Təbiətin rəssam şairi Öktemayın poetik rəngləri   

 

 

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

Özbəkistanın tanınmış şairəsi Öktemayın şeirlərindəki sadəlik, səmimiyyət, aşiqanə fikirlər insanı özündə tutub saxlayır, onu düşündürür gerçək yaşantılar anlarına aparıb çıxarır.

Özbəkistanın Namanqan vilayətində dünyaya göz açan Öktemayın könül dəftərini vərəqlədikcə onun təbiət aşiqi, insan ruhunun tərcümanı olduğunun fərqinə varırsan. O, Namanqan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

Sonra həyat düzənini Daşkənd şəhərində quraraq 15 il Özbəkistan televiziyasında, daha sonra "Gülüstan" dərgisində məsul katib beləcə, daha bir neçə mətbuat orqanında müxtəlif vəzifələrdə çalışıb, eyni zamanda, ədəbi yaradıcılıqla məşğul olub. 1991-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Bir çox kitabların müəllifidir.

Zahirəddin Babur şərəfinə düzənlənən beynəlxalq elmi simpoziuma qatılarkən paytaxt Daşkəndin yaxınlığında yerləşən məşhur "Dormon"da - yazıçıların yaradıcılıq evində Öktemayla yüz ilin dost-tanışı kimi görüşdük. Şeir söhbətləri ilə səhəri dirigözlü açdıq. Həmsöhbətimizin biri Əndicanlı şairə Zamira xanım idi. Öktemaydan xoşuna gələn bir şeirini oxumasını istədim:

Ömrüm - uzun köynəyim

Toxunmuş min xətadan.

Başdan-ayağa vücudum

Ürək deyilən matahdan.             

Təbiətin şehli, yamyaşıl bir hissəsini, qönçə çiçəkli çəmənliyini sanki o gecə söhbət elədiyimiz otaqda "sərgilədi". Təbiətə aşiqliyinə heyran qalmışdım. Onu şeirə bağlayan hisslərini vərəqlədik: "Dolmayan könlümü doldurmaq üçün, bəzən dolmuş könlümü boşaltmaq üçün yazıram" - deyə cavabladı. Təxəllüs olaraq yazdığı adının mənası da diqqətimizdən yayınmadı. "Öktemay" - sözü cəsur, mərd anlamını verir. Bu, bir həqiqətdir ki, insan xarakterində ona verilən adın çox böyük təsir qüvvəsi olur. Həyatın dolanbac yollarında rastlaşdığı sıldırımları, uçurumları, kələ-kötür cığırları, ağlı-qaralı, enişli-yoxuşlu günləri ötürürkən özünə güvənmiş, özündə həyatla mübarizə əzmi toplamışdı. Bu "həyat hekayələri" bütün şeirlərindən qırmızı xətt kimi keçir - istər təbiətə aşiqanə duyğularını izhar edəndə, istər lirik ovqata dolanda, istərsə gen dünyanın dolaşıq düyünləri arasında çabalayanda.

İstedadlı özbək şairəsi Öktemay 90-cı illərin əvvəllərində ədəbiyyata - poeziya aləminə gəldi elə ilk addımlarından təbiətin rəssam şairi kimi tanındı. Sözdən cızdığı təbiət lövhələri, belə demək mümkünsə, elə şairin öz könül mənzərəsinin əksi idi. Elə bu kontekstdən tam haqla deyə bilərik ki, Öktemay yaradıcılığının əsas mövzusu təbiət, alilik məhəbbətdir. İlk şeir kitabının adını da, mövzusunu da, ruhunu da təbiətlə bağlayaraq "Darıxan quşlar" ("Soğinç kuşlari") adlandırıb.

Öktemayın təbiətə olan sevdası - aşiqanəliyi, təbiət dilini anlamaq istedadı onun könlündə möcüzəvi poeziya qalası qurub. O, təbiətlə baş-başa varınca, dərdləşirkən könlü açılır, yeni ovqata dolur, dünyanı təzəcə görürmüş kimi şehli sətirlərini vərəqlərə səpələyir. Təsadüfi deyil ki, əksər zamanlarda insanlarla çözəmədiyi dərdlərini təbiətlə bölüşür, təbiəti özünə sirdaş seçir. Məhz bu səbəbdən Öktemayın şeirlərindəki yamyaşıl düzlər ağaclar, otlar çiçəklər, dağlar-dərələr, Ay Günəş, sayrışan milyonlarla ulduzlar hər kəslə dil tapa bilir, belə demək mümkünsə, elə oxucusunun da dərddaşına çevrilir. Çünki təbiət dili - saflıq dilidir:

Mən yaşıllıq fərmanı - yarpağam,

Baharda ağacların budaqlarına sancılaram.

yaxud:          

Bədənin yaşıl nurlara doldu,

Yarpaqlar dilində danış mənimlə.

Şeir - könülün tərcümanıdır. Şeir - qəlbin göz yaşıdır. Şeir - ürəyin həsrət yaralamış yerini tez tapar, elə özü məlhəm qoyar. Bu poetik ştrixləri Öktemayın şeirlərindən seçmişəm və onun həqiqətən də könül fatehi olduğuna inanmışam:

Şəfqətin ətəyindən tutdum,

    viran oldum,

Canımı verdim qırx

       bitkiyə, daşa.

Özbəkistanın günümüzdəki tanınmış ədəbiyyatşünaslarından olan professor Qozoqboy Yoldoş şairə haqqında məqaləsində qeyd edir: "Öktemay - hər kəsə tanış olan şeylərin hər kəsə də bəlli olmayan yönlərini görən şairədir. Onun şeirlərində insan duyğularının çox sirli və anlaşılması çətin olan dəyişmələr öz əksini tapmışdır. Aləmi könül gözüylə görən şairə onu təfəkkürlə deyil, bəlkə könül vasitəsiylə açıqlayır. Könül duyğuları isə təkrarlanmazdır. Məhz buna görə onun əsərlərində başqa bir kimsənin görə bilmədiyi poetik cizgilər və bu cizgilər digər kimsəyə bənzəməyən tərzdə öz əksini tapmışdır":

Heyrətlə baxan gözlərim yanmış,

Həsrətlə donan o soyuqdan

- heyrət ediləcək bənzətmə! Poetik tapıntı budur! Öktemayın kimsəni maraqsız buraxmayan, onu özünə yoldaşlıq etdirən incə şeirləri oxucu könlündə üsyan çəkərək özündəki bənzər duyğular haqqında düşünməyə çağırır:

Bu necə könüldür ki?!

Yağış kimi göz yaşlarım

Bağrınızda

Qışlayıb yatan

Şəfqət otlarını

Qaldıra bilməzsə...          

Haqqın rəhmətində olan istedadlı şair Şövkət Rəhmanı özünə ustad bilən Öktemay üçün şeir, şeiriyyət nədir? - sualının cavabını da elə misralarında tapdım: "Şeiriyyət ruhun avazıdır, səsidir. Onu ancaq incə qəlblər eşidir, hiss edir. Mənim nəzərimdəki şeir - könülün izharı və şairin öz təsəvvür aləmidir. İnsan üçün bu mənada öz könlünü bilmək və bildirməkdən özgə böyük səadət yoxdur. Şeiriyyət millət tanımır, onun milləti yoxdur, o, cahana məxsusdur. Nə qədər ki, təbiət var, insanlar da olacaq, şeiriyyat dünyası da olacaq. Öktemayın bir çox əsərlərində acı iztirabların gözəl görünüşləri, poetik nəvazişləri qələmə alınır:

 

Ulduzlar - aşiqlərin göz yaşıdır,

Bu qədərmi göydə donub göz yaşları.

Çiynimdə bir dağ kimi

dərdi qaldırıb gedirəm,

bükülməkdədir

getdikcə səbrim.

Qayğılı gecələrimi ağlayıb tənha keçirdim,

Sirrin aça bilməzsən düzə - dünyaya,

Geydim əzabların yamaqlı köynəyin

Sirlər çiçək oldu,

basdırmışdım yerə.

Xatirinizdə yazlayıp,

Qəhrinizdə qışlayıp,

Gözəl əzablarda yaşayıram.

Bu şeiri təhlil etməyə qorxuram: elə bilirəm ki, gözəlliyinə xələl gətirərəm, incə ruhuna toxunaram, misralarının naxışını pozaram. Dərddə bu qədər sətirlərdə gözəlləşərmi, ilahi? O dərdi çəkənə, yaşayana yazıq.

Şairi şair olaraq tanıtdıran onun özünəxas sözüdür, poetikasıdır, özünəməxsus yoludur, izidir. O "nişangah", tanıdıcı poetik işarə bəlkə tək bir misraya dastan ola bilər. Öktemayın şeirlərində başqa xətt də var: "lirik "mən" həsrət ağrısını çəkən bir ürək sahibidir:

Qəlbi gəmirir qalan həsrət,

Dərdlərim yanan bağrıma sığmır.

Əzabına mən alışdım, amma

Ürəyimdəki akkuş ağlayır.

Eşq hələ kimsənin tam anlayıb qavradığı duyğu deyil! Biz bu duyğunu öz baxışlarımıza, daxili yaşantılarımıza, etiqadımıza, dünyagörüşümüzə bağlı şəkildə dərk edirik. Öktemayın şeirləri düşündürücüdür. Onun özünəxas poetik yolu var. Şeirlərindəki ahəng uyğunluğu oxucu zövqünü eyni nisbətdə tutmağa kömək edir. "Ağlayan ürək" kitabındakı əsas şeirlər lirik ovqata, ruhiyyətə, əxlaq və fəlsəfəyə həsr edilmişdir. Lirik qəhrəmanın daxili hisslərini daha aydın hiss etdirə bilmişdir. Kim bilir, bəlkə də öz daxilindəki dalğaların, tufanların, Ayla ulduzlar arasında dolaşan tənha ruhun şəklini şair təbi ilə xarakterik cizgilərini cızıb. Məhz bu şeirləri Öktemayu rəssam şair, ruh şairi deməyə cürət verir. O, sanki yazmır, poetik düşüncələrinin kölgəsini çəkir.

Nazlanır nazənin güllər,

Əllər çatmaz yanağına.

Nəfəsin bağrıma basıb,

Üzüm qoysam dodağına.

Öktemay könül adamı, poetik obrazlarının könlünü fəth edəcək şairədir. O, həm könül varlığından sevinər, həm də eyni könül səbəbi ilə əzab, iztirab çəkir:

 

Könül şüşəsində

hicrandan, həsrətdən

selə çevrilən gözyaşlarım,

yağışlarını ölçə bilərsənmi

yağış tərəzisi?

O, şeirlərində insan könlünün, onun ruhunun görüntüsünü əks etdirə bilir:

Bağlayıram könülümün qapılarını.

Bəzi şeirlərində təbiət ünsürlərini dərdinə şərik edir, aşağıdakı misralarda olduğu kimi -

Külək qapımı döyərək

Aldadaraq qaçıb gedərdi.

Ürəyi dolu yağış sirlərin

Pəncərəmə saçar gedərdi.

yaxud da

 

Özümü sənin gözlərinin

Pənahına təslim etdim.

Ancaq orada

Dərdi dinləndirəcək

Heç bir ifadə yox.

Qeyd etdik ki, şairənin təxəyyül dünyasının öz təbiəti var. "Lirik mən"in həmin dünyasında qurduğu aləmdə - yerdən ta sonsuz səmaya qədər olan məkanda gerçək həyatda olduğu kimi müxtəlif xarakterli insanlar var. Öktemayın şeirlərindəki insan ruh aləminin əsrarəngizliyi, həsrət və iztirabla dolu eşqin - məhəbbətin tərənnümü qonşu ölkə şeirsevərlərinin də diqqətini cəlb etmişdir. XX əsrin klassik şairəsi Zülfiyyə xanımın həssas duyğulu poeziyasından zövq almış hind xalqı yeni bir özbək şairəsini də tanıdı, sevdi.

 

Yastığım səbrdir, yastıq sirdaşım,

Ona çəkilmişdir əlvan güllər.

Hər gecə sulayıram meyus gülləri,

Gözyaşlarımla, qönçələr gülər.

Razılaşıram, daha gecələrin də

Həsrətdən səbri tükənib,

Damcılar çıx-çıx, bu səsdən ürkərək

Uçub gedir, çiçəyə qonub duran

tombul kəpənəklər.

Göz yaşım damcı-damcı gölə dönüb

mənim həsrətimdən bezmiş çiçəklər də...

Öktemayın "Ağlayan ürək" (2009, ingilis dilində) və "Sada ronda ey dil mahya" (2009, pəncab dilində) şeir kitabları Hindistanda nəşr olunub (Şeirləri ingilis dilinə professor Kasım Məmurov, pəncab dilinə isə şair Svarnjit Savi tərcümə edib). Hər iki kitabla bağlı Pəncab ştatının bir neçə şəhərində yaradıcılıq gecələri keçirilmiş və oradakı şeirsevərlər özbək şairəsinin əsərlərini yüksək dəyərləndirmişlər. Təbii ki, şairin poeziyasının sadə dili, obrazlarının fəlsəfi duyumu, rənglərin ahəngi, aşiqanə lirik düşüncələri, məhəbbət iztirabları, uca sevgi həqiqətlərinin tərənnümü öz işini görmüşdü.

Bütün bunlar imkan yaratdı ki, bir il sonra Hindistanda şairin "Ayrılıq əzabı" (2010) adlı üçüncü şeirlər kitabı hind dilində yenidən çap edildi (hind ədəbiyyatşünası Hariş Thakur ingilis dilindən hind dilinə tərcümə etmişdir). Kitabın Dehli Universitetində təqdimatı zamanı tələbələrlə görüş qəlbində xoş təəssüratlar, kövrək izlər buraxdı. Hind xalq ədəbiyyatında da, günümüzdəki şeirlərində də qız-qadınlar qayğılarını göz yaşları ilə ifadə edib. Öktemayın hiss və duyğularında da həmin hisslərlə rastlaşırıq.

Qız-qadınlar ta yaranışından sevinc və qayğılarını göz yaşları ilə bölüşüblər. Qadınların yaş dolu gözləri ilə təbəssümlərini ifadə etməsi özünəxas müraciət ifadəsidir.

Bu, Öktemayın şeirlərində də öz əksini tapmışdır: "Səndən gedərəm, payızın göz yaşı", "Gözlərimdə ağlayan yağış", "Yarpaqlar Göyün göz yaşı-durna düzülər", "Göz yaşlarım axıb gülə dönmüşdü", "Ürəyimdən bir dərya axar", "Üzdük dəryatək göz yaşları içində" kimi poetik nümunələr dediklərimizə isbatdır.

Ümumiyyətlə, şeiri təhlil etmək şeiri anlamaq deyil, bəlkə də onun ruhundan bir məqamı açıqlamaqdır. Şeirin qafiyəsi və vəzni onun ahəngindən xəbər verər. Ahəng isə şeirə xas olan ovqatı dindirər.

Mən sizsiz heç kiməm,

Sarıldım güclə soyuq baxışının

Ətəklərinə.

Əzablar böyütdü

Düşdüm qaldım sonra,

Sığmadan həsrətin

Ciblərinə. 

Öktemay şeirlərində gah üsyankardır, gah da sakit. O, əsrin bir çərək şeir yolunu gəlib. Bəlkə də yüksəklərə uçmaq üçün kamillik yetkinliyindədir. Ya da getdiyi yolun enişi-yoxuşu hələ qabaqdadır. Təbii, şairə incə duyğulu gözəl şeirlər yazaraq oxucuları ilə sıx-sıx görüşəcək, arifanə könüllərə zövqsevinc bağışlayacaq.

 

 

Almaz ÜLVİ (BİNNƏTOVA)

 

525-ci qəzet.- 2019.- 30 noyabr.- S.20.