100 yaşlı arzum  

 

 

"- Ata, görürsən bu universiteti?

- , qızım.

- Bax, mən bir neçə aydan sonra buranın tələbəsi olacağam. Ona görə gərək bu yolu yaxşı əzbərləyim..."

2010-cu ilin yayında atamla bu söhbəti edərkən "Elmlər Akademiyası" metrosundan çıxıb Bakı Dövlət Universiteti tərəfə-bir qohumumun ali məktəbə qəbul imtahanına gedirdik. Mən özüm orta məktəbi yenicə bitirib, ali məktəbə hazırlaşırdım. Onda həmin qohumuma elə həsəd aparırdım ki, bu əzəmətdəki universitetə daxil olub, onun pilləkələrində addımlayıb, divarlarındakı tarixin havasını ciyərlərinə çəkib. Onun həsəd apardığım bir neçə saatlıq bu təmasını sonradan özüm düz dörd il yaşayacaq, BDU-nun bu sirli möhtəşəmliyini günbəgün hiss edəcəkdim. Sənədlərimi verdiyim III ixtisas qrupunun imtahanlarına iki həftədən az zaman qalmışdı, amma mən artıq harada oxuyacağımı bilirdim. Atama da bunu "müjdələyirdim". Hardan bilirdim? Başqa cür ola bilməzdi axı. Mən ki, on yaşımdan bu arzuyla, bu istəklə, bu amalla yaşayırdım.

Bakı Dövlət Universiteti, Filologiya fakültəsi... Ağlım kəsəndən ilk arzum olub. Bu arzuya özümü o qədər kökləmişdim ki, başqa ehtimalların hər biri ən uzaq planet qədər əlçatmaz, soyuq, maraqsız gəlirdi. Mən mütləq, hökmən ilk arzuma yetişməli idim.

İllər boyunca xəyallarımda yaşatdığım, arzularımda böyütdüyüm universitetimlə ilk tanışlığım beləcə başladı - orada imtahan verən qohumun vasitəsilə. İxtisas seçimi zamanı 20 seçimdən ilk on beşlik Bakı Dövlət Universiteti idi: Filologiya, Azərbaycan dili ədəbiyyatı müəllimliyi, hüquq, beynəlxalq münasibətlər, jurnalistika, fəlsəfə, şərqşünaslıq sair... Seçimimizi etmişdik. Nəticə öncədən məlum idi. Ünvan Bakı Dövlət Universiteti, bəs ixtisas? 2010-cu il avqustun 4-ü bu sualımıza da cavab verdi, özü ən möhtəşəmini - Universitetin Filologiyası. Bəli, mən artıq Azərbaycanın ilk ali təhsil ocağının, qocaman Bakı Dövlət Universitetinin tələbəsi idim.

***

"Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır..." - deyib Ümummilli Lider Heydər Əliyev hər zaman bu universitetdə təhsil alması ilə qürur duyub. Onun "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" sözlərindən çıxış edərək, bu fikri, hissləri özümə aid edə bilərəm.

Doqquz il öncə Bakı Dövlət Universitetinin qapısından hansı qürur hissiylə içəri girmişdimsə, indi hər dəfə onu görəndə eyni həyəcan qürur hissini keçirirəm.

Burada dərslərimiz gözlədiyimizdən yüksək səviyyədə keçirdi. Bir-birindən dəyərli müəllimlər, professorlar bizə dilçiliyin, ədəbiyyatın ən incə məqamlarını öyrədir, dünya filologiyasıyla yaxından tanışlıq üçün hər cür imkanları yaradırdılar. İkinci kursdan etibarən öz istəyimlə ədəbiyyat üzrə ixtisaslaşmağı seçdiyimdən günün böyük hissəsini kitabların, bədii əsərlərin, poeziyanın, romanın içərisində keçirirdim. Universitetdə ən yaxın dostlarım kitabxanaçılar idi. Oxu zallarının hər küncündə, hər bucağında gələcək üçün xatirələr qalaqlanırdı. Bu zallarda gah milli ədəbiyyatımıza aid əsərləri oxuyur, gah yunan dramaturgiyasına baş vurur, gah fransız, rus, ingilis, amerikan, bütünlükdə dünya ədəbiyyatının dəyərli nümunələrini vərəqləyirdim. Universitetimin hər daşı, hər divarı, hər küncü mənə bir ədəbiyyat obyekti idi. Mən dörd il müddətində günlərimin böyük hissəsini məhz bu obyekti öyrənməklə, ruhumda hiss etməklə keçirirdim.

***

Bakı Dövlət Universitetiylə bağlı xatirələrim o qədər çox, o qədər dərindir ki, hansını yazıb, hansını yazmamaqda tərəddüd edirəm. Amma ömrüm boyu unutmayacağım bir xatirəm var ki, arzularımın ocağından bəhs edərkən, onu yada salmamaq olmaz:

Üçüncü kursda oxuyarkən dahi Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin yubiley tədbirinə hazırlaşırdıq. Universitet səviyyəsində keçiriləcək tədbiri üç il idi ən fəal üzvlərindən olduğum BDU Dram dərnəyi hazırlayırdı. Ssenaridə Cavid əfəndinin fərqli əsərlərindən epizodlar toplanmışdı. "Ana" faciəsindən Səlma ana "İblis"dən İblisi canlandırmaq mənim öhdəmə düşmüşdü. Gərgin uzunmüddətli məşq prosesindən sonra nəhayət, böyük gün gəlib çatdı. Hər şey öz axarıyla, hazırlaşdığımız kimi davam edirdi. Mənsə, içinə düşdüyüm təzadla məşğul idim. Tərslikdən iki rolumun arasında cəmi 5 dəqiqə vaxt vardı. Mən öncə mələk xislətli, saçları bəyaz, çöhrəsi nurlu Səlma ana olmalı, beş dəqiqə sonra isə tamamilə əks obrazda - İblis kimi qonaqların qarşısına çıxmalı idim. O beş dəqiqə də, əlbəttə, qrimə, geyimə ayrılmışdı.

Çox şükür ki, hər iki obrazın öhdəsindən gəlməyi bacarmışdım. Nəhayət, tədbir bitdi və səhnə arxasında BDU-nun o zamanki rektoru, akademik Abel Məhərrəmov bizimlə görüşmək üçün gəldi. Abel müəllimin razılığı, məmnuniyyəti hamımızı sevindirmişdi, eyni zamanda hər birimizə ayrı-ayrı diqqəti, hamımızın rolunu ayrıca şərh etməyi bir az da təəccübləndirmişdi. Həmin görüşdə Abel müəllimin "əlimdən gəldiyi qədər sizin kimi istedadlı tələbələrə dəstək olacağam"- sözləri isə hamımıza xoş təsir bağışlamışdı.

Bu tədbirdən bir ay sonra BDU-nun ənənəvi "İlin ən yaxşı tələbəsi" müsabiqəsi keçirilirdi. Bir neçə etapdan ibarət olan bu müsabiqənin ilkin şərti ən yaxşı tələbə olmaq istəyənin öz fakültəsindən namizədliyini irəli sürməsi və tələbə yoldaşları arasında yetərli səsi toplaması idi. Bütün gün kitabxanalarda ədəbiyyat adlı ümmanın dərinliklərində itib-batan mənim isə nə müsabiqədən xəbərim vardı, nə səsvermədən. Sən demə, universitet uzun müddət buna hazırlaşıb, bizim fakültədən də yetərli səsi toplamış namizədin adları Abel Məhərrəmova təqdim olunub, dekabrın 26-sı mükafatlandırma mərasimidir. Dekabrın 24-ü Tələbə Həmkarlar İttifaqının sədrindən belə bir mesaj aldım: "Siz, BDU-nun 2012-2013-cü tədbir ili üçün "İlin ən yaxşı tələbəsi" seçilmisiniz. Dekabrın 26-sı mükafatlandırma mərasiminə dəvətlisiniz". Qəfil gələn bu mesajın təəccübündən sevinə bilməmişdim belə. Axı mən heç namizədliyimi də verməmişdim. Səhəri gün dekanlığa gedib bu haqda məlumat verdim. Dekanımızın sözləri indiyə qədər qulağımdadır: "Biz fakültəmizdən namizədliyini verən tələbələrin adını Abel müəllimə göndərdik. Abel müəllim siyahıyla tanış olandan sonra Hüseyn Cavidin yubiley tədbirində rol alan iki tələbənin də siyahıda olub-olmadığını soruşdu: İblis və Teymurləng (bizdən bir kurs yuxarıda oxuyan Rəsul adlı oğlan idi). Sizin namizədlik belə vermədiyinizi biləndə: "Onları mən seçirəm, adları siyahıya əlavə olunsun" dedi. Təbrik edirəm!"

Rektorumuzun bizə göstərdiyi diqqət, qayğı qarşısında nə deyəcəyimizi bilmirdik. Demək ki, zəhmət və sevgi qarşılıqsız qalmırmış.

***

İlk kitabım - "Qaranlıqlar günəşi" də BDU-da oxuduğum illərin məhsuludur. Üçüncü kursun ilk dərsi mərhum Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) qızı Sevinc Muğannanın imiş. Təsadüf nəticəsində povest yazdığımı öyrənən Sevinc xanım əlyazmamı məndən alıb oxumaq üçün apardı. Amma özü oxumaqla qalmayıb, atasına da oxuyub. Və İsa Muğanna "bu əsər mütləq çap olunmalıdır" deyib. Çox keçmədən Xalq yazıçımızın, onun ömür-gün yoldaşı mərhum Firuzə xanımın və Sevinc müəllimin dəstəyiylə ilk kitabım çap olundu. Beləcə, ədəbi mühitə ilk addımlarım da burdan başladı. Burada tələbə ikən Azərbaycan Yazıçılar Birliyinin saytında, "Ulduz" jurnalında və başqa qəzet və jurnallarda yazılarım çap olundu. Birliyin II Gənc Ədiblər Məktəbinin üzvü kimi tədbirlərə qatıldım. Və 2013-2014-cü tədris ili üçün "İlin ən yaxşı tələbəsi" adını bu dəfə "Qaranlıqlar günəşi" kitabım və ədəbi mühitdəki ilkin fəaliyyətimə görə Filologiya fakültəsi dekanlığının namizədliyimi verməsiylə aldım.

***

Bakı Dövlət Universiteti mənə təkcə ali təhsil deyil, həyatımı, olmaq istədiyim insanı, gələcəyimi verdi. Azərbaycanın ilk ali təhsil ocağının tələbəsi olmaq qürurum azmış kimi, bironun 100 yaşını belə bir mötəbər qəzetin səhifələrindən təbrik etmək şansını qazandırdı. 100 il zamanın qarşısında heç nədir. Amma Azərbaycanın və Şərq dünyasının tarixində çox böyükdür, əzəmətlidir. Bir dövlət yarandığı ilk ildən təhsil ocağı, ali məktəb açırsa, bu, o dövlətin elmə, təhsilə, mədəniyyətə nə qədər yüksək dəyər verməsinin, xalqın uğurlu gələcəyinin məhz bundan asılılığını dərk etməsinin göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyəti böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına azadlığı tanımaq, "öz"ü olmaq yolunda ilk dəyərli töhfəsi idisə, əvvəlki adıyla Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universiteti bu "öz"ü tapmaq üçün yandırdığı çıraq idi. Bu qədim təhsil ocağını bizə bəxş edənlərə və qoruyub bu günə miras kimi ötürən öndərlərə Allahdan rəhmət, hazırda bu mirasa sahib çıxan, onu daha da inkişaf etdirib gözəlləşdirənlərə can sağlığı, güc-qüvvət diləyir, yolu BDU-dan keçən hər kəsi bu möhtəşəm yubiley münasibətiylə təbrik edirik!

 

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 30 noyabr.- S.18.