Vətən

 

 

1972-ci ildə Təbriz yaxınlığındakı Yuxarı Alvar kəndində anadan olub.

Özünün fikrinə görə, rüzgarın acı-şirin xatirələri və yaxşı-pis təsiri onu şeir vadisinə gətirib, qələmi işsizliklərin və məhrumiyyətli illərin səmərəsidir. Atasında olan şuxtəblik, baməzəlik, heç şübhəsiz, ona da keçib.

1990-cı ildən "Mehdi azadi", "Pəyami no", "Şəmse Təbriz", "Əsri azadi", "Kuşa", "Ticarət və tovsiyə" və "Omide Təbriz" kimi gündəlik qəzet və dərgilərdə məqalə və şeirləri çıxıb. Pəyami Nur Universitetinin "Ədəbiyyat" və "Dadbərin" dərnəklərində fəal iştirak edib.

2005-ci ildə Zəngan şəhərinin Quzey Batı mətbuatı Festivalında ədəbi məqalə yarışmasında birinci, yumorictimai məqalə nominasiyasında isə üçüncü yeri qazanıb.

 

Səndə boy atmışam, böyümüşəm mən,

Ay mənim toprağım, diyarım vətən!

Sən mənim anamsan, sən mənim atam,

Sən mənim sevgilim, nigarım vətən!

 

Sümüyüm, damarım, qanımsan mənim,

Həyatımsan mənim, canımsan mənim,

Şərəfimsən mənim, şanımsan mənim,

Ay mənim aramım, qərarım vətən!

 

Ulduzum, Günəşim, ayımsan mənim,

Güllü baharımsan, yayımsan mənim,

Sən ulu Tanrıdan payımsan mənim,

Ay mənim beşiyim, məzarım vətən!

 

Sənə Bağırxanam, Səttarxanam mən,

Sənin damarında axan qanam mən,

Şovkatiyəm özüm, Alvardanam mən,

Ay mənim bədəndə, damarım vətən!

 

Olmaz

 

Cavanlıqdan qocalmışam rəhm eylə,

A Tanrı, böylə bir rüzigar olmaz.

Cavanlıq, ömrümün baharıdır ?

Bu qısalıqda da novbahar olmaz.

Diş çürüyüb, baş ağarır qar kimi,

Bahar günlərində böylə qar olmaz.

Neçə ildir gözləyirəm xoş günü,

Bu uzunluqda da intizar olmaz.

Bahalıq dəlidir zəncirin qırıb,

Bu harlıq da ki var, it har olmaz.

Bu genlikdə dünya başıma dardır,

Heç qəbir ölüyə böylə dar olmaz.

Biri alır, biri satır dünyanı,

Bu şirinlikdə bir bazar olmaz.

Yazıq kasıb, işlə, belin qırılsın,

Müftə fəhlə heç zaman bekar olmaz.

Hər müsibət olub sənlə qolboyun,

O yoğunluqda da şahmar olmaz.

Sən səhərdən ağlayırsan Şovkəti,

Bəsdi day bu qədər ah-zar olmaz.

 

Yollarım

 

Yolum düşdü küçənizə,

Sənə baxdım gəzə-gəzə,

Baxışınla yolu bəzə,

Qoy yollarım təzələnsin.

Saçlarına daraq çəkim,

Sanki dərman edir həkim,

Arzuların gülün əkim,

Qoy yollarım təzələnsin.

 

Bu dünyada sənlə qalam,

Baxışına vurğun olam,

Ehsasımı yola salam,

Qoy yollarım təzələnsin.

 

Şövkətiyəm, söz ver mənə,

Ürək sözün deyim sənə,

Göz dolandır yol üstünə,

Qoy yollarım təzələnsin.

 

Aşiqanələr

 

Lalədən, nərgizdən gözəlsən gözəl,

Yaradan səni bir ceyran yaradıb.

Ləyaqət veribdir, sədaqət verib,

İnsanı hüsnünə heyran yaradıb.

***

Yağışdır deyəsən buluddan yağır,

Səssiz bir şeirdir ala gözlərin.

Gülüşlərin mehribanlıq mənası,

Baxışıntək duymalıdır sözlərin.

***

Gülüşlərin çox zamandır gizlənib,

Gülməyin istərəm çox inci-inci.

Uzaqlığı ünvan etmə sevgilim,

Uzaqdan da hiss edərəm sevinci.

***

Dünya gözəl, sən gözəl, sevgilim,

Ləyaqətin dünyalardan yuxarı.

Gözəlliyindən mən ilham almışam,

Gözəlliyin elə budur çıxarı.

***

Bu soyuqda bir çay ola, bir sən,

Bir mən olam, bir ay ola, bir sən.

Bir nəzakət, bir sədaqət, bir səfa,

Məhəbbətdən bir pay ola, bir sən.

 

 

Məhəmmədrza YAQUBOĞLU ŞOVKƏTİ

 

525-ci qəzet.- 2019.- 29 noyabr.- S.15.