Cavanşir Yusiflinin
"Mətn. İşarə. Məna" kitabı təqdim olundu
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
çağdaş ədəbiyyatşünaslığımızın
dəyərli nümayəndəsi,
tənqidçi və
tərcüməçi professor Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna..." kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdə Yazıçılar Birliyinin
katibliyi, tanınmış
ədəbiyyatçılar, gənc yazarlar, müəllifin tələbələri
və media nümayəndələri
iştirak ediblər.
AYB katibi Rəşad Məcid Birliyin katibliyi adından yeni kitabı münasibətilə müəllifi
təbrik edib: "Uzun müddətdir ki, Cavanşir Yusiflinin kitabı çap olunmur. Yadımdadır, onun son kitablarından
biri Əli Kərimlə bağlı
idi. Biz də
tez-tez o kitaba müraciət edirdik.
Cavanşir Yusifli ədəbi prosesdə o qədər fəaldır
ki, fikrimcə, bu kitabda çap
olunan yazılar onun yaradıcılığının
bəlkə də beş faizidir.
Arzu edirəm ki, yaxın gələcəkdə
onun daha həcmli kitablarını
çap edək.
Çünki Cavanşir Yusifli
bizim ən sanballı və dəyərli tənqidçilərimizdən
biridir".
AYB katibi İlqar Fəhmi çıxışında
deyib ki, Cavanşir Yusifli ədəbi mühitimizdə
fəallığı ilə
xüsusi seçilir:
"Əminliklə demək
olar ki, ədəbiyyatımızda onun
toxunmadığı sahə,
məsələ olmayıb.
Hələ 2000-ci illərin
əvvəllərindən - onu tanıyandan onda bu hərtərəfliliyi
hiss edirdik. Bəzi tənqidçilər üçün adətən,
yazı, mətn ikinci planda olur,
sanki öz intellektuallığını göstərməyə
çalışır. Cavanşir Yusifli isə öz mənini obyektivlikdən arxada saxlaya bilir, eqosuna qalib gəlir.
Bu xüsusiyyətinə görə onun mətnləri hər zaman öz sanbalıyla
fərqlənir".
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
şair və tərcüməçi Səlim
Babullaoğlu Cavanşir
Yusiflini ilk növbədə
çağdaş ədəbiyyatımızı
dünya ədəbiyyatı
kontekstində təhlil
edən ədəbiyyatşünas
kimi səciyyələndirib:
"Bu yaxınlarda Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzində onun
tərcüməsində iki
sanballı kitab çap olundu. Onun müraciət etdiyi müəlliflər tamamilə
fərqli yazıçılardır.
O, "Dünya ədəbiyyatı"
dərgisinin də fəal tərcüməçilərindəndir.
Mən ona yorulmazlıq, müvəffəqiyyət arzu
edirəm".
Tənqidçi, professor Vaqif Yusifli müəllif haqqında öncə qardaşı, sonra isə ədəbiyyatşünas
kimi söz açıb: "Cavanşir
ancaq onu düşündürən problemlərdən
yazır. O, dünya ədəbiyyatıyla çox
sıx bağlıdır.
Namizədliyi də, doktorluğu
da dünya ədəbiyyatıyla bağlı
olub. Bütün bunlar, eləcə
də onun fransız və ingilis dillərini əla bilməsi onun tərcüməçilik
fəaliyyətinə də
təsirsiz qalmayıb.
Tənqidçi kimi öz üslubu
var. Bütün kitablarında
Cavanşir özünü
çox gözəl ifadə edir. O, bir tənqidçi, ədəbiyyatşünas
kimi öz yerini, mövqeyini müəyyənləşdirib. Mən ona can sağlığı, könül
xoşluğu arzu edirəm".
Cavanşir Yusiflinin yazılarını
sükutun içində
hayqırış adlandıran
professor Vaqif Sultanlı
deyib ki, onun məqalələri ədəbiyyat nəzəriyyəsi
üçün çox
gərəklidir: "O, yazılarında
nəzəri qəliblərə
sığmır, sözdən
başlayır, sözün
fəlsəfəsinə varır.
Onun yazıları başdan-başa
müqayisəylə doludur.
Müqayisədən kənarda isə
elm yoxdur. O, bizim
ədəbiyyatımızı dünya ədəbiyyatı
ilə müqayisə
edir. Təkcə ədəbiyyatdan, insandan yazmır, dünyadan yazır”.
Tənqidçi, filologiya üzrə
fəlsəfə doktoru
Elnarə Akimova hələ 2000-ci illərin
əvvəllərində Cavanşir
Yusifli haqqında
"Yeni düşüncənin
vüsətilə" adlı
məqalə yazdığını
deyib: "Onun yazılarının qarşısında
hər zaman "yeni" sözünü işlətmək olur. Çünki o, çağdaş ədəbi prosesi o qədər aktiv şəkildə izləyir
və yazılarında
adekvat münasibət
bildirir ki, onun dediyi söz
hər zaman öz yeniliyini qoruyub saxlayır".
Xalq şairi Sabir Rüstəmxanlı çıxışına
C.Yusiflinin onun haqqında yazdığı
kitabla başlayıb:
"Mənim haqqımda
13-14 kitab yazılıb.
Onların içərisində obyektə orijinal və müstəqil yanaşması, yüksək
peşəkarlıqla qiymət
verməsi baxımından
Cavanşir Yusiflinin kitabı çox fərqli idi.
Cavanşir və Vaqif Yusifli
qardaşlarının ədəbiyyatımızda,
ədəbi tənqidimizdə
çox böyük xidmətləri var. Cavanşir
Yusifli mətnə yuxarıdan baxmağı,
nəzəriyyəylə ədəbi
mətni qovuşdurmağı
bacaran tənqidçidir. Cavanşirin
ədəbiyyata yanaşması,
ədəbiyyatımızda az işlənmiş
sahələrə meyli
onu göstərir ki, o, həm milli, həm dünya ədəbiyyatını
və nəzəriyyəni
çox gözəl bilir. Nəzəri bazaları yüksək
olan tənqidçi nəsli var. Onların başında duran adlardan biri də
məhz Cavanşir Yusiflidir".
Daha sonra tənqidçi, ədəbiyyatşünas Rüstəm
Kamal, filologiya üzrə elmlər doktoru Yaqub Babayev,
yazıçı Şərif
Ağayar, "Dünya
ədəbiyyatı" dərgisinin
baş redaktoru Seyfəddin Hüseynli, şair Fərid Hüseyn, AMEA Ədəbiyyat
İnstitutunun əməkdaşı
Mehman Həsən və başqaları çıxış edərək
Cavanşir Yusiflinin həyatı, fəaliyyəti,
yeni kitabları haqqında müsbət fikirlərini səsləndirib,
müəllifə uğurlar
arzulayıblar.
Sonda çıxış
edən Cavanşir Yusifli ədəbiyyat və çağdaş ədəbiyyatşünaslıq, mətn və məna haqqında fikirlərini bölüşüb. Müəllif yeni kitabının "aybKitab" layihəsindən
çapına görə
AYB rəhbərliyinə minnətdarlığını
ünvanlayıb, tədbirdə
iştirak edən qonaqlara təşəkkürünü
bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.12.