Yazıçı Əfqan Əsgərovun 90 yaşı qeyd olundu  

 

 

Sentyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist Əfqan Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir yubilyarın yenicə işıq üzü görmüş "Şahlar şahı" romanının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat nümayəndələri, ustad jurnalistlər, incəsənət xadimləri, yubilyarın ailə üzvləri media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Əfqan Əsgərovu gənclik illərindən tanıdığını deyib: "Biz gəncliyimizdə onun yazılarını sevərək oxuyardıq. O, bir vaxt "Kommunist" qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik edirdi. Hər zaman bir jurnalist kimi cəsarətli mövqeyi, hadisələrə adekvat münasibəti bizim üçün örnək idi. Eləcə biz onun romanlarını, povestlərini, publisistik yazılarını böyük təşnəliklə oxuyurduq. Əfqan müəllimin yubileyləri hər zaman Mətbuat Şurası tərəfindən xüsusi qayğı ilə keçirilib. Onlar bu gün onu diqqətdən kənar qoymayıblar".

Yazıçını 90 illik yubileyi münasibətilə təbrik edən R.Məcid çıxışından sonra AYB-nin sədri, Xalq yazıçısı Anarın adından, Tahir Aydınoğlu isə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun adından təltifnamələri yubilyara təqdim ediblər.

Tanınmış teatrşünas, professor İlham Rəhimli yazıçıyla bağlı xatirələrini danışıb, jurnalistikaya gəlişində məhz Əfqan Əsgərovun zəhmətini minnətdarlıqla vurğulayıb. Ədibin dramaturgiyasına diqqət çəkən natiq qeyd edib ki, Əfqan Əsgərovun 1962-ci ildə Həsən Əliyev tərəfindən tamaşaya qoyulan "Qız atası" pyesi 1500 dəfədən çox oynanılmaqla ən çox nümayiş olunan səhnə əsərlərindəndir. İ.Rəhimli xatirələrində Əfqan Əsgərovun cəsarətli addımlarından da danışıb, onun heç zaman haqqı nahaqqa vermədiyini, həmişə ehtiyacı olanın yanında olduğunu deyib, özünün mənəvi atası adlandırıb.

Xalq şairi Nəriman Həsənzadə ədibin insani keyfiyyətlərindən geniş söz açıb: "O, çox sadədir. Sadəlik böyüklükdür. Lovğa insan öz daxilində hər zaman cılızlıq gəzdirir. Biz heç zaman Əfqanda lovğalıqdan əsər görmədik. O, qədər ucaldısa, bir o qədər sadələşdi. Onun əsərləri daxili saflığından süzülüb gəlib. Əfqan kimi insanlar qədər yaşasa, ona halaldır".

Yazıçı Seyran Səxavət çıxışında Əfqan Əsgərovun şəxsiyyəti yaradıcılığı haqqında yüksək fikirlər söyləyib: "Onu görəndə keçmişin o qaynar çağları üçün darıxıram. Əfqan böyük yazıçıdır. Onun haqqında danışmağın özü əbəsdir. Çünki Əfqan 70 ildir ki, yazdığı yazılarıyla özü haqqında danışır".

Millət vəkili, yazıçı Aqil Abbas da çıxışında Əfqan Əsgərovun ona yaradıcılığının ilk illərində göstərdiyi dəstəkdən bəhs edib: "Əfqan müəllim mənim atamla dost olublar. Mən fəaliyyətimə təzə başladığım dövrlərdə bir müddət onun yanında çalışmışam. Sonra isə "Ədalət" qəzetini açdıq. Həmin dövrlərdə Əfqan müəllim hər zaman mənim yanımda olub. Hətta öz redaksiyalarında mənim əvvəlki otağımı "Ədalət" qəzetinin yer məsələsi həll olana kimi istifadə etməyimə şərait yaradıb. O, hər zaman mənə arxa, dayaq durub. Onun təkcə mənim yox, Azərbaycan jurnalistlərinin böyük əksəriyyətinin üzərində haqqı var. Biz bu haqqı itirə bilmərik".

Tənqidçi Vaqif Yusifli çıxışının əvvəlində qısa şəkildə yubilyarın bioqrafiyasını xatırladıb. Sonra isə onun yaradıcılığını üç dövrə bölməklə, hər birini ayrılıqda şərh edib: "Əfqan müəllim 50-ci illərdə bədii yaradıcılığa başlayıb, o illərdə bir hekayəçi kimi tanınıb, pyeslər qələmə alıb, yetmiş-səksəninci illərdə isə ədəbi aləmdə səs-səda doğuran romanları ilə diqqəti cəlb edib.

Əksər yazıçılar yaradıcılığa hekayə ilə başlayırlar Əfqan müəllim bu ənənəyə sadiq qalıb. Hekayə janrı hər bir yazıçı üçün nəsrin digər janrlarına keçmək üçün bir təcrübə məktəbidir, altmışıncı illərdə Əfqanın "Gecikmisən", "Gözəllik sorağında", "Sən tək deyilsən", "Sarı əlcək" hekayələr kitabı çapdan çıxıb. Onun hekayələri ilk növbədə mövzu rəngarəngliyi ilə seçilirdi, Əfqan Böyük Vətən Müharibəsinin ağrı-acılarından, Azərbaycan oğullarının igidlik şücaətindən yazırdı, ailə-məişət münasibətlərindən . Həyatın neqativ, mənfi hallarından da yazırdı, bu həyatın yaradıcı, qurucu gənclərindən .

Əgər Əfqanın ilk dövr yaradıcılığının səciyyəsini vermiş olsaq, deyə bilərik ki, onun hekayələrində müxtəlif məsələlər əks olunsa da, bir əsas problem aparıcı idi: Gözəllik. Əfqan insan münasibətlərində , ictimai həyatda da, sevgidə gözəllik axtarırdı. bu gözəlliyi insanın mənəvi gözəlliyi kimi tərənnüm edirdi.

Əfqan Əsgərovu bir mənada "müharibə uşağı" da adlandırmaq olar. Yəni onun uşaqlıq, həm ilk gənclik illəri 1941-1945-ci illərə düşür. Bir neçə hekayəsində o, bu müharibənin ağrı-acılarından söz açmışdı, amma ilk romanında - "Qartal əfsanəsi"ndə müharibə mövzusu epik səviyyədə öz bədii həllini tapır. Əfqan görmədiyi, bilavasitə iştirak etmədiyi müharibəni təsvir edirdi, o dövrün müharibə romanlarına xas olan bir çox xüsusiyyətlər bu romanda da öz əksini tapmışdı.

Əfqanı bir yazıçı kimi daha geniş tanıdan romanlar isə yetmiş-səksəninci illərdə qələmə alındı. "Gülyanaq", "Katib", "Halal çörək" romanlarında gördüyü, müşahidə etdiyi hadisələri qələmə almışdı.

Yaradıcılığının üçüncü mərhələsində isə tarixlə müasirlik mövzusu, müasir müəllifin tarixə baxışı məsələsi qələmə alınır ki, bu gün təqdim olunan "Şahlar şahı" romanı da bunun nümunələrindən biridir.

Əfqan müəllim həm də bir sıra pyeslərin müəllifidir. "Dağ seli", "Sarı əlcək", "Qız atası", "Gülməyən adam" pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulu. Xüsusilə, "Qız atası" Əfqanı bir dramaturq kimi şöhrətləndirdi".

Şair Kəmalə Abıyeva Əfqan Əsgərovun əsərlərini ta uşaqlıqdan maraqla oxuduğunu qeyd edib: "Əfqan müəllimin yazdığı rəvayərlərdə də, lətifələrdə də, ən adi hadisə-hekayələrdə də daxili xarakteri özünü göstərir. İnsan var ki, çox gözəl bir şeydən iynə ucu qədər pisi tapıb qabardacaq, onu dilə gətirəcək. İnsan da var ki, böyük bir pisliyin içərisindən kiçicik gözəlliyi tapıb ona sarılacaq. Əfqan müəllim ikincilərdəndir. O, hər zaman gözəllik axtarıb və o gözəlliyi tapıb".

Jurnalist Flora Xəlilzadə yazıçının kitabını ilk dəfə oxumağından, onunla ilk tanışlığından danışıb, Əfqan Əsgərovun nəsr və publisistikamızdakı dəyərli fəaliyyətinin layiqincə qiymətləndirilməsini, ədibin fəxri adla təltif olunmasını arzulayıb.

Əfqan Əsgərovu yubileyi münasibətilə təbrik edən jurnalist Atababa İsmayıloğlu onun yaradıcılığındankı özünəməxsusluqdan danışarkən qeyd edib: "Əfqan müəllimin əsərləri hər zaman öz diliüslubu ilə seçilirdi. Bu üslub hamımıza doğma bir üslubdur. Çünki onu hər birimiz çox yaxşı başa düşürük. Sanki özümüz yazmış, yaşamışıq kimi yaxşı anlayırıq. Əfqan müəllim çox zəhmətkeşdir. İndinin özündə də durmadan işləyir, yazıb yaradır. O, redaktorluq zamanlarında heç zaman haqsızlığa, ədalətsizliyə yol verməzdi, müəllifə deyil, əsərə, yazıya baxardı".

Xalq artisti, professor İlham Namiq Kamal Əfqan Əsgərovu təkcə yazıçı, jurnalist kimi deyil, həm də yaxın qonşusu kimi şərh edib: "Biz Əfqan müəllimlə 23 ildir ki, Şamaxıda çox yaxın qonşuyuq. Bu 23 illik qonşuluq zamanlarımızda mən ondan ancaq insanlıq, tərbiyə, əxlaq, abır, həya, ziyalılıq görmüşəm. Əsl insan məhz bu cür adi həyatında tanınır. Abırlı, həyalı olmaq, insan olmaq hər ziyalıya nəsib olan deyil. Amma Əfqan müəllim bu cür gözəl keyfiyyətlərin hamısını öz daxilində cəmləşdirib".

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu Əfqan Əsgərovun ömrünün üçdə birini "Kommunist" qəzetində şöbə müdiri olaraq çalışdığını deyib və "Xalq qəzeti"nin də hər zaman onun ənənələrinə sadiq qaldığını vurğulayıb: "Əfqan müəllimin qoyduğu ənənələr yaşayır. O, bizə hər zaman xalqın, oxucunun yanında olmağı, obyektivliyi tövsiyə edib. Bizonun bu tövsiyələrini hər zaman yada salır, öz fəaliyyətimizdə əməl etməyə çalışırıq".

Daha sonra çıxış edən İlqar Həsənov, Əntiqə Qonaq, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, İttifaq Mirzəbəyli və başqaları Əfqan Əsgərovun fəaliyyətindən, onların həyatındakı rolundan minnətdarlıqla bəhs edib, yubileyi münasibətilə təbrik edərək, xoş arzularını dilə gətiriblər.

Çıxışlardan sonra ailənin adından söz yubilyarın qızı Sevinc Əfqana verilib. O, atasının onlar üçün hər zaman örnək şəxsiyyət olduğunu vurğulayıb: "Atam hər zaman mənəviyyatı üstün tutub. Zamanında onun hər bir şey eləmək imkanları olub. Amma o, heç zaman bu imkanlarından sui-istifadə etməyib. Həmişə öz şəxsiyyətini olduğu kimi qoruyub saxlayıb. O, bizə-övladlarına "bunu etməyin, onu edin" də deməyib. Sadəcə davranışlarıyla bizə örnək olub, biz ona baxıb öyrənmişik. Gözümüzü açıb evimizin bir divarını həmişə kitab şkafı görmüşük. Kitabı ta körpəliyimizdən həyatımıza məhz atam salıb. Bütün bunlar üçün ona bir övlad kimi minnətdarıq, onun qızı olmaqdan qürur duyuruq".

Sevinc Əfqan tədbirin təşkilində zəhməti olan hər kəsə, qonaqlara və çıxışçılara minnətdarlığını bildirib

Sonda hər kəsə təşəkkür edən Əfqan Əsgərov "Şahlar şahı" kitabını qonaqlar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.15.