu, məni xeyli təsirləndirdi. Dünyanı bürüyən qaçaqaç sanki bu şəhərə yaddır. Bəlkə bunun səbəbi özlərinin dediyi kimi, başqırd qadınlarının, başqırd analarının səbrindən qaynaqlanır. Bu toplum əsrlərin sınağından səbirlə çıxıb və səbirlə də yollarına davam edirlər...
***
Jurnalist həmkarım Gülnaz Kutiyeva Mustay Kərim adına Beynəlxalq Hava Limanında məni yola salır. Ufayla bağlı ilk təəssüratımı soruşanda "Hava limanında ilk gözümə dəyən yumru-yumru hərflərlə yazılmış Ufa (Ofo) sözü oldu - demişdim. Həmkarım "yumru-yumru" hərflər bənzətməmə ürəkdən gülmüşdü. İndi bu xatirəni yada salıb gülə-gülə, dostcasına ayrılırıq...
Bilmirəm, bu ölkəyə nə zamansa yenə gələcəm, ya gəlməyəcəm, amma bu şəhəri sevdim! Uralın mehini, Mustay Kərimin hər mövsümdə pöhrələyən şeirlərini, əllərini torpaqdan üzməyən başqırd insanlarının səbrini, kökləriylə başqırd torpaqlarından bərk yapışan, budaqlarıyla dünyaya sülh nəğmələri pıçıldayan kuray çiçəyini və bir də hər zaman mənə Başqırdıstanı xatırladacaq "Qızıl Kuray" mükafatını!
Təranə VAHİD
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.14.