Cavab verim
Gündüzə
günəş ol, gecəyə ay ol,
Göylərin üzünə mən cavab verim.
Ulduzlar söz alsın baxışlarından,
Hər sözün düzünə mən cavab verim.
Oyat çiçəklərin təzə, tərini,
Çəksin yanağına üfüq zərini...
Aç, dağıt buluddan hörüklərini,
Əsən küləklərə mən cavab verim.
Göl olub, incitmə, qəlbi küsdürmə,
Söndürüb taparsan məni tüstümə...
Dəniz ol, qoy gəlsin, göndər üstümə,
Coşqun dalğalara mən cavab verim.
Nədən həsrət qalıb
gözün, cavab ver,
Nədən tikanlıdır, sözün,
cavab ver.
Sevginin yerinə özün cavab ver,
Ayrılıq yerinə mən cavab verim.
Demərəm, bu ömrü hədər sərf elə,
Kimi günahkar say, kimi əfv elə.
Gülüm, eşqimizdə nə
sən səhv elə,
Nə də əvəzinə mən cavab verim.
Yanıb qurtarmışam...
Bu qədər çəkdiyim
zülümmüş demə,
Mən nələr
çəkmişəm zülümdən
qabaq.
Xəzan
soldurubdur bağçanı,
bağı,
Dərdlərim açılıb gülümdən
qabaq.
Ayrılıq böyüyüb cəm
bölünəndə,
Ümidlər azalıb kəm
bölünəndə...
Elə bil, kədərlə qəm bölünəndə
Mənə pay düşübdür bölümdən qabaq.
Fikrim çarpışmadan üstün
çıxmayıb,
Hansı yol tutmuşam, düzgün çıxmayıb.
Elə alışmışam, tüstüm
çıxmayıb,
Yanıb
qurtarmışam külümdən
qabaq...
Mən düşəcəm ayrılıqda...
Sənə dayan, qal deməmiş,
Yanan dilim, ağzım olar.
Neyləyim ki, yol üstəsən,
Al qəlbimi, lazım olar...
Bu həyatda yük yox imiş
Həsrət yükü ağırlıqda.
Qatar səni qoy, aparsın,
Mən düşəcəm
ayrılıqda.
Gərək bir də dönüm geri,
Əzabları bölüb, gedim.
Sən ayrılıq dərdini çək,
Mən həsrətdən
ölüb, gedim.
Qol çəkəmmərəm!
Bir işıq ucu da qalmayıb daha,
Səninlə özümü barışdırmağa...
İkimiz
birlikdə yadıq, elə bil,
Adam axtarırıq danışdırmağa...
Biz elə çoxdanın ayrısıymışıq,
Edir üstümüzə
axın ayrılıq.
Həyatda olmayıb biztək,
bəlkə də,
Heç
kimə bu qədər yaxın ayrılıq...
Sanki nizam verir ömrün
pilləsi,
Əzəl durduğumuz yeri qaytarır.
Səni
uzaqlara aparır zaman,
Məni
lap yaxından geri qaytarır...
Qulaqlar dinləmir deyilənləri,
Ən şirin kəlmə də xoşa
gəlməyir.
Yanaşı gəlirik, addımlayırıq,
Ancaq taleyimiz qoşa gəlməyir...
Vaxt tapa bilmirəm baxışlarıma,
İnan,
ürəyinə yol çəkəmmərəm!
Dilini çaşdırıb, sevirəm,
demə,
O sözün altından qol çəkəmmərəm!..
Dəniz qızı
Dənizçinin Dəniz qızı
Özünü bir dəniz bilir.
Çünki bu qız, bu dənizin
Dilini çox təmiz bilir...
Sahilinə gəlib hər
gün
Onu şövqlə danışdır
Söhbətində sözlərini
Küləklərlə qarışdırır...
Qız dindikcə su üzündə
Təlatümlü fikirləri,
Xəyalları dalğalanır.
Cavabını almadıqca
Sualları dalğalanır...
Dalğalanır hər baxışda
Dəniz
rəngli gözləri
də,
Dalğalanır, elə bil ki,
Dodağının sözləri də.
Yaxınlaşır, çaşıb
qalır,
Dalğaların özləri də...
Göy sularda kövrək qəlbin
Arzuları ləpələnir.
Üfüq boyu hər tərəfə
Şən gülüşlər səpələnir...
Bu qız həm də şeir yazır
Nəğmə qoşur min həvəslə,
Qanadlanan
kəlmələri
Qağayıtək qatarlanıb,
Səmalarda sıralanır.
Nəzmə çəkib vəsf
etdikcə
Damla-damla,
damcı-damcı
Bütün dəniz misralanır...
Xatirətək...
Dəniz
səndən üz döndərib,
Gözlərindən doyub, gedir.
Xatirətək sahillərdə
Dalğaları qoyub gedir...
Külək tutub ləpələrdən
Çalxalayır göy suları.
Elə bil ki, yelkənləyir
Qəlbindəki arzuları...
Sən gedirsən, dəniz gedir,
Nolar, dön,
bax geriyə sən.
Dəniz olsan, neyləyərdin?
Özünü qoy bir anlığa
O dənizin yerinə sən...
Səninləyəm!
Saf hissimi, duyğumu
Bir eşqə
döndərmişdim.
Sevginin yollarını
Mən sənə göndərmişdim...
Ümid
qanadlanırdı
Diləyinə çatmağa.
Nə qalmışdı, ay gözəl,
Ürəyinə çatmağa...
Yetirdiyim
salamlar
Hər an ünvanındaydı.
Verdiyim güllər deyil,
Gözlərim yanındaydı...
Həyatımın ümmanı
Coşurdu tək sözünlə.
Fikrimin sahilini
Aparmışdın özünlə...
Susma ruhum önündə,
Vaxt yox, səni dinləyəm.
Xəyalıma cavab ver,
Cavab ver, səninləyəm...
Bütün gecələri Xocalı
bildim...
Ölümün adını mən
o gecədə
Qadınlı, uşaqlı, qocalı
bildim...
Hər gecəm, elə bil, alışdı, yandı
Bütün gecələri Xocalı bildim.
O necə gecəydi, sübh açılmadı,
Kor oldu zamanın bəbəklərində.
Tuşlandı silahlar üfüqlərədək,
Bağrı güllələndi fələklərin
də.
Torpaq qışqırırdı, göy
qışqırırdı,
Bu, nalə deyildi,
fəryad deyildi.
O vaxt insanlığın məhşər anıydı,
O vaxt yaşananlar həyat deyildi!..
Yerə
qan yağırdı qar əvəzinə,
Ölməyən nə bir ev, nə
küçə qaldı.
Yumuldu gözlərin son işıqları,
O gün yer üzündə
tək gecə qaldı.
Ölümün adını mən
o gecədə,
Qadınlı, uşaqlı, qocalı bildim.
Hər gecəm, elə bil, alışdı, yandı,
Bütün gecələri Xocalı
bildim...
Xarıbülbül
Kollar bitib həsəd kimi,
Yol bağlanıb sərhəd
kimi...
Boylanırsan həsrət kimi,
Bir bax mənə sarı, bülbül,
Xarıbülbül.
Çəmən
tutmur həyəcanın,
Narahatdır ruhun, canın.
Qoy süzülüb axsın
qanın,
Çək sinəndən xarı,
bülbül,
Xarıbülbül.
Az yanıb, gəl, az tökül
sən,
Yoxsa görərsən
ki, külsən.
Sən vətəndən ayrı
gülsən,
Biz vətəndən ayrı
bülbül,
Xarıbülbül.
Dərdlərimiz quz bağlayıb,
Göz yaşımız duz bağlayıb...
Zaman donub buz bağlayıb
Baxt yağdırıb qarı,
bülbül,
Xarıbülbül.
Dillən,
orda sən təkmisən,
Nağılmısan, gerçəkmisən?
Mən billəm ki, nə çəkmisən,
Yad bilməsin, barı,
bülbül,
Xarıbülbül...
Mən elə həminki adamam...
Zamanı
tökmüşəm qarşıma,
İlləri yığmışam başıma,
Günləri tutmuşam arşına,
Mən elə həminki
adamam...
Mən elə həminki adamam,
Əlləri göylərə açılı,
Sözləri ağrılı-acılı,
Ayağı torpağa sancılı...
Baxma ki, ağarıb saçlarım,
Qəlbimdə bir uşaq kövrəlir.
Gah gəlib dayanır yanımda,
Gah düşür çox uzaq, kövrəlir...
Həminki adamam, ay atam,
Sevincim ovcumdan qapılır,
Kədərim sinəmdən çapılır,
Yollarım həsrətdə tapılır...
Keçmişdən gəlmişəm
bəlkə də,
Bəlkə də, sabahdan gələnəm.
Düşmürəm şeytanın dilindən,
Əməli Allahdan gələnəm...
Öyrəşə bilmirəm ruhuma,
Qarışqa darışır yuxuma.
Adımı tərsinə oxuma,
Qismətin yazısı yozulmur,
Yazılan bir daha pozulmur,
Mən elə həminki adamam...
Ünvanı taleyim seçsə
də,
Gedirəm, tezsə də,
gecsə də...
Ömrümdən min payız keçsə
də,
Mən elə həminki adamam...
Nərdivan
Qalxmaq arzulayan oynamalıdır,
Bildiyi havanı
çalır nərdivan.
Başının üstünə qaldırdığını
Yenə ayagına salır nərdivan.
Kimisi yüksəkdən baxmaq istəyir,
Kimisi qalxdıqca qalxmaq istəyir,
Kimisi göyləri yaxmaq istəyir,
Gözlərin odunu alır nərdivan.
Kimisi ucalır, dərd divan tutur,
Kimisi yıxılır,
nərdi xal tutur.
Kimisi özünə nərdivan
tutur,
Kimi də ömürlük qalır nərdivan...
Qorxu
Qəlb
uzaqdır sevinməkdən,
gülməkdən çox,
Göz dərd çəkir, əzab çəkir görməkdən çox.
Necə deyim, bu həyatda ölməkdən çox,
Qardaş,
indi yaşamaqdan qorxur adam...
Karsız
ömrün günü
artır, ayı artır,
Bədbəxtliyin səadətdən payı
artır.
Daşladıqca şeytanların sayı
artır,
Şeytanı da daşlamaqdan
qorxur adam...
Boş buludlar çox pərişan olub gedir,
Sərt küləklər çəmənliyi
yolub, gedir.
Hansı
gülü xoşlayırsan,
solub gedir,
Çiçəkləri xoşlamaqdan
qorxur adam...
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.23.