Şeirimizin Allahşükür
Ağası
Əyalətdən gələn səslər
Ədəbiyyatsevər dostlarımla bir məsələ ətrafında
mükalimələrimizə indiyədək son nöqtə
qoyulmayıb. "Şair
adlanmaq, sənət qapılarının üzünə
açılmasını istəyən
neçə şeir yazmalıdır" sualına
yekdil cavab ala bilmədiyimizdən nə
vaxtsa yenidən müzakirələrə qayıdırıq.
On, əlli, yetmiş,
səksən, daha çox... Hərə müxtəlif rəqəm
üzərində dayandığından
müzakirələri növbəti
görüşlərə saxlayırıq. Əlbəttə, çoxluq poeziyaya, yaradıcılığa xələl
gətirməz. Təki ortada
məsuliyyət olsun.
Amma onu da bilirik
ki, saydan, məhsuldarlıqdan asılı
olmayaraq hər sənətkarı tanıdan,
sözün əsl mənasında yaşadan nümunələr ən çoxu barmaq sayı qədər olur. O, bunu birincidəmi, onuncu, yaxud yüzündəcəmi
qələmə alır?
Cavablandırmaq müşküldür. Görəsən, adı cəmi
bir şeiri ilə zəmanəmizə
qədər gəlib çatmış klassik poeziya zirvələrimizdən
olan Həsənoğlu
onu yaşadan nümunəyədək daha
neçəsini qələmə
almışdı?!
Hər halda mən ən yaxşıların içərisində
ən kamilini arayıb müəyyənləşdirməyə
daha meylliyəm. Bu sözlərdən
sonra sizlərə, hələlik ustadlardan dərs ala-ala, onların izləri, ləpirləri ilə addımlayıb öz ləpirlərinə
romantik həvəslə
qayıdan, müqəddəs
Azərbaycanımızın Saatlı adlı bölgəsinin Əhmədli
kənd məktəbində
sevimli övladlara dilimizi, ədəbiyyatımızı
tədris edən Allahşükür Güləhməd
oğlu Ağayevdən
söhbət açmaq
istəyirəm.
Onu doğma
kəndində seçicim
kimi bir neçə görüşdə
görüb söhbətləşmişəm. O, seçicilərimdən
biridir. Məntiqi, dolğun mülahizələri
ilə diqqətimi çəkib. 28 yaşlı gənc hər dəfə özü barədə deyil, həmkəndlilərinin
həlli vacib problemlərindən, xüsusilə
təhsilin müasir dövrün tələbləri
baxımından həllini
gözləyən vəzifələr
barədə söhbət
danışıb. Bilməmişəm ki, Allahşükür Ağa təxəllüslü
şeirlərin müəllifidir.
Bu yaxınlarda elektron
poçtuma həmin imza ilə bir
neçə şeirini
göndərmişdi. Yazmamışdı, xahiş etməmişdi ki, dərcinə kömək göstərim.
Oxudum, poetik sətirlərdən
boylanan dolğun mənanı axıcılıq,
rəvanlıq müşayiət
edirdi. Elə bil yetkin şairlə üzbəüz
dayanmışdım. Onun yaradıcılığı
barədə kəm-kəsirli
məlumatı aradan qaldırmaq üçün
özümdə axtarış
aparmaq zərurəti
hiss etdim. Fərdi qaydada söhbətimizi
sonraya saxladım.
Buna məni ilk növbədə
Allahşükür Ağanın
"Ləpir" şeiri
sövq etdi:
Axşam
qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam
yağan yaz yağışından
Bir ovuc su saxlamış içində.
Bir alagöz sərçə
su içir
Ayaq ləpirimdən...
Bəli,
əsl Şərq fəlsəfəsindən nəşət
alan şeirdir.
Sonra "Uşaq dükanı"na nəzər saldım:
Uşaq
dükanlarında
Paltarlar
qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb-düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
"Buraxın bizi,
Hardasa üşüyürlər
uşaqlar".
Daha bir neçəsini diqqətlə
oxudum. İnternet resurslarında axtarış
verdim. "525-ci qəzet"də tanınmış
pedaqoq, alim, publisist Allahverdi Eminovun Allahşükür
Ağa barədə yazısına rast gəldim. O, Azərbaycan
Müəllimlər İnstitutunun
Salyan filialında dərs dediyi zaman tələbəsinin
ilk şeirlərinin oxucusu
olduğundan, ədəbiyyata
gəlişi üçün
yaratdığı imkandan
danışırdı. Allahşükürü məqalədə uşaq
şairi kimi səciyyələndirirdi. O şeirlərlə mən
də tanışam. Deyərdim ki, əslində, böyüklər üçün
yazılıb. İnanmırsınızsa,
"Çiçəyi içindən
arılar sancar yaman"ı, "Çay
düşüb"ü, "Sahilin arzusu"nu ... təhlil edin.
"Azərbaycan" jurnalının
poeziya şöbəsinin
müdiri, uşaq ədəbiyyatımızın kamil bilicisi Qəşəm Nəcəfzadə
bunu əsas götürərək Allahşükür
Ağanın "Quşlar,
buludlar, uşaqlar"
kitabına yazdığı
rəydə onun misradan-misraya, fikirdən-fikirə
inkişaf edən şair olduğunu göstərir: "O, qəlbinə
qəfil gələn tapıntıları deyil,
zəhmət və istedadın cilalanmasından
yaranan şeirləri vərəqə köçürür".
Buna görə də şairin şeirlərinə hansı
yaşlı auditoriya üçün nəzərdə
tutulmasından asılı
olmayaraq bitkin fikirlər bələdçilik
edir.
Bir daha
"525-ci qəzet"ə və onun baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
katibi, dostum Rəşad Məcidə qayıdıram. "10 misralıq
şeir müsabiqəsi"
adlı orijinal poeziya bəhsləşməsi
üçün cəmi
bir mükafat ayırmasını təqdir
etməsəm də, bunu novatorluq saydım. Fəqət xüsusilə gənc
yazarlarımız, o cümlədən,
Allahşükür Ağa
da şeir müsabiqəsinə qatılmaqdan
çəkinmədi. Mükafat almadısa da bir bəndlik
şeirini oxuculara ərmağan etdi:
Dünyanın düyün düşən
ipləri var,
Baş açdınmı
kələfinin ucundan?
İstisindən üşüyərsən, uyarsan,
Qurtarmazsan istisindən, öcündən.
Allahşükür Ağa görüşlərin
birində kitabın insanın dostu olmasından misallarla danışdı. İndi görürəm ki, onun səmimi qarşılanan şeirlərinin
uğrunda bu amilin təsiri az deyil:
Zəngin
mütaliə"pəncərədən
gözəl görünən
həyatdır":
Uzun-uzadı yolların sonunda
dayanan gəmi
Ümidə oxşayır.
Amma bir az yorğundu deyəsən
Çünki onu gözləyən
adam
Həyata
əlvida dedi dünən.
Yaxud
"Sevgi dilində"
şeirini götürək:
İnsan
dilində, adam
dilində,
Çiçək, dəmir, badam dilində
Mənimlə danışın, danışın
nə olar.
Mən ayrı dil bilmirəm,
Uzaqdan gəlmişəm,
yadam.
Bir ağıza qoşmayam,
Sevgi dolu fəryadam.
Mənimlə danışın,
Sonra barışın.
Əslində, şair düşüncələrini
hamımıza rəvan
dillə, pedaqoji səmimiyyətlə çatdırır. Hər birimizin bu dilə gündəlik necə böyük ehtiyacı var?!
Bilirsiniz, indi Allahşükür Ağanı məmnuniyyətlə
poeziya camiəsinin üzvü sayıram. O, kəmiyyət
yox, keyfiyyət ardınca gedir. "Təzadlar"ında yalnız gözündə
çaxan ildırımla
qəlbində doğan
günəşin, əl
arabasındakı gözəllə
harasa çıxıb
gedən, dördnala çapan ayaqlarının
fərqinə varır.
Şükür hissi ilə
yaşayan sərçənin
də duasını eşitməklə həssas
duyğu və düşüncə sahibi
olduğunu nümayiş
etdirir. Şairin
"Bayıl türməsi"
şeirindəki 3 misra
isə dil açıb danışan
tariximizdən sətirlərdir:
Bu asfaltın altında
Bayıl
türməsi olub bir vaxt.
Bizdə ürəyə bax,
Gör hardan keçirik?
Şair ictimai fikri oxuyurmuş kimi yazır:
Burda, bax burda,
Müşfiqin bir şeiri var,
Divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını
Götürüb saxlayaydıq.
Avropada daha çox görkəmli şəxsiyyətlərin həbs
olunduqları zindanların
muzeyə, nəsillərin
ekskursiya ünvanına
çevrilməsi, xəzinənin
gəlir mənbəyi
təcrübəsi nədənsə
söküntüdən öncə
yada düşməyib.
Allahşükür Ağa şairdir, şeirləri bunu təsdiqləyir. Yeni uğurları isə
əminik ki, öndədir.
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.15.