BDU 100 il ərzində Azərbaycanın hərtərəfli
inkişafına böyük töhfələr verib
Bir neçə gün əvvəl Bakı Dövlət
Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə təntənəli
mərasim keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev
iştirak edib və geniş nitq söyləyib. Dövlət
başçısı öz nitqində BDU-nun tarixinə, onun
ölkəmizin inkişafına verdiyi töhfələrdən,
Azərbaycanda elmə, təhsilə göstərilən diqqət
və qayğıdan ətraflı danışıb. Eyni zamanda, Prezident Ümummili lider Heydər
Əliyevin həm sovet, həm müstəqillik illərində
ölkəyə rəhbərliyi zamanı digər sahələrlə
yanaşı, təhsilin inkişafına xüsusi
qayğısından söz açıb.
Məlumdur ki, Bakı Dövlət Universiteti Azərbaycan
Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib. Bu qərar bir
daha Azərbaycan Xalq Cümhuriyyətinin xalq
qarşısında böyük xidmətlərini göstərir.
Əlbəttə ki, təhsil hər bir
xalqın, dövlətin inkişafı, güclənməsi
üçün başlıca şərtlərdən biridir.
Xalq Cümhuriyyətinin qurucuları da məhz
bu məqamı çox gözəl anlayırdılar.
BDU qərar 100 il ərzində Azərbaycanın
hərtərəfli inkişafına böyük töhfələr
verib. Azərbaycan Xalq Cümhuriyyəti süqut
edəndən sonra Bakı Dövlət Universiteti yeni
ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi.
Yüz il ərzində universitetin 200 minə
yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində
öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Məzunlar arasından görkəmli şəxslər,
alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər
çıxıb.
Ümummilli lider Heydər Əliyev də Bakı Dövlət
Universitetinin məzunu idi. Heydər Əliyev hər zaman təhsil
sahəsinə çox böyük diqqət göstərib,
Azərbaycan gənclərinin Sovet İttifaqının
aparıcı ali məktəblərində
oxuması üçün böyük səylər göstərib.
Belə ki, hər il təqribən 800-ə
yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə
Sovet İttifaqının aparıcı ali məktəblərinə
ezam edilirdilər. Bununla da Azərbaycanın gələcəyi
üçün güclü kadr potensialı
yaradılırdı.
Heydər
Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində
Cəmşid Naxçıvanski adına Hərbi
Məktəbin yaradılması Ulu öndərin uzaqgörənliyini
göstərir.
Prezident mərasimdə bildirib ki, ölkəmizin müstəqilliyə
qədərki dövründə də, müstəqillik
dövründə də Heydər Əliyev daim xalqın
yanında idi və xalqa xidmət etmək onun başlıca
missiyası idi. Dövlət başçısı deyib ki, müstəqilliyə
gedən yol da Heydər Əliyevin adı ilə
bağlıdır: "Əgər Heydər Əliyev müstəqilliyin
ilk illərindən Azərbaycanda rəhbər olsaydı,
heç vaxt torpağımız işğal altına
düşməzdi".
Dövlət
başçısı vurğulayıb ki, Azərbaycanda yaşlı nəsil,
gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə:
"Baxın, indi Bakı Dövlət Universitetində minlərlə
gənc var, müəllim var. Müəllimlər biliklərini
bölüşürlər, gənclər öyrənirlər,
sabah onların yerini tutacaqlar. Belə inkişaf
etməliyik. Əlbəttə, kadr
islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.
O ki
qaldı, müəllimlərin fəaliyyətinə, mən
onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Müəllim peşəsi çox şərəfəli,
məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə
qarşısında öz biliyini göstərməlidir.
Tələbələr də indi hər şeyi
görürlər, hər şeyi seçə bilirlər.
Ona görə müəllimlər daim öz
biliklərini artırmalıdırlar. Mən
deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya
bilmərik. Ona görə indi internet dövrüdür,
hər bir məlumatı əldə etmək üçün
imkanlar var. Daim müəllimlər yeniliklərə
baxsınlar, onların peşəsində hansı proseslər
gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən
ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər
versinlər. Ona görə müəllim peşəsi
şərəflidir, hörmətlidir, ancaq eyni zamanda, müəllimlər
də daim öz üzərlərində işləməlidirlər.
Mən də müəllim olmuşam. İnstitutu
bitirəndə mən bir xarici ölkəyə təyinat
aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim.
Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə
etdim və 23 yaşımda dərs verməyə
başlamışdım, özü də Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda, 23
yaşında, 5 il ərzində. Ona görə
müəllim peşəsi mənim üçün yad
peşə deyil. Mən də müəllim
olmuşam, müəllim kimi sizi salamlayıram".
Mövzu ilə bağlı fikirlərini
bölüşən Milli Məclisin deputatı Cavid Osmanov
Prezidentin çıxışının çox ətraflı,
proqram xarakterli olduğunu vurğulayıb. O deyib ki, hər bir dövlət
maraqlıdır ki, həmin ölkədə sağlam
müxalifət olsun, ölkənin inkişafı
üçün təklif versin: "Çox təəssüf
ki, Azərbaycanda belə bir müxalifət yoxdur. Həmin satqınlar, xəyanətkarlar bu gün də
ayrı-ayrı dəstələr, qruplar şəklində
çalışırlar ki, ölkəmizdə sabitliyi
pozsunlar. Sosial şəbəkələr
üzərindən ayrı-ayrı vasitələrlə gənclərimizi
düzgün yoldan çəkindirsinlər, dövlətçiliyimizə,
müstəqilliyimizə qarşı qaldırsınlar. Təbii ki, bu adamlar bu missiyasın öz üzərlərinə
götürməklə bir daha öz xəyanətkar
satqın missiyalarını həyata keçirmək istəyirlər.
Çalışırlar ki, dövlətimizə,
dövlətçiliyimizə, müstəqilliyimizə zərbə
vursunlar".
Millət
vəkili vurğulayıb ki, hər birimiz 1992-1993-cü illərdə
ölkəmizin başına min bir bəla açan həmin
şəxslərin həyata keçirdikləri siyasəti
bugünkü gənclərə danışmalı, onları
maarifləndirməyə çalışmalıyıq:
"Gənclər də bilsinlər ki, bugünkü
müasir Azərbaycan heç də asanlıqla qurulmayıb. Azərbaycanın qurucuları öz canı, qanı
bahasına bu dövləti inşa ediblər. Biz də gənclərə bütün bunları
başa salmalıyıq ki, Azərbaycan heç də birdən-birə
belə qüdrətli dövlət olmayıb. Müasir gənclər əmin-aman bir ölkədə
gözlərini açıblar. Günbəgün
inkişaf edən ölkədə yaşayırlar. Dünənki tarixdən onlar yalnız
ayrı-ayrı vasitələrlə xəbərdar olurlar.
Maarifləndirmə işini aparmağa ehtiyac
var, çünki gənclər bilməlidirlər ki, Azərbaycan
bu günlərə gələ bilməsi üçün
heç də asan yollardan keçməyib".
Deputat onu
da vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin, cənab
Prezident İlham Əliyevin səyləri, siyasəti və həyata
keçirdikləri tədbirlər nəticəsində
ölkəmizə qarşı yönəlmiş təhdidlərin
qarşısı alınaraq, bugünkü sabitliyimiz qorunub,
müstəqilliyimiz möhkəmlənib: "Bu gün Azərbaycan
artıq dünyada inkişaf etməkdə olan, dünyada
söz sahibinə çevrilən bir ölkədir. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi
baxımından yeni cızılan coğrafiyasında rolu olan
bir ölkəyə, Asiya ilə Avropanı birləşdirən
nəqliyyat dəhlizinə çevrilib. Azərbaycanın
razılığı olmadan bölgədə heç bir beynəlxalq
layihə həyata keçirilmir. Bu
baxımdan Azərbaycanı müəyyən dairələr
sevmir. Eyni zamanda, heç bir ölkədən
asılı olaraq siyasət yeritmir, tamamilə müstəqil
siyasət həyata keçirir. Bu da Azərbaycanı
sevməyən qüvvələrin heç də xoşuna gəlmir.
Onlar çalışırlar ki, hər
hansı bir vasitə ilə Azərbaycanı özlərinin
müstəmləkəsinə çevirsinlər. Bu mənada
Azərbaycan gəncliyinin üzərinə böyük missiya
düşür ki, hər zaman olduğu kimi, onlar bundan sonra da
cənab Prezidentimizin ətrafında sıx birləşməlidirlər,
dövlətçiliyimizi, dövlətimizi, müstəqilliyimizi,
ərazi bütövlüyümüzün qorunmasında
onların öz rolu, böyük payı olmalıdır".
Milli Məclisin
Elm və təhsil komitəsinin üzvü, deputat, BDU-nun
kafedra müdiri Kamilə Əliyeva isə vurğulayıb ki,
Bakı Dövlət Universiteti bizim həm milli, mənəvi
həm də elmi, siyasi dəyərimiz, sərvətimizdir:
"Ulu
öndər Heydər Əliyev də BDU haqqında fikir
söyləyəndə bildirmişdi ki, bu ali
təhsil müəssisəsi bizim milli sərvətimizdir. Ötən gün BDU-nun 100 illik yubileyi ilə
keçirilən təntənəli mərasim bir daha bu fikrləri
təsdiq etmiş oldu".
O bildirib
ki, BDU təhsil, elm ocağı olmaqla yanaşı, bir həyat
məktəbidir: "Orada təhsil alan hər
bir tələbə elm öyrənməklə yanaşı,
həm də həyat məktəbi keçmiş olur. BDU-suz dövlətimizi, dövlətçiliyimizi,
tariximizi, inkişafımızı təsəvvür etmək
mümkün deyil. 1 əsrə yaxın
müddətdə Azərbaycanın əldə etdiyi
bütün uğurlarda BDU-nun payı və rolu var. Universitet
bizə Cümhuriyyət qurucularımız tərəfindən
böyük sərvət, nemətdir. Ona
görə də onu dəyərləndirmək
lazımdır".
Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə iştirak etməsinin sevindirici hal olduğunu deyən kafedra müdiri söyləyib ki, ölkə başçısının mərasimdə geniş nitqlə çıxış etməsi yaddaşlarda silinməz iz buraxdı: "Bununla yanaşı, dövlət başçısı tərəfindən təhsil ocağında fəaliyyət göstərərn əməkdaşlarımız, müəllimlərimiz təltif olundular ki, bu, onların əməyinə dövlət tərəfndən verilən qiymətdir. Buna görə hər birimiz dövlət başçısına minnnətdarıq, qürur duyuruq".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı çox mühüm, hətta bu günə qədər toxunulmayan bəzi məqamlara da toxundu: "Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri milli-mənəvi dəyərlərimizlə bağlı çağırışları idi. Hesab edirəm ki, bu məqamların dövlət başçısının dilindən səsləndirilməsi çox şərəfli idi. Biz bilirik ki, mənəvi dəyərlərimiz yüz illərdir ki, nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çıxıb. Bu gün onları qorumalıyıq. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır".
K.Əliyeva qeyd edib ki, ümumiyyətlə, ölkə başçısının ötəngünkü nitqi hər kəs, amma ən əsası isə gənclərimiz üçün əhəmiyyətli mesaj idi.
PƏRVANƏ
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.5.