Feyzi Ersoyun "Bir kitaba
tutuldum" romanı haqqında qeydlər
"Divanü lüğat-it-türk" Türk
dünyasının ilk ensiklopedik əsəri olub XI əsrdə
yaşamış böyük türk alimi Mahmud Kaşğari
tərəfindən Bağdadda 1072-1074-cü illər
arasında yazılan türkcə-ərəbcə lüğətdir.
"Divanü lüğat-it-türk" həm XI əsrdə
türk dilinin söz xəzinəsinin zənginliyini
nümayiş etdirir, həm də o dövrdə insan və cəmiyyət
həyatı, türklərin maddi və mənəvi mədəniyyəti
ilə əlaqədar maraqlı qeydləri özündə cəmləyir. Bu baxımdan təxminən
min il əvvəl yazılan "Divanü
lüğat-it-türk" türk dilinin ilk lüğəti
olmaqla yanaşı, bir çox
araşdırmaçının da qeyd etdiyi kimi, tarixi və mədəni
qaynaqlarımızın da ilklərindəndir. Bir
xalqın həyat tərzi, dünyagörüşü o
xalqın dilində də özünü göstərir.
"Divanü lüğat-it-türk" təxminən
bir əsrdir ki, Türklük elminin başlıca
araşdırma mövzularından biri olmuşdur. Bu əsər dilçilik və ədəbiyyat
baxımından əhəmiyyətli olduğu qədər o
dövrün mədəniyyətini əks etdirməsi
baxımından da qiymətlidir. Türk
dili və türk mədəniyyəti, folkloru, etnoqrafiyası
və coğrafiyası prizmasında qiymətli bir əsərdir.
Türk dilinin bizə məlum olan ən qədim
lüğətidir, dəyərli və əhəmiyyətli
topludur.
Kitab ərəblərin türk dilini öyrənməsi
üçün yazılmışdır. Lüğət
şəklində tərtib edilmişdir. Lakin hikmətli
sözlər, atalar sözləri, şeir, nəsr və s.
nümunələrlə zəngindir. Səkkiz
bölmədən (əsərdə "kitab") ibarət əsər
ərəb dilinin lüğət qaydalarına uyğun
yazılmışdır.
Orijinalı bilinməyən əsərin bizə məlum
ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn
Əbu-Bəkr ibn Əbul-Fəth tərəfindən
üzü köçürülən və hal-hazırda
İstanbul Millət Kitabxanasında saxlanılan yeganə
nüsxəsidir.
Mahmud Kaşğarinin bu ölməz mirası XX əsrin
əvvəllərində bir təsadüf nəticəsində
Əli Əmiri əfəndinin əlinə keçməklə
bəlkə də, məhv olmaqdan xilas olmuşdur. "Divanü
lüğat-it-türk" əsərinin türk
dünyası üçün əvəzolunmazlığı
və onun əhəmiyyəti danılmaz faktdır. Onu əbəs
yerə türkologiya elminin ilk əsəri, Türk
dünyasının ilk lüğəti, lüğətçilik
elminin ilk mənbəyi adlandırmırlar.
"Divanü lüğət-it türk"ün yeganə
nüsxəsi tapılıb işıq üzü görənədək
maraqlı yol keçmişdir. Türkiyəli alim
professor Feyzi Ersoyun bu dəyərli abidənin keçdiyi yola
dair yazdığı roman - "Bir kitaba tutuldum" əsəri
o dövrün hadisələrinə bir çox yöndən
işıq salır. Professor Feyzi Ersoy Qazi
Universitetinin professoru, böyük dilçi alim Əhməd
Bican Ərcilasunun doktorantı olmuş, Türkiyədə
türk-monqol dil əlaqələri və çuvaş dili
sahələrində sanballı tədqiqatları ilə
tanınmış alimlərdəndir. Bu
gün həm də Türk Dil Qurumu sədrinin müavini vəzifəsində
çalışır.
Əlbəttə, "Divanü
lüğat-it-türk" bugünə qədər geniş
və hərtərəfli səkildə
araşdırılıb. Ancaq professor Feyzi
Ersoyun romanı "Divanü lüğat-it-türk" əsərinə
fərqli və orijinal yanaşmanın məhsuludur. Əsərin ən maraqlı xüsusiyyətlərindən
biri də əsərdəki tarixi paralellikdir. Müəllif
bir tərəfdən XX əsrin əvvəlinə
"Divan"ın Əli Əmiri əfəndi və Kilisli
Rüfət tərəfindən tapılması, nəşri
və s. hadisələri, digər tərəfdən də
müasir dövrdə "Divan"ın Türkiyə Milli
Kitabxanasından oğurlanaraq Şərqi Türküstanda
- Uyğurustanda uyğurların
məruz qaldığı haqsızlıqlara diqqət çəkmək
cəhdini işıqlandırır. İki
paralel hadisədən birincisi İstanbulda (1905), ikincisi Ankarada
(2017) cərəyan edir.
Ankarada cərəyan edən hadisələr isə
kitabın 22 sentyabr 2017-ci ildə "Milli Kitabxanada
soyğun" (səh. 3) xəbəri ilə başlayır. Ankaradakı hadisələrin əsas qəhrəmanı
Aykut xoca və Ertunc xocadır. Müəllif əsərdə
Aykut və Ertunc hoca vasitəsi ilə qurduğu dialoqlarla
türkologiyanın bir çox aktual məsələlərinə
də səyahət edir.
Müəllif oxucusunu gah 1905-ci illərə - kitabın
ortaya çıxdığı dövrə aparır, gah da
2017-ci ildə yeganə əlyazmanın Milli Kitabxanadan
oğurlanması ilə Türk dünyasında baş verən
proseslərdən danışır. "Divan"ın
Milli Kitabxanadan oğurlanması ilə Aykut xoca və Ertunc
xoca arasında başlayan dialoqlar fonunda Türk
dünyasında və türkologiyada baş verən bir
çox mühüm hadisələr və
qarşılıqlı müzakirələr şəklində
oxucuya çatdırılır.
İstanbuldakı hadisələr isə Əhmət
Nazif paşa ilə başlayır. Xəndan xanım, Əli
Əmiri əfəndi, Kilisli Rüfət və Ziya Göyalpla
davam edir. "Divanü
lüğat-it-türk"ün əlyazması isə 1905-ci
ildə İstanbulda Vaniköydə ortaya çıxır.
Vaniköydə
yaşayan, eyni zamanda, Osmanlının Maliyyə Naziri vəzifəsində
çalışan Əhməd Nazif Paşa ağır xəstəlikdən
əziyyət cəkdiyi üçün qardaşı
qızı Xəndanı yanına çağırır və
ona verdiyi əmanəti - kitabı qorumağı vəsiyyət
edir: "Bu kitaba gözün kimi bax. Xəndan,
bu kitabı yaxşı saxla. Kitab artıq
sənindir. Əgər gələcəkdə maddi
çətinliklə üzləşsən, apar kitabçılara
sat. Kitabdan başı çıxan adam
mütləq bunun dəyərini biləcək. Otuz qızıl sikkədən
ucuza satma ha! Lazım olsa, ehtiyaclarını bunu
satmaqla təmin edə bilərsən" (səh.11). Türk dünyasının qiymətli abidəsi -
"Divanü lüğat-it-türk" məhz bundan sonra
sonra ortaya çıxır.
İstanbul, Bəyazit meydanı. 1922-ci ilin fevralı.
"Divanü
lüğat-it-türk" hələ də Xəndan
xanımın evində bir sandığın içində
saxlanılırdı (səh.24). Nazif Paşa rəhmətə
gedəndən sonra Xəndan xanımın səhhəti ilə
yanaşı, maddi vəziyyəti də pisləşmişdi.
O, kitabı satmağı, qalan ömrünü kitabın pulu
ilə keçirməyi düşünürdü. Ancaq bir müddət kitabı satmaqda tərəddüd
elədi. Çünki əmisi əlyazmanın
çox qiymətli olduğunu demişdi. Ancaq
ehtiyacı olduğu təqdirdə kitabı satmağı vəsiyyət
etmişdi. Onu məhz maddi ehtiyacı
kitabı satmağa vadar edirdi. Xəndan
xanım bu qarışıq fikirlərlə kitabı
sandıqdan götürüb Bəyazit meydanındakı məşhur
kitab dükanlarına (sahaflara) aparır. Bir neçə
mağazaya girdikdən sonra nəhayət ki, köhnə
kitablar alan bir mağaza tapır. Burhan adlı adama əlyazmanı göstərib 30
qızıl sikkədən aşağı
satmayacağını söyləyir.
Uzun
müddətdir kitab işi ilə məşğul olan Burhan əfəndi
təbii ki, əlyazmanın çox qiymətli olduğunu
bilir və Xəndan xanıma xahiş edir ki, əsəri bir
neçə günlüyə ona versin. Məqsədi əlyazmanı
zər qədrini bilən zərgərə - çoxdan
tanıdığı Əli Əmiri əfəndiyə
göstərmək idi. Əlbəttə ki, kitabı alacaq adam - Əli Əmiri əfəndi ola bilərdi.
Doqquz yaşından bəri bircə şeyə
marağı var idi - kitab oxumaq (səh.40). Nə tapsa,
oxuyardı. Uşaq vaxtı dostları oyun
oynayanda belə, o, həmişə bir kənarda oturub gözlərini
kitaba zilləyərdi. Xüsusilə
Osmanlı sultanlarının həyat hekayələrini
oxumağı xoşlayırdı.
Əli Əmiri
əfəndi otuz il müxtəlif vəzifələrdə
işləmişdi. Təqaüdə
çıxdıqdan sonra İstanbulda yasayırdı. O,
yalnız oxumaqla kifayətlənmir, əlinə keçən
pulun çoxunu kitablara xərcləyirdi. Həftədə
ən azı 3-4 kitab dükanına gedib təzə kitablar
alırdı. Kitablara o qədər düşkün idi ki, bəzən
maraqlı və yeni bir kitab üçün günlərlə
yol getməli olurdu.
Əli Əmiri əfəndi çox vaxt axşam
namazından sonra Bəyazit meydanının
yaxınlığında yerləşən Diyarbəkir qiraətxanasına
gedir, oradakı qohumları ilə ədəbiyyat və tarixdən
söhbət edir, ölkə məsələlərindən
danışırdılar. Həmin vaxtlar
"Türk yurdu" və "Gənc qələmlər"
kimi məşhur jurnallarda dərc olunan yazılar ciddi və
qızğın müzakirə edilirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, əsər iki dövrü əhatə edir və müəllif hadisələri paralel şəkildə verir. Əsərin ən maraqlı tərəflərindən biri də Aykut hocanın əsər boyu bir-birindən maraqlı fikirləri və təbii ki, Ertunc hoca ilə muzakirələridir. 27 sentyabr 2017-ci ildə Ankarada cərəyən edən bir dialoqdan bir fikri olduğu kimi qeyd etmək istərdim.
"Kitab nədir? Bəzilərinə görə bir dost, bəzilərinə görə bir sirdaş, bəzilərinə görə də bir yol yoldaşı. Fərqli dünyalara açılan böyük bir qapı. Keçmişi bu günə və gələcəyə daşıyan böyük bir dəyər. Kitablar olmadan, görəsən, insan necə yaşayıb?" (s. 46)
"Bir kitaba tutuldum" romanında "Divanü lüğat-it-türk" toplu hekayəsindən xüsusi bəhs edilməsi əsərin özünəməxsus cəhətlərindəndir. Romanın 92-ci səhifəsində görürük ki, 1912-ci ildə İstanbulda Divanyolundakı kitabxanada kitabxanaçı Burhan əfəndi ilə Əli Əmiri əfəndinin lüğət barədə danışıqları bu lüğətin taleyində dönüş nöqtəsi olur. Məhz bu sövdələşmədən sonra Burhan əfəndi "Divanü lüğat-it-türk"ün əlyazmasını 30 qızıl sikkəyə Əli Əmiri əfəndiyə satır.
Əsərdə gənc tədqiqatçılar - Turqut, Bilgə, Çingiz də xüsusi süjet xəttinin obrazlarıdır. Aykut hocanın yetirmələri olan bu gənclər istər araşdırmaları ilə, istərsə də ədəb-ərkanları ilə yadda qalırlar.
Əsərin 84-cü səhifəsində 1912-ci ilin aprelində İstanbulda Kadirpaşada Əli Əmiri əfəndi ilə Kilisli müəllim Rüfət arasında keçən dialoq da maraqlıdır. "Divanü lüğat-it-türk" kitabının Əli Əmiri əfəndinin aldığını bilən Kilisli Rüfət onu görmək üçün Əli Əmir əfəndinin evinə gəlir. Lüğəti ilk dəfə görən Kilisli Rüfət daha sonra onun nəşr edilməsi və paylanması üçün Əli Əmiri əfəndidən xahiş edir. Əli Əmiri əfəndi də lüğətin ancaq Kilisli Rüfət tərəfindən düzgün şəkildə çap edilə biləcəyini düşünür və onun bu təklifini qəbul edir.
12 avqust 1913-cü ildə İstanbulda Ziya Göyalpla Kilisli müəllim Rüfət arasında olan dialoqlarda da çox mətləblərə toxunulur:
Kilisli Müəllim Rüfət:
- Türkçülük nədir?
Ziya bəy:
- Məncə, türkçülüyün ən qısa izahı: türk millətini yüksəltməkdir.
- Türkçülüyün ideyaları nədir? Bu haqda nə söyləyə bilərsən, Ziya?
- Məncə, türkçülükdə yaxın idealımız Oğuz birliyi, uzaq idealımız Turan olmalıdır (s. 96).
- Bəs Vətən deyəndə nə başa düşməliyik?
- Vətən dini, əxlaqi, estetik gözəlliklərin bir muzeyidir, bir sərgisidir. Vətən, uğrunda həyatlar fəda olan müqəddəs bir ölkə deməkdir. "Türk millətinin vətəni haradır?" desən, buna cavab olaraq "Turandır!" deyərəm (s.97).
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən, böyük və əbədi bir ölkədir: Turan (s.98).
Kilisli Rüfət Ziya Göyalpın şeir deməyini çox bəyənmişdi.
- Ziya, lisanımızın hazırkı vəziyyəti haqda nə
düşünürsən? Yeni dil normasına necə
baxırsan?
- Əlbəttə,
bu mənada çox yaxşı baxıram və dəstəkləyirəm. Başqa dillərə baxanda millətlərin özlərinə
aid dilləri olduqlarını görürük. Başqa paytaxtların hamısında
danışılan dillə yazılan dil eynidir.
- Bizdə
elə deyil, təəssüf ki..
- Deyil, əlbəttə!
İstanbulda gördüyümüz bu ikidillilik
bir xəstəlikdir. Ancaq hər xəstəlik
kimi bu da müalicə oluna bilər.
Kilisli
müəllim Rüfət maraqla soruşdu:
-
Müalicə necə olmalıdır?
Ziya
Göyalp:
- Ya yazı dilini danışıq
dilinə gətirmək, ya da danışıq dilini eyni
zamanda yazı dilinə gətirmək lazımdır. Bu iki cavabdan biri mümkün deyil.
Çünki İstanbulda yazılan dil təbii bir dil deyil, esperanto kimi süni bir dildir (s.98).
Həmin dövrdə İstanbulda "Divanü
lüğat-it-türk" əsəri haqqında söhbətlər
gəzirdi.
Kilisli Rüfətlə Ziya Göyalp da söz lüğətdən
düşmüşkən onun haqqında da geniş danışdılar.
Ziya
Göyalp:
- Sən
"Divanü lüğat-it-türk"ü gördün?
Kilisli
müəllim Rüfət:
- Həm
gördüm, həm də oxudum.
- Ax
Rüfət, mən eşq nədir bilməzdim: indi bu
kitabın eşqinə düşdüm. Leylisini
axtaran Qeysə döndüm. İnan gecələri
gözümə yuxu da girmir. Onu
ağlımdan çıxara bilmirəm. Bu
xəzinənin açarı səndədir, Rüfət.
Yalvarıram aç bu qapını.
-
Açarı məndədir?
- Əlbəttə, səndədir. Kömək et,
bu kitabı nəşr edək. Bütün
türklərə, türkçülüyə ərmağan
olsun.
- Ziya,
inan, bunu mən də istəyirəm (səh.99).
Müəllif əsərdə bu dialoqları geniş şəkildə verməklə türkçülüyün və türk dünyasının ən böyük xəzinələrindən olan "Divanü lüğat-it-türk" sözlüyünün ortaya çıxma hekayətini də vermiş olur. Əsərdə daha sonra Kilisli Rüfətin Əli Əmiri əfəndidən lüğətin alması və nəşr etməsi də ətraflı təsvir olunur.
Professor Feyzi Ersoy "Bir kitaba tutuldum" romanında həm "Divanü lüğat-it-türk"ün tapılmasını, həm də nəşrini gözəl üslub və təhkiyə ilə oxucusuna çatdırır, o dövrün hadisələrini orijinal təsvirləri ilə göz önündə canlandırır.
Romanda maraqlı məqamlardan biri əlyazmanın qeyd etdiyimiz kimi, Türkiyə Milli Kitabxanasından oğurlanması və oğurlayanların bu əməlləri ilə Türk dünyasında, Çində uyğurların məruz qaldığı ayrı-seçkiliyə və işgəncələrə diqqət çəkmək istəmələridir. Bu da təsadüf deyil. Kaşğarlı Mahmudun elində türklərə qarşı edilən haqsızlıqlara bütün Türk dünyasının diqqətini məhz onun əsərini oğurlamaqla çəkmək olardı.
Romanda bir çox vacib məsələləri dialoqları ilə dilə gətirən əsərin qəhrəmanlarından Aykut hoca Türk dünyasının tanınmış türkoloqlarından professor Əhməd Bican Ərculasun, Ertunc hoca isə türkologiyanın görkəmli alimlərindən professor Tuncer Gülənsoydur. Müəllif bu məqamda böyük alimlər arasında qurduğu dialoqlarla əsərə xüsusi bir dəyər qatır. Xüsusilə Aykut və Ertunc hocanın yetirmələri ilə birlikdə Qazi Universitetində təşkil etdikləri "Çərşənbə iclasları" (Perşembe oturumları) da əsərdə təsvir olunan maraqlı hadisələrdəndir.
Əlbəttə, "Divanü lüğat-it-türk" əsəri müxtəlif aspektlərdən araşdırılıb, ancaq bu roman onun tapılmasına və nəşr edilməsinə həsr edilmiş ilk bədii əsərdir.
Professor Feyzi Ersoy türkologiya üçün
son dərəcə əhəmiyyətli bir əsər ortaya
qoyub. Müəllifi bu orijinal
romana görə təbrik edir, türkologiya sahəsində
apardığı tədqiqatlarda uğurlar diləyirik.
Elçin İBRAHİMOV
"Türkologiya"
jurnalının məsul katibi, Azərbaycan Mətbuat
Şurasının üzvü
525-ci qəzet.- 2019.- 30 noyabr.- S. 14;
15.