Bəstəkar Tofiq
Bakıxanovla bağlı kitab sərgisi
Noyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında görkəmli bəstəkar,
Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.
Sərgi
Mədəniyyət Nazirliyi,
Azərbaycan Bəstəkarlar
İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılıği
ilə reallaşıb.
Tədbirdə Milli Kitabxananın
direktoru, professor Kərim Tahirov çıxış edərək
bəstəkarın zəngin
yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Tofiq Bakıxanov xalqımızın
çox sevilən, seçilən bəstəkarlarından
biridir. Onun əsərləri təkcə Azərbaycanda
deyil, bir çox ölkələrdə
səslənir. Tofiq
Bakıxanovun çox
ziyalı bir nəslin nümayəndəsi
olduğunu vurğulayan
natiq deyib ki, onun ulu
babası Abbasqulu Ağa Bakıxanov Azərbaycanın görkəmli
tarixçisi, filosofu,
atası Əhmədağa
Bakıxanov isə Xalq artistidir.
Nəzərə çatdırılıb ki,
Tofiq Bakıxanovun formalaşmasında dahi bəstəkar Üzeyir Hacıbəylinin çox
böyük rolu olub. Çünki Üzeyir
Hacıbəyli ilə
Əhmədağa Bakıxanov
dost idilər. Üzeyir bəyin
məsləhəti ilə
Tofiq Bakıxanov musiqi məktəbinin skripka sinfinə daxil olur. Həmin məktəbdə oxuyaraq
o, artıq bəstəkarlığa
da böyük meyl göstərir.
O, 1953-cü ildə Azərbaycan
Dövlət Konservatoriyasını
A.N.Amitonun dərs dediyi skripka sinfini, 1957-ci ildə isə dahi bəstəkar
Qara Qarayevin bəstəkarlıq sinfini
bitirib. Qeyd edilib ki, bəstəkar yaradıcılığı
boyu çoxsaylı musiqiçi nəslinin yetişməsində böyük
xidmətlər göstərib.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova vurğulayıb ki, musiqi ictimaiyyəti Tofiq Bakıxanovu ilk növbədə skripkaçı
kimi tanıyıb. O, hələ
12 yaşında - musiqi
məktəbində oxuyanda
bir çox konsert salonlarında, radioda skripkaçı kimi çıxış edib. Daha sonra dövlət
triosunda çıxış
edib və bir çox Azərbaycan bəstəkarlarının
skripka üçün
əsərlərinin ilk ifaçısı
olub.
Bəstəkarın çoxşaxəli
yaradıcılığı barədə danışan
Z.Qafarova qeyd edib ki, o, bir
çox janrlarda musiqilərin - 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün
25 konsert, 26 sonata, simfonik
muğamlar, çoxlu
sayda kamera-instrumental və kamera-vokal əsərlər, süitalar,
uvertüralar, mahnılar
və romansların müəllifidir.
Tofiq Bakıxanovun pedaqoji fəaliyyətindən söhbət
açılaraq qeyd olunub ki, o, Asəf
Zeynallı adına
musiqi kollecində skripka dərsi deyib. Bakı Musiqi Akademiyasında
uzun müddət kamera instrumental kafedrasında
çalışaraq bir
çox alətlər
üçün əsərlər
yazıb ki, bu əsərlər həm görkəmli ifaçılarımız tərəfindən
səsləndirilib, həm
də tədris sistemində yer alıb.
Qeyd edilib ki, Azərbaycanda ilk birpərdəli balet olan "Xəzər balladası" Tofiq Bakıxanovun yaradıcılığının
vizit kartıdır. Xəzər neftçilərinə
həsr olunmuş bu əsər 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsində tamaşaya
qoyulub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq
musiqi festivalında nümayiş olunub və böyük uğur qazanıb. Balet Fransanın bir çox şəhərlərində,
keçmiş sovet ölkələrində səhnəyə
qoyulub və bəstəkara çox böyük şöhrət
gətirib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
Əməkdar incəsənət
xadimi Telman Hacıyev, Əməkdar jurnalist İttifaq Mirzəbəyli və digərləri çıxış
edərək bəstəkarın
yaradıcılığından, onun insani keyfiyyətlərindən
söz açıb, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış
edən bəstəkar
tədbirin iştirakçılarına
və təşkilatçılarına
təşəkkürünü bildirib.
Sonra qonaqlara kitab sərgisi ilə tanış olublar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.8.