Aynur Beşkonak: "ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin
açılışını YÖK sədri Yekta Saraçın etməsi böyük
şərəfdir"
Bu günlərdə Azərbaycan
Dillər Universitetində
(ADU) Türkiyə Araşdırmaları
Mərkəzinin (TAM) açılışı
olub. Yeni açılan
mərkəzin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonak TAM-ın fəaliyyəti
istiqamətləri, aparılacaq
araşdırmalar, reallaşdırılması
nəzərdə tutulan
layihələr haqda ətraflı məlumat verib.
- Aynur xanım, ADU-da fəaliyyət göstərən mərkəzlərə
Türkiyə Araşdırmaları
Mərkəzinin əlavə
olunması bu təhsil ocağının
elmi-pedaqoji həyatı,
eyni zamanda, beynəlxalq əlaqələri
üçün əlamətdar
hadisədir. Xüsusən, mərkəzin Yüksek
Öğretim Kurulunun
(YÖK) sədri, Professor Dr. Yekta Saraç tərəfindən açılması
ADU-ya xüsusi münasibətin göstəricisidir.
Bütün bunlarla bağlı
nə deyə bilərsiniz?
- Azərbaycan Dillər
Universitetinin son illərdə
qazandığı uğurlar
sözün həqiqi
mənasında böyükdür. Universitetin elmi-pedaqoji
həyatı günü-gündən
inkişaf edir, beynəlxalq əlaqələri
genişlənir. Son vaxtlarda ADU-ya gələn qonaqların sayı, imzalanan müqavilələr, beynəlxalq
mübadilə proqramlarında
iştirak bunun bariz nümunəsidir.
Ölkəmizin elm həyatında
saysız-hesabsız nailiyyətlərə
imza atan universitetimiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi ilə bərabər, bir çox qiymətli elm adamlarını
da qonaq edib. Maria Elisabetta Alberti Kasellati, Aleksandr Vuçiç, Buyar Nişani, Mövlud Çavuşoğlu,
Jolt Çutora, Herman Van Rompuy,
Vidiadxar Suracpasad Naypol, Aleksey Konstantinoviç
Puşkov, Devid Harris kimi alimlərə və dövlət xadimlərinə universitetimiz
tərəfindən Fəxri
doktorluq adı verilib.
Növbəti Fəxri doktorumuz Türkiyə Cümhuriyyətinin
Yüksek Öğretim
Kurulunun (YÖK) sədri,
Professor Dr. Yekta Saraç
oldu. Bu, bizim üçün böyük
şərəfdir. Professor Yekta Saraç Azərbaycan ilə Türkiyə Cümhuriyyəti
arasında dostluq və əməkdaşlığın
möhkəmləndirilməsində, həmçinin, təhsil,
mədəniyyət və
elm istiqamətində əlaqələrin
yüksək səviyyədə
inkişaf etdirilməsində
göstərdiyi xidmətlərə
görə universitetimizin
Fəxri doktoru adına layiq
görülüb. Qeyd etdiyiniz
kimi, Yekta Saraç universitetimizdə
Türkiyə Araşdırmaları
Mərkəzinin açılışını
etdi. Azərbaycan Dillər Universitetinin
rektoru, akademik Kamal Abdulla ilə birlikdə mərkəzin açılışını edən Yekta Saraç və digər qonaqlar ortaq dəyərlərin qarşılıqlı öyrənilməsi
və araşdırılmasının
vacibliyini qeyd etdilər. Mərkəzin məhz onun
iştirakı ilə
açılması bizim
üçün böyük
qürurdur, universitetimizin
həyatı üçün
əlamətdar hadisədir.
Mərkəzin açılışından çox məmnun olduğunu söyləyən
YÖK-ün sədri
Professor Dr. Yekta Saraç
yeni mərkəzin fəaliyyətə başlamasını
yüksək qiymətləndirdi.
- Türkiyə Araşdırmaları
Mərkəzi gələcək
fəaliyyətini hansı
istiqamətdə quracaq?
- Əsas məqsəd
Türkiyə Cümhuriyyətinin
tarixi, mədəniyyəti,
ədəbiyyatı, iqtisadiyyatı
istiqamətində araşdırmalar
aparmaq, ölkənin dilinin və mədəniyyətinin universitetimizdə
fərqli etnik köklərə sahib Azərbaycan
Dillər Universiteti tələbələrinə daha
yaxından tanıtmaq
və tədris etməkdir. Mərkəzimiz bununla yanaşı,
hədəf olaraq, bir neçə istiqaməti müəyyənləşdirib.
Məsələn, mərkəzimizin
təmsil etdiyi Türkiyə Cümhuriyyəti
ilə müvafiq sahələrdə əlaqələrin
inkişafına dəstək
olmaq, Türkiyə ali təhsil müəssisələri və
tədqiqat mərkəzləri
ilə əlaqələrin
qurulması və mövcud əlaqələrin
genişləndirilməsi, ölkənin
təhsil, mədəniyyət,
incəsənət sahəsindəki
nümayəndələrini universitetimizə dəvət
etmək, onların universitetimizdə keçirilən
konfranslarda iştirakını
təmin etmək, eyni zamanda, ADU əməkdaşlarının Türkiyədəki
konfranslarda iştirakını
istiqamətləndirmək. Bura əlbəttə, müəllim,
tələbə və
işçi heyətinin
mübadiləsini müəyyən
layihələr çərçivəsində
həyata keçirmək
də daxildir. Vacib istiqamətlərimizdən
bir qismi də Azərbaycanda təhsil alan
Türkiyə vətəndaşları
ilə sıx əlaqələr qurmaq, Türkiyə Cümhuriyyətinin
özəl günlərini
qeyd etmək, mətbuatda mərkəzin
fəaliyyəti ilə
bağlı çıxış
etməkdir.
- Mərkəz ortaq layihələr olaraq hansı istiqamətləri
özü üçün
müəyyənləşdirib?
- Ortaq layihələr çərçivəsində Türkiyə ilə Azərbaycan arasında
elm, təhsil, mədəniyyət
sahəsindəki əməkdaşlığın
inkişafı istiqamətində
çalışmaları hədəfləyən
mərkəzimiz ortaq mədəni mirasların tədqiqi sahəsində də faydalı əməkdaşlıqlar quracaqdır.
Çünki tarix, mədəniyyət
və soy baxımından
qardaş iki ölkə olan Azərbaycan və Türkiyə arasındakı
münasibət müstəsna
bir özəlliyə
sahibdir və bu iki mədəniyyətin,
tarixin birgə araşdırılması nəticəsində
daha dolğun və faydalı nəticələrə nail olacağına
ümid edirik. Mərkəzimizin bir digər
önəmli layihəsi
Azərbaycan multikulturalizminin
Türkiyə Cümhuriyyətində
tanıdılması və
tədris edilməsidir.
Ölkə inkişafının mühüm bir sahəsini əhatə edən multikulturalizm Türkiyə elm sahəsinə
Azərbaycan multukulturalizmini
tanıtmağı və
dərs olaraq tədris etdirməyi qarşısına məqsəd
qoyub.
- Türkiyə Araşdırmaları
Mərkəzi elm sahəsinə
hansı töhfələri
verə bilər?
- Elm insana işıqlı aləmin qapıların açan, onu mənən zənginləşdirən
bir həqiqətdir. Bu həqiqətin işığı nə
qədər gurdursa, müəmması və cəlbediciliyi də bir o qədər çoxdur. Hər kəs elmdən
ala bildiyi payla bir ahəng içindədir və bu ahəngin ritmini pozan yenə
də elmdir.
Elmin, biliyin məbədi sayılan ali
təhsil ocaqları həm yönəltdikləri
topululuqla, həm də aid olduqları dünyayla ahəng halındadır - dünyadan
aldıqlarını cəmiyyətə
verməklə hökmlüdür.
Bu hökm dünyadakı
elm, bilimlə qarşılıqlı
bir tarazlıq içindədir və bir ali təhsil ocağının,
elm və araşdırma
mərkəzlərinin dünya
ilə ahəng içində ola bilməsi təhsil, akademik iş və qarşılıqlı
araşdırmalarla mümkündür.
Mərkəzimizin eyni etnik-mədəni
dəyərlərə sahib Türkiyə-Azərbaycan elmi
istiqamətləri üçün
faydalı olacağını
düşünürük.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.10.