Sözün Xəzər ümmanı
"Literaturnaya qazeta"
Kamal Abdullanın
"Kitabi-Dədə Qorqud"
poetikasına giriş"
kitabı haqqında resenziya dərc edib.
Rusiyanın tanınmış alimi
və ədəbiyyatşünası
Konstantin Kedrovun bu ölkənin nüfuzlu
"Literaturnaya qazeta"
nəşrində Xalq
yazıçısı Kamal
Abdullanın "Kitabi-Dədə
Qorqud" poetikasına
giriş" əsəri
haqqında "Sözün
Xəzər ümmanı"
adlı resenziyası çap olunub.
Həmin resenziyanı təqdim edirik.
(Kamal Abdulla. Vvedenie v pogtiku "Kitabi-Dədə
Korkud. Zarevoy variant. - M.: Xudojestvennaə
literatura, 2018.)
Akademik Kamal Abdulla qədim epik əsər - "Kitabi-Dədə Qorqud" haqqında
çox maraqlı bir monoqrafiya yazıb. Aydındır ki, mənə, 1989-cu ildə "Sovetski pisatel" nəşriyyatının çap
etdirdiyi "Poetik kosmos" əsərinin müəllifinə, alimin
eposun hələ də yaranmaqda olan dünyamız üçün
əzəli başlanğıc
olmuş kosmik partlayışın
əks-sədasından başqa
bir şey olmadığı barədə fikri çox yaxındır.
İnkar
etmək olmaz ki, möhtəşəm dastanlar kökləri ilə Frezerin, Freydin, Yunqun, Haydeqerin, M.Eliadenin və arxaik mədəniyyət qatlarının
başqa tanınmış tədqiqatçılarının lap çoxdan aşkarlamış olduqları ilkin arxetipik qatlara gedib çıxır. Kamal Abdulla da diqqətinin bu vaxta kimi az öyrənilmiş
mağara arxetipi üzərində cəmləyir.
O, tamamilə haqlı
olaraq, əks sədası Homerin "Odiseya"sından, dənizçi
Sindbadın yetərincə
öyrənilməmiş səyahətlərindən
və "1001 gecə"dən
gələn
əlahiddə bir
mağara sivilizasiyasından
danışır. Ən əsası
isə, alim öz ruhuna görə Monqolustandan İspaniyaya kimi bütün ibtidai xalqlar üçün doğma olan mağara təsvirlərində
bir ümumilik görür.
Belə olduqda mağaradan işığa çıxma
məqamını xüsusi
qeyd etmək vacibdir. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Platonun mağara zülmətində yaşayan
və günəş
haqqında bilgiləri
yaşadıqları məkanın
divarlarında əks olunan kölgələrlə
məhdudlaşan məşhur
"mağara adamları"
surəti Kosmosun və Xaosun, bir az sadə
dillə desək, mədəni mifin, yaranış məqamını olduqca dəqiq əks etdirir. İşığı
görmək arzusu ilə mağaranı tərk edən qəhrəman -
həm Prometey, həm Orfey, həm Odissey və həm də, əlbəttə ki, Dədə Qorquddur. Gerçək işığı gördükdən sonra o,
mağaraya qayıdır
ki, insanları, sözün həqiqi mənasında maarifləndirsin.
Qorqud təkcə
maarifçi deyil, o, eyni zamanda, Prometey
kimi allahlara qarşı üsyan edən və daşlaşmış inancları
darmadağın edəndir. Onun "çıxan
can geri gəlməz"
koanı bu gün də ekzistensial olaraq cəsarətli səslənir.
Monoqrafiyanın müəllifi Qorqudun
XX əsrin ən cəsarətli fəlsəfi
mühakimələrinə olan bu gözlənilməz
yaxınlığını görür. Bəs bunda
təəccüblü nə
var? Əgər
biz bu gün öz cihazlarımızla Kainatda 13 milyard il bundan əvvəl
baş verənləri
tuta biliriksə, onda
niyə bəs ibtidai-mağara dövrünün
şairi gələcəkdən
gələn dalğavari
titrəyişi hiss etməsin?
Epos təkcə keçmiş haqqında deyil, həm də gələcək haqqındadır.
Daha bir vacib müşahidə. Bizim məcaz
saydığımız bir
nəsnə müəllif-aşıq
üçün real möcüzə
idi. Müasir dilə tərcümə edirik: "Atlı atını mahmızladı
və quş kimi divarı aşdı". Əsl nüsxədə isə deyilir: "O, atı mahmızladı və quş oldu". Və ya da,
oğul anasına təskinlik verir: "Mən ölərəm, amma sənin mənim kimi cəsur bir oğlun doğulacaq". Əsl nüsxədə isə belədir: "Mən öləcəyəm,
sənin oğlun olacaq,
o da mən
olacaq". Bu magiyanın
incəliyi ondadır ki, qədim insanlar sözü gerçəkliyin işarəsi
kimi deyil, gerçəkliyin
özü kimi qəbul edirdilər.
Bu məqamda müəllif dahi
filosof Aleksey Losevlə
lap yaxın mövqedə
durur. Losev özünün Platonla və neoplatoniklərlə
mübahisəyə həsr
olunmuş çoxcildli
əsərində vurğulayır
ki, istənilən gerçəkliyin, istənilən
şeyin əsasında
Platonun təkid etdiyi kimi ideya,
Aristotelin hesab etdiyi kimi eydos deyil, Ad durur. Afon müdriklərinin
"Tanrı Ad deyil, amma Ad Tanrıdır" tezisi bəşəriyyətin qədim
mədəniyyətinin mənbəyinə
gedib çıxır.
Buna görə də Qorqud, Adəmin də etdiyi kimi, ad qoyur. Nə qədər ki,
insan qəhrəmanlıq
etməyib, o, sanki yoxdur, adsızdır.
Və qəhrəman etməli
olduğu qəhrəmanlığı
etdikdən sonra ad yiyəsi olur.
Əsrlərin dərinliklərinə gedib çıxan və oradan bizə sarı gələn Azərbaycan dastanının əsl mənası heç vaxt tükənməyəcək.
Belə bir fikirlə razılaşmaq
olar ki, XV əsrdə tamamlanmış
çox əsrlik sənət əsəri öz dövründən daha çox əbədiyyətə - xronotopa məxsusdur. Fiziklər heç nəyin yoxa çıxmadığı və
hər şeyin davam etdiyi, keçmiş
və gələcəyin
eyni bir gerçəkliyin şərti
işarəsi olduğu hansısa bir dünya hadisələri xəttindən
danışırlar. Eyni bir hadisənin təkrar-təkrar
oynanıldığı, çoxlu
sayda təkrarlandığı
epik təkrarlar da elə buradan
doğur.
Ahəngverici miflə xaosun mübarizəsi bütün
süjetlərin içindən
keçir. Buna görə
süjetlər nə qədər müxtəlif
olsa da, dastan təkdir. Burada söz mütləq
deyil, o, özlüyündə
yetərlidir. Onu
təkcə eşitmək
yox, həm də görmək lazımdır: "Xan söylədi, görək,
xanım, nə söylədi". Bu, çoxminillik adların qoyulması və sözlərin toplanması
dövrüdür. Burada deyilmiş
sözlə yazıda
həkk olunmuş söz ayrılmazdır.
Buna görə də Qorqud Sözün Xəzər ümmanıdır. Sözlər
də külək zamanı yaranan dalğalar kimi yaranır və təhkiyənin hamar səthinə çevrilə
bilirlər.
Sözlər ancaq söz
haqqında deyilir, onların arxasında gizlənən hansısa bir gerçəklik haqqında yox. İohannın İncilinin
əvvəlini xatırlayaq - "Əvvəl
Söz olub və Söz Tanrı idi".
Mən bu gözəl monoqrafiyanı riyaziyyatçı Qriqori Perelmanın kəşfi ilə - əlaqəlilik adlanan bir hadisə ilə - tamamlayardım: dünyamızın dördölçülü kürəsinin hər bir nöqtəsi bütün kürəni ehtiva edir, bütövlükdə kürə isə istənilən cismin hər bir nöqtəsinə gətirilib çıxarıla bilər. "Odisseya"nın kompozisiyası belədir və Qorqud haqqında dastanın da kompozisiyası bu cürdür. Hamımız eyni bir fikrə qayıdırıq: "Çıxan can geri gəlməz", - ona görə də ötəri həyatın hər bir anına sonsuz dərəcədə böyük dəyər vermək, sənin kimi yox olacaq bütün insanları sevmək lazımdır. Oxşar məqamla Gilgameş haqqında şumer-babil dastanında, eləcə də Orfey və Evridik haqqında mifdə də rastlaşırıq. Ovsunların gücü hesabına Aiddən çağırılmış kölgə Odisseyə deyir: "Yer üzərində qul olmaq, ölülər səltənətində çar olmaqdan yaxşıdır.
Qorqud - həyat dərsləri keçən müəllim, peyğəmbər və müəllifdir. Onun kahin magiyası ilə poeziya arasındakı keçid vəziyyəti qədim anlayış olan "maraq" anlayışı ilə tam ifadə edilə bilir. Maraq Hamletin məşhur "Olum, ya ölüm" deyimindəki "ya" kimidir. Qorqud yaramaz insanlara hökm çıxara və ya qəhrəmanların başına şübhəsiz haqlılıq çələngi qoya bilməz. O, "ya" vəziyyətindədir. "Ya" - azadlıq və maraqdır.
Hələ də yetərincə öyrənilməmiş dastana olan marağımız heç vaxt sönməyəcək. "Odisseya"nın, "Bxaqavat-Gita"nın, "Manas"ın, "İqor polku haqqında dastan"ın məna və məzmunu tükənməzdir. Burada cavablardan daha çox sual var. Bu baxımdan bütün araşdırmalar dəyərsizdir. Təsadüfi deyil ki, müəllif Homerə inanaraq Troyanın, bəlkə də Troyanın yox, özünün Troya arzusunun yeddi qatını qazıb üzə çıxarmış Şlimanı xatırlayır. Bu mövqe mənə çox yaxın və aydındır. Odissey haqqında oxuyarkən son nəticədə başa düşürük ki, Odissey - biz özümüzük. Qorqudla birgə dünyamızın qaranlıq mağarasına dönərkən, biz Orfeyin Evridikanı axtararkən keçdiyi yolu təkrarlayırıq. Qorqudlar çoxdur. Onlar hər əsrdə var və eyni zamanda da bunların hamısı tək bir Qorquddur. Epos heroqlif kimidir. Azərbaycan eposu haqqında yeni tədqiqatı oxuyandan sonra bir daha əmin oldum: bütün özəlliklərimizə, zahiri fərqlərimizə baxmayaraq, hamımızın son dərəcə eyniyik. Əbədiyyət axtarışında olan insan haqqında dastan heç vaxt bitməyəcək, çünki insan özü mahiyyətcə sonsuzdur.
Konstantin KEDROV
Fəlsəfə elmləri doktoru,
filosof, ədəbi tənqidçi, Rusiya Pen Klubunun
İdarə Heyətinin və Beynəlxalq Əsilzadələr
Birliyinin üzvü
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.12.