"Unutduğum göy üzü" təqdim olundu

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Nazim Əhmədlinin "Unutduğum göy üzü" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə tanınmış ədəbiyyat, incəsənət xadimləri, oxucularmedia nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid müəllifi qurumun rəhbərliyi, katiblik adından təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb, onunla tanışlığından söz açıb:

 

"Nazimi uzun illərdir tanıyıram, birlikdə işləmişik. Amma mənim onunla tanışlığım 1979-cu ilə təsadüf edir. Onda mənim 15 yaşım vardı, tez-tez nənəmgilin Laçındakı evinə gedərdim. Nazimin şeirləri də "Laçın" jurnalının az qala hər nömrəsində çap olunurdu. Həmin il də "Azərbaycan" jurnalının iyun nömrəsində xeyli şeiri verilmişdi. Mən o şeirləri oxuyub, bir çoxunu əzbərləmişdim. Biz Ağoğlan kəndində olurduq, Nazim isə bizdən yuxarıdakı Əhmədli kəndindən idi. Bir gün təsadüfən onu Laçın-Minkənd avtobusunda gördüm. Yanında oturub, şeirləri haqqında danışdım, xoş sözlər dedim. Bir saatlıq söhbətimizdə Nazimin həm də necə xoşxasiyyət insan olduğunu gördüm. Mən elə bilirdim ki, belə şeirlər yazan adam artıq Ədəbiyyat İnstitutunda oxumuş olar. Amma Nazim bizim bu görüşümüzdən hələ 2 il sonra - 1981-ci ildə Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldu. Həmişə hər yerdə deyirəm ki, mənim ilk dəfə canlı gördüyüm şair Nazim Əhmədli olub. O, çox yaxşı ailə başçısıdır. Mən onun övladlarıyla qürur duyuram. Nazim hər bir işə məsuliyyətlə yanaşan insandır. Şeirlərində  gənclik havası var, onlar oxucuya ruh verir, fərqli duyğular yaşadır".

Tədbirin aparıcısı, şair Yusif Nəğməkar çıxışında deyib:

 

"Bir var, anadan şair doğulanlar, bir var ki, adi cızmaqaraçılar. Nazim təbiətən, vergili şairdir. "Unutduğum göy üzü" Laçının göy üzüdür. O göy üzü sanki artıq həqiqətən unudulub. Amma biz onu unudulmağa qoymamalıyıq".

Yazıçı Səfər Alışarlı Moskvada Nazim Əhmədliylə birlikdə oxuduğunu deyib, xatirələrindən söz açıb:

 

"Bizim Moskvada keçirdiyimiz o illər bilavasitə ədəbiyyatla, poeziyayla bağlı olub. Amma bu zamanda şair kimi qalmaq böyük hünər, mənəvi qəhrəmanlıqdır Nazim bunu bacarıb".

Aktrisa Zülfiyyə Eldarqızı deyib ki, Nazim Əhmədli son dərəcə mütəvazi, iddiasız, sadə insandır:

 

"Onun işi başını aşağı salıb şeirini yazmaqdır. Mən çox təəssüf edirəm ki, belə bir insanı gec tanımışam. Onun gəraylıları qeyri-adidir. Ənənəvi şeirin içərisində yeni söz, yeni ruh var". Daha sonra aktrisa şairin "Unutduğun göy üzü" kitabından "Adam kədərdən yıxılır", "Bir az ürəyimdə qal" şeirlərini səsləndirib.

Nazim Əhmədliylə tanışlığından söz açan yazıçı Səyyad Aran deyib:

 

"O qədər abırlı, həyalı insandır ki, heç zaman özündən bəhs etməyib. Hər zaman ya şeirləri, ya da dostları onun barəsində danışıb. Məhz bu xüsusiyyəti onun yaradıcılığına mane olub. Mən çox istərdim ki, Nazim layiq olduğu dəyəri görsün".

Daha sonra qonaqlardan Maşallah Məftun, Rəfiqə Abbasova, ədəbiyyatşünas Qurban Bayramov başqaları müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Nazim Əhmədli kitabın çapındakı dəstəyinə görə AYB rəhbərliyinə təşəkkür edib, tədbirdə iştikar edənlərə çıxışçılara minnətdarlığını bildirib. Yeni nəşrdəki bir neçə şeirini qonaqlar üçün səsləndirən şair sonda oxucular üçün kitab imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 29 noyabr.- S.9.