İlkin Əhmədov:
"Ən böyük arzum Qarabağda konsert verməkdir"
Müsahibimiz Azərbaycan
Dövlət Akademik Opera Və Balet Teatrının solisti, əməkdar
artist İlkin Əhmədovdur
Azərbaycan
Respublikasının Əməkdar artisti, tanınmış
xanəndə İlkin Əhmədovla, özünün təbirincə
desək, onun 11 illik iş yerində - solisti olduğu Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında
görüşdük.
Söhbətimizə
körpü salmaq üçün ənənəvi sualdan
başladıq və sənətə necə gəldiyini
soruşanda, sənətə gəlişinin 2002-ci ilə təsadüf
etdiyini, Bakıda İncəsənət Gimnaziyasını
başa vurub Milli Konservatoriyanın müstəqil təhsil
ocağı kimi fəaliyyətə başladığı il
ora qəbul olunduğunu, 2005-ci ildə dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik
yubileyi münasibətilə Heydər Əliyev Fondunun
keçirdiyi Birinci televiziya muğam müsabiqəsinə
qatılıb 2-ci yerə layiq görüldüyünü
bildirdi.
Qalanını isə öz dilindən eşidin.
- Birinci
televiziya muğam müsabiqəsində iştirakınızdan
və 2-ci yeri tutmağınızdan aşağı-yuxarı
14 il keçir. Artıq Milli
Konservatoriyanın müəlimi, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti, "Leyli və Məcnun",
"Əsli və Kərəm", "Aşıq Qərib"
kimi operalarda baş rolların ifaçısınız...
- Müsahibə üçün mənimlə əlaqə saxlayanda görüş üçün sizi operaya dəvət etməklə istədim ki, çalışdığım, mənə doğma olan bu sənət ocağı ilə tanış olasınız. Bura mənim 11 illik iş yerimdir və az qala bu binanın hər yerində bir xatirəm var. İlk dəfə burda 2001-ci ildə olmuşdum. Rəhmətlik atamla bir yerdə tamaşaya gəlmişdik. Tamaşaya hələ bir saat vardı. Atam məni burada gəzdirəndə bir xatirəsini danışdı, bir vaxt bu yerlərdə sevdiyi xanımla gəzdiyini dedi. Sonra qismət elə gətirdi ki, mən teatrda solist oldum. Həyat elədir ki, keçmişdə olanların keçib getməsini istəmirsən, amma bu, həyatın qanunudur, heç nə edə bilmirsən. Atamın gözəl səsi var idi. Bizim nəsildə hamıda səs olub. Oğlumun da səsi var.
- Doğrudan? Onun da sizin yolunuzu davam etdirməsini istərdinizmi?
- Hələ bununla bağlı hələ heç bir fikrim yoxdur. Açığı, bu barədə düşünməmişəm. Səs, adətən, 9 yaşda formalaşır, indidən heç nə demək olmaz.
- Gənc yaşlardan bu mövqeni qazanmaq yəqin ki, asan olmayıb. Bildiyimə görə, doğulduğunuz torpaqlar işğal olunduğundan kiçik yaşlarınızdan yurdunuzu tərk edib başqa yerə köçmək məcburiyyətində qalmısınız. Bir müddət sonra Bakıya gəlmisiniz, həm işləyib, həm də oxumusunuz. O günləri necə xatırlayırsınız?
- Mən bu haqda çox
danışmışam və heç vaxt bundan utanmıram. Vaxt olub ki. daş karxanasında işləmişəm,
amma evdəkilərin bundan xəbəri olmayıb.
Çünki atam zəhmli adam idi, əgər bilsəydi, bunu
yaxşı qarşılamazdı. Bir dəfə işləməkdən
əlim yara olmuşdu, atam bunu görəndə elə bildi,
dava eləmişəm, ona görə də həqiqəti
demək məcburiyyətində qaldım. Atam buna qadağa qoydu. Ondan sonra kafe,
restoranlarda oxumağa başladım. Beləcə,
bu günlərə gəlib çıxdım.
- Bir dəfə
demişdiniz ki, əsl sənət göstərmək
üçün gərək toylara getməyəsən. Bir də 50 yaşdan sonra ancaq müəllim kimi fəaliyyət
göstərəcəyinizi bildirmişdiniz. Bəs, teatr necə, onunla da
vidalaşacaqsınız?
- Bəli,
əlbəttə. Teatrda elə rollar var ki, onu
neçə yaşında olsa, ifa edərsən, bu,
normaldır. Ancaq elələri də var
ki, 50 yaşından sonra durub onu oynasan, gülünc olar.
Demişəm, sözümün də
arxasında dayanıram, toylarda oxumaq sənətçini həmişə
peşəkar səhnədən saxlayıb və saxlayacaq.
Amma bu gün Azərbaycanda sənətçi toysuz da ola bilməz. Çünki onun bəzi
tələbatlarını ödəməsi üçün
toylardan gələn gəlirə ehtiyacı var. Tək birini
deyim. məsələn, hər dəfə
verilişə çıxanda ona yeni libas lazımdır, bu isə
yalnız maaşla mümkün deyil.
- Bu sənətin
başqa hansı çətinlikləri var?
- Çətinliklər çoxdur. Əvvəla, öz üzərində çox çalışmalısan, ikincisi, bəzi şeylərdən özünü məhrum etməyi bacarmalısan. Məsələn, müğənni, xanəndə hər istədiyini yeyə bilməz, ona birinci növbədə səsini qorumaq lazımdır. Yaxud da, imicimizi qorumaq baxımından istədiyimiz hər yerə gedə, istədiyimiz hər adamla görüşə bilmərik. Bu sənətin belə çox çətinlikləri və məsuliyyətləri var.
- İlkin Əhmədov keçmişə nəzər salanda hansı ifasının onu ilk dəfə məşhurladığını düşünür?
- Birinci televiziya muğam müsabiqəsində oxuduğum "Segah" muğamı məni həm çox sevdirdi, həm də məşhurlaşdırdı.
- Dinləyicini ifa etdiyi mahnının ahənginə salmaq hər müğənnidə, hər xanəndədə alınmır. Amma bugünkü populyarlığınızı nəzərə alsaq. Deyə bilərik ki, siz bunu bacarırsınız. İfalarınızın belə uğurlu alınmasının bir sirri varmı?
- Elə bir xüsusi sirri yoxdur. Səs Allahın adama bəxşişidir. Çox istedadlı olanlar da var, orta istedadlı olanlar da, zəif olanlar da. Zəif olanlar montaj yolu ilə müəyyən zaman çərçivəsində yaxşı görünə bilərlər. Amma bir müddətdən sonra əsl həqiqət ortaya çıxır, tamaşaçı pisi yaxşıdan ayırmağı bacarır. Orta istedadı olan elə ifaçı var ki, özünü müəyyən zaman birtəhər sevdirə bilir. Biri də var yaxşı ifaçı, gözəl ifaçı olmaq. Artıq bu, Allahın vergisidir.
- Siz yaxşı ifaçısınız?..
- Bilmirəm. Özümlə bağlı belə demək, mənim üçün ayıb olar. Amma xoşbəxtəm ki, bu gün məni xeyli sevənlər, qiymələndirənlər var. Bu, mənim üçün böyük qürurdur. Uzun sözün qısası, ilahi tərəfindən mənə verilən paya bir az zəhmət də qatıram və yaxşı nəticə əldə etmək üçün çalışıram. Boş dayanmağı sevmirəm. Fikirləşirəm ki, vaxtımı boşa xərcləməkdənsə, onun yerinə yaxşı bir iş görərdim, bir mahnı oxuya bilərdim. Burda söhbət təkcə muğamdan getmir. Başqa janrlarda və dillərdə də ifa mahnılar ifa edirəm. İstər vokal, istər estrada, istər ərəbcə, istər türkcə olsun. Bəzən türk mahnısı oxuyanda camaat xoşlamır. Amma mən düşünürəm ki, bu, qəbahət deyil, onlar da bizim mahnıları oxuyurlar.
- Məncə, tamaşaçıların xoşlamadıqları daha çox bayağı mahnılardır...
- Azərbaycanda bayağı mahnı oxumaq cinayətdir. Bu, bir növ tamaşaçının zövqünü məhv eləməkdir. Bizim tamaşaçılar çox mədəni, estetik ruha malikdirlər. Bu qabiliyyəti inkişaf elətdirmək əvəzinə, o cür mahnılarla məhv eləmək cinayətdir. Məsələn, mənim "Youtube" kanalındakı bir mahnımın baxış sayı 1 milyondur.
- "İndi məndən küs görüm?.."
- Bəli, artıq 3 yerdə paylaşılıb, ən az izləniləninə 500 min baxış var. Yəni tamaşaçılar yaxşını pisdən ayırmağı bacarır. Kaş elə bir qayda qoyulardı ki, bayağı mahnıları oxuyanlara 15 gün, 1 ay azadlıqdan məhrumetmə cəzası tətbiq ediləydi. Düzdür, ölkəmiz azaddır, hər kəs öz işiylə istədiyi kimi məşğul ola bilər. Amma bu o demək deyil ki, hamı ağzına gələni oxuya bilər. Bu yaxınlarda qeyri-etik mahnıya görə bir cavan həbs edilmişdi. Bu o deməkdir ki, gərək sənətçilər də təbliğatı düzgün aparsınlar. Bizim tamaşaçını uçuruma yönəltmək ixtiyarımız yoxdur.
- Arzusunda olub, hələ də ifa etmədiyiniz mahnılar varmı?
- Belə mahnılar çoxdur. "O sole mio" ("Mənim günəşim") adlı məşhur bir italyan mahnısı var. Bəlkə də, 10 ildir bu mahnını oxumaq arzusundayam. Amma hələ oxumamışam. Bəzən özümü günahlandırıram ki, bir balaca ciddiyyət göstərsəm, oxuya bilərəm. Çünki təvazökarlıqdan uzaq olmasın, bu mahnını ifa etməyə səs imkanlarım da var. Bundan əlavə, bizim neçə-neçə muğam dəstgahlarımız var, çox istəyərdim ki, bunları lentə alım, amma hələ bacarmıram.
- Vaxt məhdudiyyətindən irəli gəlir?
- O da var, bir qədər özümün məsuliyyətsizliyim də var. Ümumiyyətlə, elə məsələlər var ki, onlar olmasa, işlər daha yaxşı gedər.
- Hansı məsələlər?
- Bizim səs tellərimiz ruhumuzla, həyatımızla bağlıdır. Hər hansı ani bir küskünlük, əsəb bizim səsimizə mane ola bilər.
- Belə
hal sizdə də olub?
- Əlbəttə olub. Özü də həddən artıq çox olub. Həssas olmayan ifaçı əsl ifaçı deyil. Müğənni, xanəndə çox hissiyatlı olmalıdır, oxuduğu mahnı içdən gəlməlidir. Əgər oxuduğun mahnı ürəkdən gəlməsə, heç vaxt qəlbləri titrədə bilməzsən. Buna görə də gərək sənətçinin qəlbini qırmayasan. Bu o demək deyil ki, sənətçini gərək başına çıxardasan. Sənətçi də bir incəsənət nümayəndəsi kimi tamaşaçılarla normal rəftar etməyi bacarmalıdır. Ancaq istisna hallar olur ki, biz də əsəbləşirik...
- Kimlərləsə konfliktə girdiyiniz olubmu? Bu situasiyadan necə çıxırsınız?
- Allah bizi konfliktlərdən uzaq eləsin. Bir az emosional olduğum üçün bəzən özümü çətin cəmləyirəm. Bəzən sülh yoluyla həll olur, bəzən də yumruq davasına çevrilir.
- İlkin bəy, niyə hər zaman həyatın pis tərəfini fikirləşmək lazım gəlir?
- Yaxşı sualdır. Mən bunu hər zaman fikirləşirəm. Ancaq düşünürəm ki, yaxşı olanlar onsuz da yaxşıdır, hərdən pisləri də fikirləşmək lazımdır. Belə olanda pis hadisələrə qarşı hazırlıqlı olursan, özündə məsuliyyət hiss edirsən.
- Çıxışlarınızın birində Koroğlu obrazını ifa etmək istədiyinizi bildirmisiniz. Heç teatrdan Koroğluyla bağlı təklif almısınızmı?
- Bizim teatrda "Xanəndənin taleyi" tamaşası səhnələşdirildi. İlk dəfə 30 il bundan əvvəl mərhum Baba Mirzəyevin ifasında səhnələşdirilmişdı. İki il qabaq bu tamaşa iki dəfə səhnəyə qoyuldu, ikisini də mən ifa etdim. Burada əsas vokal ifaçılığıdır. O tamaşada mənə dedilər ki, səndə vokal ifaçılığı var deyə, Koroğlunu da oxuya bilərsən. Mən də ifa etmək istəyirəm, ancaq bunun üçün aylar lazımdır ki, məşq edim və özümü doğruldum.
- Siz özünüz də cavansınız deyə bir məsələni də soruşaq. Bu gün gənc nəslin xalq mahnılarına göstərdiyi diqqət sizi qane edirmi?
- Yox, qane eləmir. Bu məsələni məndən nə vaxt soruşsalar, cavab verirəm, çünki bu, vacib məsələdir. Bununla bağlı efirlərdə təbliğat çox azdır. Məsələn, teleməkanda saysız verilişlər var, məncə, həmin verilişlərdə bayağı mahnılar yerinə xalq mahnılarına üstünlük versələr, təbliğ etsələr, daha yaxşı olar. Bayaq da dedim, Azərbaycan tamaşaçısı musiqinin yaxşısını pisindən ayırd etməyi bacarır. Sadəcə, təbliğat lazımdır. Bəzən televiziyalar özləri də efirdə deyirlər ki, bizi milyonlar izləyir. Əgər milyonlarla izləyicin varsa, gərək yaxşı işlər ortaya çıxarasan. Bayağı mahnılar efirə verildikcə tamaşaçı bir dəfə, iki dəfə pisləyəcək, amma sonra onun təsirinə düşəcək. Odur ki, efirə yaxşı verilişləri, yaxşı nəğmələri, yaxşı sənətçiləri, yaxşı danışmaq qabiliyyəti olan insanları çıxarmaq lazımdır. Amma təəssüf ki, bu gün ağzına gələni danışan insanları verilişlərə fəxrlə dəvət edirlər.
- Elə olubmu ki, belə qonaqlarla eyni efirə dəvət olunduğunuz üçün verilişdən imtina etmisiniz?
- Bəli, çox olub. Elə olub ki, verilişdən xoşum gəlmədiyi üçün getməmişəm. Amma Azərbaycan Televiziyasi belə məsələlərdə daim fərqlənir. Mən hələ bu neçə ildə bir dəfə də olsun Az.TV-nin efirində neqativ bir düşüncəyə, bir ifadəyə rast gəlməmişəm. Təbii ki, şou verilişlər də olmalıdır, ancaq hər şeyin də bir həddi var, axı.
- Söhbətimizin axırında bir qədər də yaradıcılığınızdakı yeniliklərdən danışasınız bəlkə...
- Yeniliklər çoxdur. Adətən, planlaşdırdığım yeniliklər olur, amma qismən gözlənilmədən də baş verir. Tutaq ki, qastrol səyahətləri, xarici ölkələrdə, bölgələrdə konsertlər təşkil olunur, biz də iştirak edirik. Məsələn, keçən ay Naxçıvanın Şahbuz şəhərində gözəl bir konsert təşkil olundu, orda da iştirak etdik. Yəni belə tədbirlər əvvəlcədən planlaşdırılmır.
- Ən böyük arzunuz nədir bəs?
- Ən böyük arzum Qarabağda konsert verməkdir. O torpaqlara qayıtmaq əbədi istəyimdir...
- Onda bir gün Qarabağda konsert versəniz, mütləq mən də iştirak edəcəm...
- Təki o yerlərə qayıdaq, hamısı olar...
Günel ABBAS
Bakı
Dövlət Universiteti Jurnalistika fakültəsi III kurs tələbəsi
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.12.