Məhəmməd Əmin Rəsulzadədən yadigar
qalan tar
Bakı Musiqi Akademiyasında Cümhuriyyətin şahidi
olan 100 yaşlı tarın təqdimatı keçirilib
Noyabrın
26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu,
görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin
nəvəsi, Respublikanın Əməkdar rəssamı, ali məktəb
müəllimi, tanınmış ziyalı Rais Azər
oğlu Rəsulzadə ilə görüş keçirildi.
Elmi-tədqiqat
laboratoriyası tərəfindən təşkil olunan
görüşdə BMA-nın elmi və
yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar
incəsənət xadimi, fəlsəfə üzrə elmlər
doktoru, bəstəkar Gülnaz Abdullazadə, Xalq artisti,
professor Ramiz Quliyev, laboratoriyanın müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Nuridə
İsmayılzadə, Rəsuzadə ailəsi haqqında
araşdırmaların müəllifi,
yazıçı-jurnalist Nəcibə Bağırzadə,
laboratoriya əməkdaşları, akademiyanın müəllim
və tələbələri iştirak etdilər.
Görüşün əsas mövzusu Rəsulzadə
ailəsinin yadigarı, Azərbaycan Xalq Cümhuriyyətinin
yaşıdı olan 100 illik tarın bərpası və təqdimatı
idi.
Ü.Hacıbəylinin ölməz musiqisi ilə
başlayan görüşü N.İsmayılzadə
açaraq, qonaqları salamladı. Bildirdi ki, M.Ə.Rəsulzadənin
oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın
çanağının daxilində "1917"
yazılmışdır. Görünür,
tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə
olmuş və sonra kiçik oğlu Azər bəyə
yadigar qalmışdır. Tar Azər Rəsulzadənin vəfatından
- 1993-cü ildən indiyə qədər
çalınmadığı üçün təmirə
ehtiyaclı olmuşdur. Rais müəllim tar
haqqında görkəmli ifaçı və yaxın dostu
Ramiz Quliyevə məlumat verəndən sonra,
özünün xahişi ilə tarın təmiri-bərpası
Bakı Musiqi Akademiyasının elmi-tədqiqat
laboratoriyasında həyata keçirilmişdir. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli
ustası Musa Mahmudov tərəfindən oktyabr-noyabr
aylarında yüksək keyfiyyətdə təmir
olunmuşdur. Artıq alət ifa üçün tam
yararlı vəziyyətdədir: "Rəsulzadələr
ailəsinin müqəddəs yadigarı olan bu tarın təqdimat
mərasimində onun səsini, "ürək sözlərini"
dinləyəcəyik".
Professor
G.Abdullazadə çıxış edərək Azərbaycan
Xalq Cümhuriyyəti dövründə mədəniyyət
quruculuğu, Ü.Hacıbəylinin jurnalist fəaliyyəti
haqqında məlumat verdi, onun demoktratik ruhlu ziyalı kimi milli
azadlıq ideyasının təbliğatçısı
olduğunu vurğuladı.
Xalq artisti R.Quliyev 2018-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər
silsiləsini xatırlatdı. ABŞ-ın
Çikaqo şəhərində keçirilən növbəti
yubiley tədbirinə Rais Rəsulzadə ilə birlikdə dəvət
aldığını, bu möhtəşəm tədbirdə
Azərbaycan musiqisini ifa etdiyini bildirdi. Yubiley
münasibətilə Çikaqoda təsis olunan medalı tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Tədbirin ən maraqlı və təsirli məqamı
Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı kimi
görüşdə "iştirak edən" qədim
tarın uzun illərdən sonra ilk dəfə səslənməsi
oldu. R.Quliyev tərəfindən tarda ustadanə ifa olunan
"Bayatı-Şiraz" muğamı və "Bu
dünyadan" mahnısı tədbir
iştirakçıları tərəfindən rəğbətlə
qarşılandı. Sonra R.Quliyev 1955-ci ildə
özünün ilk dəfə çaldığı
tarın mizrabını R.Rəsulzadəyə
bağışladı və xahiş etdi ki, mizrab həmişə
bu yadigar tarın üzərində saxlanılsın: "Mən
sənət yoluna ilk dəfə bu mizrabla qədəm
qoymuşam. Onu indiyə qədər əziz bir
xatirə kimi qorumuşam. Amma bu gün həyatımın
bu əziz xatirəsini Rəsulzadənin tarına
bağışlayıram. Mən fəxr
edərəm ki, bu yadigar tar həmişə elə bu mizrabla
da çalınsın".
"Bu
tar atamla birlikdə sürgün həyatı
yaşayıb"
Rais
müəllim çıxışında Rəsulzadələr
ailəsindən yadigar qalan tarın tarixçəsi
haqqında məlumat verdi. "Bu tar ailəmizin
ayrılmaz, əziz üzvüdür. Hətta
vaxtilə Gəncə həbsxanasına da
düşüb".
R.Rəsulzadə
məlumat verdi ki, atası Azər bəy
1937-ci ildə öz anası Ümbülbanu xanımla
Qazaxıstana sürgün olunanda on altı yaşı
vardı. "Özləri ilə çox
şey götürməyə icazə verilmədi. Azər bəy özü ilə yalnız bu tarı
götürdü. Tar onunla birlikdə ömrünün
sonunacan siyasi sürgündə yaşadı. Atam
deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır.
Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən
yadigarı və həmdəmi idi. Hər dəfə
tarı sinəsinə alıb dilləndirəndə həm
şərəf duyurdu, həm də həsrət
yanğısı keçirirdi. Bu tarın
səsi onun üçün xalqın səsi, vətənin
bir parçası demək idi. Azər bəy
1993-cü ildə qürbətdə dünyasını dəyişdi.
Mən ailəmin sürgün həyatı
yaşadığı Karaqandadan qayıdanda bu tarı
özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz
yadigarı kimi və atamın sürgün həyatının,
məşəqqətli vətən həsrətinin şahidi
kimi qoruyuram. Bu tar atam Azər bəydən mənə
qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən
çox şadam ki, atamın vəfatından sonra təmirə
ehtiyaclı vəziyyətə düşən, uzun illər
dillənməyən bu tarı dahi Üzeyir bəyin
adını daşıyan məşhur təhsil və sənət
ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək
səviyyədə təmir etdilər, onu yenidən ifa etmək
üçün yararlı vəziyyətə gətirdilər".
"Azər
Rəsulzadənin ən çox sevdiyi muğam
"Bayatı-Şiraz" idi"
Tədbirdə
Rəsulzadələr ailəsi haqqında
araşdırmaların, kitabların müəllifi,
yazıçı-jurnalist, şairə Nəcibə
Bağırzadə Azər Rəsulzadənin həyat səhifələrindən
maraqlı məlumatlar verdi. Azər
bəyin rəssamlığından, sənətə
marağından, əsərlərinin
taleyindən, vətənpərvərliyindən
danışdı. Arxiv
araşdırmalarından əldə etdiyi faktları diqqətə
çatdırdı. Bildirdi ki, Azər bəyin
ən çox sevdiyi və ifa etdiyi muğam
"Bayatı-Şiraz" idi.
"Həmin
tar, həmin muğam... Bu gün burada
"Bayatı-Şiraz"ı dinləyəndə
düşündüm ki, həmin tarın səslənməsi
də, həmin muğam da Məhəmməd Əminin
övladı Azər bəyin ruhuna böyük
ehtiramımızı ifadə etdi. Bəlkə
bu tarın sədasını, onun bağrından qopan
"Bayatı-Şiraz"ı Azər bəyin nigaran ruhu da
eşitdi və şad oldu. Bu tarda Azər
bəyin özünün, atası Məhəmməd
Əminin, anası Ümbülbəyimin sığalı, əllərinin
izi qalıb. Mən usta Musanın təmir haqqında məlumatını
dinləyəndə bir sözündən çox təsirləndim.
Dedi ki, tarda çatlar var idi. Mənə elə gəlir ki, o
çatlar illər boyu boş yerə tara
düşməyib və əslində, o çatların mənası
bir başqadır. Onlar Rəsulzadə ailəsinin,
övladlarının, nəslinin ürək
çatlarıdır. Onların qəlbinin ağır
siyasi, mənəvi təzyiqlərdən aldığı
çatlardır... Azər bəy qürbətdə
bu tarla nəfəs alıb. Bu tar Azərbaycan
Xalq Cümhuriyyətinin, azadlıq ideyalarının tərcümanıdır.
Mən bu ailənin həyatını dərindən
öyrəndikcə bilmişəm ki, Azər bəy necə
bir istedadlı şəxsiyyət, vətənpərvər
ziyalı olub. Kim bilir ağır həyat şəraiti,
vətən ayrılığı, çətin maddi və mənəvi
durum onun nə qədər arzularını, istedadlı
işlərini yarımçıq qoyub... Yaxşı
olardı ki, gənclər tariximizlə yaxından
maraqlansınlar, şəxsiyyətlərimizi daha yaxşı
tanısınlar".
"Tar
da ziyalılarımız kimi repressiyalara məruz qalıb"
Daha sonra
elmi-tədqiqat laboratoriyasının aparıcı elmi
işçisi olaraq, mən çıxış edərək
Üzeyir Hacıbəylinin tar haqqında tədqiqatlarından,
XX əsrdə onu siyasi-ideoloji basqılardan qorumasından, bəstəkar
və pedaqoq olaraq tarın ifaçılığı, tədrisi
və yaşaması uğrunda mübarizəsindən, vaxtilə
tara, muğama və onunla əlaqədar milli operalara qadağa
cəhdlərindən danışdım. Bildirdim
ki, tarın yaşamasında görkəmli ustad sənətkarların
da, ziyalıların böyük xidmətləri olub. Azərbaycanın
Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov,
Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər
Cabbarlı, Bədəl bəy, Mirzə Ələkbər
Sabir, Seyid Hüseyn kimi maarifçi ziyalılarının,
şair, yazıçı və alimlərin evində həmişə
tar olub, tar səslənib. Vaxtilə bölgələrimizdəki
ziyalıların, sadə əməkçi insanların da mənzillərində
divardan tar asılıb, çalınıb. "Oxu, tar" deyən Mikayıl Müşviq
güllələndi, amma evindəki tarının səsini kəsə
bilmədilər. Bu alətin səsi,
tembri, pərdə quruluşu, kökü xalqımızın
musiqi yaddaşının, muğam təfəkkürünün,
onun bədii duyumunun tarixi qəlibləridir. Azərbaycan tarına olan böyük xalq sevgisi bu
tarı əsrlər boyu şovinist hücumlardan,
repressiyalardan qoruyub. Yəqin ki, M.Ə.Rəsulzadənin
vətən, millət sevgisi ilə Azərbaycan tarı
arasında tarixi bir körpü, ideal bir bağlılıq
var.
Milli dəyərlərə ehtiramla
Qeyd etdim ki, tədbirimiz özündə bir çox müqəddəs dəyərləri bir araya gətirmiş oldu: Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyətin yaşıdı olan, Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar, AXC-nin 100 illiyi münasibətilə yubiley medalı, M.Ə.Rəsulzadənin nəvəsi, Ü.Hacıbəylinin adını daşıyan sənət ocağı və ustad R.Quliyevin ifasında Azər bəyin sevdiyi Bayatı-Şiraz.
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev belə gözəl tədbirin elmi və tərbiyəvi əhəmiyyətini qeyd elədi, milli alətlərin və ifaçılıq ənənələrinin qorunması barədə dəyərli tövsiyələrini diqqətə çatdırdı. Bildirdi ki, bu yolda Bakı Musiqi Akademiyası həmişə öncül mövqeyi ilə seçilir. A.Əsədullayevə görə milli dəyərlərimiz bu gün də biganəlikdən, bəzi naşılardan qorumaq lazımdır.
Tədbirin sonunda Rais Rəsulzadə ailəsinin yadigarı olan tarın təmir-bərpasına və təqdimatına görə təşəkkürünü bildirdi.
Ariz ABDULƏLİYEV
Ü.Hacıbəyli adına BMA-nın dosenti,
aparıcı elmi işçi
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.14.