"Qələmsiz yazılanlar"
İSTANBULDA,
TÜRK ƏDƏBİYYATI VƏQFİNDƏ
KEÇİRİLƏN TƏQDİMAT MƏRASİMİNDƏN
QEYDLƏR
"23 Noyabr, saat 14:00" - bu qeydi bir həftə
öncədən yaddaş dəftərçəmə
yazmışam. Həmin gün Rəşad Məcidin yeni
kitabının İstanbulda, Türk Ədəbiyyatı Vəqfində
təqdimatı olacaq.
Onun "Qələmsiz yazılanlar" kitabının
Türkiyədəki oxucular, araşdırmaçılar tərəfindən
necə qarşılanacağını səbirsizliklə
gözləyirəm. Evdən Vəkfin binasına gələnə qədər
bu çoxsəsli, çoxmillətli şəhərdə
onlarla fərqli dildə danışan adamların səsini
eşidirəm və ana dilimdə uzun-uzun söhbət etmək
üçün darıxdığımı anlayıram...
Binanın
pilləkənlərini yavaş-yavaş qalxarkən uzaqdan tanış bir səs eşidirəm. Beynimdə bir səs "Rəşad müəllim
buradadır" deyir. Görüşürük.
Biz söhbət edirik, bu arada toplantı zalı
dolur. Bir nəfər yaxınlaşıb Rəşad
müəllimin burada olub-olmadığını soruşur məndən.
Elə bilirəm, müəllimin
tanışıdır, amma sonra məlum olur ki, yoldan keçərkən
binanın çölündəki afişanı görüb.
Beləcə, onu şəxsən tanıyanlar və sadəcə
mətnlərindən tanıyan oxucular bir-bir gəlirlər...
Tədbiri
giriş sözüylə açan Türk Ədəbiyyatı
Vəqfinin başqanı Sərhat Kabaklı Azərbaycan
Yazıçılar Birliyi ilə olan sıx münasibətlərindən,
Rəşad Məcidin şair, jurnalist kimi fəalliyyətindən
danışır. Sonra isə onun bioqrafiyasının ən
mühüm məqamlarından söz açır.
Kitabın
redaktoru, yazıçı Bəxtiyar Aslan
çıxışının əvvəlindəcə
vurğulayır ki, Rəşad Məcidin sadəcə
Türkiyə üçün yox, bütün Türk
Dünyasıyla bağlı gördüyü çox önəmli
işlər var: "O, Azərbaycanda jurnalistika sahəsində
yeniliklər yaratmış bir qəzetçidir. "525-ci qəzet" sadəcə xəbər qəzeti
deyil, bir ədəbi məktəbdir. Yəni
bizim bu Vəqfdə bir araya gəlib etmək istədiklərimizi
Rəşad Məcid qəzet vasitəsilə etməkdədir.
Bu qəzetdə həm gənc yazarların, həm
də ölkənin önəmli imzalarının dəyərli
yazıları yayımlanmaqdadır. Bununla
yanaşı, o, həm də şair və nasirdir. Bu gün burada təqimatını keçirdiyimiz
"Qələmsiz yazılar" həm də ədəbiyyata
yeni bir janr təklifidir. Bəlkə də
bütün dünya ədəbiyyatına bir təklifdir.
Bu kitabdakı yazılar qələmlə yox,
klaviatura ilə yazılıb. Sosial
mediadakı paylaşımların ədəbiyyata təsiri
haqqında çox danışılır. Bu mövzu hazırda dünyanın gündəmindədir.
İndi biz "fast food" dönəmi
yaşayırıq. Qaçaqaç
içindəyik. Beləcə, ədəbiyyata
ayrılan vaxt da azalır. Bəs bu sürət
əsrində insanlar ədəbiyyat ehtiyacını necə
qarşılayacaq? Qərbdə qısa
hekayə janrının inkişafı bu suala biraz cavab verir.
Yəni əlli-yüz sözlə yazılan
hekayələr bu qaçaqaç içində rahatlıqla
oxumaq üçün uyğundur. "Qələmsiz
yazılanlar" da biraz qısa hekayələri
xatırladır. Amma buna sadəcə
qısa hekayə demək çətindir. Bunların içində aforizmlər də var və
bəzi hissələri gündəlik kimi oxumaq da olar. Gələcəkdə Rəşad Məcidin həyatıyla
bağlı araşdırma ediləndə bu qeydlər önəmli
bir mənbə olacaq. Bu mətnlər
yazarın hansı gün nəyi
düşündüyünün, hara getdiyinin
ipuclarını verir. Beləcə, sosial
media üzərindən ədəbiyyat tarixi də yazmaq olar.
Kitaba yazdığı ön sözdə akademik İsa
Həbibbəyli bu yazıları Qobustan qayalarındakı rəsmlərilə
əlaqələndirir. Orijinal bir yanaşmadır. Bir adamın qaya üzərinə rəsm çəkməsi
və ya damğa vurmasını bir neçə mənada
yozmaq olar. Əvvəla, həmin adam
"mən burada yaşadım" mesajını verir, sonra
isə "bu coğrafiya mənə aiddir"-deyir. Ona görə buna ciddi yanaşmaq lazımdır.
Onsuz da simvollarla danışmaq bizi sonradan sənət
tarixinə aparıb çıxaracaq. Rəşad
Məcidin bu qeydləri də sadəcə bir sosial media
paylaşımı deyil. Bunlar gələcəyə
olan bir mesaj və eyni zamanda, yeni bir janr yaratmaq istəyidir.
Bu kitabın içində esse də var, aforizm də, gündəlik
də, xatirələr də... Qısası, bu kitabda ədəbiyyat
və sosiologiya adına
araşdırılacaq önəmli məsələlər
var".
Kitabı Türkiyə türkcəsinə
çevirmiş yazıçı və tərcüməçi
İmdat Avşar "Qələmsiz yazılanlar"ın
Türk Dünyasında misli görülməmiş bir kitab
olması səbəbilə Türk Ədəbiyyatı Vəqfinin
təşkil etdiyi bu görüşü son dərəcə
önəmli işlərdən biri kimi dəyərləndirdi. İmdat Avşar kitabın
dəyərini daha yaxşı anlamaqdan ötrü
çağımız üçün dəyişikliyin nə
qədər önəmli olmasını vurğuladı:
"Gün keçdikcə öyrəşdiyimiz dəyərlər,
sistemlər dəyişməkdədir. Sürətli
bir çağda yaşayırıq. İstər-istəməz
hamımız bu dəyişmənin içində yer
alırıq və zamanla adaptasiya oluruq. Xüsusən
texnologiya inanılmaz bir sürətlə inkişaf edir.
Məsələn, 20 il öncə istifadə
etdiyimiz o böyük telefonlar indi haradadır? Hər
şeyin bir son istifadə tarixi var. Var olan bütün texnoloji
cihazların, insanların, düşüncələrin, sənətin,
ədəbiyyatın son istifadə tarixi var. Bir zamanlar
fotoaparat çıxarkən rəssamlar narahat idi. Onlar anladılar ki, fərqli bir yol
tutmalıdırlar. Beləcə, fiqurativ rəsmlərdən
abstrakt rəsmlərə keçildi. Bu
nümunələrin sırasını uzatmaq olar. Qısaca demək istəyirəm ki, dəyişiklik
qaçılmazdır. Bir zamanlar qalın
romanlar yazılırdı, amma indi dövr başqadır.
Bu sürət çağında ədəbiyyatın
yeni bir yol tapması, zamana uyğunlaşması
lazımdır. Bu girişdən sonra Rəşad
Məcidin "Qələmsiz yazılanlar" kitabına gəlirəm.
Yəqin burada oturan hər kəsin sosial media
hesabları var, hər gün internetdən istifadə edirik.
Amma bu yenilik içində biz çox şeyin
fərqinə varmadıq. Məsələn,
Rəşad Məcidə qədər sosial mediada
yazdıqlarımıza fərqli bir ədəbi janr olaraq baxa
bilmədik. Onun əsas uğuru bundadır
ki, bu dəyişikliyi yazar zəkasıyla duydu və belə
bir kitab yazdı. Bu kitab, məncə, ədəbiyyat
dünyasında yeni polemikalara səbəb olacaq. Kitabda Azərbaycanın ictimai-siyasi həyatına, mədəniyyəti
və ədəbiyyatına dair çox dəyərli
yazılar oxuyacaqsınız. Biz indi bunun nəzəriyyəsindən
ətraflı olaraq danışa bilmirik, çünkü bu
janr yenidir. Zamanla ədəbiyyat nəzəriyyələri
bunun haqqında yazacaq. Gələcəkdə bəlkə
kimsə Rəşad Məcidin facebook statuslarına yazılan
şərhləri toplayıb yayınlayacaq, hər şey ola bilər. Mixi yazıdan qələmsiz
yazılanlar dövrünə gəlmişik. Rəşad Məcidin sosial medianı ədəbi məkan
olaraq görməsi önəmli bir faktordur. Bir daha müəllifi təbrik edirəm".
Həm Bəxtiyar Aslanın, həm də İmdat Avşarın sosial media və ədəbiyyat haqqındakı analtik düşüncələri "Qələmsiz yazılanlar"ın önəmini oxuculara daha ətraflı çatdırdı. Bu fikirlər ədəbiyyatdan çox fəlsəfəylə bağlıydı. Zalda əyləşənlər arasında İstanbulda yaşayan filosof Səlahəddin Xəlilov da vardı. Kitab haqqında o da fikirlərini bölüşdü: "Rəşad Məcidi öncə jurnalist kimi tanımışam. Onun rəhbərlik etdiyi "525-ci qəzet"in müəlliflərindən biri olmuşam. Bizdə qəzetlər çoxdur, ancaq bu qəzetin ictimasi-siyasi, mədəni mühitdə böyük rolu var. Bu qəzet xüsusən gənc yazarların ilk tribunasıdır. Qəzet əslində, zamanın nəbzini tutmaqdır. Bugün diqqətlə baxsaq, görəcəksiniz ki, cəmiyyətdə ən çox tanınan imzalar jurnalistlərdir. Bəlkə də, zamanın ab-havasını onlar daha yaxşı duyduqları üçün bu belədir. Rəşad Məcidin də əsas məziyyətlərindən biri zamanın ruhunu duya bilməsidir. O, zamanın içindən baxaraq həyata, cəmiyyətə dəyər verir. Jurnalistikanın çevikliyi ilə ədəbiyyatın yaradıcılıq gücünü uğurlu şəkildə sintez edir. Həm klassik müəlliflərlə, həm də gənclərlə yaxşı anlaşır. Gənclik ruhla bağlıdır, zamanla ayaqlaşmaqla, zamanla iç-içə olmaqla bağlıdır. Əgər sən hələ də 40-50 il öncəki kimi düşünür, o şəkildə yazırsansa, gənc sayıla bilməzsən. Məsələn, bizim böyük yazıçımız Anarın tez-tez Yazıçılar Birliyinin sədrliyindən getməsini istəyənlər olur. Elə bilirlər ki, gənc biri o posta gəlsə, böyük dəyişikliklər olacaq. Yanılırlar. Anar zamanın ruhunu duyan, zamanın nəbzini tutan böyük yazıçıdır. Bu mənada mən Anarı gənc hesab edirəm. Demək istəyirəm ki, Rəşad Məcid keçmiş, indi və gələcək arasında körpü rolu oynayır. Bu kitabı da klassik ədəbiyyata, keçmişə yönələn inkar yox, alternativ olaraq dəyərləndirirəm. Bu alternativi alqışlayıram, müəllifi təbrik edirəm".
Zalın Rəşad Məcidə olan sevgisi aşkar hiss edilir. Onu tanıyanların, oxucularının qəribə bir enerjisi var. Elə bil hamı onun haqqında fikir bildirmək, nəsə demək istəyir. Amma vaxt məhduddur. Ona görə son iki nəfərə söz veriləcəyini deyir İmdat Avşar. Hamı maraqla o iki nəfərin kim olacağını gözləyir. Söz tanınmış yazar və tərcüməçi Yasemin Bayerə verilir: "Həyat yoldaşımın işinə görə biz uzun müddət Bakıda yaşadıq. Bu illərdə Azərbaycan Yazıçılar Birliyi ilə yaxşı münasibətlərimiz oldu. Rəşad Məcidlə də Bakıda keçirdiyimiz illərdə tanış olduq. Yanılmıramsa, Rəşad Məcidi Türkiyə türkçəsinə tərcümə edən ilk mən oldum. "Sular Güneşe Şarkı Söylerken" kitabında beş nasirin hekayəsini tərcümə etdik. Bu kitabda onun "10 sentyabr" hekayəsi yer aldı. Burada "525-ci qəzet" haqqında çox danışıldı. Mənə görə bu qəzet bir ensiklopediyadır. Bu qəzetdə Azərbaycanın çox böyük alimləri, yazarları, siyasət adamları yazıblar. Qəzetin ictimai və ədəbi baxımdan güclü bir duruşu var. Yadımdadır ki, qəzetin şənbə sayını o zaman da hər kəs maraqla gözləyirdi. Qısacası, Rəşad Məcidi tanıdığım, oxuduğum və tərcümə etdiyim üçün çox məmnunam. "Qələmsiz yazılanlar" kitabıyla ədəbiyyata yeni bir janr gətirdiyi üçün ona təşəkkür edirəm".
Mən də daxil olmaqla zalın gözü sonuncu çıxış edənin kim olacağını axtarırdı, birdən adımı eşitdim. İndi bu yazını yazarkən, sözsüz ki, öz çıxışıma əlavələr edə, dediklərimə biraz da "bəzək vura" bilərəm. Amma bu davranışı doğru hesab etmirəm və lentdəki səsimi yazıya köçürürəm: "Hamı "525-ci qəzet"dən danışdı, ədəbi məktəb olaraq dəyərləndirdi. 2013-cü ildə mənim də yolum bu qəzetdən keçdi. Burada çox şey öyrəndim, həyatımın önəmli bir dönüş nöqtəsi oldu. Həqiqətən bir məktəb oldu mənim üçün. Mən və mənim mənsub olduğum ədəbi nəsil Rəşad Məciddən, onun qəzetindən çox şey öyrəndik. Bu kitabıyla da Rəşad müəllim hamımızdan gənc olduğunu göstərdi. Qəzetdə çap olunmağa başlayandan bu silsiləni maraqla oxuyurdum. İndi toplu halda oxumaqdan zövq aldım. Həm içindəki düşüncələr, həm də forma olaraq bu kitab bizə önəmli yol göstərdi".
Kitab təqdimatlarında ən çox gözlənilən çıxış müəllifin olur. Əsəri haqqında başqalarının fikirlərini eşitdikdən sonra müəllifin onu necə dəyərləndirəcəyini, deyilənlərlə razılaşıb-razılaşmadığını bilmək üçün diqqətlə dinləyirik: "İstanbula ilk dəfə otuz il öncə gəlmişəm. Bu şəhərin otuz il əvvəl mənim üçün mistik bir ovqatı vardı, bu gün də İstanbul o ab-havanı qoruyub saxlayır. Əvvəllər bu Vəqfin binasının önündən dəfələrlə keçmişəm. Son illərdə isə Türk Ədəbiyyatı Vəqfiylə xoş münasibətimiz yarandı və bura mənim üçün doğmalaşdı. Keçən ilin baharında biz burada Anar müəllimin 80 illik yubileyini keçirdik və çox gözəl görüşlərimiz oldu. İndi isə burada kitabım çap olunub, onun təqdimatına yığışmışıq.
Düşünürəm ki, bu kitab - "Qələmsiz yazılanlar" mənim müqavimətimdir. İndi dövr dəyişir, yazı arxa plana keçir, informasiyanın ötürülmə forması dəyişir, virtual dünya həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bir dəfə özəl bir şirkətdə işləyən gənc bir mühəndislə söhbət edərkən dedi, otuz il sonra indiki ixtisasların əksəriyyəti qalmayacaq. Mən ona dedim ki, bilmirəm hansı ixtisaslar qalacaq, ya yox, amma yazı həmişə qalacaq. Necə ki, qədimdə Qobustan qayalarına yazırdılar, biz də bəyaz bir yer tapıb oraya yazacağıq. Tez-tez Cek Londonun "Dünyada yaradıcılıq ləzzətindən üstün ləzzət yoxdur" sözünü xatırlayıram. Bir gözəl cümlənin, əsərin nöqtəsini qoyanda aldığın zövqü və gücü heç nəylə müqayisə etmək olmaz. Əgər bu sürətli dəyişmə dövründə biz köhnəyiksə, Məmməd Arazın sözlərilə desək, od kimi, su kimi köhnəyik. Və ya Kamal Abdullanın "Ən yaxşı yeni ən yaxşı unudulmuş köhnədir" dediyi mənada köhnəyik. Yadımdadır, 1998-ci ildə qəzetlərin kağız variantının yoxa çıxacağını müzakirə edirdik. O vaxt inanmazdım, amma indi sosial media bu barədə məni ciddi düşündürür. Bu mənada deyirəm ki, "Qələmsiz yazılanlar" mənim müqavimətimdir. Bu kitabımla göstərmək istədim ki, forma nə qədər dəyişirsə dəyişsin, biz yenə bunun ən yaxşısını edə bilərik. Bir zaman mobil telefonlar yeni çıxanda bizdən əvvəlki nəsil bu cihazlardan istifadə etmək istəmirdi. Bir tədbirdə telefon uzun-uzun zəng çalanda hamı bir-birinə baxdı. Heç kəsin gözləmədiyi anda məlum oldu ki, bu, bizim ustadımız, böyük jurnalist və alim Şirməmməd Hüseynovun telefonudur. Ustad dedi ki, indi bu texnologiyanı bilməsən, zamanla uyğunlaşa bilməyəcəksən, geri qalacaqsan. Yəni forma nə qədər dəyişirsə dəyişsin, biz bu dəyişimin içində sevdiyimiz işi, yazını qoruyub saxlayacağıq. Bu sürət əsrində gün ərzində baş verənlərə böyük məqalələr yazaraq münasibət bildirməyə vaxt yoxdur. İndi bunu sosial mediada paylaşdığımız kiçik mətnlər, analizlər əvəz edir. Artıq bizdən aslı olmadan özünüifadə forması dəyişib.
Bu düşüncələrdən yaranan kitabın yazılmasına məni ən çox həvəsləndirənlərdən biri akademik İsa Həbibbəyli oldu. Onun ədəbiyyata yeni janr gətirməyimlə bağlı dediyi xoş sözlər məni daha da həvəsləndirdi.
Kitabımın nəşrinə görə böyük ənənəsi olan bu Vəqfi yaşadan Sərhat Kabaklıya, həm bu kitabı çevirdiyinə, həm də Azərbayan ədəbiyyatından çoxsaylı tərcümələrinə görə İmdat Avşara, kitabın redaktoru Bəxtiyar Aslana və çıxış edən, mənim haqqımda, kitab barədə fikirlərini bölüşən hər kəsə təşəkkür edirəm. Bu gün burada iştirak edən jurnalistlərə də dərin minnətdarlığımı bildirirəm".
Beləcə, tədbir başa çatır. Rəşad müəllim oxucuları üçün kitab imzalayır. Sonra Gülhanə parkında dolaşmağa çıxırıq. O əsnada bir oğlan yaxınlaşıb: "Salam, Rəşad müəllim" - deyir. Rəşad müəllim oğlana baxıb onu tanımağa, bu simanı nə zaman, harada gördüyünü xatırlamağa çalışır. Amma alınmır. Çünkü bu oğlan sadəcə hansısa bir tanış deyil. O, oxucudur. Adını bilmədiyimiz, üzünü görmədiyimiz, oxuması üçün kitablar yazdığımız oxucu! Hər oxucu kimi o da şəkil çəkdirmək istəyir sevimli yazarıyla. Və birdən kənarda dayanan kişiyə əl edib çağırır. "Atamdır - deyir, - sizi gördük, çox sevindik, istədik ki, sizinlə şəkil çəkdirək".
Tanış bir simayla
qarşılaşmağın mümkünsüz olduğu bu
on altı milyonluq şəhərdə bir oxucu yazarıyla
qarşılaşdı. Ədəbiyyatın bizi
dünyanın hər yerində
doğmalaşdırdığı hissinə olan
inamımız bir qədər də artdı.
Ramil ƏHMƏD
525-ci qəzet.- 2019.- 30 noyabr.-
S10;11.