On ikinci
qurban
hekayə
Gecənin bir aləmində hamımız qutu boyda yerimizdən qalxıb tələb olunan sıralara düzüldük. Başımızın
üstünü komandirə
bənzər bir adam kəsdirib
elə hey "Bir azdan məhv ediləcəksiz" dediyi
ana qədər həmin günün, az qala, yarısından
çoxunu ölüm
haqqında düşünmüşdüm.
Mən, hələ
gəncdim, ətrafımdakılara
baxanda üzümün
saqqalabənzər çıxıntılı
tükləri hələ
qaralmağa tələsmirdi. Mən, öz
kimliyindən birxəbər
növcavan, bəlkə
də, uşaqdım,
fəqət indi edama göndərilirdim.
Mənə demişdilər ki,
səni ölümə
qurban verməyə məcburuq, yoxsa başqalarının öldürülməsi
üçün yetərli
səbəb qıtlığından
sistem süqut edəcək. Hə, məni
belə inandırmışdılar.
Axmaq başım, gör, kimlərə uymuşam.
Sonra bizim sıradakı adamların hamısını
çevrə şəklində
düzülməyə məcbur
elədilər. Ahıl,
saqqallı bir kişi düz
ortada dayanıb usanmadan, bezmədən üz-gözümüzə baxır,
sanki halımıza acıyırmış kimi
havada yellədiyi əlinin küləyi ilə saçlarımızı
tərpətməyə çalışır,
üzündəki o mənfur
gülüşü sifətimizə
çırpırdı. Mən, yəqin,
o şəxsin simasını
heç vaxt unuda bilməyəcəm.
Hə, əsla, unutmayacam. Nə üçün unudum ki? Axı, insan öz
taleyini yadırğamamalıdır,
bu, keçmişə
xəyanət olar.
Əgər bayaq sizə gecədən xeyli keçdiyini demişəmsə, əlavə
edim ki, bu çevrəyəoxşar
sıramızın tən
ortasında dayanan məxluq az
sonra bizi növbəylə sorğu-sual
etməyə başladı.
Cümlələri monoton, sıxıcı,
bir o qədər də vahiməliydi. Məsələn, əvvəlcə
solumda tir-tir əsən yazıq bir oğlandan soruşdu ki, sən kim
ola bilməmisən?!
O da susdu, susdu, susdu... Nəhayət, hamımız
tirtap halda yerə uzanmış cənabi fəqirin cəsədinə zilləndik;
gözlərindən qan
axırdı, nəfəsinin
gedib-gəlmədiyi hərəkətsiz
sinəsindən bəlli
olan bu gənc,
an içində qocalmış,
başında yenicə
ağarmaq istəyən
telləri, az
qala, bütün saçlarına yayılmışdı
- O ölmüşdü. Cəmi bircə
sual qarşısında
susub, susub... sonra da həmin
sualdan asmışdı
özünü. Aqibətimiz artıq
bəlli idi. Sadəcə, gözləyirdik...
Saat istiqamətində, asta-asta
addımlayan ahıl kişi başqa
bir fəqirin qarşısına dikildi.
Soruşdu ki, sən özünü bədbəxt
etmək naminə neynəmisən? Və...
eynilə o da bayaqkının son nəfəsi kimi tükənib yerə çırpıldı. Həyəcandanmı, cavabsızlıqdanmı? Bilmirəm, həqiqətən
heç bir fikrim yoxdur. Məndən öncəki
11 nəfərin cavabsız-filansız
qurban verildiyi bu sualların mahiyyəti haqda heç nə bilmirəm! Tək bildiyim odur ki,
ahıl adam
sonuncu şəxs kimi mənə yaxınlaşdı. Nəfəsini
üzümdə hiss edirdim
- soyuq idi, gözlərim yaşarırdı,
elə bil, kimsə yanımda soğan doğrayırdı.
Üzülürdüm, sevinirdim, həyəcan
vücudumu sardıqca
nəfəsim kəsilirdi.
Onun ilk və bəlkə də, son sualını, axırıncı
qurbanını yola salacağı, mənimsə
körpəlikdən anamla
atamın həyatımın
başlanğıcı deyə
təlqin etdiyi, ruhlar aləmi kimi təsvir olunan bu məkana
addım atacağım
o müdhiş an yaxınlaşırdı... Susurdum. Domino
daşları kimi aşırılan 11 nəfər
qarşısında dikəlirdim,
daha arıq, daha sısqa görünür, fəqət
qürurumu sındırmamaq
uğrunda apardığım
daxili mübarizədən
məğlub ayrılmadığımı
ciddi cəhdlə özümə isbat etməkdən də usanmırdım. Nəhayət, qoca ağzının kilidini açdı.
Dodaq hərəkətlərindən anladım ki, nəsə deyir, amma təəccüb qarışıq qorxu ucbatından sualını
eşidə bilmədim.
- Nə? Çox üzr istəyirəm, həqiqətən, bağışlayın məni. Ancaq sizi eşitmədim. Xahiş edirəm, təkrar eləyin.
- Susmaq naminə nə qədər sükutdan imtina etmisən?
Bu, məgər sualdır? Əşi, belə
də sual olar? Öldürürsüz,
adam kimi
öldürün! Rəzalət!
Nə qəddar adamlarsız siz! Yox e, siz heç
adam da
deyilsiz! Ayıbdır,
vallah!
İçimi parçalayan bütün
müəmmalı ifadələrə
rəğmən yenə
susdum. Ruhumu dolaşan ölüm
qorxusunun soyuğu ayaqlarımdan yapışıb
yuxarı dırmaşırdı.
Hiss etdikcə əzab
çəkirdim. Heç bir
reaksiya ilə, hərəkətlə bu hissin içimə dolduğunu açıqlaya,
göstərə bilmirdim.
Məni incidən ölməyim yox, naməlumca ölməyim idi. Zamanım azdır, ya qurban gedəcək, ya da cavab
vermədən intihar edəcəm. Hər
iki seçimin yolu birdir... Susmaq naminə... Hə, susmaq... Naminə?
Susmaq üçün? Mənim susmağım?
Susmaq məgər sükut deyil? Sükutdan ötrü susuruq
ki? Axı, sükutdan imtina edəndə... Hmm... Dayan görüm! Danışaraq
susmaq da! Sual beləymiş! Sən, demə... Tapdım! Bənizi ağarmış üzümdə paralel qırış əmələ
gəldi, mən təbəssüm sərgilədim,
ancaq qırışlar
elə dərin yayıldı ki, dodaqlarım əvvəlki
halına qayıdanda da onlar peyda
olduqları yerə pərçimlənib qaldılar.
Soyuq, vücudumun istisini əmir, zirvəyə, düşüncələrimə dırmaşır, məni
təhrik edirdi ki, cavab verməyim.
Ancaq yox, on bir nəfər
məsum qurban edilib, onların hamısını aldadıblar,
onların hər biri artıq ölüdür. Kimin naminə?
Nəyin
naminə?! Naminə? Bir dəqiqə, susmaq naminə, 11 nəfər...
- Mən, cavab verəcəm! - Udqundum və ...
- Susmaq naminə nə qədər sükutdan imtina etmisən?
- 11 insan ömrü qədər sükutdan imtina etmiş, bir insanlıq danışmışam. Ancaq heyf ki, siz murdarlar bizi məhv eləyirsiz, öldürür, hansısa ali varlıq adına qurban verirsiniz. O, kimdir?! Kimdir sizin başçınız?! Mənə nə olur belə? Niyə donuram, axı? Niyə ölürəm?! Cavab verin! Çox üzr istəyirəm, özümü itirdim. Bağışlayın. Allah xatirinə...
Nə yalan deyim, qorxumdan əsirdim, donurdum, nəfəsim kəsilirdi, başım dönürdü. Ancaq heç deyilsə, mən cavab verə bilmişdim axı. Onda yəqin, ölməyəcəkdim, hə? Hə? Açığı, çox istərdim, əksər hekayələrdə olduğu kimi, bu hadisənin də sonluğu xoşbəxtliklə bitsin, mənim qurban edilmədiyim bir əhvalata dönüşsün, haqqımda əfsanələr dolaşsın ki, guya 11 qurbanın 12-cisi olan mən xilaskaram. Ancaq heç nə düşündüyüm kimi olmadı. Qoca qəfildən gəncləşməyə, təbəssümü cazibəli bir xanımınkı qədər çəkici olmağa, qaməti şux, siması bəyaz nur topası qədər aydınlaşmağa başladı... Özümü itirdim. Onun qarşısında yıxıl... yox, elə, yerə çırpıldım, sifətim çox pis əzildi, ağrısından çığırmaq həddinə gəldim. Deyəsən, hətta alnımın sol tərəfindən qan da açılmışdı, hər yer başıma fırlanır, yanımda uzanmış cəsədlər bir-bir buxarlanırdı. Özümsə hərəkətsizcə uzanmaqdaydım. Nə olmuşdu? Qoca gözəlləşdikcə gözəlləşir, nurlandıqca nurlanır, parladıqca parlayır, sanki məmnunmuş kimi səmalara qalxırdı. Dözmədim. O, bizi, məni bu müəmmalar diyarında tək qoya bilməzdi! Qeyri-iradi ətəyindən yapışdım. O isə heç bir müqavimət göstərmədən ucalmağa davam etdi. Tutunduğum əbasıyla birgə yavaş-yavaş mən də onun arxasınca nurlu bir təbəqəyə keçdim. Burada nurdan savayı heç nəyi və kimsəni görmürdüm, düzünə qalsa, heç görmək də istəmirdim. Bayaqkı donuq buzlaşma hissi yoxa çıxmışdı. İndi susmaqdan başqa bir şeyə gərəyim qalmamışdı. Məndən olsa, deyərdim, lap elə, daha yüksək zirvələrdə pərvazlanaq... Ancaq sonra, biz artıq təbəqənin nəhayətinə çatıb, yaşlı cavan əvvəlki mənfurluğuna geri qayıdanda üzünü çevirib mənə - ətəyindən bərk-bərk yapışmış məzlum vücuda baxdı. Bəbəkləri yaşımtıl idi...
- Yalan danışırdın - dedi - sən həmin 11 nəfərin bircəsini də tanımırsan, onlar haqqında heç nə bilmirsən, onları yaşamamısan, onlarda ölməmisən, onlardan yaranmamısan, onlarla tükənməmisən və nəhayət, ay bədbəxt, sən axı, heç öz adından da danışmamısan! Bu qədər cahil, bilgisiz, axmaq, bu cür rəzil bir varlığı kimin hüzuruna çıxaraq? Əgər sən bilsəydin ki, o müqəddəslər niyə suallarım qarşısında qurbana dönür, onda bəlkə öz rəzalətindən utanar, xəcalət çəkərdin. İnsan həyatı boyu ancaq bir suallıq həyat yaşayır və o, elə bu suala cavab verə bilmədiyi qədər gerçəkdir.
... İndi öz
adi həyatımı yaşayıram. Təkcə
psixologiyam pozulub, deyəsən.
Aylıq müalicə üçün seminarlara, konsultasiyalara
yazılmışam. Psixoloqum hər
görüşümüzdə məndən elə hey kim olduğumu
soruşur. Nəhayət, deyəsən, həqiqiləşirəm.
Çünki o,
mütəmadiyən mənim qaneedici cavablar vermədiyimdən şikayətlənir.
Bütün günü
deyinir ki, guya ağlımı itirmək üzrəyəm.
Mən isə təkcə "amin!" deyir və susuram.
Bacardıqca çox kəlmədə
gizlənir və daha çox
ölürəm. Axı, mən sonuncu qurbanam... Eh! O nurlu təbəqə!.. O mənfur gözəllik!..
Mir Çingiz AĞAZADƏ
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.21.