Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

Elizabet öz rolu üçün müstəsna vergiyə, istedada malik idi. Taxt-taca çıxanda 25 yaşında olan bu qız dik dayanırdı, onun üzü solğun və qartala bənzər idi, qızılı kürən saçları Yorkçular sülaləsindən olduğunu göstərirdi. Yüksək dərəcədə həyəcanlanmaqla, o, həm də böyük enerjiyə malik idi, at çapan qadına çevrilmişdi. Çox sürətlə yeriyirdi və rəqsin vurğunu idi. Onun geyimə marağı və qiymətli daşlara ehtirası, nəcib keyfiyyətdə xalq qarşısına çıxmasında ona kömək edirdi. O, yüksək dərəcədə təhsil almışdı və latın, fransız, ispan, italyan və flamand dillərində danışırdı. 13 yaşında olarkən analığı, protestantlara loyallıq göstərən Katerina Parrın dini mövzuda yazdığı kitabı latın dilindən ingilis dilinə tərcümə etmişdi. Kraliçanın yanında onu krala bağışlayanda, atası məmnun qalmışdı. Lakin kitabın protestantlığı təbliğ etdiyini bildikdə, Henri arvadına acıqlanmış, qızına isə belə işlərlə məşğul olmamağı tapşırmışdı. Onun böyük bacısı I Mariya Tüdorun sarayındakı ispan səfiri demişdi: "Printsessa Elizabet çox təhlükəlidir; o, sehrikarlıqla dolu olan bir ruha malikdir".

Elizabetin taclanma mərasimindən ta ölümünə qədər xalq bilirdi ki, kraliçaları onu sevir. Bu emosional münasibətlə Elizabet öz fərasətini birləşdirirdi ki, istedada və xarakterə yüksəlsin. Özünə kömək etmək üçün seçdiyi adamlar tərəfindən ona parlaq xidmət göstərilirdi, onların hamısından yuxarıda isə Uilyam Sesil dururdu. Taxt-taca qalxanda o, onu dövlətin baş katibi etdi və 1571-ci ildə kraliça onu lord-xəzinədar təyin etdi, onun əvvəlki vəzifəsini ən böyük ictimai qulluqçularından ikincisi olan Frensis Uolsinqemə verdi, onu Böqli lordu etdi.

Kraliçaya onlarla işləmək asan deyildi. Onun yüksək ruhu əsəbi ehtiyatlılığı ilə müşayiət olunurdu. O, bəzi hallarda Böqlini ehtiraslılıqda ittiham edirdi, onların partnyorluğu dərin qarşılıqlı etibar qazanmışdı. Elizabet demişdi: "Avropada heç bir hökmdarın onun malik olduğu kimi məsləhətçiləri yoxdur".

Elizabetə görə millətin entuziazmı möhkəm iqtisadi bünövrəyə əsaslanırdı. Onun müharibə aparmağa həvəssiz olması ölkənin möhkəm qaydada artan inkişafını qoruyurdu. Maliyyəçi Tomas Qreşhemin tikdirdiyi və kraliçanın özünün açdığı kral birjası bu səhnələri müşayiət edirdi. Ona şeir qaydasında yazılmış müraciətlə deyilirdi: "Biz əvvəllər aldığımız şeyləri indi satırıq. Allahın və sənin sülhünü biz qoruyur və inkişaf etdiririk".

Elizabetin bütün hökmranlığı dövründə İngiltərə daim xarici təhlükələrə məruz qalırdı. İspaniya və Fransa Avropada ağalığa malik olmaq üçün İngiltərəni ələ keçirməyə çalışırdı. Papalıq, kraliça protestantizmə üstünlük verdiyinə görə, bu bastionun dağılmasını görmək arzusu ilə yaşayırdı. İspaniya Armadası ölkəni işğal etməyi planlaşdırırdı. Ölkəsinin özündə də ona qarşı sui-qəsd cəhdləri baş verirdi. Elizabet özünü himayə etmək üçün düşmənlərinə müqavimət göstərənlərə - Fransada huqenotlara və İspaniyadakı Filipp tiraniyasına qarşı Niderlandın azadlığını qoruyub saxlamaq üçün mübarizə aparan ölkənin müxtəlif əyalətlərinə köməklik göstərirdi. Hətta Armadanın məğlubiyyəti də İspaniyanın təhlükəsini bütünlüklə yoxa çıxarmadı. Lakin 1588-ci ildən sonra fransız səfiri onun haqqında ədalətli mühakimə yürütmüşdü: "O, hər şeyi bilən, çox böyük hökmdar idi". Bu sözlər ümumi verdikt təsiri bağışlayırdı.

I Elizabetin hökmranlığı dövründə İngiltərə böyük inkişaf yolu keçmiş, dünya dövləti səviyyəsinə qalxmış, Avropada onun nüfuzu xeyli möhkəmlənmişdi. Ona görə də Elizabetin hakimiyyət illərini İngiltərənin "Qızıl dövrü" adlandırırlar. Ölkənin iqtisadi, siyasi, sosial və hərbi inkişafı, bu ecazkar kraliçanın iradəsinin və fəaliyyətinin bilavasitə nəticəsi idi.

Epiloq

Bu kitabda İngiltərədəki Tüdor sülaləsinin taxt-taca gəlməsindən, onun hakimiyyətinə sonuncu kraliçasının ölməsi ilə son qoyulmasına qədər olan hadisələr, əsasən, öz təsvirini tapdı. Bu dövr İngiltərə tarixinin maraqlı, ziddiyyətlərin yaranması və onların həll edilməsi əhvalatları ilə dolu olduğundan tarixçilərin və sadə oxucuların böyük maraq dairəsinə çevrilmişdir. Tüdorlar sülaləsinin dramatizmlə bol olan saqası hansısa bir ailənin və ya tayfanın əhvalatlarından daha zəngindir, çünki İngiltərə tarixinin böyük və mühüm bir plastını əhatə edir. Güman etmək olar ki, axtarışların təsvir edilən nəticələri buna maraq bəsləyən oxucuların diqqətindən yayımayacaqdır.

Ölkənin iki böyük nəsli arasındakı davam edən vətəndaş müharibəsi sonuncu qanlı döyüşlə müşayiət olunmaqla yanaşı, ölkədə hakimiyyəti uzurpasiya etsə də, bu taxt-tacın real sahibi olan kralın döyüşdə öldürülməsi ilə sülalə öz başlanğıcını götürmüşdü. Yeni sülalənin ilk kralının uzaqgörənliyi hesabına, həm də matrimonial əlaqəni öz şəxsində işə salması ilə nəinki vətəndaş müharibələrinə son qoyulmuş və ilkin dövrdəki bu uğurlu siyasət Tüdorlar hakimiyyətinin uzun ömürlülüyünə də şərait yaratmışdı. Onun oğlunun hökmranlığı dövründə isə kralın öz eqoistik niyyətləri hesabına ölkədə dərin dini islahat baş versə də, ölkədəki mövcud birlik pozulmamış, beynəlxalq münasibətlərdə tarazlığın pozulmasına yol verilməmişdir. Həmin kralın azyaşlı oğlunun və sonra qızının qısa müddətli hakimiyyəti vaxtı müəyyən narahatlıqlarla müşayiət olunsa da, xüsusən kraliça I Mariyanın dövründə protestantların sərt qaydada təqib edilməsinə baxmayaraq, ölkədə ciddi iğtişaşlar baş verməmişdir. Kraliça I Elizabetin dövründə isə katoliklərin sıxışdırılması, təqib edilməsi halları baş versə də, ölkədə xalqın birliyi möhkəmlənmiş, ölkəyə İspan Armadasının müdaxilə cəhdi vaxtı, ispanların, müasir dillə desək, "Beşinci kolonna" hesab etdikləri katoliklərin taxt-taca qarşı qalxacaqlarına ümid bəsləməsinə baxmayaraq, katoliklər də hakimiyyətə qarşı olan hərəkətə yol verməmiş, əksinə, vahid xalq kimi mücadilədə protestantlarla birgə iştirak edərək, əsl vətənpərvərlik nümayiş etdirmişdilər. Tüdor sülaləsinin son 44 illik dövrü, kraliça I Elizabetin hökmranlığı İngiltərəni siyasi, iqtisadi və sosial cəhətdən möhkəmləndirmiş, krallığın beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdi.

İngiltərə tarixində I Mariyaya qədər ölkəni heç vaxt qadın, kraliça idarə etməmişdi. Qadının taxt-tac tutmasının mümkünlüyü varianti heç güman da edilmirdi. Ona görə də krallar daim kişi cinsindən olan varisə malik olmalarının qayğısını çəkir, buna can atırdılar. Lakin tarix öz ironiyasını göstərdi. Tüdorlar sülaləsini son yarım əsrdə, I Mariyanın və I Elizabetin şəxsində qadınlar davam etdirdi.

Taxt-tacın başqa, Styuartlar sülaləsinə keçməsi də dinc yolla getmiş və onun da ilk kralı I Ceymsin dövründə ölkədə elə bir sarsıntı baş verməmişdi, axı VI Ceyms Şotlandiya kralı ola-ola İngiltərə taxt-tacının varisi kimi ona yiyələnmişdi. Lakin onun oğlu I Karlın dövründə Parlamentlə kralın münaqişəsində Vətəndaş müharibəsinin, ilk inqilabın baş verməsinə səbəb olmuş və 1649-cu ildə, Elizabetin ölümündən heç yarım əsr keçməmiş kral edam edilmiş və on il ərzində, ölkə monarxiya hakimiyyətindən uzaqlaşmaqla, lord-protektor vəzifəsi adı altında inqilabdakı müstəqillərin lideri olan Oliver Kromvel tərəfindən idarə olunmuşdu. Kromvel İrlandiyada qanlı qırğınlar törətmişdi. İngiltərədə monarxiya 11 illik fasilədən sonra edam edilən kralın oğlu II Karlın hakimiyyətə gəlməsi ilə bərpa olunmuşdu. Digər kral qatilləri kimi Kromvelin də cəsədi ölümündən üç il sonra, 1561-ci ildə qəbirdən çıxarılmış və dar ağacından asılmışdı.

Lakin İngiltərədə kralın edam edilməsi təcrübəsi digər ölkələrdə də təkrar edilməyə başlanmışdı. İki əsr yarım keçdikdən sonra Fransa burjua inqilabı 1793-cü ildə kral XVI Luini və onun kraliçası Mariya-Antuanettanı edam etdi. 1865-ci ildə ABŞ prezidenti Abraham Linkoln Vətəndaş müharibəsində məğlub olmuş Cənublulara rəğbət bəsləyən fanatik aktyor But tərəfindən qətlə yetirildi. 1867-ci ildə meksikalılar imperator Maksimilianı güllələdilər. 1918-ci ildə Rusiya inqilab liderləri sonuncu rus çarı II Nikolayın özü də daxil olmaqla bütün ailəsinin güllələnməsinə göstəriş verdilər.

İngiltərənin təkcə müsbət dövlət təcrübəsi deyil (böyük fransız alimi Şarl Monteskye özünün XVII əsrdəki hakimiyyətin üç qola bölünməsi barədəki nəzəriyyəsini İngiltərə siyasi sistemini müşahidə etdikdən sonra meydana gətirmişdi), hətta neqativ təcrübəsi də dünyada təkrar olunmağa başladı.

1066-cı ildən mərkəzləşmiş dövlətə malik olan İngiltərə min il ərzində böyük tarixi yol keçmiş, Britaniya imperiyasının ərazisi üzərində Günəşin heç vaxt batmadığı qənaətinə gəlmək kimi qeyri-adi böyüklüyə və qüdrətə sahib olmuşdu. Onun tarixinin yarım min il bundan əvvəl baş vermiş hadisələri də cəzbedici xarakterinə görə öyrənilməyə layiqdir.

Tüdor sülaləsi üzvlərinin bədbəxtlikləri qədim yunan mifologiyasında ayrı-ayrı ailələrin başına gələn ağır məşəqqətlərlə müqayisə oluna bilər. VIII Henrinin arvadlarının taleyi Mikena çarı Aqamemnonun başına gələnləri xatırladır. Aqamemnon Troyaya üzmək üçün gəmilərini yelkənlərini dolduran külək naminə öz doğma qızı İfigeniyanı ümid bəslədiyi allahlara qurban vermişdi. On il ərzində Troya ilə öz vətənindən, Avropadan uzaqda, Kiçik Asiyada müharibə apararkən arvadı Klitemnestra ona xəyanət etmiş, Egisflə eşq macərası yaşamış, əri evinə qayıtdıqdan sonra isə qızının qurban verilməsinə görə qisas almaq üçün məşuqu ilə birlikdə onu öldürmüşdü. Oğlu Orest isə bacısı Ekektranın təhriki ilə atasının qisasını almaq üçün öz doğma anasını öldürmüşdü.

Yaxud Troya printsi, çar Priamın oğlu Paris Spartada qonaq olarkən çar Menelayın arvadı Füsunkar Yelenaya vurulmuş, onu götürüb uzaq Troyaya qaçmışdı. Menelayın qardaşı Aqamemnon Troyanı cəzalandırmaq üçün yunan dövlətlərinin hərbi ittifaqını yaratmış və dənizdən keçərək Troya kimi varlı şəhər-dövlətə hücum etmişdi.

Troya müharibəsinin döyüşdə və kənarda gətirdiyi faciələrlə Tüdor sülaləsinin bədbəxtlikləri arasında üç min ilə yaxın tarixi məsafə vardır. Əlbəttə, Tüdorların faciələri nə Aqamemnonun, nə də Priamın ailələrinin başına gələnlərlə birbaşa müqayisə oluna bilməz. Çünki L.N.Tolstoyun sözləri ilə desək, bədbəxt ailələr, bir-birinə bənzəyən xoşbəxt ailələrdən fərqli olaraq, özünəməxsus qaydada bədbəxt olurlar.

Ancaq oxşarlıqlar da az deyildir. VIII Henri iki arvadını öldürmüş, üçünü boşamışdı. Azyaşlı qızı Elizabet elə bir günahı olmasa da, onun günahı yalnız edam olunmuş Anna Boleynin qızı olması idi, xeyli müddət bastard və anası tək fahişə adlandırılmışdı. O da yeniyetməlik və gəncləik illərində sağ qalsa da, həyatda İfigeniya əzablarını çəkməli olmuşdu.

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2019.- 30 noyabr.- S.22.