"Əsgər andı"nın
qüdrəti
Esse
Nəzəriyyə
kitablarında medianın əhəmiyyətindən
danışılarkən onun üç funksiyası qeyd
edilir: maarifləndirmək, bilgiləndirmək və əyləndirmək.
Bizcə, hazırda müharibə şəraitində
olduğumuz bir vaxtda KİV-in əsas vəzifələrindən biri
də insanlarda hərbi-vətənpərvərlik ruhunu inkişaf etdirməkdir. Axı jurnalistika həm
də ictimai rəyi formalaşdırır,
ictimai düşüncəyə
təsir edir.
Lakin təəssüflə
qeyd etməliyik ki, bu gün
mediada hərbi-vətənpərvərlik
ruhunda hazırlanan materialların sayı arzuolunan sayda deyil. Buna baxmayaraq, konkret
mövzunu özü üçün prioritet hesab edən jurnalistlər, telekanallar da var. Məsələn
"Lider" Tv-nin efirində yayımlanan
"Əsgər andı"
verilişi bu cəhətdən səciyyəvidir.
Əksər telekanallardan fərqli
olaraq hər gün səhər saat doqquzda, "Lider"in studiyası mətbəxə çevrilmir.
Nə yemək bişirilir, nə də qadınlara şirniyyat reseptləri verilir.
Aparıcı Anar Şuşalı hər dəfə müxtəlif hərbi hissələrə, sərhəd
bölgələrinə gedir,
əsgər və zabitlərimizlə görüşür,
onların təlimlərində
iştirak edir. Əlbəttə, hərbi-vətənpərlik ruhunun
aşılanması baxımından
müasir Azərbaycan
tamaşaçısına, xüsusilə gənclərə
lazım olan da məhz budur.
Belə ki, yeniyetmə və gənclər hərbçilərimizlə qürur
duyur, onları özlərinə nümunə
götürürlər.
Biz bu veriliş vasitəsilə eyni zamanda, müəyyən qədər hərbi işin sirlərinə yiyələnir, Azərbaycan
silahlı qüvvələrinin
döyüş imkanları,
ordumuzun şücaəti
ilə tanış
oluruq. Yəni maariflənir, bilgilənirik.
Görürük ki, Azərbaycan hərbçisi
həm fiziki, həm də mənəvi baxımından
hər an döyüşə, hətta
vətən uğrunda
canından, qanından
keçməyə də
hazırdır. Sərhədçilərimizin arasında yüzlərlə
Mübarizlər, Fəridlər
var. Bunu təkcə onların zahiri görkəmləri, üzlərindəki
təbəssüm, gözlərindəki
işıq yox, eləcə də müxtəlif tapşırıqları
dəqiqliklə, məharətlə
icra etmələri sübuta yetirir. Necə deyərlər, torpaq uğrunda ölən varsa, vətəndir!
"Əsgər andı"
həm də müəyyən mənada
valideynlərin, qardaş-bacıların
ürəyinə su səpir. Proqramda öz oğullarını,
qardaşlarını izləyən
əzizlərin, yaxınların
narahatlığı nisbətən
azalır. Onlar görürlər
ki, əsgərlər
vətənə borclarını
ləyaqətlə yerinə
yetirirlər. Hərbçilər isə öz növbələrində fürsətdən
istifadə edib doğmalarına ürək
sözlərini deyirlər.
Yəni adını çəkdiyimiz
veriliş hər cəhətdən Azərbaycan
tamaşaçısı üçün
lazımlıdır. Çünki "Əsgər andı" səngərlərə qədər
gedib çıxır.
Arzu edək ki, nə vaxtsa
sərhəddən o tərəfi
də görmək qismət olacaq...
***
Yəqin ki, yuxarıda aparıcının təxəllüsünə diqqət yetirdiniz - ŞUŞALI. Əsl soyadı Həsənov olan telejurnalist doğulub, boya-başa çatdığı, hazırda işğal altında olan doğma şəhərinin adını özünə təxəllüs seçib. O, Bakıda universitetin dördüncü kursunda oxuduğu illərdən televiziyada müxtəlif kanallarda çalışıb. Amma bu illər ərzində bir dəfə belə olsun, nə qalmaqal, yüngül sensasiya arxasınca qaçıb, nə də onsuz da görməkdən yorulduğumuz, efirlərdən əskik olmayan şou-biznes nümayəndələrini verilişinə dəvət edib. Anar Şuşalını həmişə hərbçilərimizin taleyi maraqlandırıb, vətən həsrəti narahat edib, istər müxtəlif illərdə "And yerimiz Vətən", "Vətən sağ olsun", "Marş" verilişini hazırlayanlardan biri olanda, istərsə də artıq uzun illərdir "Əsgər andı"nın aparıcısı olarkən. Bu mənada o da sərhəd keşikçilərimiz qədər şərəfli bir iş yerinə yetirir, bəzən əsgərlərimizlə birlikdə ən təhlükəli strateji məntəqələrə yollanır. Sadəcə əsgərlərimizdən fərqli olaraq onun əlində avtomat yox, kamera və mikrofon olur. Eyni ilə adını tarixə qızıl hərflərlə yazan jurnalist, Milli qəhrəman Çingiz Mustafayev kimi.
Anar Şuşalı hələ ki, Şuşasızdır. Çoxumuz kimi. Amma inanırıq ki, qələbə xəbərini də nə vaxtsa ondan eşidəcəyik. Həmişəki kimi saat 9-da efirə çıxacaq və hərbi geyimdə bütün dünyaya bəyan edirmişcəsinə sözə başlayacaq: "Biz Qarabağda, Şuşadayıq..."
***
Mən nə teletənqidçiyəm, nə
də jurnalist. Bu yazını heç
BDU-nun Jurnalistika fakültəsinin
tələbəsi kimi
də yazmıram.
Bir qarabağlı, şuşalı
olaraq yuxarıdakıları
qələmə almışam.
Və indi bu sözlərlə fikrimi yekunlaşdırıram:
Atalar yaxşı deyib ki, torpaqdan
pay olmaz. İtirilən torpaqlarımızı geri qaytarmaq üçün bizim biləyi qədər ürəyi də güclü gənclərə
ehtiyacımız var. Bunun
üçünsə gərək
Anar Şuşalıların,
"Əsgər andı"
kimi verilişlərin
sayı çox olsun.
Kənan
NOVRUZOV
BDU Jurnalistika fakültəsinin
dördüncü kurs
tələbəsi
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.21.