Falesin "su söhbəti"
esse
Antik dövrün
filosoflarını düşündürən
əsas məsələ
arxenin, yəni başlanğıc maddənin
nə olması idi. Bu suala ilk cavabı verən və fəlsəfə tarixinə ilk filosof kimi düşən Milet məktəbinin banisi Fales idi.
Onun haqqında əlimizdə yüz faizlik dəqiqliyə malik bilgilər olmasa da, haqqında ondan sonra gələn
filosofların əsərlərindən,
fraqmentlərindən məlumatlar
əldə edə bilirik.
Yeddi yunan müdrikindən biri olan Fales e.ə.624-e.ə.546-cı
illərdə afinalı
şair, siyasi xadim Solon və Lidiyanın sonuncu kralı Karunla eyni dövrdə yaşamışdı. Bunu Herodotun e.ə.585-ci ildə,
Lidiyanın Midiya ilə müharibədə
məğlub olduğu,
yeni təqvimlə 28
may günündə, Falesin
Günəş tutulmasını
əvvəlcədən xəbər
verdiyini deməsi ilə bilirik.
Fales haqqında
fəlsəfə tarixində
bir çox rəvayət var. Öncə
onu qeyd etmək lazımdır ki, Fales o dövr
üçün böyük
sayılacaq səfərlərdə
olmuş və hamısından "əli-dolu"
qayıtmışdı. Həndəsənin
Misirdən Yunanıstana
gətirilməsi onun adına yazılır.
Falesin Misirə səfər etdiyini isə Nil çayının daşması
zamanı ətrafa, əkinə və insanlara zərər vurmaması üçün
hazırladığı plan sayəsində qəbul edirik.
Falesin həndəsə
sahəsində irəli
sürdüyü nəzəriyyələrə
yunan dünyasında
ilk riyaziyyat və astronomiya kitabının müəllifi Rodoslu Evdemusun kitabında rast gəlirik. Bu şərh
Falesin orta məktəbdə riyaziyyat
fənnindən yaxşı
bildiyimiz "Fales teoremi"ni ifadə edir. O, bu teorimdən Misir səfərindən qayıdarkən gəmilər
arasındakı məsafəni
hesablamaqda istifadə etmişdi.
Falesin ayağına yazılan, amma dəqiq olub-olmadığını bilmədiyimiz
bir neçə hadisə də var: lidiyalıların Midiyaya hücumu zamanı ordunun Qızılırmağı keçə
bilməsi üçün
çayın kənarlarında
kanallar qazdıraraq suyun səviyyəsini aşağı salıb üzərində körpü
tikərək hərəkəti
təmin etməsi, Misir piramidalarının hündürlüyünü kölgə
vasitəsilə ölçməsi,
Nil çayının daşma
səbəbinin küləklər
olması fikrini irəli sürməsi, Milet dənizçilərinə
yollarını azmamaq
üçün Kiçik
Ayı bürcünü
istiqamətverici işarə
kimi götürməyi
məsləhət görməsi.
Platon da "Teetet" əsərində
Falesin adını çəkir. Platonun təsvirinə görə
Fales o qədər dalğın adam
olub ki, hətta bir dəfə gedə-gedə
ulduzları tədqiq edərkən ayağının
altındakı quyunu görməyib və ora düşüb.
Aristotelin
yazılarında isə
biz başqa Faleslə
qarşılaşırıq; zeytunun bir il
bol, bir il də qıt
olduğunu bilən Fales, bunu dəqiq
hesablamış, pulunu
ətraf ərazilərdə
olan zeytun əzən maşınları
kiralamağa yatırmış
və zeytun yığımından sonra
onları zetunyağı
hazırlayan insanlara daha baha qiymətə
kirayə verərək
bundan sərvət qazanmışdı.
Sizə mənasız və qəribə gəlsə də, fəlsəfə Falesin "hər şey sudur" müddəası ilə başlayır. Bu halda
düşünə bilərsiniz
ki, indi ekranından bu yazını oxuduğunuz kompyuter də sudurmu? "Hər
şey sudur" ifadəsini hərfi mənada başa düşməməliyik.
Falesin müddəasındakı
"hər şey sudur" bir cavabdır və özündə elə də çox bilgi daşımır. Lakin bu cavabı ortaya çıxaran sualı, arqumenti və nəticəni o dövrün
şərtlərinə uyğun
olaraq bərpa edib cavabda nə
demək istədiyini aydınlaşdıra bilərik.
Bir çox filosof düşünür
ki, Fales, "hər şey sudur" ifadəsini belə bir suala
cavab olaraq verib: "Dəyişikliklər
zamanı daimi qalan maddə nədir və müxtəliflikdə vəhdətin
mənbəyi nədədir?"
Fales müşahidəyə əsaslanaraq
hər şeyin dəyişikliyə məruz
qaldığını bilirdi
və bu dəyişiklik içində
daimi olaraq dəyişməz qalan bir element vardı. Bu element ilkin başlanğıc
- "kainatın təməlidir".
Yəni dəyişiklik içində
daimi dəyişməz
qalan bu element elə bir arxedir
ki, dünya ondan yaranıb. Fales üçün bu arxe su idi.
Fəlfəsə tarixçiləri Falesin
su barədə olan təlimini Aristotelin yazdıqları
əsasında üç
maddədə toplayır:
Su hər şeyin arxesi, təbiəti və səbəbidir; Dünya suyun üstündə üzür;
Hər şeydə tanrılar var...
Birinci və ikinci maddələr bir-biri ilə yaxından əlaqəli olduğu üçün
onlara birlikdə nəzər salacam. Su tempraturdan asılı olaraq buxara və
buza çevrilir.
Çayda, dənizdə yaşayan
varlıqlar orda yaranır, yaşayır və ölür. Duz, bal və
bir çox maddə suda əriyib yox olur. Bütün bunlardan daha
vacibi, insan və digər canlılar suya möhtacdır. Bütün bu
müşahidələr Falesə
suyu dəyişiklər
zamanı dəyişməz
element və ilk başlanğıc
qəbul etməyə
əsas vermişdi.
Falesin suya olan münasibətini bir az daha açsam belə, deyə bilərəm ki, Fales üçün suyun iki əsas
vəziyyəti var idi: adi maye
halı və forma dəyişdiyi - buza, buxara çevrildiyi, ağac, torpaq, balıq, bulud olduğu - halı. Onun təliminə əsasən
su kainatı yaradır, formasını
dəyişir, amma öz vahidliyi saxlayır və yenidən ilkin formasına qayıdır.
Falesin bütün bu müşahidələrindən əlavə ona bu fikrə gəlməkdə
kömək edəcək
başqa bəzi şeylər də var. Özünə qədərki
dövrü yaxşı
bilən Fales çox güman ki, Mesopotamiya mədəniyyətinə aid olan
"Yaradılış nəğməsi"ni
və Homerin dünyanın
əslində, okeanın
ortasında üzən
ada olduğu fikrini də eşitmişdi. Burada haşiyəyə çıxıb bir şey qeyd etmək
istəyirəm ki, səmavi dinlərində olan "tufan" əfsanəsi də çox güman ki qaynağını
"Yaradılış" nəğməsindən götürür.
Hər şey tanrılarla doludur fikrinə Aristotel, "De Amima" (Ruh haqqında) əsərində
ətraf aləmin ruha sahib olduğu fikrini dəstəkləyən
filosofları tənqid
edərkən toxunur. Bu fikir Falesin tanrıtanımaz
olub olmadığı
mübahisəsinə yol
açır. Burda diqqət
etməli olduğumuz şey "tanrı" sözüdür. Falesin tanrıya
olan münasibəti o
dövrün, eyni zamanda, bugünün insanlarının ona olan münasibətindən
fərqlənir.
Fales suya canlı, ruha malik olan maddə
kimi yanaşırdı. Amma burada
bir səhvə yol vermişdi - o, maddə və ruh arasında fərq qoymamışdı.
Bu isə oxucunu
çaşdıra bilər.
Maddə
ilə ruh arasında fərq qoyulmaması bəzi fəlsəfə tarixçilərinin
fikrinə görə
Demokritə, bəzilərinə
görə isə Plotona qədər davam etmişdi.
"Kainatın arxesi, ilk başlanğıcı nədir?" sualını ortaya qoymaqla və ona mifologiyadan, əfsanədən uzaq, təbiətdən bir nümunə verməklə Fales özü fəlsəfədə başlanğıc nöqtə rolu oynayır və bu sahədə böyük əhəmiyyət daşıyır. Onun cavabı qədər ortaya qoyduğu sual da vacib və unikaldır. Ən azından ona görə ki, ilk başlanğıc və arxe anlayışı, "heçlikdən heçnə yaranmır" düşüncəsinə ən bariz nümunədir. Falesin təlimi bir şeyin yaranması üçün bir şeyin (başlanğıc nöqtənin) olmasının vacibliyini vurğulayır.
Fales təlimini qısa şəkildə ifadə etsək yəqin ki, əminliklə belə deyə bilərik: Fales mifologiyadan, dünya haqqında təsəvvürlərdən suyun tanrı (və ya mifoloji varlıq) olaraq hər şeyin mənbəyində olduğu düşüncəsini götürərək, onu mifoloji qəlibdən çıxarıb təbiətdə var olan, istifadə etdiyimiz, hətta asılı olduğumuz fiziki su üzərindən arxe halına salmışdır.
Falesin seçdiyi
arxe - su idi. Amma ondan sonra gələn filosoflar bu ilk başlanğıc maddənin yerinə öz nəzəriyyələrinə
uyğun digər elementləri qoydular.
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.19.